Yubiley tədbirlərinin keçirilməsi
Əhməd Cavadın həyat yolu çox çətin, əzablı-əziyyətli olmuşdur. Buna baxmayaraq həmişə nikbin qalmışdır. Əhməd Cavad poeziyasının əsas aparıcı qüvvəsi lirikadır. Bu lirika yüksək insani duyğularla, gözəlliklə, məhəbbətlə doludur.
Əhməd Cavad fitri-təbii şair idi. Onun sənətkarlıq fəhmini anlatmaq qeyri-mümkün idi.
Əhməd Cavad bədahətən söz deməyi bacararmış. Göy-göl şeirini elə gölün özünə bədahətən söyləmişdir.
Əhməd Cavad ilhamlı, qaynar şair idi. O, çox əsərlər yaza bilərdi. Ancaq dövr, mövcud rejim onu həvəsdən salmışdı, çox vaxt ürəyində olan mövzulardan yan qaçmaq məcburiyyətində qalırdı. Beləliklə, nə qədər əsərlər qəlbində qaldı.
Əhməd Cavadın irsi zəngindir: şeirlər, hekayələr, tərcümələr, məqalələr. Bunların bəzisi “Sədəf” romanı kimi yoxa çıxıb.
Yüksək mədəniyyətli, nəcib, xeyirxah, zərif ürəkli, əsl ziyalı Əhməd Cavad az yaşasa da mərd, məğrur yaşadı. Onun varlığında yanan böyük duyğular, Vətəninə, millətinə bəslədiyi sonsuz məhəbbət Əhməd Cavadı həmişə bizim gözümüzdə ucaltmışdır.
Millətinin görkəmli şairinin, fədakar oğlunun müasir dövrdə yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Bu işdə kitabxanalarda keçirilən tədbirlərin rolu əvəzsizdir.
Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri icmallardır.
Şairin bir cilddə nəşr olunmuş “Seçilmiş əsərlərinin” icmalının keçirilməsi oxucularda maraq yaradır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il sərəncamı ilə 2005-ci ildə Əhməd Cavadın bir cilddə “Seçilmiş əsərləri” “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Kitabda milli şairimizin mədrəsə şeirləri, Birinci Dünya Müharibəsinə aid şeirlər, AXC-nin dövrünə və sonrakı illərdə yazdığı əsərlər, o cümlədən xalqın adət-ənənəsi haqqında, satirik-yumoristik şeirləri toplanmışdır.
Əhməd Cavad yaradıcılığı ilə oxucuları daha yaxından tanış etmək üçün kitab sərgisinin təşkil edilməsi də maraqlıdır. Sərgidə şairin şəkli, kitabları, şair haqqında olan kitab və məqalələr öz əksini tapır. Sərgini “Poeziyanın Rəsulzadəsi”, “Cümhuriyyət şairi”, “Acı taleli şair”, “Milli ruhlu şair” adları altında keçirmək olar.
Şairi oxuculara tanıtmaq üçün sual-cavab gecəsi təşkil etmək olar.
1.Əhməd Cavad kimdir? 2.Əhməd Cavad neçənci ildə və harada anadan olmuşdur? 3.Əhməd Cavadın illk kitabı nə vaxt çap olunmuşdur? 4.Şairin ilk kitabının adı nədir? 5.Şairin hansı şeirini əzbər bilirsiniz? 6.Əhməd Cavad hansı hekayələri yazmışdır? 7.Əhməd Cavadın pedaqoji fəaliyyəti haqqında nə bilirsiniz? 8.Əhməd Cavad nə vaxt, kimlər tərəfindən qətlə yetirilib?
Əhməd Cavad haqqında oxucuların fikrini öyrənmək üçün anket sorğuları təşkil etmək olar.
1.Əhməd Cavadın həyatı haqqında nə bilirsiniz? 2.Şairin hansı əsərləri var? 3.Əhməd Cavadın Göy-göl şeiri oxumusunuzmu? 4.Şairin Kür əsəri necə yaranışdır? 5.Şairin bayrağı vəsf edən hansı şeirləri var? 6.Əhməd Cavadın ən çox sevdiyiniz əsəri hansıdır? 7.Əhməd Cavadın tərcüməçilik fəaliyyəti haqqında nə bilirsiniz? 8.Əhməd Cavadın ictimai fəaliyyəti haqqında nə deyə bilərsiniz?
Ədəbi-bədii gecənin keçirilməsi oxucuların sevimli tədbirlərindən biridir. Görkəmli şairimiz Əhməd Cavada həsr olunmuş ədəbi-bədii gecə oxucuların marağına səbəb ola bilər. Hazırlanan gecənin ssenarisini sizə təqdim edirik.
1.Aparıcı: Qonaqları salamladı, tədbirin səbəbini bildirdi.
2.Aparıcı: Qeyd etdi ki, görkəmli şairimiz Əhməd Cavadın anadan olmasının 125 illiyidir. Bu münasibətlə keçirilən tədbiri açıq elan etdi.
1.Aparıcı: Bildiyimiz kimi Əhməd Cavad həm də maarifpərvər bir ziyalı olmuşdur. Gənc nəslin təhsili onu narahat edən məsələlərdən idi. İlk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir pedaqoq kimi yaxından iştirak etmişdir. 2.Aparıcı: Əhməd Cavad Gəncədə, Hacıkənddə, Qubada, Bakıda fəhlə fakültəsində, Nərimanov adına texnikumda müəllimlik etmişdir. Azərbaycanın Kənd Təsərrüfatı İnstitutunun dosenti, həmin İnstitutun dilçilik kafedrasının rəhbəri işləmişdir.
1.Aparıcı: Əhməd Cavadın ictimai fəaliyyəti haqqında da geniş danışmaq olar. O zaman parlamentdə da yeganə bir müştərək bir kürsü olub: öndər Rəsulzadə, Yusif bəylə birlikdə bu kürsüdə bir də şair Əhməd Cavad oturub.
2.Aparıcı: Əhməd Cavad 1934-cü ildə çağrılan Azərbaycan Yazıçılarının I Qurultayında nümayəndə seçilmişdir. Ədəbiyyat Cəmiyyətinin katibi, 1935-ci ildən ömrünün sonuna kimi Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.
1.Aparıcı: Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıb. Əhməd Cavad bütün yaradıcılığı boyu şeirlərində azadlığı, Vətənin şərəfini tərənnüm etmişdir.
2.Aparıcı: Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış kimi duyğular Əhməd Cavad şeirinin ruhuna hopmuşdur.
1.Aparıcı: Əhməd Cavadın xalqın əski adət-ənənəsi haqqında yazdığı şeirləri də çox məzmunludur. Həyati mövzuda yazdığı hekayələri də oxucular tərəfindən maraqla oxunur.
2.Aparıcı: Əhməd Cavad təpədən-dırnağa qədər şair təbiətinə malik, bütün varlığı ilə Vətəninə, millətinə bağlı olan, onun arzu və istəkləri ilə nəfəs alan coşqun bir şair kimi yazıb-yaratmışdır.
Tədbirlər sırasında görüşlərin təşkil edilməsi də oxucular üçün maraqlı olur. Belə görüşlərə şairlər, yazıçılar, ədəbiyyatşünasların dəvət olunması tədbirin daha maraqlı keçməsinə səbəb olur.
Vəsaitin məzmunlu olması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur:
1.Əhməd Cavad “Seçilmiş əsərləri” 1 cilddə Şərq-Qərb nəş.Bakı-2005
2.Təqvim-2017
Hazırladı:
Sabunçu rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə və sistem inzibatçısı Əhmədova Sahibə
Dostları ilə paylaş: |