Publisistik düşüncələr



Yüklə 56,75 Kb.
tarix21.10.2017
ölçüsü56,75 Kb.
#7169
növüYazı


Polemika

O SÖZLƏRİ BİZİM ATALAR DEMƏYİB...



Akif ƏLİ,

yazıçı-publisist

---------------------

Millət vəkili, yazıçı-publisist Aqil Abbasın xalqımız, vətənimiz və dövlətimiz naminə səmimiliklə və yalnız özünə məxsus, sirrini yalnız özünün bildiyi orijinal üslubda yazdığı cəsarətli yazıları oxucular həmişə maraqla qarşılayır. Belə yazılardan biri də “Ədalət” qəzetinin 27 oktyabr 2009 tarixli 194-cü sayında dərc olunan “Bəli, bu axmaq sözləri mənim atam söyləməyib” adlı yazısıdır. Hərçənd həmin yazını oxuyandan sonra telefonla fikrimi müəllifə bildirmişdim, ancaq sonradan zövqünə inandığım, həyat təcrübəsinə, biliyinə, savadına, dünyagörüşünə güvəndiyim dostlarımızın da yazını maraqla qarşıladığını, hətta polemika üçün mövzuya çevrildiyini görüb məqalədə toxunulan məsələlərin dərin fəlsəfi-kulturoloji kökləri barədə mülahizələrimi mətbuat vasitəsilə bir qədər geniş bildirmək istədim.
***
Azad bir müxbirə” cavab yazmaq üçün qələmə əl atan millət vəkili “axmaq ataların axmaq sözləri” üstündə bir çox ciddi mətləblərə toxunub. Həqiqətən də "Qarın qardaşdan irəlidir” kimi sözləri bizim atalarımız söyləməzdi. Yaxud "Ayağını yorğanına görə uzat" kəlamı haqqında düz deyir ki: "ayağımızı yorğana görə uzatmaqdansa" ayağa qalxmaq lazımdı, bu yorğanı cırıb atmaq lazımdı. Yorğanın altında qıvrılıb yatmaq lazım deyil. Başımıza gələn bəlaların çoxu elə bu axmaq atalar sözündən gəlmirmi? Ayağımızı yorğanımıza görə uzatdığımız üçün yorğanımızı kəsə-kəsə gətirib 66 min kvadratkilometrə çatdırıblar.” Yaxud: "Qonşun pisdir köç qurtar".... Qulaq asıb pis qonşudan köçüb qurtarmışıq. Pis qonşunu köçürtmək ağlımıza gəlməyib.... "El üçün ağlayan göz kor olar", "Palaza bürün elnən sürün", "Düz danışan düzdə qalar" və s.” Bu “müdrik kəlamlardan” birinin şərhi isə xüsusilə aktualdır.Yazıçı deyir: “..."Elnən gələn bəla toy-bayramdı". Bəli, elnən başımıza çox böyük bəlalar gəlib: 25 min şəhid, 40 mindən çox Qarabağ əlili, 1 milyon qaçqın, yandırılmış evlər-eşiklər, işğal olunmuş torpaqlar. Amma elnən gələn bəlanı toy-bayram eləmirlər. Elnən gələn bəlanı elnən də dəfn edirlər...” Mənsə əlavə edərdim ki, bəli, elnən gələn bəladan elnən birlikdə də xilas olarlar.
***
Həqiqətən bizim atalar sözlərinin arasında çox müdrik, ağıllı, dəyərli, insana həyatda düzgün yol göstərən nümunələr var. Ancaq bununla belə ziddiyyətli deyimlərə, fikiri çaşdırıb yanlış səmtə yönəldən məsləhətlərə, heç bir xüsusi faydası ilə seçilməyən defektli kəlamlara da rast gəlirik. Və müasir dünyagörüşü, bilik səviyyəsi, savad dairəsi ilə onları qəbul etmək mümkün deyil. Maraqlı isə orasıdır ki, minlərlə sayı olan atalar sözlərindən sanki camaat arasında ən çox işlənəni, ictimaiyyətin ən çox müraciət etdiyi və həvəslə çəkdiyi misallar məhz həmin mənfi yüklü nümunələrdir.

Məsələn, qədim Çin filosofu Konfusi deyir ki: “Şər əmələ Xeyirxahlıqla cavab vermək mənasız işdir. Bəs onda Xeyirxah əməlin mükafatı nə olacaq?” Yəni Çin xalqının Atası yamanlığa yaxşılığı – şərə xidmət kimi öz xalqına anlatdığı halda (güman edirəm onun xalqının inkişafı kimsədə şübhə doğurmaz) bizim şüurlara əksinə, “Yaxşılığa yamanlıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir” – fikri təlqin edilib. Və bu sayaq “müdrik” kəlamlar üzərində formalaşan mentalitetimiz üstümüzə silah çəkən, dədələrimizin belinə qaynar samovar şəlləyən, kənd camaatını məscidə doldurub od vuran vəhşiləri dəfələrlə bağışlayıb, öpüşüb-barışıb, “hayastanla qardaş” edib, hətta “humanizm naminə kişilik göstərərək” darda qalan düşmənə taxıl verdirib və... o da İrəvanda yediyi həmin taxılı gəlib Qarabağ torpaqlarında ifraz edib, camaatımızı qırıb-çatıb... sonra yenə... yenə...

Bizsə hər dəfə özümüzün “nər kişi” olduğumuzu düşünərək ləzzət almışıq.

Belə misallar çoxdur və aşağıda onlardan bir neçəsi ilə yenə tanış olacağıq. Ancaq bəri başdan mən bu məsələdə polemik xarakterli bir məqama diqqəti yönəltmək istərdim: bəlkə o səhv, yanlış məsləhətləri bizim Atalarımızın adından kimlərsə təqdim edib?! Bəlkə bu kəlamlar da elə digər bildiklərimiz kimi, düşmən təxribatından başqa bir şey deyil?! Hətta həmin ideoloji təxribatların təmiz qəlbli sadəlövh xalqımıza sırınmasında düşmənə kömək edən öz satqınlarımızın, maymaqlarımızın, xainlərimizin də iştirakını istisna etmək olmaz. (Axı, “Öz qövmümüzün başına əngəl-kələfiz biz”...) Ancaq bütün hallarda bu işlərdə əsas təhrikedici qüvvə, məncə, məkrli düşməndir.


***
Bu gün artıq neçə yüz illik istilalar və imperiyalar cəngindən qurtulub müstəqilliyə qovuşduqdan sonra milli mədəni-mənəvi dəyərlər və klassik irsimiz daxilində dövrün tələblərinə və xaqlın mənafeyinə uyğun səliqə-sahman, nizam-düzən, yeniləşmə aparmaq məqamıdır. Çünki kökündən dəyişilmiş yeni quruluş daxilində kardinal siyasi, iqtisadi, sosial, hüquqi islahatlar getdiyi, bütün sistem modernləşdirilərək müasir dünya düzəninə uyğunlaşdırıldığı halda, ideya-ideologiya sferalarının mədəni arealına toxunmamaq və hər şeyi tarixin əski divarları arasından çıxdığı şəkildə saxlamaq, yaxud buna cəhd göstərmək - yumşaq desək məntiqsizlikdir. Müxtəlif vaxtlarda mətbuatda bildirsəm də, yenə təkrar edim ki, milli tərəqqinin sürətlənməsi naminə əsrlər boyu yadlar ocağında hazırlanaraq xalqımıza təqdim (və təlqin) edilmiş yabançı mənəvi dəyərləri, mədəniyyət nümunələrini təftiş etmək, xalqın həyatı və inkişafı üçün heç bir ictimai mahiyyət və funksional əhəmiyyət kəsb etməyən, əksinə geriliyə, süstlüyə, tərki-dünyalığa rəvac verən “klassik irsdən” xilas olmaq labüddür. Tərəqqinin başqa yolu yoxdur.

Ümummilli mənafe kontekstindən baxanda ictimai şüur üçün ziyanlı məhsullar yazılı və şifahi ədəbiyyatımızda, folklor nümunələri arasında, əxlaqi dəyər və davranış sahələrində, mənəvi-dini görüşlər sistemində kifayət qədərdir. Həmin ziyanların aradan qaldırılması, yeniləşdirmə işinin aparılması üçün konyukturadan uzaq istedadlı, bacarıqlı, vətənpərvər, millətpərvər, xalqını səmimi qəlbdən sevən və ona etnik kökləri ilə sıx bağlı olan mütərəqqi dünyagörüşlü, vicdanlı alimlərin, müasir zövqlü səriştəli peşəkarların iştirakı təmin olunmalıdır. Diqqətlə, obyektivcəsinə araşdırma aparılaraq xəlqi və milli maraqlara tuş gələn, sivilizasiya parametrlərinə uyğun olan xeyirli irsi qoruyub saxlamaq, ziyanlıların isə arıtlanıb arxivə atılması vacibdir. Bəlkə də bu çox ağrılı, mürəkkəb prosesdir, ancaq heç də qorxulu deyil. Tarixən bütün böyük xalqlar öz liderlərinin öndərliyi ilə “evdə” belə “təmizlik” işləri aparıblar: Amerikada da, Yaponiyada da, Rusiyada da, Çində də, Fransada da, Türkiyədə də... Və oralarda bu islahatlar yalnız inkişafa rəvac verib.


***
Bu məqamda xalqı köhnəlmiş dəyərlərdən xilas etməyə çalışan böyük maarifpərvər Ataları xatırlamaq yerinə düşərdi. Azərbaycan naminə özünü fəda etmiş müqəddəslərimizdən Mirzə Fətəli Axundovu, Həsən bəy Zərdabini anmamaq olmur. İnkişafca Avropadan çox geri qalan XIX əsr Azərbaycanında milli oyanışa nail olmaq üçün Həsən bəyin qəzet açması əsil inqilab idi. Hərçənd çar senzurası hələ qəzetin proqramını nəzərdən keçirəndə ona demişdi ki, bu qəzetin səhifələri yalnız məişət məsələlərinə aid olmalıdır, yəni siyasi görüşlərlə, müasir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə doldurulmamalıdır. Dolayısı ilə, əhalinin inkişafı barədə fikirlər yürüdüb xalqı oyatmağa icazə verilmirdi. Çünki kütlə nə qədər avam olsa, padşah bir o qədər rahat yatar... Ancaq bu xəbərdarlığa baxmayaraq böyük həyəcanla qəzetində Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər...” - deyə çağıran H.B.Zərdabi Qərbdən gələn yeniləşmə əlamətlərinin qarşısını “milli-dini özgürlük” bəhanəsi ilə kəsməyə çalışan (nə yazıq ki günü bu gün də eyni bəhanələrin səslənməsinin şahidi oluruq) gerizəkalıları kəskin tənqid atəşinə tuturdu.

Çağdaş dövrlə səsləşməyən nimdaş fikirlərin, mədəni geriliyin təzahürlərini aradan qaldırmağa səy göstərən H.B.Zərdabinin yazılarından bu günə miras qalmış bəzi mərəzlərin kökünü də öyrənmək olur. Məsələn, biz bu gün mənfur erməni yalanlarından cana doyduğumuz və bu ağ yalanları uyduran adamların tərs düşüncə tərzinə, ifrat iftiraçılıq məharətinə mat qaldığımız bir zamanda “Əkinçi”dən öyrənirik ki, sən demə erməni teatrının bu oyunları tarixin lap dərinliklərindən gəlir. İri güclərin təhriki ilə Türk dünyasına qarşı kin, nifrət, düşmənçilik kompaniyası təzə başlamayıb, yüz illərdir davam edir. Yəni 2000-ci ilin ermənisi elə 1800-cü ilin ermənisidir...

Bir sözlə, geniş Mədəniyyət tarlasında “Əkinçi”lik işi ilə məşğul olan Həsən bəy Zərdabi Azərbaycanda yeni düşüncə normaları əkib-becərir, müasir dünya mədəniyyətinin toxumlarını səpirdi. Böyük Mirzə Fətəlidən böyük Həsən bəyin alıb apardığı maarifçilik çırağını sonralar böyük Mirzə Cəlil, böyük Sabir kimi vətənpərvər və millətpərvər atalar davam etdirdi. Ancaq nə yazıq ki, bəlalarımız çarizmin devrilməsi ilə bitmədi...

...Bu dəfə müsibətlərin bir çoxu xalqların taleyinə “xalqlar türməsi” adlanan çar imperiyasından daha ağır zərbələr vurmuş “Qırmızı” imperiyanın bətnindən qaynaqlandı. Çarizm yağmurundan çıxıb “aclar və qullar” yağışına düşən məmləkətdə tarix yaddaşımıza neçə-neçə allı-güllü təhrif “naxışları” vurulmaqda davam etdi. Süni “sosialist mədəniyyəti” quran Qırmızılar “bəy”liyin “proletarlaşdırılması” tələbini bütün ideoloji sahələrə, mədəniyyət aləminə, o cümlədən, ədəbiyyat və incəsənət əsərlərinə “ustanovka” kimi göndərdi.


***
Aqil Abbasın əsil sənətkar duyğusu ilə, bəlkə də yalnız böyük yaradıcılara xas ilahi vəhylə yazdığı həqiqətlər güman ki, məhz imperiyalar cəngində qaldığımız o uzaq dövrlərdən mental şüurumuza yeridilməyə başlamışdır. Haqqında danışdığımız çaşdırıcı-azdırıcı ideyalar vaxtilə (yəni bizimkilərin avam vaxtlarında) öz uzaq hədəflərini müəyyənləşdirmiş, buna ciddi hazırlaşmış, çox savadlı-bilikli və məkrli düşmənlərin elmi əsaslarla və mükəmməl şəkildə qurub məmləkətimizdə yaydığı ideoloji təxribat layihələrinin təzahürüdür.

Şairanə kövrəklik, qəlbiyumşaqlıq, qonaqpərvərlik kimi xüsusiyyətlərimizi nəzərə alan düşmən (təbii ki düşmən deyəndə torpağımıza, var-dövlətimizə, təbii sərvətlərimizə, soyumuza, bütün gözəlliklərimizə gözü düşən vəhşi xislətli bütün işğalçılar hesabdadır) bizim ölkədə kütləvi şüurun zonbiləşdirilməsi üçün min oyundan çıxıb. Totalitar mentallıq yaratmaq üçün yuxarıdan endirilən, xalq arasında yayılan azdırıcı “həblərin” əhali tərəfindən daha “rahat” qəbul edilməsi üçün onlara gah “atalar sözləri”, gah “xalq nağılları”, gah “dastanlar” donu biçilib... Qardaş kəndiri kəsənlərin, türksoylu sultanlara, paşalara qənim olanların, bəy-xan bığını zorlama qırxan binamusların, “igidlik ondur-doqquzu qaçmaq” deyən qaçaq-quldurlarların cəlbedici obrazları çox məharətlə işlənərək incə-incə bizim millətin mental şüurunun alt qatlarına yeridilib. Təbii ki, əgər bu mətnlər həqiqətdə olduğu kimi məsələn, onu tərtib edən arakellərin sözləri, samvellərin nağılları, arkadilərin kəlamları və s. kimi real ünvanlar altında bizə gətirilsəydi, onlar həm qəbul olunmaz, həm də sirlər faş olar, planları pozulardı. Lakin bizim öz “milli qəhrəmanlarımızın” dilindən deyilən fikirləri ayrı-ayrı fərdlər tərəddüd etsə də, kütləvi şüur məmnuniyyətlə “udub”. Belə “həblər-mətnlər” kələkbazcasına dövriyyəyə buraxıldıqdan sonra bir nəsilin, ikinci nəsilin, üçüncü-beşinci nəsilin yaddaşında bərkiyərək milliləşir, kütləvi şüurun doğal malına çevrilirdi. Mental xüsusiyyətə uyğun olaraq artıq kütlə istər-istəməz elə bu cür, düşündüyü kimi də yaşamağa başlayırdı. Məsələn, bizim Ataların adından “Qonşun pisdir köç qurtar” sözünü yayanlar psixoloji hazırlıqla parallel çox yəqin ki, gələcəkdə Zəngəzurun, Göyçənin, Qarabağın etnik təmizlənməsi planılarını da hazırlayırdılar.

Nəticədə bizim düşüncəmizdə belə “Atalar sözləri” istənilən qədər yayılıb. Məsələn: “Tanrı bəndəsini darda qoymaz” (yəni bəndə əlini-qolunu yanına salıb farağat otursun, onsuz da Tanrı gəlib onu dardan qurtaracaq). “Səhərin şəri axşamın xeyrindən yaxşıdır” (Ancaq şərin harası yaxşı ola bilər aydın deyil). “Dərd verən dərman da verər” (eyni tərki-dünyalığa, tərpənməməyə çağırış motivi: “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”). “Gözəllik ondur, doqquzu dondur” (O nə biçim gözəllikdir ki, büsbütün donun altında gizlədilir? Demək belə “gözəlçə” əslində çox eybəcər olmalıdır ki, doqquz dona bürünəndən sonra nəyəsə oxşasın). “Vətən viran da olsa, cənnətdir” (Təlqin olunan psixoloji durumun zillətinə bax ki, viran vətənini abad etmək üçün çalışmaq əvəzinə, adamlara “əşi, viran da olsa zato cənnətdir” dedizdirir). “Pul əl çirkidir” (ağıllı adamların dünyada rahat alış-veriş etmək üçün pul vahidi yaratdığı vaxtdan keçən neçə yüz il ərzində bütün dünyada yaxşı və pis işlərin, xeyir və şər əməllərin arxasında pul dayanıb, pul dünyanı və insanları idarə edib, pul qurub-yaradıb, təhsil verib, inkişaf etdirib... Amma di gəl ki azərilərə çatanda beyinlərə yeridiblər ki, bax, o murdardır ha, nəbadə əl vurasan... Yəni yenə də o deməkdir ki, yaşama, inkişaf etmə...- “Pulsuz kişi, insanlığı asanmı sanırsan?!”) Yaxud “müdrikliyə” bax: “Yanlış da bir naxışdır” (təbii ki, belə deformasiyalı təsəvvürlərlə yaşayan adam heç vaxt öz səhvindən nəticə çıxarıb onu düzəltməyə çalışmayacaq, səhvini normal hal kimi qəbul edib əlini yellədəcək. Amma yanlışın harası naxışdır, baş açmaq olmur! Bəlkə türmənin naxışıdır?) “Yalan ayaq tutar, ancaq yeriməz” (Yenə saxta müdrikanəlik nişansəidir. Real həyatda yalan ayaq da tutur, yeriyir də, yüyürür də. Hələ bir insanları, ölkələri məhv edir. Bu dünyada yalanla, ikili, üçlü standartla yaşayıb kef çəkənlər nə çox!) “Bağışlayanı Allah da bağışlar” (Tarixən belə kəlamların “səmərəsi” o olub ki, güzəştə getdiyimiz düşmənin quyruğu qapı arasından çıxan kimi, dərhal onu bağışlayana arxadan zərbə vurub) və s. və i.

Yeri gəlmişkən, yalançı təvazökarlıq etmədən deyim ki, yadıma gəlir, hələ ilk satirik kitablarımdan birində (“Unudulmaz yollar”, “Gənclik” nəşriyyatı, 1985-ci il) “Müasir atalar sözləri” adlı bir bölmə vardı. Diqqəti mənasız atalar sözlərinə yönlətmək üçün orada parodiya kimi satirik “atalar sözləri” yazmışdım: “Adamı olan igidin arxası yerə dəyməz”, “Adamın gəliri pis çıxınca canı çıxsa yaxşıdır”, “Böyük daşıyanda kiçik danışmaz”, “İşləyə bilməyən mükafatın böyüyünü götürər”, “Pulun ucu, qılıncın gücü”, “Puluna bax səsini çıxart”, “Pulsuz adam qanadsız quş kimidir”, “Rüşvətxor cibinin ölçüsündən bilinər” və s. (sonralar bu sonuncu “cib” ideyası əsasında “Ağ xalat” adlı bir novella və “Mozalan” üçün ssenari də yazdım. Novellanı şair Nəriman Həsənzadə bəyənib “Ədəbiyyat qəzeti”ndə çap etdi, kinosüjeti isə rejissor Vaqif Mustafayev çox məharətlə ekranlaşdırdı).

Eynən folklorumuzda, mifologiya və xalq mahnılarımızda, bayatılarda, qoşmalarda, digər anoloji ədəbi-bədii nümunələrdə də belə sual doğuran məqamlar var. Məsələn, “Qaragilənin otağına icazəsiz gəlib onu oyadan, Nə sənə oğlan qəhətdir, nə mənə qız” deyə çoxmənalı işarətlər vuran cavanın nəğməsi, “yaxası düymələnməmiş” açıq vəziyyətdə “sallana-sallana gələn dilbər”in “beli nazik, teli nazik, dili nazik” gözəlin, oğlana “get ay batandan sonra gəl, ay oğlan, anam yatandan sonra gəl, ay oğlan” deyə çoxmənalı eyhamlar vuran qız haqqında oxunan mahnılar sayaq “xəlqi” nümunələr istənilən qədərdir. Onları yüz illərdi nəsil-nəsil bəh-bəhlə oxuyur, sevə-sevə qulaq asırıq, sonra da təəccüb edirik ki: “pah atonnan, namus belə, qeyrət belə...” Məgər - “Qalada yatmış idim, top atdılar oyanmadım” – deyə div yuxusunu fəxrlə nəzmə çəkən igid bilmirdimi o oyanmadığı üçün haçansa Şuşa qalası əldən gedəcək?! (“Atılan toplara dikcinməyiriz!”). Yaxud üç yüz ildir “Sən haralısan, haralı durna?...” – deyib nalə çəkəndən, bu “klassik irsi” uşaqlara əzbərlətdirəndən sonra necə dad döyə bilərik ki, axı hardan göyərib dilimizdəki “haralısan” sualı?!.. Ya da min bir əziyyətlə öz evinə-ailəsinə çörək qazanan, Çinlə Əndəlus arasında həm mal, həm də mədəniyyət daşıyıcısı olan zəhmətkeş tacirlərin karvanına basqın edən, təsadüfən eyvana çıxmış xotkar qızını zorla qaçırıb “dəli”nin birinə ərə verən, bir oturuma bir qazan plov, bir bütöv qoyun aşıran pəzəvəngin, soyğunçuluğu, zorakılığı, vurub-yıxmağı, çalıb-çapmağı igidlik adına təbliğ edən obrazların bizə nə xeyri? Onlar sırf ideoloji mülahizələrə görə “aclar və qullar dünyasının” dostu, proletariatın əcdadı sayılaraq atalarımızın adından şüurlara yeridilməyibmi? Halbuki bir sərkərdənin, bir qurucu mühəndisin, bir ixtiraçı alimin milli obrazını örnək kimi yaradıb yaymaq “yada düşməyib”. Budur həqiqət.

Açığı, mütərəqqi düşüncələr zaman-zaman ziyalı mühitində aktual olub, “ədəbi çayxanalarda” müzakirə edilib. Ancaq təəssüf ki, lazımi miqyasda ictimailəşməyib, kütləvi şüura daxil ola bilməyib, təhtəlşüurdakı ziyanlı hüceyrələri sıxışdırıb çıxartmaq üçün yetərli olmayıb. Və yüz illərlə bu mövzular dartışılsa belə yenə olduğu kimi qalıb. Bəzən fəxrlə deyirlər: “M.Ə.Sabir bu gün də aktualdır”, “Mirzə Cəlilin yazdıqları yenə də öz aktuallığını saxlayır” və s. Ancaq məncə belə tənqidi mülahizələrin aktual qalması qürur yox, qınaq doğurucu haldır. Çünki Sabiri çərlədən səbəblər, Mirzə Cəlilin ürəyini partladan dərdlər bu gün yenə aktual olaraq qalırsa, bəs onda cəmiyyət heç inkişaf etməyibmi?! M.F.Axundovun “cahilləri”, Ə.Haqverdiyevin “maralları” yenədəmi yaşayır?!

Bütün bunlar düşündürücü məqamlardır...
***
Əslində ideyalarla idarə olunan bu dünyada bütün inkişaf etmiş xalqların öz ideya hədəfləri, dövlətlərin ideoloji məqsədləri olub və var. Rusun Jeqlovu, Amerikanın Rembosu, Türkün Polad Ələmdarı, hətta Braziliyanın “prosto Mariyası” da büsbütün ideoloji klişelərdən ibarət bədii obrazlardır. Hamısı da dövlət və millət maraqlarının daşıyıcısıdır. Sirr deyil ki, postsovet məkanında yaranan boşluqdan istifadə edən düşmənlər (çörəyimizin duzundan, onlar azalmaq da bilmir) ideya təxribatlarını üstümüzdə sınamaqdan əl çəkməyiblər. “Yersiz gəldi yerli qaç” tipli düsturları xalqın təhtəlşüuruna yerləşdirməyə müvəffəq olan məkrli qüvvələr başımıza gətirilən müsibətlərdən sonra yenə öz planlarını davam etdirərək indi də bizə milli-etnik dözümlülük, düşmənə qarşı tolerantlıq, “demokratikcəsinə” birgəyaşayış qaydaları haqqında dərs keçirlər. Əlbəttə, sivilizasiya inkişaf etdikcə təxribatların texnologiyası da dəyişir. Bu gün müxtəlif epidemiya “viruslarına” qarşı tibbi vaksinlərlə yanaşı müasir terminoloji örtüklər altında və daha çox kiv-lərin üstündə kütləvi şüura “sərfəli” ideya virusları da yeridilir.Özü də bütün bunlar xalqı çaşdırıcı “demokratik” projelər, keyləşdirici şou-proqramlar, azdırıcı “plyüralistik” qrant-layihələr zərdabı kimi cəmiyyətə inyeksiya edilir. Fərq ondadır ki, əvvəllər “dəmir pərdə” arxasında milli kimliyimizə qarşı hücumlar yaxın qonşulardan gəlirdisə, indi “açıq cəmiyyət” institutlarının imkanlarından uzaq qohumlar da yararlanır...

Yeri gəlmişkən, son günlər hörmətli filosof, akademik R.Mehdiyevin ümummilli maraqlar kontekstindən çıxış edərək qələmə aldığı məlum məqaləsi də məhz anoloji problemləri açıqladığı üçün belə geniş ictimai rezonansa səbəb olmuşdur.


***

...Beləliklə, razılaşaq ki, bizim Atalarımız o mənasız məsləhətləri öz övladlarına verməzdi. Ona görə yox ki, onlar ideal idi. Yox, ideal ancaq Tanrıdır, amma əgər bizim ataların bir suçu var idisə, o da başqa yerdədir. Məsələn, məncə onların ən böyük səhvlərindən biri o məqamda olub ki, şimal-cənub, şərq-qərb dəhlizi kimi mürəkkəb bir coğrafi məkanda yaşamalarına baxmayaraq, hər şeyə tez inanan, sadədil, sadəlövh, xüsusən də ifrat dərəcədə qonaqpərvər olublar. Evin ən yaxşı otağını, döşəyin ən qalınını, yorğanın ipəklisini, yeməyin dadlısını tanımadıqları təsadüfi qonaqlar üçün ayırıblar. Uşağı eşiyə qovub ac saxlayıblar ki, “qonaq gedəndən sonra gələrsən”...

Halbuki məlul-məlul “Qonaq allah qonağıdır”, “Qonaq ev yiyəsinin ağasıdır” – deyib də qapını açaraq içəri buraxdıqları bu adam(lar)ın hansı yuvanın quşu olduğunun, hansı dərədən azıb gəldiyinin, hansı törədən çıxdığının, nə məqsədə və nə məzhəbə qulluq etdiyinin fərqinə varılmayıb. Çox pis ki varılmayıb. Bunu etsəydilər – əslində heç də düşündükləri kimi ayıb olmazdı. Çünki getdiyimiz, gəzdiyimiz heç bir məmləkətin adamlarını biz bu dərəcədə qonaqpərvər görmürük. Onları bizim fikrimiz, inciyib-inciməməyimiz heç ilgiləndirmir də. Onlar bizdən fərqli olaraq ilk öncə özlərini, öz maraqlarını, öz ləyaqətlərini, uşaqlarının rahatlığını güdürlər. “Qonaqdan ayıbdır...” tipli mənasız güzəştlərə görə özünü və özününkünü aşağılayan başqa bir oxşar mentallıq nümunəsinə dünyanın heç bir ölkəsində rast gəlmirik... Hər şeyin bir əndazəsi olmalıdır.
***
Qeyd etdiyimiz kimi, geostrateji mövqeyi əlverişli, sərvətləri isə bol olduğu üçün bizim torpaqlar zaman-zaman ağır istila hücumlarına məruz qalıb. Makedoniyalı İskəndərdən tutmuş Ərəb xilafətinədək, Monqol-tatar talanlarından tutmuş Fars-Rus, erməni-Sovet (bolşevik) işğalçılarınadək üstümüzdən keçib gedənlər olub. Hər gələnin də öz qanun-qaydası, öz mədəni dəyərlər sistemi, öz səviyyəsi... Onlar vaxtaşırı camaatımıza təqdim, təlqin və tədbiq edilib.

İşğalçılıq mexanizminə görə isə aborigenlərin hərbçi, döyüşçü, sərkərdə, mühəndis, alim, filosof peşələrinə meyllənməsi qadağandır. O qurucu, dəyişdirici, düşündürücü funksiyalarda ola bilməz. O yalnız keyləşdirici, yatızdırıcı, geriləşdirici, əyləndirici sahələrdə baş girləyə bilər. Birinci halda cəhdlər cəzalandırılır, ikinci halda isə - şirnikləndirilir. Birincilərə qamçı, ikincilərə şirni yedizdirilir. Bu səbəbdəndir işğalçılar şeiri, nəğməni, çal-çağırı bizə də bol-bol veriblər, yeritdikləri “klassik irsin” mühafizə edilməsini, köhnələrimizin bərk-bərk qorunmasını tapşırıblar. Yenilik gəlməsinin, modernləşmə aparılmasının qarşısını kəsiblər.

Bədii ədəbiyyatımızda eşq-məhəbbət dastanlarının, təbiət təsvirlərinin, dağ-bağ, gül-bülbül mədhiyyəsinin bolluğu da bu üstüörtülü icazə-şirnikləndirmə konsepsiyasından irəli gəlib. Yalnız şer qoşan adamlar kimi tanıtdırılan filosoflarımızın dərisi soyulub, kainatın sirlərini öyrənən alimlərimiz zindana atılıb, mübariz kişilərimizin boğazı kəndirə keçirilib, igid sərkərdələrimiz şaqqalanıb, müdriklərimiz ac saxlanıb, düşünən beyinlərimiz məhv edilib. Və bu işlər neçə yüz illər boyunca davam etdirilib. Xalqın inkişafını ləngitmək üçün imperiya dəftərxanalarında hazırlanan bu konsepsiyalar əsasında kütləvi şüura uyuşdurucu lirik-poetik illüstrasiyalar, heyranlıqlar, qafiyəli vəsfi-hallar dolu nümunələr doldurulub. Ki, onun dinamikliyi azalsın, ixtiraçı təfəkkürdən uzaqlaşsın... Biz bu yad konsepsiyaları dövriyyədən çıxartmalıyıq.

Bəlkə də mənim fikirlərim daha çox publisistik düşüncələr kimi yozula bilər. Subyektiv mülahizələr kimi qələmə verilər. Amma fakt odur ki, bədii mədəniyyətimizə doldurulmuş (və dondurulmuş) klassik irsə məxsus “yabançılıqlara” etinasız qalmaq olmaz.

Sözsüz ki, mən həqiqətin son instansiyası iddiasında deyiləm və həqiqətin son instansiyasının çox yuxarılarda, orda, göylərdə olduğunu bilirəm. Ancaq demək istədiyim fikirin məğzi ondan ibarətdir ki, sadalanan və bundan qat-qat artıq bildiyimiz, eşitdiyimiz, işlətdiyimiz yanlış “arxaik irs” (Z.Freyd) həqiqətdə heç də bizim Atalarımıza məxsus deyil. Onlar yalnız və yalnız Atalarımızın adından (!) düşmən ocaqlarında hazırlanıb aramıza səpilən təxribat toxumlarının məhsuludur. O defektli irs bir çox nəsillərin şüurunda və davranışında tarix boyu bərkiyib iz salmış və mənəvi-mədəni qatlar yaradaraq insanların düşüncə tərzini, həyat mövqeyini müəyyənləşdirmişdir. Fəlsəfi-kulturoloji aspektdən baxanda həmin səhvlərin mentalitetimizin formalaşmasında iştirak etdiyini görməmək mümkün deyil. Bu mentalitetə həm şüuri, həm də təhtəlşüuri məqamlar, davranışlardakı emosional və rasional amillər daxildir. Məhz onlar fərdin, yaxud sosial qrupun hərəkət etmək, fikirləşmək, dünyanı müəyyən tərzdə qavramaq qaydalarının məcmusunu təşkil edir. Ruhi, mənəvi vərdişlər, inam və fikirlər toplusu olan belə totalitar və bürokratik mental şüur dəyərləri isə insanların həyat qaydalarını müəyyən edir. Psixikanın şüuraltı dərin qatlarına hopan belə mentallıq əlamətləri kollektiv psixologiya və emosional şablonlar yaradır, bir növ insanların beynində dünyanın şəklini cızıb kütləni sövq-təbii bu şəkilə uyğunlaşaraq yaşamağa təhrik edir.

Odur ki, biz nəhayət, öz şüur evimizdə səliqə-sahman yaratmağa başlamalıyıq. Müasir dövrə, müasir dövlətçilik və milli maraqlarımıza, XXI əsrin səviyyəsinə uyğun olaraq cəmiyyətdə gedən siyasi, iqtisadi, hüquqi islahatlara tən gələn özgür mədəniyyətimizdə, mental şüurumuzda adekvat təshihlər aparılmalıdır. Hədəf - dövlətin mənafeyinə, vətəndaşın qüruruna, millətin ləyaqətinə və xalqın təəsübkeşlik duyğusuna hesablanmış, sentimentlərdən azad dinamik xarakterin formalaşmasına nail olmaqdan ibarətdir.

Belə olarsa biz üstümüzə gələn yamanlıqlara adekvat cavablar verməyi də bacararıq. Tarixi təcrübə dəfələrlə sübut edib ki (allah Ziya Bünyadova rəhmət eləsin!), pisliyə adekvat cavab verməyəndə pislər bunu bizim yüksək humanizmimiz, insanpərvərliyimiz kimi yox, qorxaqlığımız və bacarıqsızlığımız kimi yozaraq ayaqlarına daha artıq yer etməyə çalışırlar.

Ancaq adekvat cavabların necə effekt verdiyini son olaylar fonunda hamı gördü.


---------------------------------

6-XI-2009




Yüklə 56,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin