Atçəkən.
Atçəkənlər arasındakı ala-yuntlular Turqut qəzasında yaşayırdılar. Bunlar II Bəyazid və I Səlim dövrlərində iki qol halında olub, vergi mükəlləfiyyətli əhalisi 228 nəfər olan birinci qol Qoz viran, Qozancalı yazısı (?), Arıqlı dərəsi və Böyrü dəlik adlarını daşıyan tarlalarda əkinçiliklə məşğul olurdu. Bu qola mənsub 5 nəfərin də sipahi olduğu bilinir. Bu sipahilər Ay doğdu oymağı ilə birlikdə Əlgən-viranı adlı bir əkinliyə sahib idilər.
Digər ala-yuntlu qoluna gəlincə, Divanə qışlası adlı əkində yaşayan bu qol (41 nəfər) yenə eyni qəzada yaşayan atçəkənlərin böyük təşəkküllərindən yapa oymağının obaları arasında görünür. Yapa oymağının başında Yapa oğulları dururdu. Yapanın nə zaman yaşadığı bilinmir. II Murad və Fateh dövrlərində bu ailədə Əli bəyi görürük. II Bəyazid zamanında isə Əli bəyin oğulları Əhməd bəylə Veys bəy ölmüş və ailənin başında Veys bəyin oğulları Əli, Şahvəli və Piri qalmışdılar. Yapa oğulları XVI əsrdəki bəzi daxili hadisələrə qarışmışdılar.
Atçəkənlər arasındakı ala-yuntlulara əlavə olaraq bu boya mənsub 5 nəfərlik bir oymağın da Aksaray bölgəsində yaşadığını bildirək. XVI əsrin sonlarına doğru bu ala-yuntlu oymağının əkinliklərinin hərəsinin bir kənd halına düşdüyü görünür. Bu kəndlərdəki ala-yuntlu əhalisi (vergi verən) belə idi: Qozançalı yazısı (?) (33), Əlgən viranı (99), Qoz viran (69), Aralıq dərə (15), Böyrü dəlik (42), Yağar (69). Bunlardan başqa bəzi ala-yuntlular da İlğının Çavurçu kəndi ilə Çaxmaq və Dəli dinar (?) kəndlərində yerləşmişdilər1. Bu məlumatlar Konya bölgəsinə ala-yuntlulardan mühüm bir qolun yerləşmiş olduğunu göstərir. Eyni dövrdə Aksaraya bağlı ala-yuntlu adlı 5 kəndin olması da bunu təsdiq edir.
2. Ankara.
Məlum olduğu kimi, Orta Anadoluda oğuz boy adlarının ən çox olduğu bölgələrdən biri də Ankara sancağıdır. Oğuz boy adlarından çoxuna aid yer adlarına bu bölgədə rast gəlmək mümkündür. Ankara sancağında bu boyun adını daşıyan 3 kənd məlumdur. Bunlardan başqa, həmin bölgədə bu adda kiçik bir oymaq da vardır. 19 vergi evi olan bu oymaq Qüreyş özü adlı bir əkinlikdə rəncbərlik edir2.
3. Kastamonu.
Bu bölgədəki ala-yuntlu oymağı Kastamonu sancağının Boy ovası (Boy abad) qəzasında yaşayır. Bu oymaq da Ankara yörükləri arasındakı ala-yuntlu oymağı kimi, çox kiçik olub, ancaq 20 nəfərlikdir (vergi verən)3.
4. Uşaq.
Uşaq yörəsindəki ala-yuntlular 169 nəfərlik (vergi ödəyən) bir oymaqdır. Bu oymağın bir qolu da dağınıq bir halda yaşayır4.
5. Məntəşə.
Bu bölgədə iki ala-yuntlu oymağına rast gəlmək olar. Bunlardan biri Muğlanın Balat (Milet) qəzasında yerləşib, XVI əsrin ortalarında əhalisi 100 evdən artıq idi. Həmin əsrin sonlarında bu ala-yuntlu oymağı Muğlanın Dadya, Balatın Baran və Bayındır adını daşıyan kəndlərində yerləşmişdir5. Eyni sancaqdakı digər ala-yuntlu oymağı isə sancağın Muğla qəzasında yerləşir. Bu ala-yuntlu oymağı 146 vergi evli idi6.
Dostları ilə paylaş: |