Anadolu
Bu ölkəyə gəlincə, XVI əsr təhrir dəftərlərində əfşar adlanan çoxlu yer adı görünür, miqdarına görə onlar kayılardan sonra ikinci yerdə durur. Digərləri kimi bu yer adları da Anadolunun orta və qərb bölgələrindədir. Hətta Rumelidə də bu boya aid bir neçə yer adı görünür. Bunlar onu göstərir ki, əfşarlar Türkiyənin fəthində və məskunlaşdırılmasında kayı və kınıklar kimi birinci dərəcəli rol oynamışlar.
Yazıçıoğluna görə, Qaraman oğulları əfşar boyuna mənsubdurlar. Doğrudan da, təqribən 1300-cü ildə naməlum müəllif tərəfindən yazılmış «Erməni tarixi»ndə əfşar oymağının bəyi İslamın 1254-cü ildə İskoriya sahilindəki Krakka şəhərini yağmaladığı bildirilir. Bu şəhərin Silifkə - Mərsin arasında dəniz sahilindəki Korikos (indiki Qız qülləsi) olması ehtimal edilir. Həmin əsərə görə, İslam bəy bir az sonra ölmüş və həmnn şəhər Sorum adlı başqa bir türkmən bəyi tərəfindən yağmalanmışdır1. Bu bəylərin Qaraman oğulları ilə bağlı olmaları ehtimalı çoxdur.
Şimali Suriya əfşarları (XII-XV əsrlər)
XIV-XV əsrlərdə əsasən Hələb, Antəb və Antakya bölgəsində yaşayan türkmənlərin boz-ox qolunu təşkil edən boyların başında əfşarlar, sonra isə bayatlar gəlirdi. Yəni əfşarlar boz-ox qolunun ən böyük, ən qüvvətli boyu idi.
Aşağıda Türkiyədə və İrandakı varlığından bəhs edəcəyimiz əfşar oymaqlarının Orta və Qərbi Anadoludakı bəzi kiçik oymaqlar istisna olmaq üzrə hamısı bu ana qoldan ayrılmışdır. Yenə aşağıda görüləcəyi üzrə, dulqədirli ulusu arasında imanlı əfşarı adlı mühüm bir əfşar qolu, Sis (Kozan) yörəsində isə güclü bir əfşar oymağı vardı. Onların dulqədirli bəyliyinin yaranması və Sisin məmlüklər tərəfindən fəth edilməsi nəticəsində Şimali Suriyadakı əfşarlardan ayrılmış qollar olduğu şübhəsizdir.
XV əsrin əvvəllərində əfşarlar, bayat və inallılar məmlük əmirləri arasındakı çəkişmədən sui-istifadə edərək yağmaçılığa qurşandıqları üçün məmlük əmiri Çəkim onlara qarşı şiddətli hərəkətə başlamışdı. Hətta bu üzdən onlardan bir qismi ağqoyunlu Qara Yölükə sığınmışdı. Ancaq Çəkimin öldürülməsindən sonra yurdlarına qayıtdılar və məmlüklər arasındakı daxili çəkişmələrdə iştirak etdilər.
Əfşarların daha sonra yenə bayat və inadlılarla birlikdə Qara Yölükün müttəfiqi kimi qaraqoyunlu Qara Yusifə tabe Mardin bölgəsini yağma və təxrib etdiklərini bilirik. Hətta bu hadisədən sonra Qara Yusifin 821-ci ildə (1418) Qara Yölükü qovaraq Antəbə gəlməsi nəticəsində bu boylar da qaraqoyunlulara intiqam hədəfi olmamaq üçün öz yurdlarını buraxıb Trablis yörələrindən Saftaya getmişdilər. Onlar burada da bəzi yağmaçılıq hərəkətlərində bulundular. Trablis valisi Baybars onların bu hərəkətlərinin qarşısını almağa çalışdı və Qara Yusifin çıxıb getdiyinn bildirərək öz yurdlarına qayıtmalarını xahiş etdi. Əfşarlar və başqaları köçməyə hazırlaşdıqları zaman Baybarsın davarlara gözü düşdü və onlara hücum etdi. Lakin ağır bir məğlubiyyətə uğradı1.
Əfşarlar və bayatlar ağqoyunlularla dostcasına münasibətlərini davam etdirdilər. Uzun Həsən bəyin ilk zamanlarında yaxın nökərləri (silahdaşları) arasında bu boya mənsub Mənsur bəyi görürük2. Onun Şimali Suriyadakı əfşarlardan olduğuna şübhə yoxdur. Həsən bəy qaraqoyunlu Cahan şahı məğlub edərək, İrana hakim olduqdan sonra Mənsur bəy öz buyruğundakı əfşarlarla birlikdə İrana getmişdir. Bu barədə aşağıda ayrıca danışılacaqdır.
Şimali Suriya əfşarları əsasən üç ailə tərəfindən idarə olunurdular. Bunlar Köpək oğulları, Gündüz oğulları və Qut bəyi oğullarıdır. Bu üç ailənin idarəsi xaricində qalan bir əfşar zümrəsinin olub-olmadığı bilinmir. Bu ailələrdən Köpək oğullarının Antəb bölgəsində, Gündüz oğullarının Amik ovasında, Qut bəyi oğullarının isə Hələb dolaylarında yaşadığı məlumdur.
Dostları ilə paylaş: |