6. Uşaq.
Uşaq bölgəsi XVI əsrdə olduqca mühüm bir yörük icmasının yaşadığı yer idi. II Səlim dövründə onların arasında çox böyük bir əfşar oymağı da müşahidə edilir. Bu oymaq xoca fəqihli (54 vergi mükələfiyyətli adam), öksüzlər (102), musacalı (56), əfşar (56), əfşarlı (65) olmaq üzrə beş obaya ayrılmışdır1.
7. Aydın.
Aydının Boz-doğan qəzası daxilində Çullular adlı bir oymaq arasında 28 nəfərlik (vergi verən) əfşar adlı bir oba, Birədi çevrəsində isə əhalisi onun qədər olan əfşarlı və balabanlı adlı başqa oba da vardı2. Bunlardan başqa, Ankaranın cənub-qərbində yaşayan Xaymana adlı icmaya mənsub sanlı oymağının obaları arasında da (Sivri Qarahisar torpağı) 35 vergi evli əfşar adlı bir oymaq var3.
XVIII və XIX əsrlərdə əfşarlar
Bu fəsildə yalnız Hələb türkmənləri əfşarlarının törəmələrindən bəhs ediləcəkdir. Ana boyun əsil qalığı olan bu əfşarların da İrana gedən boydaşları kimi qüvvətli bir həmrəylik duyğusuna sahib olduqları bilinir. Buna görə də müxtəlif amillərə baxmayaraq, onlar Firqeyi-İslahiyyə gələnə qədər güclü və məğrur bir oymaq olaraq öz varlıqlarını mühafizə etmişlər.
1102-ci ildə (1691) Rəqqa bölgəsinə köçürülmələri əmr edilən türkmənlər arasında bəzi əfşar oymaqları da vardı. Bunlar boz ulusun köhnə yurdunda qalmış olan qisminə bağlı əfşarlarla Yeni-elə mənsub əfşar oymaqları idi. Ancaq boz ulus qalığına (boz ulus mandəsi) bağlı əfşarların Rəqqaya yerləşmələrinə dair heç bir məlumat yoxdur, əvəzində Yeni-elə bağlı əfşarların və onların nəvə-nəticələrinin Rəqqa bölgəsindəki Təll-Şəmmar və Təll-Zivan (?) ətrafında yerləşdirildiklərini bilirik4. Rəqqa bölgəsində sonradan Əfşar bucağı deyilən yer onların yerləşdirildikləri yer olmalıdır. Yeni-elə bağlı olduğunu söylədiyimiz əfşarlar və onların nəvə-nəticələrinin oymağının Hələb türkmənləri əfşarlarından, yaxud dulqədirli (imanlı) əfşarından olduğu bilinmir. Bir də 1104-cü ildə (1693) Hama və Xümus sancaqlarında yerləşdirilən oymaqlar arasında qara əfşar ilə gəncəli əfşarı oymaqları müşahidə olunur. Bu axırıncı oymaq Azərbaycandakı Gəncədən gəldiyi üçün bu adı almış ola bilər. Yerləşdirilən bu əfşar oymaqlarının əhalisi seyrək idi5.
Bu fəslin əsas mövzusunu təşkil edən Hələb türkmənlərinə mənsub qələbəlik əfşar oymağına gəlincə, bu oymaq, daha əvvəl də deyildiyi kimi rəcəbli əfşarı, qara gündüzlü əfşarı, bəhrili əfşarı və b. olmaq üzrə 4-5 obaya ayrılmışdı. Onların ən məşhuru rəcəbli əfşarı idi. Onun əksəriyyətlə köpəkli əfşarından meydana gəldiyi bilinir. Onların XVIII əsrdən etibarən qışlamaq üçün Hələb dolaylarını buraxıb Çuxurovaya endikləri məlumdur.
Bu əfşarlar ilk zamanlarda Rəqqa bölgəsində yerləşmək kimi bir bədbəxtliklə qarşılaşmadılar. Onlar dövləti inandırmışdılar ki, guya Zamantı çayı sahilində yerləşəcəklər. Yerləşmək bir yana, orada dinc durmurdular. Onlar tez-tez qonşu oymaqların və kəndlərin heyvanlarını sürüb aparır, (buna qovğun deyilir), bəzən də tacir karvanlarının qabağını kəsirdilər. Əfşarlar bu işləri o qədər tez-tez gördülər və yayğın bir hala gətirdilər ki, nəhayət, 1115-ci ildən (1703) bir qədər əvvəl Rəqqaya sürüldülər1. Ancaq orada çox qalmayıb tezliklə qaçdılar. Bununla belə yaylaqlarında rahat durmadıqlarından 1124-cü ildə (1712) təkrarən Rəqqaya göndərilmələri qərara alındı2. 1141-ci ildə (1728/1729) rəcəbli əfşarlarının Zamantı yörəsinə yerləşməsinə dövlətin yenidən razılıq verdiyi bilinir3. Ancaq onlar əvvəlki kimi yenə də qovğunda və yağmada bulunduqları üçün 1143-cü ildə (1730) bir daha Rəqqaya sürüldülərsə də4, bir müddət sonra yenə oradan qaçdılar, yağmaçılıq və soyğunçuluğu daha da inkişaf etdirdilər. Onların başçılarından çoxunun edam olunması qərara alındı (1155-1742)5. Ancaq bu qərarın nə dərəcədə yerinə yetirildiyi indilik bilinmir. Bilinən şey əfşarların Rəqqaya köçürülməkdən qurtulduqları və Çuxurovaya enib-qalxmağa başladıqlarıdır. Hətta 1167-ci il (1754) tarixli bir vəsiqədə əfşarların tacirli ilə birlikdə zeynətli və bozdoğanlara hücum edərək 80 min quruşluq davar, at və dəvələrini yağmaladıqlarını, onların başçılarından Qara Nəbi oğlu ilə 15 nəfəri öldürdüklərini oxuyuruq6.
XVIII əsrin ikinci yarısında baş verən müharibələr üzündən dövlətin Anadoludakı idarəsi çox elastik və zəif hala düşmüşdü. Bunun nəticəsində hər yerdə irili-xırdalı dərəbəyi ailələri törədi, əfşar və onun kimi böyük və qüvvətli oymaqlar da daha sərbəst hərəkət etməyə başladılar. Əfşarların bəxtinə artıq gün doğmuş, onların xoşbəxt günləri gəlmişdi. Kayseri-Əlbistan-Malatya yolu yayda onların nəzarəti altında idi. 1838-ci ildə poçt arabalarına hücum etmiş, yolçuları soymuş, bir kəndə də basqın etmişdilər. Onlar bu hərəkətləri ilə elə bir vahimə yaratmışdılar ki, gələcəyin feldmarşalı alman Moltkeyə əfşarın ucbatından yolun qüvvətli mühafizə birliyi olmadan keçilə bilməyəcək dərəcədə təhlükəli olduğu bildirilmişdi1. 1262-1263-cü (1846/1847) illərə aid sənədlərdə əfşarların quzu güdənli oymağı ilə birlikdə Kayseri bölgəsində tez-tez yağmaçılıq hərəkətlərində bulunduqlarından bəhs edilir.
Deyildiyi kimi, əfşarlar yayda Zamantı çayı sahillərində, qışda Çuxurovada Ceyhanın sol sahilində yaşayırdılar. Hər iki yurdlarında da qovğunlar edir, karvanları soyur, digər oymaqlarla vuruşur və dərəbəylərin çəkişmələrində iştirak edirdilər. Onların nəvələri arasında bu gün belə o dövrə dair xatirələr nəql edilir və o dövr «əfşarların al-vur dövrü» adlandırılır. Bu dövr onların əsri-səadətidir. Əslən əfşarlara mənsub olan və ya onlarla yaxın bir qohumluğu olan böyük şair Dadaloğlunun ən gözəl şeirlərindən bir neçəsi bu oymağa aiddir. Bu şeirlərdən biri əfşar igidləri ilə Cadıoğlu və adamları arasındakı vuruşmadan bəhs edir ki, bu mənzumə bugün də əfşarlar arasında muğamla oxunur. Cadıoğluna gəlincə, o da tanınmış bir ailədən idi. Bu ailə indi Kəmərəkdə yaşayır. Xatirələrdə Cingözoğlu ləqəbli, karvan soyan bir əfşar igidindən də bəhs olunur. Cingözoğlu Koroğlu kimi bir şair-yolkəsən idi. Hətta deyildiyinə görə, Maraş valisi Əbdürrəhman paşanın əlindən şairliyi sayəsində qurtulmuşdu. Son əfşar obalarından birinin onun adını daşıması Cingözoğlunun eyni zamanda qeyri-adi şəxs olduğunu göstərir.
Əfşarların Boz-oxdakı pəhləvanlı oymağı ilə də ara-sıra vuruşduqları bilinir. Hətta bu vuruşların birində pəhləvanlı bəylərindən Abidin bəy öldürülür, Həsən bəy isə yaralanır. Ancaq Tomarzadakı erməni yepiskopunun Moltkeyə söylədiyi kimi2, əfşarlar başdan-başa quldurlardan ibarət bir oymaq deyildi. Aralarındakı ipsiz və sapsızlar öz oymağının da düşməni olub camaat tərəfindən təqib olunurdu. Cövdət paşa da3 əfşar və sırkıntılı oymaqları haqqında: «bunlarda dəxi oğurluq adəti varsa da, kürdlərə nisbətlə çox əhvən və əhli-irz adəmlərdir» demişdir. Əslində, türkmənlər kürdlər və köçəri ərəblər kimi heç bir zaman oğurluq və soyğunçuluğu bir peşə halına gətirməmişlər. Cövdət paşanın işarə etdiyi kürdlər Lək-Vanik əkradı olub hacılar, qırıntılı, ağdaş, qızılqoyunlu kimi özlərinə tabe obalarla Rəqqaya yerləşdirilən oymaqlardan idi, sonralar Rəqqadan qaçıb əfşarların dalına düşərək Kayseri tərəflərinə gəlmiş və onlarla birlikdə Çuxurovaya enib-qalxmağa başlamışdılar.
Yuxarıda adı çəkilən obalardan hacılar, qırıntılı, ağdaş və qızılqoyunlunun Lək-Vanik oymağına sonralar bağlandığı anlaşılır. Adlarının da göstərdiyi kimi, onlar xalis türk olub, bu gün nəvələri də ata-babaları kimi ancaq türkcə danışır, kürdlüklə heç bir əlaqələri yoxdur, məzhəbləri isə xənəfilikdir.
1273-cü ildə (1856) əfşarları təkrar yerləşdirməyə çalışsalar da, bu təşəbbüs uğursuzluğa düçar oldu. O vaxt əfşarların başında böyük bəylərdən Çərkəz bəy və İsmayıl bəy dururdu1. Bundan 4 il əvvəl onlar boz doğanlarla yenidən cəngə başlamışdılar2.
Əfşarlar 1273-cü ildə dövlət tərəfindən yaylaq yerlərində yerləşdirilmək təşəbbüsünə müqavimət göstərməklə son fürsəti əllərindən qaçırdılar. 1282-ci ildə (1865) Firqeyi-İslahiyyə onları yaylaq və qışlaqlarından birində yerləşməyə məcbur edincə, əfşarlar təcirli və cərid oymaqlarının əksinə olaraq öz yaylaqlarında yerləşməyə razı olmuş, bu isə Firqeyi-İslahiyyə rəhbərləri tərəfindən qəbul edilmişdi. Ancaq təəccüblüdür ki, bu zaman onların yaylaqlarına Qafqazdan mühacir olaraq gələn çərkəzlər yerləşdirilirdi. Buna görə əfşarlar pərişan oldular və onların mühüm bir hissəsi dağlıq, bərəkətsiz və az torpaqlarda yerləşmək məcburiyyətində qaldı. Beləliklə, qonşuları mühacir çərkəzlər bərəkətli və geniş torpaqlar sayəsində firavan bir həyat sürərkən, əfşarlar ağılarında da təsvir edilən sıxıntılı və kədərli bir yaşayışa məhkum oldular. Əhalinin artımı səbəbilə onlar indi də pis vəziyyətdə yaşayır və ən yoxsul türk kəndlilərindən sayılırlar. Bununla bərabər, əfşarlar gülərüz, nikbin və nəşəli, İrandakı soydaşları kimi sakit və tərbiyəli adamlardır. Soruşduqda gülümsəyərək «əfşarın al-vur dövrünə» aid qovğunlardan və vuruşlardan bəhs edirlər. Qadınlarının çalışqanlığı qarşısında dərin bir təqdir hissi duymamaq mümkün deyil. Məşhur əfşar kilimlərini də dinclik bilməyən əfşar qadınları toxuyurlar.
Kayserinin Pınarbaşı qəzasının Mərkəz nahiyəsinə tabe bəzi kəndlərlə həmin qəzanın Pazar-örən nahiyəsi kəndlərinin çoxu, Sarız qəzası kəndlərinin yarısından çoxu, Tomarzanın Toxlar nahiyəsi kəndlərinin əksəriyyəti əfşarlara aiddir. Adananın Mağara qəzası kəndlərindən Ayvad və Ağdaş-alanı kəndləri əfşarlar tərəfindən məskunlaşdırılmışdır. Çuxurovada bəzi əfşar kəndlərinə, həmin bölgədəki bir çox kəndlərdə isə onlara mənsub ailələrə təsadüf edilir. Bir əsrdən artıq müddət ərzində kənddə yaşamalarına baxmayaraq onlar oba təşkilatını hələ də unutmamışlar. Bu obaların adları və yerləşdikləri kəndlərə aid siyahı belədir3.
Əfşar obaları və yerləşdikləri kəndlər:
Dostları ilə paylaş: |