Ramiz ƏSKƏR.
Bakı, 8 yanvar 2013-cü il.
ÖN SÖZ
XI əsrdən etibarən həm də türkmən adlandırılan oğuzların Türkiyə türkləri ilə Azərbaycan, İraq və Türkmənistan türklərinin əcdadları olduqlarını bilirik. Səlcuqlu və Osmanlı xanədanlarının da onlardan çıxdığını xatırlasaq, oğuzların dünya tarixində çox mühüm rol oynamış bir türk qövmü olduğu ortaya çıxar.
Oğuzlar Sır-Dərya sahillərində və onun şimalındakı bozqırlarda məskun olduqları vaxt onların ancaq bir qismi şəhərlərdə yaşayırdı. Savaşla məşğul olmadıqları və özlərini şəhər həyatının labüd qıldığı işlərə həsr etdikləri üçün oğuzların köçəri eldaşları onlara istehza ilə «yatuq», yəni «tənbəl» adı vermişdilər. Əslində, köçəri oğuzlar oturaq eldaşlarına istehza etməkdə öz anlayışları baxımından haqlı idilər. Çünki səlcuqlu imperiyasını oturaq oğuzlar deyil, məhz onlar yaratmışdılar. Ancaq köçəri oğuzlar da 1071-ci il Malazgird zəfəri ilə Anadolunu fəth edərək bu ölkədə oturaq həyata keçməyə başladılar. XIII əsrdə onların mühüm bir qisminin artıq şəhər və kəndlərdə yaşadığı müşahidə edilir.
Bununla bərabər, həmin əsrdə Anadoluda çoxunu yeni gələnlərin, yəni monqol istilasından qaçanların təşkil etdiyi böyük miqdarda köçəri türk ünsürü də vardı. Səlcuqlu dövləti bir daha qurtula bilməyəcəyi şəkildə monqol hakimiyyəti altına girdikdə oğuzların deyimi ilə «yatuqlar», yəni oturaq türk xalqı özünü taleyin hökmünə buraxdığı halda, köçəri türk ünsürü, yəni türkmənlər monqollara qarşı mübarizədən əl çəkmədilər. Nəticədə, köçəri türk ünsürü olan türkmənlər əvvəlcə Türkiyədə, sonra isə buradan gedərək İranda siyasi hakimiyyəti ələ keçirdilər. Beləliklə, onlar Türkiyə tarixinin ikinci dövrünün - bəyliklər dövrünün yaradıcıları olmaqla birlikdə İranda da XX əsrədək türk hakimiyyətini davam etdirdilər. Türkiyə tarixinin üçüncü dövrünü açan osmanlı xanədanına gəlincə, onun da köçəri türk ünsürünə mənsub olduğu məlumdur. Digər tərəfdən, osmanlı xanədanının həm Mərmərə ətrafının fəthində, həm də Rumelinin ələ keçirilməsində mənsub olduğu köçəri ünsürdən geniş ölçüdə istifadə etdiyi də faktdır. Ancaq XVI əsrin ikinci yarısından etibarən Türkiyədə köçəri ünsür keçmişdəkinə nisbətən öz siyasi əhəmiyyətini xeyli itirmişdi. Bu, başlıca olaraq, oturaq həyata keçmək və İrana köçmək nəticəsində köçərilərin sayının azalması, osmanlı hərbi təşkilatının qüdrəti və «dəlikli dəmirin» kəşfi kimi amillərlə bağlıdır. Buna görə də Anadoludakı türk oymaqlarının osmanlı dövründəki rolu daha çox ictimai tariximiz baxımından əhəmiyyətlidir. Doğrudan da, onlar XVI əsrin sonlarından etibarən müxtəlif səbəblər üzündən ara-sıra oturaq türk xalqının bağrında yaranan geniş boşluqları dolduraraq ona daima güc və həyatilik qazandırmışlar. Bununla birlikdə, onu da qeyd etmək yerinə düşərdi ki, türk oymaqları lap son əsrlərdə belə öz siyasi əhəmiyyətlərini tamamilə itirməmişdilər. Məsələn, XVIII əsrdə Anadoluda meydana çıxan ailələrindən başda ən böyüyü çapanoğulları (çaparoğulları) olmaq üzrə bir çoxlarının yenə köçəri türk ünsürünə mənsub olduqlarını bilirik.
Bu qısaca izahat köçəri türk ünsürünün milli tariximizdə nə qədər mühüm bir yeri olduğunu göstərir. Bunu bir cümlə ilə ifadə etməyə çalışsaq, deyə bilərik ki, köçəri türk ünsürü Yaxın Şərqdə oğuzların səlcuqlulardan sonra da siyasi hakimiyyətlərini davam etdirmələrində başlıca rol oynadığı kimi, osmanlı dövründə də Anadoludakı oturaq türk cəmiyyətinin öz varlığını qorumasında çox mühüm bir amil olmuşdur.
Bundan 20 il əvvəl oğuzları və onların köçəriliyi davam etdirən nəsillərini öyrənməyə girişməyimiz etnoqrafik bir maraqdan deyil, onların milli tariximizdəki bu mühüm mövqeyindən irəli gəlmişdir. Bu mövzunun Qərb şərqşünaslıq aləmində olduğu kimi bizdə də uzun müddət heyrət ediləcək dərəcədə unudulduğu həqiqətdir. Bu səbəblə ziyalılarımız milli tariximizin başlıca nöqtələri üzərində belə doğru və aydın məlumata sahib olmamışlar. Hətta bu gün türk, oğuz, türkmən, yörük, səlcuqlu, osmanlı, qaraqoyunlu, uyğur, özbək adlarının dəlalət etdiyi mənaları yaxşı dərk etməmiş tarix müəllimlərinin olduğunu söyləsək, bu acı gerçəyi daha açıq şəkildə ifadə etmiş olarıq.
Əsər qısa bir giriş və üç hissədən ibarətdir. Birinci hissədə oğuzların qədim tarixi və səlcuqlu imperiyasını qurmaları gözdən keçirildikdən sonra imperiyanın yaranması nəticəsində müxtəlif ölkələrə dağılmış köçəri türk ünsürünun həyatı son əsrlərə qədər ayrı-ayrılıqda araşdırılmışdır. Yəni burada göytürklər dövründəki doqquzoğuzların tarixi qeyd edildiyi kimi, Dadaloğlunun türkmənlərindən də bəhs olunmuşdur.
İkinci hissədə oğuzların boy təşkilatı və oğuz boyları, üçüncü hissədə isə oğuzların milli dastanları (Dədə Qorqud dastanları) tədqiq edilmişdir. Həm oğuz boyları, həm də Dədə Qorqud dastanları fəsilləri əsərin planına uyğun olaraq yenidən yazılmışdır. Bundan başqa, əsərin sonuna XVI əsrdə Anadoludakı oğuz boylarına aid yer adlarını göstərən bir cədvəl də əlavə edilmişdir. Bu cədvəlin bəzi məsələlər üzərindəki çalışmalarımızda bizə çox fayda verəcəyi şübhəsizdir. Şübhəsiz ki, mövzusuna görə əsərə mütəxəssislərdən başqa ziyalılar və xalq da maraq göstərəcəkdir. Bu cəhət nəzərə alınaraq əsər yazılarkən ondan hamının faydalanmasını asanlaşdırmaq xüsusuna imkan daxilində diqqət yetirilmişdir. Hətta səlcuqlu tarixi bəhsində həmkarlarımdan fərqli olaraq başqa cür düşündüyüm məsələlər üzərində bir neçə istisna ilə mübahisəyə girişməməyim də qismən həmin xüsusla əlaqədardır.
Sözlərimə son verməzdən əvvəl kitabın təshihinə kömək edənləri minnətdarlıqla anmaq istəyirəm. Hörmətli Nihal Atsız bəy əsəri başdan-ayağadək oxumuş və bir çox xüsuslarda faydalı tövsiyələrini əsirgəməmişdir. Tələbələrim və kafedramızın assistentləri Əfşar İsmayıl Aka ilə Kazım Yaşar Kopraman da kitabın təshihində və indeksin hazırlanmasında yorulmadan çalışmışlar. Həm hörmətli Nihal Atsız bəyə, həm də sevimli tələbələrimə kömək üçün təşəkkür edirəm.
Dostları ilə paylaş: |