2. İmanlu əfşarı.
İrandakı İmanlu əfşarı dulqədirli eli içindəki imanlu əfşarının bir qoludur. Onların İrana ağqoyunlular zamanında deyil, səfəvilər dövründə gəldiyi ehtimal olunur. Bu əfşarlar haqqında ilkin məlumatlarımız hələlik Şah Abbas dövründən o yana getmir. Bu oymağa mənsub Qasım Sultan 1002-ci ildə (1593/1594) Həmədan bölgəsindəki əmirlərdən biri idi. O, 1019-cu ildə (1610/1611) və sonrakı illərdə həmin bölgədə hakimlik etdikdən sonra 1032-ci ildə (1623) Mosulun fəth olunmasında iştirak etmiş və xan ünvanı ilə bu şəhərin valisi vəzifəsinə təyin olunmuşdu6. Ancaq ertəsi il Osmanlı ordusunun yaxınlaşması nəticəsində İskəndər bəyin verdiyi məlumata görə Qasım xan əsgərlərinin azlığı və vəba epidemiyası üzündən şəhəri boşaltmaq məcburiyyətində qalmışdı7. Bir il sonra Mosulu geri almaq üçün göndərilən Səfəvi qoşununda onun oğlu Kəlbəli Sultanı görürük8. Buradan Mosulu boşaltdığı üçün Qasım bəyin vəzifədən uzaqlaşdırıldığı və ya öldürüldüyü nəticəsi çıxır. Şah Abbasın ölümü zamanı (1037-1627) Kəlbəli xan Urmiya hakimi idi1. Sonrakı əsrlərdə Urmiyada gördüyümüz əfşarların mühüm bir qismi bu imanlu əfşarından, Urmiya hakimləri isə adı çəkilən Qasım bəyin soyundan idilər2.
Burada xüsusi qeyd etmək istədiyimiz bir məsələ var ki, o da imanlu əfşarı ilə inallunun bir-birilə qarışdırılmamasıdır. Şimali Suriya türkmənlərinə mənsub olan inalluların İrandakı qolu şamlu boyu obalarından idi. Sonralar bu obanın adı bir çox əsərlərdə inanlu kimi yazılmışdır.
Dostları ilə paylaş: |