Əkinlərə qulluq. Tez və bir bərabərdə çıxışlar almaq üçün quraqlıq şəraitdə səpinlə birlikdə
yaxud onun arxasınca dişli-halqalı və ya dişli-mahmızlı alətlərlə torpaq tapanlanır. Qaysaq əmələ
gəldikdə və alaq otları cücərdikdə yüngül malalarla yumşaldılma aparılır. Bu əməliyyat birinci
həqiqi yarpaqlar əmələ gəldikdə günün ikinci yarısında əkinin eninə yaxud çəpinə aparılır, belə
halda bitkidə turqor və onların zədələnmə ehtimalı azalır.
Çıxışlardan sonra malalama zamanı alaqların cücərtiləri və qarabaşağın bir hissəsi zədələnir.
Çıxışlara qədər malalamanın aparılması 9%, lakin çıxışlardan sonra 13-19% qarabaşaq əkinlərini
seyrəldir. Ona görə də seyrək əkinlərdə malalama aparılmır.
Torpağı yumşaq vəziyyətdə saxlamaq, nəmlik itkisini qorumaq və alaqlarla mübarizə üçün
gencərgəli əkinlərdə cərgəarası becərmələr aparılır. Birinci becərmə birinci-ikinci həqiqi yarpaq
fazasında 5-6 sm; bitkiyə yemləmə gübrəsinin verilməsi nəzərə alınmaqla ikinci qönçələmə
fazasında 8-10 sm; üçüncü cərgəarası becərmə zəruri hallarda cərgələr qovuşana qədər 6-7 sm
dərinlikdə həyata keçirilir. Becərmələrin sayı və onların dərinliyi tarlanın alaqlarla
zibillənməsindən, yağıntıların düşməsi və torpağın kipləşməsindən asılıdır. Nəmişlik az düşdükdə
və alaqlarla zibillənmə o qədər də çox olmadıqda cərgə aralarının becərilməsinin iki dəfə aparılması
kifayətdir. İkinci yaxud üçüncü becərmədə qarabaşaq bitkisinin dibinin yüngülvarı doldurulması
yaxşı səmərə verərək əlavə köklərin əmələ gəlməsinə şərait yaradır və məhsul artımına müsbət təsir
göstərir. Güclü alaqlanmış tarlalarda aqrotexniki tədbirlərə əlavə olaraq kimyəvi vasitələrdən
istifadə edilir. Səpindən sonra cücərtilər əmələ gəlməmişdən 2-3 gün əvvəl herbisid verilir. Quraqlıq
illərdə herbisidin ştanqlı çiləyicilərin köməyi ilə səpinqabağı kultivasiya altına verilməsi daha
səmərəlidir. Birələrin, çəmən kəpənəyinin, sovkaların kütləvi çoxaldığı illərdə əkinlər çiçəkləməyə
qədər insektisidlərlə işlənilir.
Qarabaşaqdan yüksək məhsul almaq üçün arıların köməyi ilə tozlanmanın aparılmasının
böyük əhəmiyyəti vardır. Hər hektar əkin sahəsinə çiçəkləmənin başlanğıcına qədər 2-3 arı ailəsinin
gətirilməsi zəruridir. Tozlanmanın yaxşı getməsi və qarşılıqlı tozlanmanı təmin etmək üçün arı
ailələri biri-birindən 300-500 metr məsafədə yerləşdirilir.