11. İran çəpniləri.
Yuxarıda El Aldı bəyin ağqoyunlu xidmətində olan çəpnilərindən bəhs edilmişdi. Ağqoyunluların xələfi səfəvilərin dayağı olan türk təşəkkülləri arasında da çəpniləri görürük. Ancaq onlar qələbəlik deyildilər və ikinci dərəcəli oymaqlar hesab olunurdular.
Təhmasib dövründə qorucular, yəni səfəvi qvardiyası arasında çəpnilər də vardı4. Təhmasibin hökmranlığının ilk illərində çəpnilərdən Məqsud bəyi tanıyırıq5. Rumlu Həsən bəy 953-cü ildə (1546) Gürcüstan səfərindən, çəpni qorucularının başçısı Şahqulu ilə şəxsən özünün bir basqında iştirakını nəql edir6.
Çəpnilərə mənsub şah Əli Sultan adlı bir bəyin 955-ci ildə (1548) Van hakimi olduğunu və Qanuninin buranı mühasirəyə aldıqdan sonra şəhəri ona verdiyini həmin müəllifdən öyrənirik7. Həmin hökmdar dövründə çəpnilərdən Süleyman Çələbi Urmiya hakimi idi. O həmin il Gürcüstana təşkil etdiyi bir axında uğursuzluğa düçar olmuş, özü də kürdlər tərəfindən öldürülmüşdü1. Qarabağ bəylərbəyisi Qacar Ziyad oğlu Şahverdi Sultan ilə gürcü bəylərindən biri arasında baş verən vuruşmada Çəpni Məhəmməd bəy də iştirak etmiş və igidlik göstərmişdi2 . Şah Təhmasibin ölümündən sonra taxta çıxacaq hökmdar barədə əmirlər arasında baş verən ixtilaf və çəkişmədə çəpnilərə mənsub Cəlal Əli şahın da adı çəkilir3.
Şah Abbas dövründə çəpnilərdən Uğurlu Sultanı və Murad xan Sultanı tanıyırıq. Uğurlu Sultan 1014-cü ildə (1605-1606) Fümən hakimi idi4. Murad xan Sultana gəlincə, o, 1017-ci ildə (1608-1609) Urmiya qalasını tutmaq tapşırığı alan bəylər arasında idi5.
Səfəvi xidmətindəki çəpnilər buraya Anadoludan gəlmişdilər. Onların mühüm bir qisminin Trabzon çəpnilərindən olduğunu söyləyək.
17. SALUR
Oğuzların tarixində mühüm rol oynamış boylardan biri də salurlardır. Monqol dövrünə qədər bu boyun adı salğur şəklində yazılırdı. Rəşidəddinin verdiyi əfsanəvi tarixə görə, oğuz hökmdarı Dib Yavkunun böyük bəylərindən Ulaş və onun oğlu Ulat, habelə İnal xanın vəziri və naibi bu boydan idilər. Orada həmçinin İnal xanın oğlu İnal Soyram Yavkunun vəzirinin də salurlardan olduğu yazılmışdır.
Dədə Qorqud dastanlarına gəlincə, bu dastanlarda təsvir olunan oğuz elində salurlar ən şərəfli yer tuturdular. Doğrudan da, bu oğuz elinin qüdrətli hakimi Qazan bəyin salurlardan olduğunu bilirik.
Aşağıda bəhs ediləcəyi kimi, Xəzərarxası türkmənləri arasında salurlar çox qələbəlik halda idilər. Bu, boyun mühüm bir qisminin qərbə köçməmiş olduğunu göstərir. Xəzərarxası türkmənləri aralarındakı ən ali təşəkkülün salurlar olduğunu söyləyirdilər. Halbuki onlar bəlkə də salurların səlcuqlu fütuhatlarında iştirak etdiklərini, Farsda öz adlarını daşıyan bir dövlət qurduqlarını, Anadolunun məskunlaşdırılmasında geniş miqyasda rol oynadıqlarını və Qazı Bürhanəddin kimi böyük şəxsiyyətlər yetirdiklərini bilmirdilər. Bütün bunlar salurların oğuz elinin kınık, kayı və əfşar kimi ən böyük qollarından biri olduğunu göstərir.
Səlcuqlular Qərbi İrana gələndə Şəhrizor, Kirmanşah və Daquqa yörələri, yəni daha sonralar Kürdüstan adlanan bölgə kürd ənnaz oğullarının əlində idi. 495-ci ildə (1101) bu bölgənin hələ zəbt edilməmiş torpaqlarından mühüm bir qismi müasiri olan bir çox türkmən əmirləri kimi təkbaşına fəaliyyət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth olundu1. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyi bir yana, oğulları barədə də hər hansı bir məlumat verilmir. Ancaq Qara Beli xanədanının (beyt ül-Qara Beliyyə) həmin əsrin sonlarına qədər öz varlığını mühafizə etdiyi bilinir.
Xanədanın əlindəki yer Qara Beli ölkəsi adlanmış, Bağdaddan Marağaya gedən ana yolda, Dinəvərlə Marağa arasındakı bir keçid də XII əsrin sonlarına qədər Qara Beli adını daşımışdır. Ancaq salurların Səlcuqlular dövründəki rolları Qara Belinin fəaliyyəti ilə məhdudlaşmamışdır. Həmin əsrdə Sır-Dərya boyundan gələn yeni bir oğuz elatı arasındakı salurlar Qara Beli salurlarından daha mühüm bir rol oynamağa müvəffəq olmuşlar.
Dostları ilə paylaş: |