Məhsulun yığılması. Dən üçün becərildikdə məhsul ya bir başa, ya da ki, hissə-hissə yığılır.
Nut və soyanın dənini bir başa kombaynla yığmaq mümkündür. Göy noxud yem paxlası, lərgə və s.
bitkilərin məhsulu isə iki mərhələdə yığılır. Əvvəlcə məhsul biçilib yerə tökülür, 2-ci mərhələdə
taxılyığan kombaynın barabanları dəni kütlədən ayırmaq üçün nizamlanaraq iş başa çatdırılır.
Dənli-paxlalı bitkilərin yaşıl kütlə məqsədi üçün becərilməsi. Bu bitkilər, heyvandarlığı
zülalla zəngin olan yaşıl yemlə təmin etmək üçün də becərilir. Bunların yaşıl kütləsi həm təzə halda
heyvanlara yedizdirilir, həm də ondan senaj və ot unu hazırlanır. Respublikamızın aran və dağətəyi
zonalarında yaşıl kütlə məqsədilə əsasən çöl noxudu və gülül bitkiləri becərilir. Onlar soyuğa
davamlı olduqlarından payız səpinində qışı yaxşı keçirir və yazın ortalarında keyfiyyətli yaşıl kütlə
məhsulu əmələ gətirirlər. Yaşıl yem məqsədilə dənli-paxlalı bitkilərin yaz və kövşənlik
səpinlərindən də istifadə olunur. Son dövrlərdə soya, lərgə, yem paxlası yaşıl kütlə məqsədilə daha
çox becərilir. Qulluq işləri dənlik əkinlərində olduğu kimidir. Yığımı çiçəkləmə fazasında apardıqda
hektardan istehsal ediləcək zülalın miqdarı bitkinin məhsul vermə imkanından çox aşağı olur (30-
40%). Ona görə də yığımı aşağıdakı paxlalar saralmağa başladıqda aparmaq lazımdır.
Paxlalı bitkilərin qarışıq əkinləri. Dənli taxıl bitkilərin yaşıl yeminin tərkibində zülalın
miqdarı az olur. Belə ki, qarğıdalının yaşıl kütləsində zülalın miqdarı göy noxuddakına nisbətən 3
dəfə, səpin lərgəsinə nisbətən 3,5 dəfə az olur. Ona görə yemlərin keyfiyyətini yüksəltmək üçün
dənli taxıl bitkilərini dənli-paxlalı bitkilərlə qarışıq əkirlər. Qarışıq əkinlər üçün komponentlər
seçərkən onların böyümə və inkişaf xüsusiyyətlərini, eləcədə yetişmə müddətlərini nəzərə almaq
lazımdır. Qarışıq əkində dənli taxıl bitkilərinin yaşıl kütləsində həzm olunan zülalın miqdarı xeyli
yüksəlir. Yaşıl kütlə məhsulunun yemlilik dəyəri komponentlərin ümumi məhsulda nisbətindən də
asılıdır. Belə ki, vələmir + gülül qarışığında gülül qarışığının miqdarı 20-30%-dən 55-60%-ə
çatdıqda, yaşıl kütlənin tərkibində həzm olunan zülalın miqdarı 9%-dən 14%-ə qalxır. Yaşıl kütlə
məhsulunun tərkibində komponentlərin əlverişli nisbətdə olmasına nail olmaq üçün səpin üsulu və
səpin sxemini düzgün seçmək lazımdır.
1)
1-cərgə qarğıdalı və ya sorqo, 1 cərgə paxlalı.
2)
2-cərgə qarğıdalı və ya sorqo, 1 cərgə paxlalı.
3)
2-cərgə qarğıdalı və ya sorqo, 2 cərgə paxlalı.
Bir yuvaya 2-3 qarğıdalı, 4-5 paxla toxumu səpilir. Bəzən səpin normasını 2:1 nisbətində
götürürlər.
Dənli-paxlalı bitkilərin göy noxud, lərgə və gülülün təmiz əkinlərində gövdələr yatmış
vəziyyətdə olduğundan məhsul çətin yığılır və keyfiyyəti pisləşir. Ona görə də bu bitkilər yerə
yatmayan taxıl və yağlı bitkilərlə qarışıq becərildikdə yaxşı nəticə verir. Qarışıq əkinlərdə fotosintez
məhsulları da təmiz səpinlərdən yüksək olur. Ona görə də qarışıq əkinlərdən sahə vahidinə görə
daha çox quru maddə, həzm olunan zülal və yem vahidi alınır. Qarışıq əkinlərin yaşıl kütləsindən
keyfiyyətli silos alınır.