2. “Aşıq Şenliyin Nəsiblə görüşməsi, Nəsibin ona şəyird olması”
“Aşıq Şenliyin Nəsiblə görüşməsi, Nəsibin ona şəyird olması” adlanan aşıq rəvayəti “Nəsibin Göləli İbrahimlə görüşü və onun Göləyə getməyi” rəvayətin məntiqi davamı kimi görünür. Bu rəvayət özlüyündə xeyli bitkin, mənalı və maraqlı rəvayətlərdir, üstəlik, aşığın istedadlı sənətkar, müdrik və qeyrətli vətəndaş olduğunu göstərir. Burada Aşıq Nəsibin həyatının və sənətinin növbəti səhifəsi açılır. Aşıq İskəndər Ağbabalı tərəfindən söylənərək yazıya alınmış bu rəvayətdən anlaşıldığına görə, Aşıq Şenliklə Aşıq Nəsib Güllübulaqda bir toyda qarşılaşmış, deyişmişlər. Nəsibin saz çalmasını, səsini və şeirlərini bəyənən Şenlik onu özünə şəyird götürmüş, Nəsib bir müddət onun yanında qalaraq aşıqlıq sənətinin bütün incəliklərini öyrənmiş, kamil sənətkar kimi püxtələşmişdir.
Bu görüş vaxtı Aşıq Şenlik orta yaşlarında, təcrübəli ustad aşıq, Nəsib isə gənc və təcrübəsiz imiş. Məclisdəkilərdən birinin təklifi ilə Şenlik sözü Nəsibə vermişdir. Nəsibin yanıqlı səsi, gözəl saz çalması, bədahətən qoşduğu dərin məzmunlu, kamil şeirləri Aşıq Şenliyin çox xoşuna gəlmişdir. Nəsibin acı taleyi, yetimliyi, nakam məhəbbəti, ustadı Göləli İbrahimin ölümü, özünün ortada tək qalması barədə oxuduğu qoşma həssas qəlbli Aşıq Şenliyi xüsusilə riqqətə gətirmişdir. O, Nəsibin istedadını daha dərindən öyrənmək üçün onunla deyişməyi təklif etmişdir.
Dərdin nədir, oğul bala,
Eşqin ataşı səndədi,
Aparıblar üzüyünü,
Üzüyün qaşı səndədi (4, 85).
Bu misralarla ustad onun daşa dəyən eşqinə işarə vurmuşdur. Nəsib taleyindən şikayət edərək belə cavab vermişdir:
Ürəyim yaralı qalıb,
Allahım verdiyin alıb,
Qönçə gülü əğyar çalıb,
Qisasım alınmır mənim (4, 86).
Bu deyişmədən razı qalan, Nəsibin simasında gələcəyin məşhur sənətkarını görən, onun parlaq istedadını sezən Aşıq Şenlik Nəsibi özünə şəyird götürmüş və qərarını bu şəkildə bəyan etmişdir:
Şenlik səni çox bəyəndi,
Yerindədir misra-bəndin.
Bir dünyagörənsən kəndin,
Sözlərin başı səndədi (4, 86).
Məclisin sonunda isə Aşıq Şenlik gənc Nəsibə təsəlli vermiş və ustad nəsihətini söyləmişdir:
Dərd eləmə, cavan oğlan,
Hər gələn haqqdan gələr,
Günlər ötər bircə-bircə,
Qaradan-ağdan gələr.
Qovun-qarpız bostandandı,
Meyvələr bağdan gələr.
İsti-xəfə aran yerdən,
Sərinlik dağdan gələr.
Yetimliyin ayıf deyil,
Qəlbin olsun çox geniş,
Ərin yolu yoxuş olar,
Orda çox olmaz eniş.
Yüz kərə qəmə batarsan,
Şad olarsan bir dönüş,
Sözün safı, ən lətifi
Ürəyi sağdan gələr (4, 86-87).
“Aşıx Şennih elə o günnən Nəsivi şəyirtdiyə götürdü. Məclis başa çatannan sonra Aşıx Şennih Nəsivi aparıf Çıldıra yola tüşdü” (4, 87).
Qeyd etməliyik ki, Aşıq Nəsiblə Aşıq Şenlik arasında yalnız ustad-şəyird əlaqələri olmamış onları çox dərin sevgi və mənəvi yaxınlıq birləşdirmişdir. Onlar birlikdə neçə-neçə məclislər aparmışlar. Aşıq Nəsib ustadı vəfat edənə qədər onunla sıx əlaqə saxlamış, həmişə özünü bu böyük insana borclu hesab etmişdir. Aşıq Nəsibin ustadına məhəbbəti o qədər çox imiş ki, ustadın ölümündən sonra Şenlik adı gələndə uşaq kimi kövrəlib ağlayar, sonra sazını sinəsinə basıb dərdli-dərdli oxuyarmış:
Bir vaxt bu yerlərdən keçib gedibdi,
Gəzir ağızlarda sözü Şenliyin.
Təbli adamların sinəsindədir,
Çeşməsi, bulağı, sözü Şenliyin.
Gündən güzərandan sınır ürəyim,
Ay Nəsib, ustadı anır ürəyim.
Həsrətdən od tutub yanır ürəyim,
Yaloyu, ataşı, közü Şenliyin (4, 101).
Nəticə
Aşıq rəvayətləri hər bir aşığın qeyri-rəsmi bioqrafiyasının tərkib hissəsidir. Bu rəvayətlər onun aşıqlıq fəaliyyətinin bədiiləşmiş epizodları, başına gələn əhvalatların, düşdüyü çətin və ya komik vəziyyətlərin tarixçəsi kimi maraq doğurur. Aşığın bütün səfərləri, gəzdiyi yerlər, keçirdiyi məclislər, görüşdüyü tarixi şəxsiyyətlər, deyişdiyi aşıqlar, xalq həyatına dair səhnələr və digər məlumatlar məhz aşıq rəvayətlərində öz əksini tapır.
Haqqında bəhs etdiyimiz bu iki rəvayət Aşıq Nəsibin şəyirdliyə başladığı dövrü əhatə edir, eynu zamanda bu rəvayətlər deyişməli rəvayətlərdir. Bunlardan başqa yaranmış bir çox deyişməli aşıq rəvayətləri Aşıq Nəsibin artıq yetkinləşdiyi, püxtələşdiyi, məşhur olduğu dövrün məhsuludur. Bu rəvayətlərdə Aşıq Şenlik Göləli İbrahim və Aşıq Şenliklə deyişmişdir. Sonrakı dövrlərdə o, azman sənətkar Aşıq Ələsgərlə, tanınmış saz-söz ustaları Bala Məhəmmədlə, çıldırlı Aşıq Veysi ilə deyişmiş, Çorlu Məhəmmədlə və Aşıq Sultanəli ilə qarşılıqlı saz çalıb oxumuş, milliyyətcə erməni olan aşıqlardan Usta Tatosla və Tacir Söyünlə yarışmışdır.
Yekun olaraq demək olar ki, Aşıq Nəsiblə bağlı aşıq rəvayətləri tamamilə tarixidir və onun yaradıcılığının müxtəlif cəhətlərini, bioqrafiyasının bəzi səhifələrini, xarakterinin bəzi cizgilərini açmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Rəvayətlər Aşıq Nəsibin sənət portretini bütövləşdirir, tamamlayır.
QAYNAQLAR:
-
Ağbaba A. Aşıq Nəsibin sənət dünyası. Bakı: Elm, 2008, 96 s.
-
Aslan F. Kars Yöresi Aşıklık Geleneğinin Usta-Çırak Geleneği Bakımından Değerlendirilmesi // Türk Dili ve Edebiyatı Dergisi, İstanbul: 2007, sayı XXXVI, s. 41-78.
-
Aşıq İskəndər Ağbabalı. Ayırdılar Ağbabadan. Bakı: Ozan, 1998, 184 s.
-
Aşıq Nəsib. Toplayıb tərtib edənlər: H.İsmayılov, T.Səmimi. Bakı: Səda, 2004, 200 s.
-
Aşıq rəvayətləri. Toplayanı və tərtib edəni R.Rüstəmzadə. Bakı: Gənclik, 1988, 156 s.
-
Ədəbiyyatşünaslıq terminləri lüğəti. Tərtib edəni: Ə.Mirəhmədov. Bakı: Maarif, 1978, 200 s.
-
Ələsgər İ. Ələsgər ocağı ilə bağlı yaradılmış dastan-rəvayətlər haqqında. Bakı: Nurlan, 2007, 188 s.
-
İsmayılov H. Göyçə dastanları: türk epik sistemində dastan informasiyasının fasiləsizliyi / Göyçə dastanları və aşıq rəvayətləri. Toplayanı, tərtib edəni, ön sözün, qeyd və izahların müəllifi H.Ismayılov. Bakı: Səda, 2001, s. 3-82.
-
Kaya D. Edebiyatımızda Aşık Kolları ve Şenlik Kolu / Aşık Şenlik Sempozyumu Bildirileri. 22-23 Mayıs 1997. Ankara: 2000, s. 143-154.
Naile Asker
HISTORICAL REALITY IN ASHUG LEGENDS
(On the basis of Ashug Nasib apprenticeship years legends)
Summary: Ashug Nasib was one of the outstanding figures of Aghbaba-Childir ashug environment. We get bibliographic information from established legends about him. According to our research we can say that, the legends have arisen about Ashug Nasib stands to historical bases. There are about thirty legends about ashug Nasib: “The meeting of Nasib with Goleli Abraham and his visit to Gole”, “The meeting of Ashug Shenlik with Nasib, Nasib's being a student to him”, “The meeting of ashug Nasib with ashug Alesger”, “The visit of Childirli Ashug Veysi to Gullubulaq”, “ The meeting of ashug Nasib with Bala Mohammed”, “ The meeting of ashug Nasib with merchant Soyun”, “ The visit of Ashug Nasib to Gulanis. These legends highlight the different stages of life and creativity of ashug.
The legends associated with the period of apprenticeship years of ashug Nasib will be investigated, historical reality of the legends will be advanced in our article.
Key words: Ashug literature, ashug environment, Ashug Nasib, student, master, legend, historicity
Наиля Аскер
ИСТОРИЧЕСКАЯ РЕАЛЬНОСТЬ В АШЫГСКОЙ ЛЕГЕНДАХ
(Легенды на основе ученичеством лет ашуг Насиба )
Резюме: Ашыг Насиб был одним из выдающихся деятелей Aгбaбa-Чылдыр ашыгской среды. Мы получаем библиографической информации ои установленных легенд о нем. По наших исследованиях можно сказать, что, эти легенды созданные об ашуг Насибу основаны на исторических данных базу. Есть около тридцати легенд об ашыг Насибе: “Встреча Насиба с Гoлели Авраама и его поездка к Голе”, “Встреча ашуг Шенлик с Насибой, Насиб был его учеником”, “Встреча ашыг Насиба с ашуг Алескер”, “Поездка Чылдырлы Ашыг Вейси в Гуллубулаг”, “Встреча ашуг Насиба с Бала Мухаммедой”, “Встреча ашыг Насиба с купцам Сойун”, “Визит ашыг Насиба в Гуланис”. Эти легенды осветили жизнь и творчество ашыга в разных этипах.
Ключевые слова: ашыгская литература, ашыгская окружающая среда, Ашыг Насиб, ученик, мастер, легенда, историчности
Nigar HƏSƏNOVA
AMEA Folklor İnstitutu
Filologiya üzrə fəlsəfə doktoru nigar.qasanova.80@mail.ru
AŞIQ ŞƏMŞİR ŞEİRLƏRİNİN DİLİ VƏ ÜSLUBU
Özət: Məqalə XX əsrin ustad sənətkarlarından olan Aşıq Şəmşirin şeir dilinin leksik və frazeoloji xüsusiyyətlərinin araşdırılmasına həsr edilmişdir. Aşıq Şəmşir şeirlərinin dilinin leksik-semantik xüsusiyyətləri haqqında tam təəssürat yaratmaq üçün müşahidə etdiyimiz dil vahidlərinin təsnifi verilmiş, sənətkarın şeir dilində leksik-semantik kateqoriyaların yeni üslubi çalarda təqdim edildiyi xüsusi vurğulanmışdır.
Bəlli olduğu kimi, frazeologiyanın əsasını xalqın yaratdığı obrazlı ifadələr təşkil edir. Bu baxımdan aşığın şeirlərində birbaşa məzmunla ahəngdarlıq təşkil edən frazeoloji vahidlərin araşdırılmasına diqqət yetirilmiş, həmçinin aşığın mətləbə uyğun şəkildə istifadə etdiyi atalar sözləri tədqiqata cəlb edilmişdir.
Araşdırma zamanı şeirlərdə istifadə edilmiş məcazlar sistemi seçilmiş nümunələr əsasında diqqətə çatdırılır. Qeyd olunur ki, Aşıq Şəmşirin şeirlərinin dili dərin obrazlılığı, bədii təsvir və ifadə vasitələrinin zənginliyi, emosional keyfiyyətləri ilə fərqlənir.
Açar sözlər: Aşıq Şəmşir, dil, frazeoloji ifadə, şeir, təsvir, məcaz, xitab
XX əsrin ustad sənətkarlarından biri, Göyçə-Kəlbəcər aşıq mühitinin nümayəndəsi olan Aşıq Şəmşirin poetik irsinin araşdırılması Azərbaycan folklorşünaslığı qarşısında dayanan problemlərdəndir. Aşıq şeiri ənənələrini yaradıcılığında yaşadan, inkişaf etdirən ustad aşığın özünəməxsus dil və üslub xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər Aşıq Şəmşir dilinin leksik-semantik aspektdən tədqiqata cəlb olunmasına əsas verir.
Z.Məmmədov klassik aşıq poeziyası dilinin araşdırılmasının zəruriliyinin səbəblərini göstərərkən yazır: “Aşıq poeziyasının dil-üslub xüsusiyyətlərinin öyrənilməsi bütövlükdə aşıq sənətinin tədqiqi işinin tərkib hissəsi kimi mühüm bir funksiya yerinə yetirir. Yəni bu tədqiqatlar ilk növbədə aşıq sənətinin daha dolğun öyrənilməsi üçün lazımdır”(6, 3).
Aşıq Qurbaninin poetik irsinin araşdırıcısı Q.Kazımov doğru olaraq qeyd edir: “Milli ədəbi dilimizin inkişaf yolunun tədqiqi prosesində biz daim başqa bir yanlış yolu rəhbər tutmuşuq – el sənətini, el ədəbiyyatını, xalqın öz dilində danışan, ədəbi dilin əsl səviyyəsini, təbii mənzərəsini əks etdirən ədəbiyyatı dördüncü, beşinci plana keçirmiş, savadlı təbəqə üçün, bəlkə də, qəsdən ağır və zəhmli dildə, arxaik formaları qoruya-qoruya yazan klassik sənət ustalarının dilini ədəbi dilin inkişafı üçün əsas meyar kimi götürmüşük”(5, 125). Bu fikirlər mövzunun daha həssaslıqla elmi təhlilə cəlb edilməsini tələb edir. Aşıq Şəmşirin leksikası göstərir ki, bir sıra sözlər yeni semantika ilə təqdim edilir.
Aşıq Şəmşirin şeirlərində Azərbaycan dilinin leksik imkanları öz əksini tapmışdır. “Bilməz” şeirindəki misralara nəzər salaq:
İstəkli olana şirinzəbanam,
Şəmşirin dilinə dil çata bilməz (1, 76).
Bu nümunədə metonimiya aydın nəzərə çarpır. Şəmşirin dili Azərbaycan dilidir. Bu dilin qüdrətinə, əzəmətinə dil çata bilməz. Sözə dəyər verən, sözü yüksək qiymətləndirən, sözdən istifadə edərkən xüsusi məharət göstərən aşıq sözü qızıla bənzədir:
Söz qızıldı qədirbilən insana,
Xilaf desən yaxşı dosta, yaraşmaz.
Və yaxud:
Hədər söz insanı doğrayar, kəsər,
Hər nə söhbətin var, elə müxtəsər (1, 173).
Və yaxud:
Ayrı salmaq bu fələkdən peşədir,
İnan, söz qanana söz əndişədir (1, 189).
Ana dilimizin leksik imkanlarından məharətlə istifadə edən sənətkarın şeirlərindən qruplaşdıraraq qeydə aldığımız dil faktlarını bölgü üzrə təqdim edirik:
Şivə sözləri. Bəlli olduğu kimi, aşıqlar canlı danışıq dilinin, onun şivələrinin daşıyıcılarıdır. Bu baxımdan Aşıq Şəmşir poeziyasının dilində də xeyli sayda dialektizmlər müşahidə edilir ki, həmin sözlər şivələrimizdə bu gün də işlənməkdədir. Qeydə aldığımız fonetik dialektizmlərin işlənməsini şeirdə qafiyə, bölgü və digər qanunlarına əməl olunması ilə, leksik dialektizmlərdən istifadənin səbəblərini isə aşığın leksik təkrarlardan qaçması ilə izah etmək olar. Müşahidə edilən fonetik dialektizmlərin bir hissəsi ədəbi dil sözlərinin şivə tələffüzünə uyğunlaşdırılması yolu ilə yaradılmış, bununla da canlı danışıq üslubu saxlanılmışdır. Aşıq Şəmşirin şeirlərindəki leksik vahidlər əksərən xalq danışıq dilində işlənən sözlərdir.
Çuğullar qəlbini bulandıranda
Sözün qabaqkına cod olar onda (1, 102).
Burada işlədilən çuğul sözü bir sıra şivələrdə (Ağcabədi, Şuşa, Tərtər və s.) olduğu kimi, “ xəbərçi, araqarışdıran” anlamındadır (1, 111). Tovuz şivələrində və Şəki dialektində çuğul “divarın düzlüyünü yoxlamaq üçün alət” anlamında işlənir.
Səni görən aşiq ağlar, kiriməz,
Gözlərinin yaşı çay ola, bəlkə (1, 109).
Kiriməh feili Azərbaycan dilinin bir sıra şivələrində “susmaq, sakit olmaq”, Şəki şivəsində isə “kəsmək, dayanmaq” mənasında müşahidə edilir (1, 282).
Qarğa qanadlanmaz tərlan içində,
İgid köməşiməz düşman içində (1, 178).
Bu söz şivələrdə “həvəsdən salmaq, soyutmaq” mənasında işlənilir (2, 287).
Ürək deyir: bax gözələ,
Dizimdə gir yoxdu axı (1, 352).
Gir sözü Bakı, Quba, Ağdam, Kürdəmir şivələrində “güc, qüvvə” mənalarında qeydə alınmışdır(2, 199).
Aşığın şeirlərində danışıq dilinin təsiri aydın duyulur:
Ay beyilqar, yolmu verdin başından (1, 44), Nolar yuxarı tut barı boynunu (1, 79), Bəlkə, qəlbi məhəbbətdən nəzilə (1, 88), Eyləmə axırda biurvat məni(1, 115), Keşkə gəlib söhbət aça cavanlıq (1, 236).
Etnoqrafik leksika. Aşıq Şəmşir poeziyasında yerində işlədilən məişət sözləri çox zaman sinonimik cərgədə təqdim edilir:
İştahım kəsilib nazı-nemətdən,
Kababdan, dolmadan, plovdan, ətdən (1, 244).
Ölməsən, bəsindi tapanda umac (1, 244).
Nərgiz kalağaylı, lalə gərdəkli,
Al bəzəkli təzə gəlindi dağlar (1, 106).
Leksik onomastika. Aşıq Şəmşirin şeirlərində qeydə aldığımız onomastik vahidlər arasında daha çox diqqətimizi çəkən toponimlər oldu. Doğrudur, aşığın şeirlərində antroponimlər, oykonimlər, hidronimlər də xeyli saydadır. Lakin aşığın dağlara, dərələrə, düzlərə vurğunluğunun göstəricisidir ki, oronimlərdən bolluca istifadə etmişdir. Çünki “coğrafi adlar vətən adıdır, torpaq adıdır. İnsan öz adını ömrü boyu gəzdirdiyi kimi, torpağa verilmiş coğrafi adları da özü ilə yaşadır” ( 3, 191). Odur ki, xalq həyatını öz şeirlərində tərənnüm edən el aşığının bu adları yaşatması təbiidir. Vətənini sevən aşıq yer-yurd adlarından ustalıqla istifadə edir:
Taxtadüz haçandır göz dikib yola,
İstisu üstündə qonaqlar səni (1, 46).
Anam İstisudur, atam Dəlidağ,
Murov, Lülpar,Qonur, Qoşqar oğluyam (1, 51).
Yenə at çapaydım Çöplü dağında,
Düz yurd lalasını bir də görəydim (1, 104).
Gəlsən görüşünə Keyvir bulağın,
Öpüşsən, soyuqdan donar dodağın (1, 122).
Qeyd edək ki, keyvir sözü Qazax, Çənbərək şivələrində də “soyuq, sərin” mənalarında izlənilir (2, 271). Bu misralarda adları çəkilən yer-yurd adları Aşıq Şəmşir poeziyasina yerli kolorit çaları gətirir, emosionallığı artırır.
Arxaizmlər. Aşıq Şəmşirin şeirlərində qeydə aldığımız bəzi leksik vahidlər vardır ki, bu gün dilimizin aktiv lüğət fondundan çıxmışdır.
Onsuz ağlayıram hey için-için,
Əfsus ki, olmayır yuxularım çin (1, 145).
Satılıb bazarda alım, qumaşım (1, 88).
Sarıdağ, Dovudlu, Qurğan yalını,
Həmzə çəməninin yaşıl-alını,
Soruşub qohumun, dostun halını,
Eli, obasını bir də görəydim (1, 104).
Qeyd edək ki, al sözü bir çox aşıqların şeirlərində də yaşıl sözü ilə birlikdə işlədilir :
Al-yaşıl geyinib qarşıda durma,
Yayın bədnəzərdən, göz dəyər sənə (Qurbani).
Termin səciyyəli sözlər. Bu cür sözlər müəyyən bir dövrü əks etdirir.
Xam torpağı yarıb çörək bitirən,
Kotanın ağzında əkər olaydım (1, 141).
Həvva şal toxudu, Adəm cüt əkdi (1, 159).
Əkinçi atama mən oldum hodaq (1, 155).
Frazeologizmlər. Aşığın istifadə etdiyi frazeologizmlər ustalıqla işlənərək dinləyəni heyrətləndirir:
Çəkilib sinəmə dəmir şiş dağı (1, 71); Dələrsən bağrımı şan-şan elərsən (1, 78); Yazısız dastanlar gələmməz kara (1, 157); Yaranmış məxluqa içirdirmiş qan (1, 175); Söz batmaz beyninə hər ağlı azın (1, 181).
Frazeoloji çoxmənalılıq:
Onu görən keçər külli varından,
Əl götürər bağçasından, barından ( 1, 58).
Hara getsən, əl çəkmərəm izindən (1, 246).
Frazeoloji sinonimlik:
Qəlbim qana döndü, dönüb baxanda (1, 43); Qəlbim zədələnir belə kədərdən (1, 42).
Atalar sözlərindən istifadə. Aşıq Şəmşirin yaradıcılığında atalar sözü və zərb məsəllərə tez-tez rast gəlinir. Aşığın poetik irsinin araşdırıcısı S.İsayeva dil sənətkarlığından bəhs edərkən bu barədə geniş elmi təhlil aparmışdır (4, 226-230). Biz burada təhlilə cəlb edilməyən bir neçə nümunə qeyd etdik:
“Mərd ata – mərd oğul” – el misalıdı (1, 52); Pay ver, pay alarsan – atalar deyib(1, 89); Bir məsəldir elə oddan kül törər (1, 95); İgid sonu gözlər, köhlən qabağı (1, 116).
Bəzi atalar sözləri yeni çalarda, yeni formada təqdim olunur:
Ürkək atın, səy arvadın əlindən
Kişinin başına daş düşər, düşər (1, 178).
Qarğa vətənində tülək tərlandı,
İgid qürbət eldə bel bükər, ağlar (1, 189).
Məcazlar. Aşığın yüksək sənətkarlığı məcazlardan istifadə edərkən özünü bir daha təsdiq edir:
Necə cavab verim, səni soruşur,
Suala çağırır lalalar məni.
Deyir, hayandadı şeirin ustadı? –
Dindirir al-əlvan talalar məni (1, 42).
Soruşmaq, dinləmək insana xas olan xüsusiyyətdir, lakin burada lalələrin, talaların üzərinə köçürülərək obrazlılıq yaradılmışdır.
Bədii təyin:
Cəvahir kəlməli, nitqi mirvari (1, 33);
Ey mina gərdənli, boyu tamaşa (1, 88).
Metafora:
Tərlan şivən edir kəklikli dağda,
Lalə qan ağlayır bu qəmli çağda (1, 40).
Zəhmət qüdrətidi bizdə səs-hənir,
İşgüzar əllərdən dağlar səksənir (1, 52).
Buludlar kişnədi, yer silkələndi,
Suların aynası çiliklənmişdi (1, 67).
Yaz olanda bizim uca dağlarda,
Öpüşür gül, çiçək, lala, bənövşə,
Maralların, cüyürlərin gözündən
Utanıb qısılır kola, bənövşə (1, 79).
Buludlar karvanı dağdan aşanda,
Sellər köpüklənib qucaqlaşanda (1, 237).
Metonimiya:
Nizami yurdunun yadigarısan,
Minnətdarıq sənətkara, bir də gəl! (1, 37)
İstiarə:
Bələnəydim ağ sinənin tərinə,
Bənövşə şehlərə bələnən kimi (1,54).
Alışıb oduna pərvanə kimi,
Kabab olum, köz başına dolanım (1, 64).
Kalağay təhəri, cuna misalı,
Çən yatıb çölləri gərdəkləmişdi (1, 67).
Ellər aşiqiyəm, gəzdim mahalı,
Mərifəttək dür görmədim bahalı ( 1, 171).
Bədii ifadə vasitələri – inversiya:
Hər işi tez başa insanlar düşər (1, 90).
Mübaliğə. Aşıq Şəmşir “fikrin, ideyanın daha qüvvətli və təsirli alınması üçün mübaliğədən istifadə etmiş və bu zaman mübaliğənin (bədii şişirtmənin) sərhədlərini ustalıqla gözləyərək bədii ideyanın daha dolğun təcəssümünə, bədii reallığın yüksək estetizminə nail olmuşdur” (4, 220).
O şeir dəryası daşdı-qaynadı,
Görüşünə minbir adası gəldi (1, 35).
Dostun bir görüşü dəyər min aya,
Xoş keçən bir günə il çata bilməz (1, 76).
Söz və ifadə yaradıcılığı. Morfoloji yolla yaradılan bir sıra nümunələrə təsadüf edilir:
Baxın, heyran qalır, təbəssümlənir
Ay da, Gün də mayağına vətənin (1, 52).
Güləş gözlə tale mənə baxan gün,
Şəmşir öz baxtını ətəkləmişdi (1, 68).
Cismi-canı mənə verən kimsənə
Əlimdən əlacım almamış hələ (1, 73).
Sinonim cərgələr . Bəzən aşıq poeziyasının dilində eyni anlayışı ifadə etmək üçün bir-biri ilə sinonim olan müxtəlif leksik vahidlərə rast gəlinir. Aşıq Şəmşirin şeirlərində də sinonim cərgələrdən geniş istifadə edilmişdir:
Bu dünyanın malı, varı, dövləti,
Məni bu odlara salana qurban (1, 81).
O işvəli ceyran, o nəcib pəri,
Şəmşiri eylədi dəli, sərsəri (1, 86).
Firavan keçsə də hələ həyatın,
Vaxt gələr, kəsilər kəndirin, çatın (1, 105).
Antonimlər. Aşıq Şəmşirin poeziya dilində sinonim sözlərin qoşa işlənməsinə təsadüf edildiyi kimi antonimlərin də qoşa işləndiyi məqamlar da çoxdur. Nümunələrə diqqət edək:
Sinəsində enər-qalxar avazlar,
Zil şöhrəti, bəm şirini dağların (1, 36).
Dirilmək çətindi, ölməyə nə var?! (1, 41); Ağlamaq acıdı, gülməyə nə var?! (1, 41); Şəmşiri salmısan dağa, arana (1, 81); Mən dedim: qaradı, sən dedin: çaldı (1, 53); Xəsislikdi sonrası da, ilki də (1, 151); Dünən ucaldırsan, bu gün yıxırsan (1, 217).
İzafət tərkibləri:
Dadıma sən yetiş, ey bari-xuda (1, 117); Tutub saxlasaydı bu çərxi-dövran, Qoymazdım əlimdən qaça cavanlıq (2, 236); O külli-aləmi tək dolandıran, Növraqi-zəminə pak nizam quran (1, 229).
Xitablar:
Dolan gəl, a canlar alan (1, 55); Təbiblər təbibi, amandı tez gəl (1, 210); Biz çəkə bilmirik, ay ağa, neynim?! (1, 228).
Aşıq Şəmşir poeziyasının hərtərəfli elmi tədqiqata cəlb olunması üçün dil və üslub baxımından da araşdırılması böyük əhəmiyyət daşıyır.
QAYNAQLAR:
1. Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı, “Sabah”, 2004.
2. Azərbaycan dialektoloji sözlüyü. I cild, Ankara, 1999.
3. Xalıqov F. Azərbaycan onomalogiyası (folklor əsasında). Bakı, “Müəllim”, 2009.
4. İsayeva S. Aşıq Şəmşirin poetikası. Bakı, “Elm və təhsil” , 2012.
5. Kazımov Q. Qurbani və poetikası. Bakı,1996.
6. Məmmədov Z. Klassik aşıq poeziyasının leksik-semantik xüsusiyyətləri. Bakı, “Avropa”, 2006.
Nigar Hasanova
THE LANGUAGE AND STYLE OF ASHUG SHAMSHIR’S POEMS
Summary: The article dedicates to the investigation of lexical and phraseological characters of Ashug Shamshir’s poem language who was the one of the masters of the 20th century. In order to create the whole impression about the lexical-semantic characters of the poem language of Ashug Shamshir the classification of the language units is given which have been observed, the representation of the new style shade in lexical-semantic catagories of the poem language of the master is especially mentioned.
As it is known the base of the phraseology consists of the characteric combination created by the folk. That is why the investigation of the phraseolgical units in ashug’s poems which form the harmony with the content and the proverbs used by the ashug according to the essense are studied.
During the investigation the figurative expression system used in the poems are brought to the notice on the base of the choosen examples. It is also noted that the language of the poems by Ashug Shamshir differ due to its deep figurativeness, the richness of grapic description and expression means, emotional characters.
Dostları ilə paylaş: |