1. Trablis-Şam.
XVI əsrdə Trablis-Şam yörəsində olduqca qələbəlik bir türkmən icması yaşayırdı. Onlar Trablis-Şam dağlarında yaylağa çıxır, qışda isə çöldəki Tədmur vahəsinə enirdilər. Bu icma çoxusu Çuxurovada yerləşmiş olan üç-ox türkmənlərinin qalığı kimi görünür. İcmanın böyük qismi iki oymaqdan ibarət idi: səluriyyə və çoğuniyyə. Bu adların salur və çoğunlu sözlərinin ərəbcə şəkilləri olduğu şübhəsizdir. Qanuni dövründə bu salur oymağı 25 obadan meydana gəlirdi. II Səlim zamanında salurların sayının artdığı görünür4. Bu salurlara dair axırıncı xəbər onların XVII əsrin sonlarında Hama-Xümus arasındakı torpaqlarda yerləşdirilən türkmən oymaqları içində olduqlarıdır.
2. Tarsus.
Bu bölgədəki böyük boylardan biri də ulaş boyu idi. Ulaş boyun başçısı olmuş bir bəyin adıdır. Ulaş oğulları ən məşhur varsaq bəylərindən sayılır. Fatehin vəziri Rum Məhmət paşanı 874-cü ildə (1469) tar-mar edən varsaq bəylərinin rəhbəri Uyuz bəyin (əsil adı Hüseyn) Ulaş ailəsindən olduğunu bilirik. Ulaş boyunun yurdu Tarsusun şimal-qərbindən başlayıb Bulğar dağınadək uzanırdı.
Böyük bir təşəkkül olan ulaş boyu bayındır (41 cəmaət), orxanbəylü və s. obalara ayrılmışdı5.
925-ci ildə (1519) ulaş boyuna bağlı salur obası bir az yuxarıda göstərildiyi kimi 10 qola (cəmaət) ayrılmışdı. Onlardan hər birinin bir tarlada əkinçilik etdiyi bilinir1. Ulaş ailəsinin boyun hansı obasına mənsubiyyəti məsələsinə gəlincə, ağla gələn ilk ehtimal onların bayındırlardan olduğudur. Çünki boyun ən böyük obası bayındırlardan meydana gəlirdi. Ulaş adı isə ailənin salurlardan olması ehtimalını təlqin edir. Bu fəslin əvvəlində dediyimiz kimi, Dib Yavkunun bəyləri arasında salurdan Ulaş bəy vardı, həmçinin Dədə Qorqud dastanlarının baş qəhrəmanı Salur Qazanın atasının adı Ulaş idi. Həmin tarixdə (925-1519) Adana bölgəsindəki qara isalu təşəkkülü arasında salur (28 vergi evli), hacılu yörəsində isə Şeyx Salur (48 nəfər vergi verən əhali) adlı oymaqlar müşahidə edilir2.
Dostları ilə paylaş: |