Qabaq-qabağA



Yüklə 2,19 Mb.
səhifə11/19
tarix14.01.2018
ölçüsü2,19 Mb.
#37732
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

Ключевые слова: религия, ашук, Ширван, пророк, теолог, гам, шаман, ислам, Аллах, жанр.
Galib Sayilov

RELIGION AND IRPHANI OPINIONS

IN THE ART OF ASHUG OF AZERBAIJAN

Summary: In the article for the first time the religious beliefs in the ashug art are learned. The mystic views in this art were learned from some aspects and the mystic views were mixed with religion by mistake. As a result of investigation religious beliefs were learned separately from mystic views. In fact religious beliefs are found out mostly in ashug creativity. These facts are striked mostly in ashug poem, legends and eposes.

Key words: religion, ashug, Shirvan, prophet, theolo­gian, gam, shaman, Islam, God, genre


Qumru ŞƏHRİYAR

AMEA Folklor İnstitutu

Magistrant

nevayi-qumru@rambler.ru
TÜRK AŞIĞI DADALOĞLU:

HƏYATI VƏ YARADICILIĞI
Özət: Dadaloğlu XVIII əsrin sonu-XIX əsrin əvvəllə­rində yaşamış türk aşıq sənətinin görkəmli nümayəndələrindən biridir. Çox gənc yaşda yaradıcılığa başlamış Dadaloğlu haq­qında türk mənbələrində ətraflı məlumata rast gəlinmir. Onun Əfşar tayfasından olduğu və qəhrəmanlıq şeirləri ilə məş­hurlaşdığı məlumdur.

Mənsub olduğu tayfa və yaşadığı zaman etibarı ilə Os­manlı daxili savaş və qarşıdurmaların iştirakçısı olduğunu dü­şünürük. Əldə olunan şeirlərinin çoxunun qəhrəmanlıq mövzu­sunda olması da buradan irəli gəlir.

Bu məqalədə türk aşığı Dadaloğlunun həyat və yara­dıcılığı, yaşadığı dövr və dövrün siyasi olayları haqqında bilgi veriləcək və bu məsələlər tədqiqata cəlb olunacaqdır.

Açar sözlər: türk, aşıq, Dadaloğlu, Əfşar, şeir, aşıq sənəti
Giriş

Bir neçə yüz il əvvəldən sazı ilə, sözü ilə nəsildən-nəsilə keçərək bugünümüzə qədər gələn aşıq ənənəsi, aşıq mədə­niyyəti mövcuddur. Bu aşıq mədəniyyətinin daşıyıcılarının yaradıcılı­ğında dövrün müharibələri, münaqişələri özünü geniş şəkildə göstərir. Pir Sultan Abdal, Qaracaoğlan, Dadaloğlu kimi aşıqlar öz dövrlərində ictimai-siyasi vəziyyətlə yaxından maraqlanmış, hətta bu siyasi çaxnaşmaların iştirakçısı da olmuşlar.

Ümumiyyətlə, hər dövrdə ölkədə baş vermiş siyasi hadi­sələr aşıq ədəbiyyatına da siraət etmişdir. Türk dünyasının məş­hur aşıqlarının yaradıcılıqlarını incələdikcə bunun daha çox şahidi oluruq.
XVIII-XIX əsrdə Osmanlı İmperiyasının ictimai-siyasi vəziyyəti

Anadolunun fəthindən sonra başlayan böyük köç Səlcuq Dövlətinin yaranmasına səbəb oldu. Bu dövlətin parçalanma­sından sonra isə bu köçdə iştirak edən əhali bəyliklər şəklində birləşdilər. Osmanlı İmperiyası zamanında da köç əhalisi “yunan bölgəsində dövlətin nüfuzunu qorumuş və dövlət ida­rəçiliyinin əsasını təşkil etmişlər” (Halaçoğlu, 2).

Osmanlı İmperiyasının əhatə etdiyi ərazilərdə yaşayan xalqların əsas hissəsini təşkil edənlərdən biri də köçəri türk tayfaları idi. Onlar yaşadıqları həyat tərzinə görə mövsümdən asılı olaraq yaylağa və qışlağa köçürdülər. Bu ərazilər bəzən bir-birlərindən çox uzaqda olur. Heyvandarlıqla məşğul olan tayfalar otlaq ərazilər tapmaq üçün çox əziyyət çəkirdilər. Bu əziyyətlər və narahatlıqlar, təbii ki, “heyvanların qidalanması ilə yanaşı, özlərinin normal həyat şəraitinin axtarışı ilə bağlıdır” (Orhunlu, 12).

Böyük köç hadisəsi Osmanlı İmperiyasında XVI əsrdən başlayan, XVII-XVIII əsrlərdə isə daha geniş vüsət alan bir hərəkat idi. Bunun səbəblərindən biri iqtisadi böhran, verginin artması, müxtəlif daxili çaxnaşmalar, üsyanlar idi. Bu köçün digər səbəbi isə “müharibə zamanı, xüsusilə cəbhə bölgəsindən ölkənin daxilinə doğru olan insan axını (mühacirət) idi (Halaçoğlu, 29-41).

Əslində, bu məskunlaşma siyasətinin məqsədi fəth edilən yerlərin türkləşməsi idi. Bu siyasət həm fəthlərin sağlam və uzunmüddətli olması, həm də fəth edilən yerlərin hərbi, siyasi və sosyal təhlükəsizliyini qorumaq məqsədi ilə həyata keçi­rilirdi.

Dövlətin köçəri tayfaların məskunlaşması ilə bağlı apar­dığı siyasət, əslində, vergilərin artması, dövlətin idarə edilmə­sində yaranan mürəkkəb vəziyyətin aradan qaldırılması sayə­sində görülən bir təşəbbüs idi.

XV əsrdə Ağqoyunlu dövlətinin yaradıcısı Qara Yülük türklərə “əsla oturaq həyata keçməyin, çünki bəylik ve haki­miyyət yörüklük və türkmənlik həyatı yaşamaqla olur” sözlə­rini tez-tez söylədiyi məlumdur. Burada yörüklük və türk­mənlik sözləri vasitəsilə köçəri həyat tərzi nəzərdə tutulmuşdur (Sümer, 21).

Bu köç, bu münaqişələr və çaxnaşmalar, təbii ki, digər türk tayfaları kimi əfşarlardan da yan keçməmişdir. Əfşarlar XI əsrdən etibarən tarix səhnəsində silinməz izlər buraxan Oğuz boyudur. F.Rəşidəddin bu tayfanı “hökmdar çıxaran Oğuz boy­larından biri” (Sümer, 260) olaraq qeyd edir. Türk adət-ənənə­sini özündə qoruyub-saxlayan əfşar tayfası Osmanlı İmpe­riyasında uzun zaman “sərhədlərin qorunması missiyasını uğur­la həyata keçirmişdir” (Kutsi, 23).

Dövlətdə baş verən ictimai-siyasi vəziyyət, təbii ki, ədə­biyyatdan da yan keçməyib. Bu dövrdə yaranmış istər yazılı, istərsə də şifahi ədəbiyyat bu və ya digər şəkildə bu hadi­sə­lərdən təsirlənmiş, zaman-zaman öz əsas mahiyyətini itirmiş­dir. Bu baxımdan şifahi xalq ədəbiyyatının aşıq yaradıcılığı qolu daha sərbəstdir. Onlarla aşıq, ozan adı sadalamaq olar ki, o, dövrün ictimai-siyasi vəziyyətinə etiraz edib və rejimi tənqid atəşinə tutub. Bu gün tədqiqata cəlb etdiyimiz aşıq Dadaloğlu da belələrindəndir.

Dadaloğlu XVIII əsrin sonu-XIX əsrin əvvəllərində yaşa­mış türk aşıq sənətinin görkəmli nümayəndələrindən biridir. Çox gənc yaşda yaradıcılığa başlamış Dadaloğlu haqqında türk mənbələrində ətraflı məlumata rast gəlinmir, lakin onun əfşar tayfasından olduğu və qəhrəmanlıq şeirləri ilə məşhurlaşdığı məlumdur.

Mənsub olduğu tayfa və yaşadığı zaman etibarı ilə Os­manlıda daxili münaqişə və qarşıdurmaların iştirakçısı olduğu bilinir. Əldə olunan şeirlərinin çoxunun qəhrəmanlıq mövzu­sunda olması da buradan irəli gəlir.
Dadaloğlunun həyatı

Dadaloğlunun doğum və ölüm tarixi ilə bağlı mənbələrdə dəqiq məlumata rast gəlinməsə də, bəzi tədqiqatçılar onun təx­minən 1785-1868 illər arasında yaşadığını bildirir. Qayserinin Tomarza əyalətində dünyaya gələn Dadaloğlu əslən əfşar tayfa­sındandır. Çoxşaxəli yaradıcılığa sahib olan Dadaloğlunun şeir­lərində onun əfşar tayfasından olması açıq-aşkar görünür. Çox gənc yaşlarında yaradıcılığa başlayan Dadaloğlu haqqında türk mənbələrində ətraflı məlumata rast gəlinmir. Yalnız o məlum­dur ki, Dadaloğlu igid, sərt, döyüşkən bir təbiətə sahib idi.

Osmanlı İmperiyasının köçəri türk tayfalarını oturaq həyata keçirmək siyasəti bir çox tayfalar arasında etiraza səbəb olmuşdur. Dadaloğlunun da şeirləri oturaq həyata keçmək istəməyən türk tayfalarının şifahi tarixi hesab oluna bilər.
Qalxdı köç eylədi əfşar elləri,

Ağır-ağır gedən ellər bizimdir.

Ərəb atı yaxın edər irağı,

Uca dağdan aşan yollar bizimdir.

Dadaloğlunun köçəri tayfalara məxsus olması onun Er­zin, Payas, Adana, Kozan əyalətlərinin, Gavurdağlarının, Bin­bo­ğanın, Aladağın, Qoçdağın, Bakırdağın, Axırdağın bir tərəf­dən ilham qaynağı, digər tərəfdən məskəni olmuşdur. Mənbələr göstərir ki, Dadaloğlu, demək olar ki, bütün Orta Anadolunu səyahət etmişdir.

Onun əsil adı Vəlidir. Aşıq Musa adlı bir aşığın oğludur. Mənbələr onun Adana, Kozan, Erzin və Payasda yaşayan əfşar­lardan olduğunu, əfşar bəylərindən Əlioğlu Dədə Bəy, Mistik Bəy və Kozanoğlu Əhməd bəyin yanında katiblik etdiyini bildirir. Əfşar tayfasının 1865-ci ildə Osmanlı dövlətinə etiraz etməsi nəticəsində bu tayfa Sivasda məskunlaşmağa məcbur edildi. Rəvayətə görə, ömrünün sonlarında Dadaloğlu Çukuro­vaya gəlir, bir müddət orada yaşadıqdan sonra dağlara çəki­lərək ölür. Həyatının bu mərhələləri onun şeirlərindən də açıq-aşkar görünür.


Dadaloğlunun yaradıcılığı

Dadaloğlunun yaşadığı dövrdə, qeyd etdiyimiz kimi, türk­mən boyları öz varlıqlarını qorumaq üçün mücadilə verir­dilər. Onların içində əfşar boyu da var idi. Əvşar boyunun apardığı mücadilə təbii olaraq Dadaloğlundan da yan keçmir. Baş vermiş hadisələr içərisində Dadaloğluna təsir edən ən mühüm məsələ Torosdakı türkmən boylarının vaxtaşırı gah öz aralarında, gah da birləşərək dövrün idarə sisteminə etiraz etmələridir.

O dövrün idarə sistemi bu problemi həll etmək üçün 1865-ci ildə Cövdət Paşa və Dərviş Paşa idarəçiliyində bir "Fıkra-i İslahiyye" cəmiyyəti qurur və münaqişə gedən bölgə­lərə göndərir. Onların vəzifəsi köçəri həyat sürən Türkmən boy­larını oturaq həyata alışdırmaq, torpağa bağlamaq və bu yolla üsyan təhlükəsini aradan qaldırmaq idi. Bu siyasət təbii ki, əfşarlara da siraət edirdi. Bununla da Dadaloğlunun igid, gur bir səslə, çoşqu ilə söylədiyi şeirlərdə yaşadığı çağın icti­mai-tarixi hadisələrinə, xüsusilə də Osmanlı İmperiyasına qarşı mübarizə aparmaq həvəsi sönür. Bu, onun şeirlərində də müşa­hidə olunur.

Dadaloğlu yaradıcılıgının ən gözəl xüsusiyyətlərindən biri onun şeir dilidir. XIX əsr xalq ozanlarının, aşıqlarının dilində, Osmanlı İmperiyası ilə bağlı bir qarışıqlıq müşahidə olunur. Dadaloğlunun dilində isə bu qarışıqlıq, ağırlıq nəzərə çarpmır. O, bütün həyatı boyu yaşadığı qarışıqlığın şeirlərinin dilinə siraət etməsinə izn verməmiş, təmiz türkcədə gözəl şeir nümunələri yaratmışdır.

Dadaloğlu qəhramanlıq şeirləri ilə Koroğlunu, təbiəti vəsf edən şeirləri ilə də Qaracaoğlanı xatırladır. Təəssüf ki, Dada­loğlunun şeirlərinin çox az bir qismi bizə gəlib çatmışdır. Ancaq bununla belə Dadaloğlu dövrünün kifayət qədər güclü ustadı olduğu əldə olan şeirlərindən bəllidir.

Dadaloğlunun yaşadığı dövrdə Osmanlının hər tərəfində aşıq birlikləri yaranmış, onların yaradıcılığının əsas hissəsini parçalanmaqda olan imperiyanın siyasəti və sosyal mövzuları təşkil etmişdir. Dadaloğlu həyatı boyu çəkdiyi əziyyətləri, apardığı mübarizəni şeirlərində belə dilə gətirir:


Əslimi sorarsan əfşar soyundan,

Ayrı düşdüm aşirətdən, bəyimdən,

Pınarbaşından da beş yüz evinən,

Çıxıb da cana qıyanlardanam.


Çəkərəm çiləni, belə olsun bu gün,

Alarammı sandın şol Kozan Dağın,

Biz bir qurd idik də Bozoklu köyün,

Ürküdüb sürüsün yeyənlərdənəm.

Dadaloğlum der də böylə olmazdım,

Gördüğüm günlərin birin görməzdim,

Qovğa qızışınca geri durmazdım,

Meydanda qardaşa qıyanlardanım.

Dadaloğlunun, nümunədən göründüyü kimi, qəhramanlıq mövzusunda yazdığı şeirlər yüksək sənətkarlıqla yazılmışdır. Şeirin dili ahəngdar və səlistdir. Dadaloğlunun bütün yaradı­cılığı çəkdiyi iztirabları dilə gətirmir. Onun yaradıcılığında təbiətin vəsfi, məhəbbət mövzusu da geniş yer tutur:
Can evimdən vurdu fələk neyləyim,

Bən ağlarım, çelik tellər inliyər.

Bən almadım, torpaq aldı qoynuna,

Yarım deyən bülbül dillər inliyər.


Doya-doya mah cəmalin görmədim,

Saçlarını çözüb-çözüb hörmədim,

Bir gecəcik səfasını sürmədim,

Sarmadığım incə bellər inliyər.


Qara olur oxçuların yoncası,

Görülməmiş bu dünyada buncası,

Açılmadan qopub düşdü qonçası,

Bahar ağlar, açan güllər inliyər.


Gedər oldum əfşar eli yoluna,

Baxmam qayrı bu diyarın gülünə,

Qaraları taxsın çapar qoluna,

Yağız atlı neçə qullar inliyər.


Görəmədim baharını, yazını,

Çalamadım curasını, sazını.

Özgə, yarım, necə çəkim nazını?

Gözlərimdən axan sellər inliyər.


Varayım da, məzarına varayım,

Başucunda əl qavuşub durayım,

Bıkdınmıydı bəndən deyib sorayım,

Məzarına gedən yollar inliyər.


Yürü birə, Dadaloğlum, yürü get,

Dərdli-dərdli Çukurova yolun tut,

Bunda suçum varsa, Haqqa tövbə et,

De ki, qayrı bizim ellər inliyər.


Dadaloğlunun yaradıcılığını təbiət, eşq, qəhramanlıq şeir­ləri olaraq üç mərhələyə ayırmaq mümkündür. Sadə, səmimi bir xalq dili ilə qoşma, türkü, cəngi, varsağı və səmavi şeirlər söy­ləyən Dadaloğlu müasirləri arasında sıx-sıx rast gəlinən divan şeirinin təsirindən bütün yaradıcılığı boyu uzaq dur­muşdur.

Dadaloğlunun mübarizə xarakterli şeirlərində köçəri Türkmən tayfalarının həyat tərzi müşahidə olunur. Köçəri tay­falara mənsub olan şairlərdə təbiətin təsviri daha güclü olur. Bu tayfalara mənsub aşıqların şeirləri, dilləri, dillərindəki məcaz­lar, gündəlik həyatda yaşanan hadisələrini dilə gətirməkdə başqa aşıqlardan fərqlənir. Köçəri tayfalara mənsub olan aşıq­ların şeirlərində təbiətin təsvirinə çox yer verilir.

Dadaloğlunun yaradıcılığına nəzər salanda onun iki his­sə­dən ibarət olduğunu görürük: 1. Münaqişə zamanı yazdığı şeirlər; 2. Münaqişədən sonrakı şeirləri.

Onun münaqişə zamanı yazdığı şeirlərindəki döyüş ruhu münaqişədən sonra yazılmış şeirlərində artıq yerini lirizmə verdi. O, yaşadığı yaylağı belə vəsf edir:

Bizim yaylamız meşəli

Dibində güllər döşəli

Altı top-top mənəkşəli

Kızlar gəlir yaylamıza


Dadaloğlunun qürbət şeirləri də diqqəti çəkir. Türk ədə­biyyatında qürbət mövzusu hər zaman diqqət mərkəzində olub. Məsələn:
Bir yiğit gürbətə getsə,

Gör başına nələr gələr?!

Və ya:
Ayrılığı ölüm ilə tartarlar

Əlli dirhəm fazla gəlir ayrılıq (Şəxsi arxiv).


Ölümdən çətin olan ayrılığı Dadaloğlu belə dilə gətirir:
Könüldən-könülə yol gedər derlər,

Onu sürməyə bir xoşca can gərək (Şəxsi arxiv).


Dadaloğlunun yaradıcılığı zəngin və çoxşaxəlidir. Amma təəssüf ki, onun şeirlərinin az bir qismi bizə gəlib çatmışdır.
Nəticə

Dadaloğlu yaradıcılğına nəzər salanda ilk başda ona qəh­raman ruhlu, döyüşkən, əzmkar şair deyə bilərik. Onu bəzən Koroğlu ilə qarşılaşdırırlar. O, köçəri tayfalar arasında ən güclü qəhramanlıq şeirləri yazan şairdi desək, yanılmarıq. Onun şeirləri insanları döyüşə, mübarizəyə səsləyir.

Yaradıcılığının ikinci mərhələsi isə Dadaloğlunun daha kövrək, daha həssas olduğunu göstərir. O, Osmanlı İmperiya­sının köçəri tayfaları oturaq həyata keçirmə siyasəti ilə öm­rünün sonuna qədər barışa bilmədi. Bu da onun yaradıcılığında daha kövrək, daha həzin bir səhifənin açılmasına səbəb oldu.

Dadaloğlu türk ədəbiyyat tarixində özünəməxsus bir iz buraxıb. Amma təəssüf ki, ədəbiyyatın məhz Dadaloğlu mərhə­ləsi hələ də araşdırılmayıb. Dadaloğlunun bu qədər diqqətdən kənarda qalması, düşünürük ki, böyük bir ədəbi cərəyanın – köçəri türk ədəbiyyatının gözardı edilməsinə gətirib çıxarır.


QAYNAQLAR

  1. Halaçoğlu Yusuf. 18. yüzyılda Osmanlı Imparotor­lu­ğu'nun Iskan Siyaseti ve Aşiretlerinin Yerleştirilmesi. Türk Ta­rih Kurumu Yayınları, Ankara, 1988

  2. Kutsi Tahir. Dadaloğlu. Toker yayınları, İstanbul, 1975

  3. Orhunlu Cengiz. Osmanlı İmparatorluğun'da Aşiretle­rin Iskanı. Eren Yayıncılık, İstanbul, 1987

  4. Özdemir Ahmet Z. Avşarlar ve Dadaloğlu. Ürün Yayınları, Ankara

  5. Sümer Faruk. Eski Türkler'de Şehircilik. Türk Dünyası Araştırmaları Vakfı Yayını, İstanbul, 1984

  6. Sümer Faruk. Oğuzlar. Ana Yayınları, İstanbul, 1980

  7. Şəxsi arxiv. Söyləyən: Gazi Universiteti, folklor böl­mə­sinin rəhbəri f.e.d. Fatma Ahsen Turan.

  8. https://www.dadaloğlu+şiirleri&oq=dadloğlu&aqs=chrome.1.69i57j0l3.6808j0j8&sourceid=chrome&espv=210&es_sm=93&ie=UTF-8


Gumru Shehriyar

Turkic ashug Dadaloglu: his life and activity

Summary: Dadaloglu is one of the well-known Turkic ashugs who lived during the end of the 17th century-the beginning of the 19th century. Though he began his activity in his youth there is no enough information about Dadaloglu in Turkic sources. But it is known that he was from Afshar family and was famous for his poems.

According to the family and time he lived one can think that he was the paticipant of the Ottoman inner fights and confrontations. The got poems also prove their heroic subject.

In the article the information about the Turkic ashug Dadaloglu’s life and activity, his living period and the political events of that period will be given and these problems will be investigated.

Key words: Turkic, ashug, Dadaloglu, Afshar, poem, ashug art
Гумру Шaхрияр

Тюркский ашыг Дадалоглу: жизнь и творчество

Резюме: Дадалоглу один из выдающихся представи­те­лей тюркской деятельности ашыгов в конце XVIII нача­ле XIX веков. Сведения об Дадалоглу, начавшего твор­чес­тво в ранней молодости в турецких источниках не очень обширны. Известно его происхождение из рода Афшаров и то, что он прославился героическими поэмами.

Их род и время проживания дают повод для пред­положения о том, что он являлся участником Османских внутриеусобных войн и конфликтов. Большинство стихов написанных на тему героизма происходят отсюда.

В этой статье даются сведения о жизни и творчестве тюркского ашига Дадалоглу и исследуются вопросы свя­занные с ним.

Ключевые слова: турецкий, ашыг, Дадалоглу, Аф­шар, поэзия, искусство, ашыги.

Leyla KƏRİMOVA

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Dissertant

leylafaiqqizi@box.az
AŞIQ SƏNƏTİ SƏMƏD VURĞUN POEZİYASININ MİLLİ KOLORİTİ KİMİ
Özət: Aşıq sənəti çox qədim və zəngin bir tarixə malik­dir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğun da bu bədii möhtəşəmlikdən yan keçməmiş, aşıq şei­rinin şəkillərinə müraciət etməklə çoxsaylı dəyərli nümunələr qələmə almışdır. Sazlı-sözlü bir diyarın yetirməsi olan Səməd Vurğun duyğu və düşüncələrin bu janrda nəzmə çəkməklə aşıq yaradıcılığını zənginləşdirən sənətkarlar sırasında yer alır. Bununla yanaşı, böyük şairimiz aşıq sənətinin yaşadılması üçün əlindən gələni əsirgəməmişdir. Yaradıcılığının ilk illə­rində bu janra xüsusi yer ayıran Səməd Vurğun daha çox qoş­ma janrına müraciət etmişdir.

Məlumdur ki, 1938-ci ildə keçirilən Azərbaycan aşıq­larının qurultayında Rəyasət Heyətinin tərkib hissəsində Səməd Vurğun da olmuşdur. Bir sıra azərbaycanlı aşıqların Yazıçılar Birliyinə üzv olması üçün çalışan şairimiz bu yolda da bir sıra mühüm addımlar atmışdır. Görkəmli aşıqlarımızla dostluq edən Səməd Vurğunun ustad aşıq Dədə Şəmşirlə dostluğu daha çox diqqəti çəkən məqamdır. Bu böyük şairlərin dostluğu onların yaradıcılığına izsiz ötüşməmiş və hər iki sənətkar qələmə aldığı bədii-poetik nümunələrlə ədəbiyyatımızı rövnəqləndirmişlər.



Açar sözlər: aşıq, sənətkar, nümunə, ustad, şair, şeir, ədəbiyyat, janr, yaradıcılıq
Aşıq yaradıcılığı Azərbaycan folklorunun, ümumilikdə Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsi olmaqla yana­şı, qədim və zəngin tarixə, ənənəyə malikdir. Minilliklər tarixi olan bu qədim yaradıcılıq zamanla daha da cilalanmış, zəngin­ləşmiş və bugünkü günümüzə gəlib çatmışdır. Zamanla Azər­baycanın görkəmli saz və söz ustadları bu müqəddəs sənət nö­vünün cilalanmasında, püxtələşməsində, eləcə də zənginləş­məsində əvəzsiz xidmət göstərmişlər. Azərbaycan xalqının saysız-hesabsız aşıq və şairləri aşıq sənətinin qorunması və yaşaması üçün əllərindən gələni əsirgəməmişlər. Zamanın sınağından müvəffəqiyyətlə çıxan aşıq yaradıcılığı xalqımızın milli tarixindən və soykökündən qidalanan bir janrdır.

Aşıq yaradıcılığının tarixinə nəzər salsaq, bu möhtəşəm janrın inkişafında xidmətləri olan çoxsaylı aşıqlarımızın adla­rını sadalamaq mümkündür. Onlar da öz növbəsində bu əvəzsiz folklor janrının inkişafı naminə mütərəqqi addımlar atmış, aşıq sənətini yaradan və yaşadanlar sırasında olmuşlar. Azərbaycan xalqının görkəmli şairi Səməd Vurğun da bu bədii möhtəşəm­likdən yan keçməmiş, aşıq şeirinin şəkillərinə müraciət etməklə çoxsaylı dəyərli nümunələr qələmə almışdır. Sazlı-sözlü bir diyarın yetirməsi olan Səməd Vurğun öz duyğu və düşüncə­lə­rini bu janrda nəzmə çəkməklə aşıq yaradıcılığını zənginləş­dirən sənətkarlar sırasında yer alır. Milli kökə bağlılıq və qə­dim ənənələrin yaşadılması Səməd Vurğun yaradıcılığı üçün əsas meyar olduğundan böyük şairimiz bu qədim ənənədən əsla vaz keçə bilməzdi. Qazax mahalında böyüyüb boya-başa çatan, sazın-sözün sehrindən bəhrələnən Səməd Vurğun üçün aşıq yaradıcılığı ilham mənbəyi olmuş və böyük şairimiz öz hiss və duyğularını bu janrda dilə gətirməkdən zövq almışdır. Onun qələmə aldığı aşıq şeiri nümunələri bu gün də xalqımız tərə­findən sevilərək oxunan bədii nümunələr sırasındadır. Azər­baycan xalqının aşıq sənətinə verdiyi dəyər barədə xalq ya­zıçımız Mirzə İbrahimov yazır: “Aşıq poeziyası və aşıq sə­nəti uzun əsrlər boyu Azərbaycanda nəinki ən güclü sənət tribunası olmuş, xalqın estetik tərbiyəsində mühüm rol oyna­mış, həm də vacib ictimai-siyasi, əxlaqi-fəlsəfi vəzifələri yerinə yetirmişdir. Orta əsrlərin mürtəce hakim ideologiyasında, tərk­dünya mistik fəlsəfi cərəyanlara, zülmü, ədalətsizliyi doğruldan dini görüş­lərə, mürtəce əxlaq normalarına estetik mübarizə cəbhəsinin qüvvətli qanadını aşıq poeziyası, aşıq sənəti təşkil etmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı lap qədim zamanlardan həqiqi aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman onları hörmətlə qarşılamışdır.” (6; 450)

Səməd Vurğun yaradıcılığına məxsus olan rəvanlıq şairin aşıq şeiri janrında qələmə aldığı bədii-poetik nümunələr üçün də xarakterikdir. Böyük şairimizin qələmə aldığı bədii örnəklər aşıq yaradıcılığının mühüm tərkib hissəsini təşkil etməsi danılmazdır. Şair aşıq şeiri şəkillərindən daha çox qoşma və gəraylı janrına müraciət etmişdir. Xüsusilə “dağlar” məfhumu­na xitab şairin bu janrda yazdığı şeirlərin əsas mündəricəsini təşkil edir. Bu baxımdan Səməd Vurğunun “Dağlar”, “Bizim dağların” qoşmaları, eləcə də “Dağlar” gəraylısı şairin poetik qələminin ən dəyərli nümunələri sırasındadır. Şair üçün dağlar əzəmət və vüqar rəmzi olmuş və yeri gəldikcə şair dağların tərənnümünə geniş yer ayırmışdır. Səməd Vurğunun məhz dağ mövzusuna müraciət etməsini prof. Paşa Əfəndiyev belə sə­ciyyələndirir: “Dağlar eyni zamanda el dərdi çəkən, el üçün vuruşan, canını fəda edən igidləri öz qoynunda gizlədib, onlara yurd-yuva, yığıncaq olub. Dağ səngərləri igidləri ölümdən xilas edib. Dağ yamacları vətən üçün bər-bəzəkdir. Oradakı əlvan güllər, çiçəklər el gözəllərinin rəmzidir. Dağ yamaclarından el gözəllərinin rayihəsi gəlir, yamaclar sevgililərin görüş yeridir. Böyük şairimiz el yaradıcılığının, aşıq poeziyasının bu qədim və gözəl ənənəsinə sadiq qalaraq, dağlara qoşmalar həsr etmiş­dir.” (5; 31) Səməd Vurğun “Bizim dağların” şeirində xüsusilə bədii tərənnümə geniş yer ayırmış və dağların əzəmətini təsvir etmişdir. Səməd Vurğun bu şeirində dağlara məxsus gözəlliyi təqdir etməklə yanaşı, təbiətin bu bənzərsiz gözəlliyini də nəz­mə çəkməyi unutmur, yenə də bədii tərənnümdən yararlanaraq, dağların bədii mənzərəsini nəzmə çəkirdi:
Ətrafı taladır, ceyran yuvası,

Ruhları məst edər sərin havası

Sizin yerdə olmaz onun səfası

Cənnətdir hər yanı bizim dağların (9; 35)


Səməd Vurğunun bu şeiri üçün xas olan qüvvətli lirika şeirin digər bəndləri üçün də xarakterikdir. Şair sanki görüb şahidi olduğu bu gözəlliyi nəzmə çəkməklə oxucuları dağların füsunkar təbiəti ilə tanış etmək istəyir. Ustad aşığımız Dədə Ələsgərdən sonra dağların qüdrətinin poetik təcəssümünü təs­vir etmək istənilən bir şair və aşıq üçün həm çətin, həm də şərəfli bir işdir. Səməd Vurğun kimi ustad şairimiz bu şərəfli missiyanın öhdəsindən ləyaqətlə gələrək, eyni adlı şeiri müx­təlif janrda qələmə almışdır. “Qüdrətdən səngərli, qalalı dağ­lar” kimi tərənnüm olunan dağları bu dəfə Səməd Vurğun özü­nəməxsus şəkildə tərənnüm etmişdir. Böyük şairimiz Səməd Vurğun bu şeirində özünəməxsus bir lirizmlə dağların gözəl­liyindən söz açır və Azərbaycanın gözəl təbiətinin tərənnü­münü bu şeir vasitəsilə dilə gətirirdi:
Bir-birindən vardır gözəl meşəsi

Səs versən, səs salar hər yana səsi

Qazanar hər kəsdən sevinc həvəsi

Çölü, biyabanı bizim dağların (9; 35)


Bu şeir Səməd Vurğun qələminin ilk yaradıcılıq məh­sul­ları sırasındadır və 1927-ci ildə qələmə alınmışdır. Sonrakı il­lərdə Səməd Vurğunun qələmə aldığı “Dağlar” gəraylısında şai­rin artıq fəlsəfi düşüncələri də özünə yer almışdı. “Dağlar” gəraylısı 1943-cü ildə yazılmışdır. Eynilə bu şeirdə də tərən­nüm və lirika əsas cəhətdir, şair hər zaman olduğu kimi, dağ­la­rın möhtəşəmliyindən söz açaraq onun gözəlliyindən zövq alırdı:
Maral gəzər asta-asta,

Enib gələr çeşmə üstə

Gözüm yolda, könlüm səsdə,

Deyin, necə dözüm, dağlar? (10; 85)


Göründüyü kimi, artıq şairin bu şeirində ənənəvi ruh hakim deyildir, tərənnümün daxilində həm də bir narahatlıq və nigarançılıq vardır. Ümumilikdə şairin gəraylı janrına müraciət etməsi barədə prof.Cəlal Abdullayevin fikirləri diqqət çəkir: “Səməd Vurğunun əsərlərində xalq ədəbiyyatının müxtəlif şəkillərindən istifadə olunduğuna təsadüf edirik. Bunlardan biri gəraylıdır. Məlum olduğu kimi gəraylılar xalq poeziyasının bayatı növündən əsaslı surətdə fərqlənirlər. Bunlar qafiyələnmə cəhətdən qoşmaya bənzəsələr də, hecalarının sayı səkkizdən artıq olmur. Gəraylılar, adətən, müəyyən obyektə müraciətlə başlanır. Gəraylı sözü haraylamaq, hay çəkmək, çağırmaq kimi mənaları ifadə edir. Biz gəraylı növünün ən mükəmməl forma­sına müxtəlif folklor abidələrində, xüsusən aşıq poeziyasında daha çox rast gəlirik. Səməd Vurğun xalq poeziyasının bu oy­naq və ritmik şəklində özünün bir sıra kiçik həcmli gözəl şeirlərini yaratmışdır.” (2; 163)

Səməd Vurğun fəlsəfi düşüncələrinin yer aldığı “Dağlar” şeirinin sonunda yazır:


Bir qonağam bu dünyada

Bir gün ömür gedər bada

Vurğunu da salar yada

Düz ilqarlı bizim dağlar (10; 85)


Səməd Vurğunun qoşma janrında yazdığı bir sıra poetik nümunələr vardır ki, burada şairin duyğu və düşüncələri, həya­ta baxışı, keçmişlə bu günün vəhdəti və s. məsələlər öz əksini tapmışdır. Bu baxımdan, şairin “Yadıma düşdü” qoşması onun ən dəyərli şeirləri sırasındadır. Burada şairin düşüncələri əks olunmaqla yanaşı, xatirələri də incə bir lirizmlə qələmə alın­mışdır. Şair bir-bir yadına düşənləri xatırlamaqla ötənlərə nəzər salır və milli ənənələri dilə gətirir. Şair bu şeirində də vətənə, xalqa bağlılığını nümayiş etdirmişdir. Səməd Vurğun yazır:
Töküldü kağıza sinəmin sözü

O ana yurdumun ocağı, közü,

Ceyranın duruşu, durnanın gözü

Kəkliyin ayağı yadıma düşdü (9; 220)


Səməd Vurğunun bu şeirində milli özünəməxsusluq ha­kim­dir. Ümumiyyətlə, Azərbaycan xalqına məxsus olan bütün nemətləri tərənnüm etmək şairin ən mühüm yaradıcılıq amalı olmuşdur. Şairin “Bənövşə”, “Gülə-gülə”, “Ceyran” şeirlərində isə onun təbiətə hədsiz vurğunluğunun şahidi olmaq müm­kündür. Burada şair Azərbaycana məxsus gözəlliyi tərənnüm etməklə yanaşı, mükəmməl bir sənət əsəri ərsəyə gətirmişdir. Şair “Bənövşə” şeirində ənənəvi “boynu büküklük” məsələsinə də toxunmuşdur. Şair yazır:

Sənsən əzəl gündən mənim sirdaşım,

Gözümdən ayrılsan, axar göz yaşım.

Gövdəmin üstündə durmayır başım,

Buranda boynunu yana, bənövşə! (9; 244)
Məlumdur ki, Səməd Vurğundan öncə aşıq Dirili Qurbani eyni adlı mövzuda şeir yazmışdı. Səməd Vurğunun da “Bə­növşə” şeiri mükəmməlliyinə görə heç də Qurbaninin şeirindən geri qalmır və hər iki şeir ədəbiyyatımız tarixində özünəməx­sus mövqe qazanmışdır.

Ümumiyyətlə, Səməd Vurğun qüdrətli bir təbiət aşiqidir. Təbiətin bütün nemətlərini əziz tutan və tərənnüm edən şair “Muğan” poemasında yazır:


Ovçu, insaf elə, keçmə bu düzdən!

O çöllər qızını ayırma bizdən

Qoyma ağrı keçə ürəyimizdən

Qıyma öz qanında boyana ceyran!

Nə gözəl yaraşır Muğana ceyran! (11; 274)
Səməd Vurğun folklor ənənələrini yaşadan insanlar sıra­sında olmuşdur. Şair Azərbaycan foklorundan bəhrələnməklə bir-birindən dəyərli nümunələr qələmə almışdır. Onun milli təəssübkeşliyini istər epik, istər lirik, istərsə də publisistik yaradıcılığına şamil etmək mümkündür. Ümumilikdə şair aşıq yaradıclığını yüksək dəyərləndirmiş və aşıq sənətinin qorunub saxlanması üçün əlindən gələni əsirgəməmişdir.

Məlumdur ki, 1938-ci ildə keçirilən Azərbaycan aşıqları­nın qurultayında Rəyasət Heyətinin tərkib hissəsində Səməd Vurğun da olmuşdur. Bir sıra azərbaycanlı aşıqların Yazıçılar Birliyinə üzv olması üçün çalışan şairimiz bu yolda da bir sıra mühüm addımlar atmışdır. Səməd Vurğunun aşıq dostları sıra­sında Mirzə Səməd, Aşıq Mirzə, Məzahir Daşqın, Aşıq Əh­məd, Aşıq Hüseyn Cavan, Dədə Şəmşir və digərlərinin adlarını çəkmək mümkündür.

Azərbaycanın sürgün olunmuş şairi Borsunlu Məzahir Daşqınla Səməd Vurğun yaxın dost olmuşlar. Dəfələrlə Məza­hir Daşqını təqiblərdən qorumaq üçün Səməd Vurğun əlindən gələni əsirgəməmişdir. Səməd Vurğunun 1938-ci ildə qələmə aldığı “Aşıq qardaşıma” şeirini məhz Məzahir Daşqına ithaf etdiyi ehtimal olunur. Səməd Vurğun bu şeirində də Azər­bay­cana məxsus gözəlliklərdən söz açır:
Bizim dünyamızda gülür gözəllik

Deyir bu mahnını bülbül və kəklik

Yazın səhər vaxtı güllük, çiçəklik

Ürək sərinlədən yellər bizdədir. (10; 7)


Səməd Vurğun Borsunlu Məzahir Daşqına bu şeiri ithaf etməsi əbəs deyildi. “Xalq düşməni”nin oğlu olduğu üçün təqib olunan Məzahir Daşqını müdafiə etmək üçün Səməd Vurğun durmadan çalışırdı. Səməd Vurğun bu yolda bir sıra mühüm addımlar atmış, şairi haqsız təqiblərin məngənəsindən müəyyən dərəcədə də olsa hifz etməyə nail olmuşdur. “Aşıq qardaşıma” şeirini məhz Məzahir Daşqına həsr etməklə böyük şairimiz sürgünə məruz qalmış aşığımızı ruhlandırmağa çalışmış, onu nikbinliyə səsləmişdir.

Səməd Vurğunun aşığa müraciətlə yazdığı digər bir şeir isə “Danışaq” şeiridir. Səməd Vurğun yazır:


Aşıq, bağrına bas sədəfli sazı,

Min cavablı bir sualdan danışaq.

Meydan quraq, söhbət açaq, saz tutaq,

Gül yanaqlı qoşa xaldan danışaq. (9; 246)


Görkəmli aşıqlarımızla dostluq edən Səməd Vurğunun ustad aşıq Dədə Şəmşirlə dostluğu daha çox diqqəti çəkən məqamdır. Bu böyük şairlərin dostluğu onların yaradıcılığına izsiz ötüşməmiş və hər iki sənətkar qələmə aldığı bədii-poetik nümunələrlə ədəbiyyatımızı rövnəqləndirmişlər. Səməd Vurğu­nun dostluq etdiyi Aşıq Şəmşir ədəbiyyatımız tarixində çox mühüm yer tutan, özünəməxsus mövqeyi olan sənətkardır. Bu böyük Azərbaycan aşıq-şairlərinin dostluğu ədəbiyyatımız üçün, folklorumuz üçün çox mühüm əhəmiyyət kəsb edir. Ağdabanlı şair Qurbanın ocağında böyüyüb boya-başa çatan bu el sənətkarının tanınmasında Səməd Vurğun da müəyyən qədər rol oynamışdır. Ustad aşıq Dədə Şəmşirin istedadın heyran olan Səməd Vurğun qısa bir zamanda bu böyük aşıqla dostluğa başlamış və hər iki sənətkar Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan şəxsiyyətlərə çevrilmişlər. Aşıq Şəmşi­rin sənətkarlıq qüdrəti barədə söz açan prof.Paşa Əfəndiyev yazır: “Aşıq Şəmşir anadan olub böyüdüyü Kəlbəcərdə məc­lislər aparmış, müdrik el ağsaqqalı olmuşdur. Onun şeirləri mətbuat, radio vasitəsilə bütün Azərbaycana çatdırılırdı. Elə buna görə də aşığın şeirlərinin bədii keyfiyyəti də artırdı. Şəm­şir yaradıcılığı ilə yaşadığı dövrün tələbləri ilə ayaqlaşmağa çalışırdı. Biz tez-tez mətbuatda onun şeirlərinə rast gəlirik, ictimai həyatımızda baş verən ən mühüm hadisələrə aşıq öz münasibətini bildirirdi.” (4; 462)

Aşıq Şəmşirin müəllifi olduğu “Xoş gəlib” qoşmasını Səməd Vurğunla görüşü münasibətilə yazdığı ehtimal edilir. Bu şeirdə Dədə Şəmşir böyük şairimizə müraciətlə yazır:


Elimin, günümün böyük şairi

Gətirib dağlara səfa, xoş gəlib!

Gözlərdik yolunu biz intizarla

Eyləyib əhdinə vəfa, xoş gəlib! (1; 17)


İstər Səməd Vurğunun, istərsə də aşıq Şəmşirin yaradıcı­lığına nəzər saldıqda hər ikisinin müxtəlif aşıq şeiri şəkillərində şeirlər qələmə aldığını görmək mümkündür. Hər iki şair öz yaradıclığında həm ictimai motivlərə toxunmuş, eləcə də müx­təlif mövzuda şeirlər qələmə almışlar.

Səməd Vurğunla Dədə Şəmşirin dostluğundan əlavə on­ların “deyişməsi” də xalq arasında çox məşhurdur. Hər iki sənətkarın yaradıcılıq istedadının ortaya qoyulduğu bu “Deyiş­mə”də bir sıra maraqlı məqamlar öz bədii əksini tapmışdır. Səməd Vurğun Aşıq Şəmşirə müraciətlə deyir:


Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub, yada sal məni. (1; 381)


Aşıq Şəmşir isə öz növbəsində Səməd Vurğuna belə cavab verir:
Qoşqarla yanaşı duran başın var,

Bizim el tanıyır uca dağ səni.

Yanır yolumuzda sənət çırağın,

Bilirik şeirdə bir mayak səni (1; 381)


Şeirin sonrakı hissələrində yenə də bu böyük şairlərin sənətkarlıq qüdrəti ortaya qoyulur və bir-birinə şeirlə cavab verməklə hazırcavablıqları öz bədii əksini tapır. Səməd Vurğun şeirin sonrakı hissələrində Dədə Şəmşirə müraciətlə yazır:
Gəlmişəm gəzməyə sizin dağları,

Baxım yaylaqlara doyunca barı.

Şairin bu yerə düşdü güzarı,

Gözəl qarşıladı xoş iqbal məni. (1; 382)


Dədə Şəmşir bu dəfə Səməd Vurğuna belə cavab verir:
Günbəgün açılır Vaqifin bağı,

Bir çox şairlərin ana torpağı

Səmədin məskəni, şerin ocağı,

Kamala yetirib o Qazax səni. (1; 382)


Ümumilikdə bu şeir hər iki ustad sənətkarın yaradıclıq istedadından xəbər verən “Deyişmə”lər sırasındadır. Aşıq ədəbiyyatına xas olan belə deyişmələrdə qarşı-qarşıya deyişən şairlərin istedadı üzə çıxır, onların yaradıcılıq potensialı aşkarlanır. Bu deyişmə də ədəbiyyatımız tarixində yaşayan və özünəməxsus mövqe qazanan dəyərli şeirlər sırasındadır.

Səməd Vurğun hər zaman Dədə Şəmşirin yaradıcılığını yüksək qiymətləndirmişdir. Dədə Şəmşirin malik olduğu zəngin yardıcılıq bu gün də öz aktuallığını qoruyub saxlayır. Sevimli xalq şairimiz Zəlimxan Yaqub Dədə Şəmşirdən bəhs edərkən onu “gözümün nuru”, “ilham mənbəyim” kimi səciy­yələndirir. Belə qüdrətli sənətkarın yaradıcılığını dəyərlən­dir­mək, qoruyub yaşatmaq isə Səməd Vurğun kimi dəyərli şəx­siyyətlər üçün müqəddəs vəzifə hesab oluna bilər. Aşıq Şəmşir də öz növbəsində Səməd Vurğunun yaradıclığını çox yüksək qiymətləndirmişdir. Səməd Vurğunun ölüm xəbərini eşidərkən keşirdiyi sarsıntını, kədəri Aşıq Şəmşir belə ifadə edir: “May ayının otuzu idi. Uşaqların evdə nəsə məndən gizli bir şey danışdıqlarını hiss etdim. Çox təkiddən sonra öyrəndim ki, artıq Səməd Vurğun qartal baxışlı gözlərini həmişəlik yum­muşdur. Mən o günlərdə “Vurğun”, “Qardaş”, “Ağlar” şeirlə­rimi yazdım... (68)

Səməd Vurğunla aşıq Şəmşirin dostluq münasibəti haq­qında aşıq Şəmşir irsinin tədqiqatçılarından olan Səbinə İsa­yeva belə yazır: “Təsadüfi deyildir ki, XX əsr Azərbaycan şeirinin inkişafında müstəsna xidməti olan S.Vurğun bütün yaradıcılığı boyu xalq şeirinin – heca poetikasının vurğunu olaraq qaldı. O, heca şeirini müasir poetik düşüncənin bütün poetik situasiyalarında sınayaraq ona yeni ömür verdi. Bu cəhətdən, Aşıq Şəmşir S.Vurğun üçün xalq poeziyasını, klassik aşıq ənənələrini təcəssüm etdirən canlı yaddaş idi.” (6; 34)

Böyük şairimiz Səməd Vurğun nəinki Dədə Şəmşirim yaradıcılığının tanınmasında, həmçinin digər aşıq-şairlərimizin yaradıcılıq amallarının üzə çıxmasında müstəsna xidmətlər göstərmişdir. Foklor ənənəsinə sadiq olan böyük şairimiz aşıq şeiri janrına müraciət etməklə yanaşı, müxtəlif əfsanə və rəva­yətlərə istinad edərək şoxsaylı poemalar da qələmə almış­dır. Onun çoxçeşidli zəngin yaradıcılığı dünyada tanınmaqla yana­şı, insanlara humanizm, vətənpərvərlik, doğma yurda bağlılıq, adət-ənənələrə sadiqlik, mübarizə əzmi, rəşadət və mətinlik hissi kimi ülvi hisslər aşılayır. Özündə Nizaminin epik-lirik üslubunu, Füzulinin lirik-romantik bədii düşüncəsini və Va­qifin lirik-realist ənənəsini ehtiva edən Səməd Vurğun poezi­yası milli kökdən qidalanan, ənənə və müasirliyi bədii vəh­dətdə inikas etdirən dəyərli bir bədii külliyyatdır. Bu gün də hər kəsin dillər əzbəri olan “Azərbaycan” şeiri xalqımız tərə­findən sevilən və bəyənilən şeirlər sırasındadır. Uşaqdan böyüyə hər kəsin əzbər bildiyi bu misralar şairin “lirik məni”ni müəyyənləşdirir, şairin Azərbaycançılıq, ümumilikdə vətənpər­vərlik sevgisini ortaya qoyur:


El bilir ki, sən mənimsən

Yurdum, yuvam, məskənimsən

Anam, doğma vətənimsən

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan! (9; 176)
Səməd Vurğun bütün dünyada tanınır və sevilir. Dünya­nın neçə-neçə yazar və şairləri bu böyük şairi yüksək dəyər­ləndirir, onun şəninə layiqli təriflər yağdırır, şairi xoş xati­rələrlə xatırlayırlar. Dağıstanlı şair Rəsul Həmzətov onu “bö­yük ustadım” adlandırmış, türk şairi Nazim Hikmət onu “poe­ziyamızın nəhəng planeti” kimi səciyyələndirmiş, moldovan şair Yemelian Bukov şairə “Səməd” poemasını həsr etmişdir. Şairin şöhrəti bununla məhdudlaşmır. Səməd Vurğunun yara­dıcılığı bütün dünyaya səs salan bir zəngin külliyyatdır. Xalq şairimiz Qabil Səməd Vurğun haqqında demişdir:
Başı qarlı uca dağdır Səməd Vurğun,

Həm bayraqdır, həm bayraqdar Səməd Vurğun

“Xalq şairi” böyük addır, bu adsız da,

Bu xalq, bu yurd, bu torpaqdır Səməd Vurğun (3;111)


Sözün həqiqi mənasında, milli dəyərlərə və parlaq bədii çalarlara söykənən Səməd Vurğunun zəngin yaradıcılıq irsi çoxəsrlik tarixi olan Azərbaycanın tarixində yüksək zirvədə qərarlaşmış bədii səltənət olmaqla yanaşı, həm də milli ideya yükünü bədii düşüncə kontekstində əks etdirən qiymətli bir sənətkarlıq salnaməsidir. Nə qədər ki, Azərbaycan xalqı var və yaşayır, bu “sənətkarlıq salnaməsi” də xalqın ədəbi və əbədi yaddaşında yaşayacaqdır!
Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin