Plan: Cəmiyyət ən ümumi sosial sistem kimi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix11.11.2023
ölçüsü0,67 Mb.
#131662
  1   2   3   4
Cəmiyyətin mahiyyəti və qruluşu (1)



Mövzu III -Cəmiyyətin mahiyyəti və Qruluşu. 
Plan: 
1. Cəmiyyət ən ümumi sosial sistem kimi 
2. Cəmiyyətin strukturu 
3. Cəmiyyətin sosial sistem kimi inkişafı 
4. Cəmiyyətin əlamətləri 
5. Cəmiyyətin tipologiyası
ƏDƏBİYYAT SİYAHİSI: 
1. Şirəliyev H. , Əhmədov Ə. Politologiya. B., 1997. 
2. Sosiologiya. B., 1994. 
3. Vahidov F. Ağayev T. Sosiologiya. B., 2005. 
1. Cəmiyyət ən ümumi sosial sistem kimi: 
Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və 
əlaqələrini nəzərə almayan mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, 
bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi növüdür. Sosial-
fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə çıxarmışdır: 
bu, cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada 
müxtəlif mürəkkəbliyə malik olan 
təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur. 
«Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi 
dövriyyəyə daha geniş daxil olmuşdur; onun ilkin mənası nəyinsə mürəkkəb və 
rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin sistemi, biliklərin sistemi, 
əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha 
dərin elmi məzmun kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri 
meydana gəlmiş, sistem yanaşma biliyin, 
tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər 
bir elmin mərkəzi kateqoriyalarından biri hesab edilir. 
Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin mühüm 
xassələrini əks etdirir. Onun ən mühüm əlamətləri bütövlük, diferensiallıq, 
elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət yetirilir ki, 
fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. 
Birincisi, davamlılıq - bu, sistemin həyat prosesində özünü qoruyub saxlaması 
qabiliyyətini ifadə edir. 
İkincisi, müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt 
kimi başa düşülə bilər. 
Üçüncüsü, əks əlaqə - bu, fəaliyyətə olan təsirə və onun sonrakı dəyişilməsinə 
göstərilən reaksiyanın spesifikasını əks etdirir. 


Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. 
Həmin anlayış xarici mühitlə qarşılıqlı təsir prosesində cərəyan edən həyat 
fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını qoruyub 
saxlamaq qabiliyyətini ifadə edir. 
Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi şəksiz həqiqətdir. Elmi 
sistematologiyada onların müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və 
ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq və qapalı ifadə olunan 
və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri 
fərqləndirirlər. 
Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin 
komponentlər arasında, bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin 
rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons qeyd edirdi ki, sosial 
sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər 
eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən 
mədəni sistemlərə mənsubdurlar. 
Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq 
olar. Maddi sosial sistemlərə kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya 
özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatlar 
konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, 
iqtisadi ittifaqlar və s.) aid edilə bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk 
etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin 
mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qrupların 
adət və ənənələri), böyük (iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə 
universal (dünyagörüşü, mifologiya, din və 
s.)sistemlərə ayrıla bilər. 
Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi 
təsnif oluna bilər. Kiçik sistemlərə ayrı-ayrı sosial obyektlər aiddir (məsələn, ailə, 
fərd, kiçik qrup və s.); onların daxili strukturu və fəaliyyəti nisbətən sadədir, onları 
təşkil edən ünsürlərin qarşılıqlı təsiri əlaqələndirmə xarakteri daşıyır. Orta 
sistemlərin strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qrupu mövcuddur; 
onların arasında əlaqələr subordinasiya xarakteri daşıyır (yerli hakimiyyətin 
strukturu, rayonun iqtisadi strukturu və s). Böyük sistemlər onları təşkil edən 
ünsürlər arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, 
ölkənin iqtisadi sistemi). Mürəkkəb sistemlərə elə sistemlər aiddir ki, onların 
mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşçoxsəviyyəli xarakterə malikdir 
(məsələn, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı və 
s.). 
Qarşılıqlı təsirin xarakterinə görə sosial sistemlər açıq və qapalı ola bilərlər. Tam 
qapalı sistemlər adətən olmur, digər konkret sistemlərlə məhdud şəkildə qarşılıqlı 
təsirlər özünü göstərir. Məsələn, dövlətdə islah (penitensiar) müəssisələr sistemi 
bu qəbildəndir. Açıq sistemlər xarici şəraitin təsirinə məruz qalır, özləri də həmin 
şəraitə müqabil təsir göstərirlər (məsələn, beynəlxalq idman assosiasiyaları). 


Sosial sistemləri öz qanunauyğunluqlarının xarakterinə görə ehtimal edilən və 
determinasiya olunan sistemlərə ayırmaq olar. Ehtimal olunan sistemlərdə onların 
komponentləri naməlum sayda variantların (məsələn,cəmiyyət mümkün 
müharibə vəziyyətində) qarşılıqlı təsirinə məruz qalır. Determinasiya olunmuş 
sistemlər qarşılıqlı təsirlərin (məsələn, hüquqi, qanunverici və s. sistemlər) dəqiq 
məlum olan nəticələrini nəzərdə tutur.Sosial sistemlərin başlıca funksiyaları 
nizamı və inkişafı təmin etməklə bağlıdır. Lakin elə sosioloji 
nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana 
çəkir və müvafiq anlayışları formula edirlər. Bu halda 
sistemin aşağıdakı imkanları 
qeyd olunur: 
- tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir); 
- ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur); 
- atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur); 
- distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə 
tutur). 
Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, 
tipologiya və funksiyalara malikdir. Cəmiyyət sosial sistemlərin bütün 
xarakteristikalarını əks etdirir, ona görə də cəmiyyət ən mürəkkəb və ümumi 
sosial sistem hesab olunur. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin