R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
22 iyul 2011-ci il
Bakı, Azərbaycan
-
MİLLİ MƏTBUAT GÜNÜNDƏ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI ZİYARƏT EDİLİB
-
MEDİA HÜQUQU İNSTİTUTU YARIMİLLİK HESABATINI AÇIQLAYIB
-
“SƏRHƏDSİZ REPORTYORLAR” TƏŞKİLATI NAXÇIVAN HAKİMİYYƏTİNİ PİSLƏYİB
MİLLİ MƏTBUAT GÜNÜNDƏ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI ZİYARƏT EDİLİB
Bu gün (22 iyul) Milli Mətbuat günündə bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, ölkənin müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, milli qəhrəmanlar - Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov və digərlərinin məzarlarını ziyarət ediblər, gül dəstələri qoyublar.
Məhrum jurnalist Elmar Hüseynovun qəbri üstündə danışan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib ki, ölkədə media azadlığı boğulur, jurnalistlər fiziki təzyiqlərə məruz qalır. Media əsasən hökumətin nəzarətinə keçib. Azad və müxalifət medianın jurnalistləri isə təzyiqlərlə üzləşir. 2005-ci il martın 2-də qətlə yeririlmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də Gürcüstandan tutulub gətirilmir. E.Hüseynovun Gürcüstanda yaşayan qatillərinin həbs edilməsinin problem olduğunu iddia edən istintaq orqanları bu günlərdə “Azər-Ross” şirkətində qətl törədərək Gürcüstanda gizlənmiş adamları bir neçə gün ərzində həbs edib ölkəyə gətirdi”, - o bildirib.
Çıxışlarda Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov kimi ziyalılar Azərbaycan xalqının cəmiyyəti irəli aparan mühüm şəxsləri kimi xarakterizə edilib. “Həsən bəy Zərdabi Azərbaycan xalqının vicdan səsi idisə, Nəcəf Nəcəfov müasir jurnalistikanın ədalət simvoludur”, -deyə “Turan” Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
MEDİA HÜQUQU İNSTİTUTU YARIMİLLİK HESABATINI AÇIQLAYIB
Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət ağır olaraq qalır. Bu barədə Media Hüquqları İnstitutunun (MHİ) bu ilin birinci yarısına dair hesabatında bildirilir.
MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, bu gün (22 iyul) Milli Mətbuat günü olsa da bu bayram hiss edilmir, çünki bu bayramın qeyd edilməsi üçün əsas meyar olan fikir azadlığı yoxdur.
Rəşid Hacılı onu da qeyd etdi ki, MHİ-nin uzun illər bu istiqamətdə apardığı monitorinqlərə görə, ölkədə jurnalistlərin hüquqi durumu, peşə fəaliyyəti ,söz azadlığı ilə bağlı vəziyyət gərgin olaraq qalır.
MHİ-nin əməkdaşı Xalid Ağaliyev bildirib ki, hesabatda ifadə azadlığı hüququnun qanunvericilik çərçivəsi, məhkəmə işləri, jurnalistlərə fiziki, psixoloji basqılar, bilgi azadlığı, İnternetdən ifadə azadlığı və teleradio düzənlənməsi haqqında analizlər yer alıb.
Onun sözlərinə görə, ötən yarım ilin ən böyük olayı həbsdə olan jurnalist Eynulla Fətullayevin azadlığa çıxmasıdır.
“Həbsdə jurnalist yoxdur. Buna baxmayaraq, gənclərə qarşı siyasi həbslər başlanılıb” deyə Ağaliyev vurğulayıb.
O qeyd edib ki, hesabatda “Monitorinq” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması ilə bağlı məsələ yer alıb və eyni zamanda Sosial şəbəkələrdə daha çox fəallığı ilə seçilən AXCP üzvü Cabbar Savalanlı, gənc fəal Bəxtiyar Hacıyevin barəsində hökmlər isə məhkəmə işləri bölümündə yer alıb.
“Ümumilikdə məhkəmə işləri bölümünə əsasən ifadə azadlığı ilə bağlı 27 məhkəmə davası davam edib. Həmin məhkəmə işlərindən 11-i son yarım ildə açılıb. Sözügedən məhkəmə işlərində jurnalistlərə qarşı iddia və şikayətlərin əksəriyyətini “ictimai füqur” statuslu şəxslər qaldırıb. Məhkəmə bölümündə təzminat işlərinə gəlincə, yazılara görə məhkəməyə çəkilən jurnalistlərdən 630 min AZN-dən artıq təzminat istənilib, 6 jurnalistə cinayət cəzası verilməsi tələb olunub. Ən çox təzminat verilməsi “Xural” qəzetinin payına düşür.” - deyə MHİ əməkdaşı əlavə edib.
X.Ağaliyev jurnalistlərə fiziki, psixoloji təzyiqlərin davam etdiyini bildirib. Belə ki, 50-dən çox jurnalist basqıya məruz qalıb. Bu basqılar arasında ən qalmaqallı olanı Azərbaycana gələn 6 əcnəbi jurnalistin fiziki təzyiqlə üzləşməsidir.
Jurnalistlər əsasən kütləvi aksiyalardan, açıq toplantılardan məlumat alarkən təzyiqə məruz qalıblar. 3 isveçli və 1 alman jurnalist Azərbaycandan qanunsuz deportasiya edilib, iki əcnəbi jurnalist döyülüb. Onların işi barəsində cinayət işi açılıb.
Bilgi azadlığı bölümü barədə məlumat verən MHİ-nin əməkdaşı bildirib ki, bu sahədə də vəziyyət ürəkaçan deyil. Belə ki, bilgi sorğuları əsasən Milli Məclisə, məhkəmələrə, icra hakimiyyətlərinə, BŞİH, nazirliklərə, banklara göndərilib. Bilgi sahibləri 147 sorğunun 56-na cavab veriblər.
Yarım ildə İnternet azadlığı sahəsində geniş tendensiya olmayıb. Bölgələrdə İnternetin surəti və servis səviyyəsi aşağıdır. Mətbu nəşrlər üçün keçərli olan hüquq və azadlıqlar, məhdudiyyətlər İnternetdə də eyni qaydada tətbiq edilir.
Ölkə əhalisinin bilgilərə əsas çatım vasitəsi televiziya və radiodur. Ancaq milli teleradiolar bu tələbatı ödəmək gücündə deyil. Belə ki, MTRŞ-nın boş tezliklər barədə keçirdiyi müsabiqə çoxlu qanun pozuntuları ilə müşayiət olunub.
Onu da qeyd edək ki, hesabatda ifadə azadlığı ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr əksini tapıb.
“SƏRHƏDSİZ REPORTYORLAR” TƏŞKİLATI NAXÇIVAN HAKİMİYYƏTİNİ PİSLƏYİB
“Sərhədsiz Reportyorlar” mətbuatın müdafiə təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bölgə müxbiri Həkimeldostu Mehdiyevin hüquqlarını pozduğuna görə Naxçıvan hakimiyyətini pisləyən bəyanaty yayıb.
“Son bir həftə ərzində o, hakimiyyətin ciddi təzyiqinə məruz qalıb ki, bu da Naxçıvanda vətəndaşların və jurnalistlərin hüquq və azadlıqlarının pozulmasının növbəti təzahürü olub. Hakimiyyət bu təqiblərə, habelə yerli hakimiyyət Mehdiyevin evinin yaxınlığındakı obyektini sökərkən onu dəstəkləmək üçün gələn həmkarlarına qarşı təzyiqlərə son qoymalıdır. Təəssüf ki, Naxçıvanda jurnalistlərə təzyiq və onların təqib olunması təcrübəsi hakimiyyətin sevimli metodudur", - deyə bəyanatda bildirilir.
H.Mehdiyev özü hesab edir ki, o, Naxçıvanda səfərdə olan alman jurnalist Mixael Lüdviqi müşayiət etdikdən sonra hakimiyyət onu təqib etməyi qərara alıb. Lüdviqin Azərbaycan XİN-də akkreditasiya keçməsinə baxmayaraq, yerli hakimiyyət onun işinə mane olub. Lakin Mehdiyev alman jurnalistin işini qismən həyata keçirməsinə kömək edib.
Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun Cəlil kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.
Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |