Göyçə aşıq mühitinin formalaşması (XVI-XVII əsrlər)
1524-cü ildə böyük Səfəvi hökmdarı Şah İsmayılın vəfatından sonra milli özünəməxsusluqdan, türk sufizminə məxsus ideyalardan tədricən uzaqlaşma meyilləri güclənirdi. “Aşıq sənətinin təkamül dövrü Səfəvi hakimiyyətinin Şah İsmayıl dövründəki ideyalardan – milli özünəməxsusluqdan, türk xalq sufizminə məxsus ideyalardan tədricən uzaqlaşması, başqa sözlə milli və dini ideoloji zəminin getdikcə tənəzzülə uğraması prosesi ilə şərtlənir. (4,7)
Göyçə aşıq mühitinin inkişafında el şairləri saz aşıqları qədər mühüm rola malik olmuşlar. El şairləri Göyçə aşıq mühitinin poetik ənənəsinin yaradılmasında görkəmli rola malik idilər. Bu mühitdə aşıqlar öz sənət dərəcələrinə bölündüyü, ustadlıq zirvəsinə qalxa bildikləri kimi, el şairlərinin də özünəməxsus yaradıcılıq dərəcələri olmuşdur. Göyçədə xalq poeziyasının yaradılması sahəsində özünü bir ustad kimi təsdiq edən bir çox sənətkarlar Haqq aşiqləri adını almışlar. Haqq aşiqliyi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir. Haqq aşiqliyinin mərhələləri Hüseyin İsmayılova görə belə olmuşdur.
Haqq aşiqliyinin mərhələləri:
|
Mərhələləri
|
Dövrü
|
|
1. Təkkə mərhələsi
|
XIII-XVI əsrlər
|
|
2. Saray mərhələsi
|
XVI-XVII əsrlər
|
Aşıqlıq dövrünün mərhələləri isə belə olmuşdur:
Aşıq subyektinin xarakteri
|
Dövrü
|
1. Haqq aşıqlığı (aşiqlik)
|
XIII-XVII əsrlər
|
2. Sənətçi aşıqlıq
|
XVII-XX əsrlər
|
(6, 94)
XVII-XVIII əsrdə qızılbaşlıq ideologiyasının daşıyıcıları olan sufi-aşiqlərin cəmiyyətdəki mövqeyi də sarsılır. Saray qapılarının üzünə açıq olduğu dövrdə aşıq musiqisi özünün görünməz intibah mərhələsini yaşamışdır. Divan ədəbiyyatının təsiri ilə sufi-aşıq yaradıcılığına bir sıra janrlar əlavə olunmuşdur. Yeni dastan növlərinin yaranması məhz bu dövrün məhsuludur. Vaxtı ilə saraya dəvət olunmuş, dövlətin ideoloji-mədəni işlərində iştirak etmiş, dövlət tərəfindən himayə olunmuş haqq aşiqlərinin əyalətlərə, tərəkəmə-elat mühitlərinə yenidən, bir qədər də keyfiyyət dəyişmələrinə məruz qalaraq daxil olması başlanır. Onlar sufi ayinlərində qazandıqları zəngin ilahi musiqi və şairlik təcrübəsi ilə sənətçi kimi fəaliyyət göstərməyə başlayır və sözü, sazı ilə sənət meydanını fəth edirlər. “I Şah Abbasın islahatları nəticəsində dövlət aparatında əksəriyyəti farsdilli ünsürlərdən ibarət olan bürokratların rolu gücləndi. Paytaxtın İsfahana köçürülməsi (1597-1598) və İranın daxili vilayətlərinin iqtisadi və siyasi cəhətdən əhəmiyyətinin artması Səfəvilər dövlətinin tədricən İran dövlətinə çevrilməsinə səbəb oldu.”(7, 405).
Aşiq sənətində “Səfəvi hakimiyyətindən sonrakı dövr XVIII əsrin II yarısından günümüzə qədərki ... mərhələdə estetik-əyləndirmə funksiyası aparıcı mövqedədir.”(8, 16) Göyçə aşıq mühitinin misilsiz nümayəndələri olan Dərdli Nəsib, Qul Mahmud, Simpirli Sevgili, Ağ Aşıqın yaradıcılığı həmin mərhələnin nümayəndələridir. Miskin Abdalın törəmələri isə sonralar iki tayfaya – “Şadmanlı” və “Ocaqlı” tayfalarına bölünmüşdür.
XIX əsr Göyçə aşıq mühiti Azərbaycan aşıq poeziyasına Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Alçalı Məhərrəm, Aşıq Musa kimi məşhur sənətkarlar, Şişqayalı Şair Aydın, Şair Əziz, Hacı Əliş Ağa, Mirzə Bəylər, Şair Kazım, Usta Abdulla və başqaları kimi qüdrətli el şairləri bəxş etmişdir. Söz-saz sənətində öz sözünü demiş çox görkəmli el şairlərindən biri də dərdli Nəsibdir.
Dərdli Nəsibin Göyçənin Ozanlar kəndində, təxminən 1670-cı illərdə anadan olmuşdur. Ozanlar kəndində mədrəsədə təhsil almış Dərdli Nəsibin əsərləri ilə tanış olduqca onun XVII yüzilliyin böyük sufi mürşidi olduğu qənaətinə gəlinir. Dərdli Nəsib təxəllüsü də bir təriqət yolçusunun sufi təbindən gəlir. Onun dövrümüzə qədər gəlib çatmış gəraylılarından:–“Geriyə”, Haqq-divanı”, qoşmalarından isə: – “Çatıf, çatmayıf”, “Obası çiçəkli, eli Göyçədi”–ni misal göstərmək olar.
Şimpirli Sevgili XVII yüzilliyin ortalarında Göyçənin qədim Şimpir elində (Babacan kəndi yaxınlığında, xarabalıqları indidə durur) doğulmuşdur. XVII əsrin ortalarından başlayaraq aşıq yaradıcılığında, aşıq sənətkar statusuna...(4, 216) keçidin başlanğıcı müşahidə olunur. XVIII əsrin ortalarına doğru pir, övliya dərəcəsinə qədər əvvəllər yüksəlmiş sufi aşiqlərin mistik-ideoloji funksiyası estetik-əyləndirmə funksiyasına keçərək sənətçi aşıqlar səviyyəsinə enir. Bu dövr aşıq yaradıcılığının: sənətçilik mərhələsi kimi səciyyələndirilir.
Durna gedər olsa Turan elinə
Söylə, yara bir salamım var mənim.
Həsrət qaldım onun şirin dilinə,
Söylə, yara bir salamım var mənim.
Şeirlərinin əksəriyyətini sevgilisi Qul Mahmuda ünvanlamış Şimpirli Sevgili, XVII əsrdə yaşamış bir qadın üçün öz hisslərini nə qədər açıq ifadə etməsinin şahidi oluruq.
Göyçə aşıq mühitində öz yeri, öz məqamı olmuş Şimpirli Sevgilinin bizim zamanımıza gəlib çatmış gəraylılardan: – “Yarı mən”, “Mahmudum”, “Yollar, hey!”, “Olubdu”, “Gəlmədi”, “Mənim”, “Eylədi” qoşmalarından: –“İnanıbdı”, “Yar mənim”, “Oğlan” və s. şeirlərinə nəzər saldıqca dini-ruhani mövzuların öz yerini məhəbbət mövzularına verməsinin əyani şahidi oluruq. Bu şeirlərdə artıq estetik-əyləndirmə funksiyası aparıcı mövqedədir.
Qul Mahmud XVI yüzilliyin ortalarında Göyçənin qədim Şimpir elində doğulmuşdur. (1605-ci ildə vəfat etmişdir). (1, 44) Dövrümüzə qədər gəlib çatmış şeir nümunələrindən sufi poeziyasına dərindən yiyələnmiş kamil bir sənətkar olduğu görünür. Qul Mahmudun şeirləri, sevgilisinin həsrətində olan aşiqin həsrət və dərd-ələmi ilə qəmə, kədərə bürünmüşdür. Xalq arasında onun Şimpirli Sevgili ilə olan eşqindən rəvayətlər vardır.
Mahmudun yolunu oba-el gözlər,
Günlər keçər, aylar ötər, il gözlər.
Qohum-qardaş gecə-gündüz yol gözlər,
Hər xətanı qova-qova gəlmişəm.
Qul Mahmudun dövrümüzə qədər gəlib çatmış şeirlərinin sayı məhduddur. Onlardan: – “Görmüşəm” gəraylısını, “Gəlmişəm”, “Yetir”, “Mənim”, “Ağlaram”, “Tapmadım”, “Qovuşdu”, “Gecələr” qoşmalarını sadalamaq olar.
XVI-XVII əsirlərdə Göyçə aşıq mühitinin formalaşmasında başqa aşıq və el şairlərinin misilsiz xidmətləri olmuşdur. Bu sənətkarlar haqqında məlumat başqa məqalələrdə öz əksini tapacaqdir.
QAYNAQLAR:
1. İsmayılov.H. Azərbayçan folklorunun regional xüsusiyyətləri. Azərbaycan Milli Elimlər Akademiyası, Folklor İnstitutu, Səda, Bakı, 2006, s.8.
2. Hacıbəyov Ü. Aşıq sənəti. Ü.Hacıbəyovun seçilmiş əsərləri. II cild, B. 1985. s.206.
3. İsmayılov H. Miskin Abdal, Səda, Bakı, 2001, s.232.
4. Göyçə aşıqları və el şairləri. /Tərtib edəni Hüseyn İsmayılov, 2 cilddə, I cild, Bakı: Səda, 2006.
5. M. Qasımlı Ozan-Aşıq sənəti. Bakı:Uğur 2003.
6. H. İsmayılov Aşıq sənətinin inkişaf mərhələləri. Dədə Qorqud: Nurlan, 2002/1
7. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VIII c. Bakı: 1984.
8. Göyçəli.T. Göyçə aşıq məktəbi”, Bakı: Göytürk, 1998.
Fekhreddin Atayev
THE FORMATION OF THE GOYCHA ASHUG CREATIVITY
Summary: In the article the activity of ashuq Miskin Abdal in the forming and developing of Goycha ashuq sphere are shown .It is noted that either music or poem activity heritage was the special level in the special level in the forming of Goycha ashuq spere. The forming and development directions of Azerbaijan Goycha ashug sphere in the Middle Ages are shown. The author also gives the information about performers and creative ashugs in ashug sphere.
Key words: saz, ashuq, ashuq tune, jugur music, tradition.
Фехреддин Атаев
ФОРМИРОВАНИЕ ГЁГЧИНСКОЙ АШЫГСКОЙ СРЕДЫ
Резюме: В данной статье рассматриваются пути формирования и развития Азербайджанской ашыгской среды средних веков.
В статье, также даются общие сведения об исполнителях, о поэтах-любителях (непрофессионалах – Ф.А.) ашыгской среды.
Kлючевые слова: саз,ашыг, ашугский напев, музыка, традиция.
Füzuli BAYAT
AMEA Folklor İnstitutu,
Filologiya üzrə elmlər doktoru
fuzulibayat@yahoo.com
AŞIQLIQ SƏNƏTİNİN ÖTÜRÜLMƏSİNDƏ USTA-ŞAGİRD ƏNƏNƏSİNİN FUNKSİONAL ROLU
Özət: XVI yüzildən başlayaraq qrumsallaşan aşıqlıq sənətinin yüzillər boyu yaşadılmasında, bir sonrakı nəslə ötürülməsində usta-şagird ənənənəsinin sosial-mədəni, tarixi-coğrafi funksiyası əsas rol oynamışdır. Hər nə qədər özlərini badə içib vergi almış, haqq açıqları adlandırsalar da bu sənətin öyrənilməsində və öyrədilməsində usta-şagird ənənəsi həlledici olmuşdur. İlk dəfə saz şairləri haqqında geniş araşdırma aparan F.Köprülü usta-şagird münasibətinə toxunmuş, aşıqlığın yaşadılmasında onun mühim rolunu qeyd etmişdir. Ustad aşıqlar uzun illər şagird olmanın kriteriyalarını işləyib hazırlamışlar ki, bu bir növü şagirdliyə qəbul şərtləri kimi də başa düşülə bilər. Bunlar şagird olmaq istəyənin a) səsini (nəfəsini), b) dilini, c) barmağını (çalmağını) yoxladığı kimi, d) hafizəsinin də sınaqdan keçirilməsidir.
Usta-şagird ənənəsini müəyyənləşdirən bu kriteriyalar, ölçü-mizanlar aşıq yaradıcılığında sənət şəcərəsinin formalaşmasını və sonrakı dinamikasını şərtləndirən çox önəmli faktorlardır. Məhz bu sənət ölçülərini əsas götürən ustad aşıqlar hər çalıb oxuyanı şagirdliyə qəbul etməmişlər. Digər tərəfdən, bəzən şagirdin öz funksiyasını axıradək yerinə yetirmədiyi, qeyd olunan sənət kriteriyalarından kənara çıxması halları da mövcud olmuşdur.
Açar sözlər: aşıqlıq sənəti, usta-şagird münasibəti, ənənə, saz şairləri
1. Giriş
XVI yüzildən qrumsallaşmağa başlayan aşıqlıq sənətinin yüzillər boyu yaşadılmasında, bir sonrakı nəslə ötürülməsində usta-şagird ənənənəsinin sosial-mədəni, tarixi-coğrafi funksiyası əsas rol oynamışdır. Hər nə qədər özlərini badə içib vergi almış, haqq aşıqları adlandırsalar da bu sənətin öyrənilməsində və öyrədilməsində, yaşadılmasında və zənginləşməsində usta-şagird ənənəsi həlledici olmuşdur. Milli-mədəni yaddaşın, ədəbi-estetik təfəkkürün tarixi-genetik kökə bağlı atributlarının qoruyucusu və daşıyıcısı olan aşıqlar bütün folklorik, ədəbi, qismən irfani dəyərlər fonunda bir söyləyici, bir yaradıcıdır. Aşıq bütün bu dəyərlərin harmoniyasını özünün sazı və sözü ilə, daxili məzmunu ilə yaşatmaq, qurulmuş ənənəni davam etdirmək üçün şagirdə ehtiyac duyur. Aşıqlıq orta çağın mədəni tələbləri çərçivəsində ortaya çıxdı, onu gələcək nəsillərə ötürmək üçün usta-şagird münasibətində varlığını qorudu. İlk dəfə saz şairləri haqqında geniş araşdırma aparan F.Köprülü usta-şagird münasibətinə toxunmuş, aşıqlığın yaşadılmasında onun mühim rolunu qeyd etmişdir. Ustad aşıqlar uzun illər şagird olmanın kriteriyalarını işləyib hazırlamışlar ki, bu bir növ şagirdliyə qəbul şərtləri kimi də başa düşülə bilər. Bunlar şagird olmaq istəyənin
a) səsini (nəfəsini),
b) dilini,
c) barmağını (çalmağını) yoxladığı kimi,
d) hafizəsinin də sınaqdan keçirilməsidir.
Usta-şagird ənənəsini müəyyənləşdirən bu kriteriyalar, ölçü-mizanlar aşıq yaradıcılığında sənət şəcərəsinin formalaşmasını və sonrakı dinamikasını şərtləndirən çox önəmli faktorlardır. Məhz bu sənət ölçülərini əsas götürən ustad aşıqlar hər çalıb oxuyanı şagirdliyə qəbul etməmişlər. Digər tərəfdən, bəzən şagirdin öz funksiyasını axıradək yerinə yetirmədiyi, qeyd olunan sənət kriteriyalarından kənara çıxdığı hallar da mövcud olmuşdur. O halda usta şagirddən imtina etmiş, ona bu sənəti davam etdirə bilməyəciyini söyləmişdir. Beləliklə, yarandığı gündən elektronik çağa qədər uzun bir yol keçmiş aşıqlıq usta-şagird ənənəsi daxilində mövcudluğunu qorumuşdur. Ancaq ozanlıqdan və aşıqlığın yaranmasından başlayaraq bugünə qədər usta-şagird ənənəsi çərçivəsində mövcud olan, yaşayan, varlığını qoruyan aşıqlıq sənəti elektronik bir çağın başlaması ilə əvvəlki məna və funksiyasını itirmiş, böyük dəyişikliyə uğramışdır. Təbii ki, usta-şagird əlaqəsi, ənənəsi də əvvəlki dövrlərdə olduğu kimi qalmamışdır. Hətta bir çox halda bu ənənə geri plana itilmişdir. Bunun başlıca səbəbi Azərbaycanda kommunist rejiminin aşıqlara da təbliğat aparatının bir parçası kimi baxması, müstəqillikdən sonra da saz çalmağı, oxumağı öyrədən məktəblərin açılmasıdır. Türkiyədə isə texnoloji çağın hakim olması ilə aşıqlardan çoxu bu sənəti ya özləri, ya da konservatoriyalarda öyrənirlər.
2. Şagirdliyin kriteriyaları və usta-şagird
münasibətində qarşılıqlı tələblər
Aşıqlıq sənətində önəmli olan əsas cəhət aşığın ustadı ilə anıldığı kimi ustad aşığın da yetişdirdiyi şagirdləri ilə xatırlanmasıdır. Aşıqlıq sənətinə başlamanın bacarıq və istəkdən sonra şagird olmaq üçün haradan başlaması, nələrə diqqət etməsi lazım olduğunu bilməsidir. Hər şeydən öncə şagird onu aşıqlıq sənətinə hazırlaya biləcək ustad bir aşıq seçməklə işə başlamış olur. Təbii ki, bu seçim ya şagirdin özü tərəfindən, ya da onun atası, qardaşı və ya hər hansı bir qohumu tərəfindən edilir.
O halda səsi, musiqi duyumu olan şagird şöhrəti hər yerə yayılmış, aşıqlıqda ad çıxarmış, sevilən bir aşığı özünə ustad kimi qəbul edir və ona müraciət edir. Hər halda ustad aşığın şagirdə yaxın bölgədə yaşaması da aranan şərtlər arasındadır. Ustad aşıq da yeni gələnə bəzi suallar verir, onun oturuşunu, duruşunu, danışığını müşahidə edir, bir sözlə ədəbli olub olmadığını yoxlayır. Ədəb şagirddə aranan öncəlikli keyfiyyətlər arasındadır. Təbii ki, bundan sonra şagirdin sadə, təvazökar olması, qürurlanmaması gəlir. Ustad daha sonra yuxarıda zikr etdiyimiz kriteriyalar baxımından şagirdi imtahana çəkir. Ədəb yoxsa, sadəlik, təvazökarlıq çatmırsa saz çalmaq, oxumaq, simlərə yatımlı barmaqlar, musiqi duyumu bir işə yaramaz. Əslində bütün məsləklərdə aranan başlıca keyfiyyət ədəbdir. Aşıqlıq da ədəblə başlar, ədəblə bitər. Ona görə də aşıqlığın olmazsa olmaz şərtlərindən biri də ədəbdir. Bunu Posoflu Aşık Zülali də dilə gətirmişdir:
Ustasından öğüt istersen, gönül,
Var otur yanında kal ağır ağır.
Herkesin ağzından akmaz şeker, bal,
Düşün de edebin al ağır ağır. (Tanrıkulu 1998)
Aşıqlıq sənətini, saz mədəniyyətini nəsildən-nəslə ötürən və bir çox qaydaları, kriteriyaları, prinsipləri olan aşqılıq ənənəsini formalaşdıran ən önəmli ünsürlərdən biri usta-şagird əlaqəsidir. Aşıqlıq sənətində əsaslı yeri olan usta-şagird münasibəti keçmişdən bugünə qədər yaşayıb yaratmış ustad aşıqların sənətini, bilgisini, təcrübəsini sonrakılara ötürməsini təmin edən körpüdür. Məhz usta-şagird ənənəsi nəticəsində müxtəlif aşıq mühitləri, məktəbləri və qolları yaranmışdır ki, bu da sənətin çeşidliliyini təmin etmədə önəmli rol oynamışdır. Hər halda məlum olanı budur ki, aşıq sənətinin ən ümdə xüsusiyyətlərindən biri ustad aşıqların sənətlərini yaşatmaq üçün şagird hazırlamalarıdır. Bu, yuxarıda da dediyimiz kimi aşıq mühitlərinin yaranmasını şərtləndirdiyi kimi, aşıq məktəblərinin və ya aşıq qollarının formalaşmasını da şərtləndirir. Məktəb və ya aşıq qollarının yaranmasına səbəb olan usta-şagird münasibəti aşıqlıq sənətinin yaşadılması baxımından çox önəmlidir. Bunu vaxtı ilə F.Köprülü də qeyd edərək göstərmişdir ki, usta-şagird ənənəsinin Türkiyədəki ən önəmli mərkəzlərindən biri bu gün belə aşıqlıq sənətinin canlı olduğu Qars bölgəsidir. Burada hələ də usta-şagird münasibəti bütün tərəfləri ilə davam etdirilir. (Köprülü 1989: 173–178)
Sənəti davam etdirmək üçün usta-şagird münasibəti aşıqlıq sənətinin ən mühim məsələsi kimi vacib problemlərdən biridir. Yuxarıda da toxunduğumuz kimi usta-şagird münasibəti aşıqlığın ilk vaxtlarında, XVII-XVIII və aşıq sənətinin yüksəliş dövrü olan XIX yüzillərdə daha sistemli və ənənəvi olmuşdursa, bu ənənə zaman keçdikcə dəyişmiş, əvvəlki şəklindən bir xeyli uzaqlaşmışdır. Usta-şagird münasibəti baxımından hər bölgənin dil, mədəniyyət və zövqü ilə aşıqlıq ənənəsi və sənəti yaranmışdır. Ona görə də usta-şagird ənənəsində başlıca məsələ ustad aşığın şagirdinə hər şeyi tamlığı ilə öyrətməsidir. Şagirdliyə qəbuldan sonra o, ustad aşığın yanında aşıqlıq sənətinin sirlərini öyrənir. Öyrətmə ustad aşığın şagirdi öz yanında gəzdirməsiylə, öyrənmə isə müşahidə yoluyla davam edir. Aşıq sazla bütünləşmiş sənətkardır, ona görə də şagirdə ilk öncə sazın pərdələrini, havalarını öyrədir, şeirlər əzbərlədir, məclis aparmağı, sözə necə başlayıb, necə qurtarmağı, dastan danışmağı, toyu, məclisi necə ələ almağın sirlərini öyrədir. “Şagird ustadına ən azı 4-5 il qulluq edir və aşıq ədəbiyyatında ən çox işlənən şeir şəkillərini öyrədir.” (Həkimov 2004: 517) Bunlar, əsasən qoşma, gəraylı, qarşılaşma, təcnis, dodaqdəyməz, qıfılbənd, dedim-dedi tərzli şeirlərdir.
XX yüzilin 30-40-cı illərinə qədər ustad aşıq şagirdinə aşıq sənətinin bütün sirlərini, eləcə də klassik aşıq sənətini, klassik aşıq havalarını, dastanları öyrədərmiş. Hətta özü danışdığı dastanı, ustadnaməni, qaravəllini, aşıq rəvayətlərini şagirdinə sanki borc kimi, əmanət olaraq verdiyini bildirərək sonradan geri istəyərmiş. Ustad aşıq şagirdə həm ədəb-ərkanı, davranış qaydalarını, həm də sənətin sirlərini öyrədirdi. Bu proses ustadın şagirdini sınağa çəkməsi ilə nəticələnirdi. Son 50-60 ildə usta-şagird ənənəsi əvvəlki formasını, məzmununu dəyişdiyinə kriteriyalar, tələblər zəiflədiyinə görə şagirdi sınağa çəkmək də unudulmuşdur.
Usta-şagird münasibəti sadəcə aşıqlarda deyil, hətta xarratlıqda, sazbəndlikdə, qalayçılıqda, dəmirçilikdə, papaqçılıqda, çəkməçilikdə, dulusçuluqda və s. kimi bir çox peşə sahələrində də olmuşdur. Buna bir növ sənətin davamlılığı, sələf-xələf məsələsi kimi baxmaq lazımdır. Ancaq aşıqlıq sənətinin təməl qanunlarından biri olan usta-şagird ənənəsi digər sənət növlərinin bu tip varislik ötürməsindən fərqlənir. Burada bir neçə bacarıq – saz çalmaq, mahnı bəstələmək, oxumaq, aktyorluq, əzbərçilik qabiliyyəti və s. birlikdə tələb edilir. Buna baxmayaraq, XX yüzilin əvvəllərində hələ də usta-şagird ənənəsi qorunmaqda, ustad aşığa xidmət göstərmək mərifət sayılmaqda idi. Belə ki, Göyçə aşıq mühitinin görkəmli saz ustası Aşıq Növrəs İman ustadlığın önəmi haqqında belə yazırdı:
Mərifət lazımdır əzəl binadan,
Öyüd nəsiət gərək ata-babadan.
Yüz il cəhd etsən də qalarsan nadan,
Xidmətin olmasa kamil ustada.
(Növrəs İman 2004: 37)
Usta-şagird ənənəsi bu sənətə gələnlərə yola bələdçi ilə çıxmağın yolu başa vurmaqda başlıca şərt olduğunu xatırladır. Çıldırlı Aşıq Şenlik də ustadın önəmindən bəhs edərkən belə demişdir: ”Ustasından dərs almayan pirsizdir.” Bu isə Türkiyədə məşhur olan ələvi-bəktaşi zümrəsinin bir atalar sözünü yada salır: “Piri olmayanın piri şeytan olar.” Necə ki, Aşıq Ələsgər də ustad yanında dərs almağı aşıqlığın qaydası adlandırırdı:
Ələsgərəm, hələ azdı kamalım,
Qayda budur bir ustaddan dərs alım.
Şagirdin qarşısında tələblər qoyulduğu kimi ustadın da yerinə yetirməli olduğu vəzifələri vardır. O, şagirdə bildiklərinin hamısını öyrətməli, onu kamil sənətkar kimi yetişdirməli, şagirdlə yaxşı rəftar etməli, ona ölənə qədər atalıq qayğısı göstərməlidir. Aşıqlıq sənətində az da olsa bəzi aşıqların bir deyil, bir neçə ustadının olması bir tərəfdən müasir dövrdə şagirdlərin nisbətən sərbəstliyi ilə bağlıdırsa, digər tərəfdən ustadın özünün şagirdin tələblərini yerinə yetirə bilməməsidir. Bəzən də ustad aşıqlar öz şagirdlərini bir müddətdən sonra başqa bir aşığın yanına göndərirlər.
3. Şagirdlikdən ustalığa
Hər şagird ki, ustad yanında aşıqlıq sənətini öyrənmək üçün qalır, bacarığına, istedadına görə yetişir, icraçı, sonunda yaradıcı aşıq olur. Ancaq ustad yanından çıxmış hər aşıq da ustad ola bilmir. Buna baxmayaraq ənənə aşıq olmağın başlıca şərti olaraq ustad yanında dərs almağı tələb edir. Burada şagirdin tələsməməsi, ustadının hər hərəkətini, sözünü, manerasını, saz çalmaq texnikasını, məclis aparmaq bacarığını götürməsi, mənimsəməsi, bir sözlə səbr göstərməsi şərtdir. Şagirdliyin olmazsa olmazlarından biri də səbrdir. Səbr sonda şagirdi istədiyinə çatdırır. Təbii ki, istəyə çatmaq istedadın qədərinə görə bəlirlənir ki, bu artıq nə ustanın, nə də şagirdin işidir, bu Allahın (cc) hər kəsə bəxş etdiyi lütvdür.
Nəhayət, çəkilən zəhmət, qazanılan ədəb, göstərilən səbr şagirdin ustadından xeyir-dua və çox vaxt da təxəllüs alması ilə sona çatır. Şagird ustad aşıqdan aldığı xeyir-dua ilə müstəqil aşıqlığa başlayır, ustadı ilə getdiyi yerlərə təkbaşına getməli, məclisləri təkbaşına idarə etməli olur. Aşıqlıq sənətində şagird bütün ömrü boyu ustadının hörmətini saxlamalı, ona kəm baxmamalıdır. Aşıq rəvayətlərindən məşhur olanına görə: “Aşıq Alı Ələsgəri tam yetirib hazırladıqdan sonra bir toy məclisində onunla deyişir, el içində hörmətini qaldırıb şöhrətləndirmək məqsədilə məğlub olmuş bir aşıq kimi öz sazını da ona təhvil vermək istəyir. Ələsgər isə onun bu xeyirxah hərəkətinə razılaşmayaraq
Bir şagird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar
təcnisini söyləyir” (Aşıq Ələsgər 1988: 4)
Hər məclis bir ritualdır, şagird isə bu ritualdan keçmiş, profan dünyanın insanından qutsal aləmin varlığına çevrilmiş sənətkardır. Aşıqlıq ritualından keçən şagirdə ustad xalq arasında özünü necə aparmağı, ədəb-ərkanı, böyük-kiçik yeri bilməyi, namuslu olmağı, məclis keçirəcəyi bölgənin adət-ənənəsinə bələd olmağı da öyrədir. Hər halda aşıqlığın ədəb-ərkan konsepsiyasını Aşıq Ələsgər qədər dəqiq tərif edən ikinci bir sənətkar tapmaq mümkün deyildir:
Aşıq olub diyar-diyar gəzənın,
Əvvəl başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
(Aşıq Ələsgər 1988: 43)
Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Qaraca Oğlan, Aşıq Valeh, Aşıq Əmrah, Şəmkirli Aşıq Hüseyn, Aşıq Şenlik, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Şəmşir, Mirzə Bilal, Hüseyn Cavan, Mikayıl Azaflı kimi ustad aşıqlar usta-şagird mərhələsindən keçib sonradan ustad olmuş sənətkarlardı. Bu aşıqların hər birinin neçə-neçə şagirdi olmuş, aşıqlıq ənənəsini şagirdləri vasitəsi ilə günümüzə qədər daşımışlardır. Ustad aşıqlar Türkiyədə aşıqlıq qolu adlanan məktəblərini qurmuşlar. O baxımdan bütöv şərqi Anadoluda və Ağbabada butalı aşıq kimi şöhrətlənmiş Aşıq Şenliyin və Aşıq Sümmaninin aşıqlıq ənənəsi geniş bir sahədə davam etmişdir. Göyçə aşıqlıq qolu öncə Ağ Aşığın, sonra da Aşıq Ələsgərin təsiri altında formalaşmışdır. Qarabağ Aşıq Valehin, Şirvan Aşıq Bilalın, Kəlbəcər Aşıq Şəmşirin aşıqlıq qolunu davam etdirir.
Aşıq sənətinin, təkrar da olsa demək lazımdır ki, birinci şərti və tərkib hissəsi usta-şagird ənənəsidir. Ancaq aşıqlıq bir yoldur və hər aşıq bütün yaşamı boyunca ustadından aldığı bilgi və təcrübəni həm özünü, həm də sənətini inkişaf etdirməkdə istidafə edir. Bu inkişaf nəticəsində təbii ki, ənənədən yetişmiş aşıqlar ortaya çıxır. Aşıqlıq sənəti, onun qayda-qanunları, ənənəsi yarandığı tarixi zamandan bugünə qədər yalnız ağızdan-ağıza sözlü yolla ötürülmüşdür. Usta-şagird ənənəsi kimi aşıqlıq sənəti haqqında da təbii ki, ilk məlumatı Fuad Köprülü vermişdir. Onun fikirlərinə görə “Əsnaf təşkilatlarında olduğu kimi aşıqlıq qurumunda da şagirdlikdən başlayaraq aşıq oluncaya qədər keçirilməsi vacib olan bir çox dərəcələr vardır. Xüsusilə tanınmış böyük aşıqların ətrafında saz şairliyinə maraqlı, istedadlı bir çox gənc şagird yığılır, ustaddan yazacaqları şeirlərində işlədəcəkləri təxəllüs alırlar, sonra aşıq olmaq üçün zəruri olan ədəbi və sənət tərbiyəsini gördükdən sonra aşıq fasıllarına girməyə başlarlar, ölkənin içində uzun səyahətlərə çıxarlar, nəhayət aşıq olurlar.” F.Köprülü sonra aşıqların dövlət nəzarətində olduğu haqqında da məlumat vermişdir. “Şəhər və qəsəbələrdə, müxtəlif ictimai təbəqələrə məxsus ayrı-ayrı qəhvəxanalar, meyxanalar kimi ümumi yerlər vardı. Bəzi böyük qəhvəxanalarda çalğı və köçəklər də olurdu. Bu qəhvəxanalardan bəziləri, xüsusilə aşıqların toplantı yerləri idi. Onlar müəyyən mövsümlərdə buralarda toplanırlar, saz çalıb şeirlər oxuyurlardı. Böyüklərin və zənginlərin evlərində, saraylarında da çökürçülərə təsadüf edilirdi. Hökumətin nəzarəti altında sabit bir təşkilata malik olan bu aşıqlar bayramlar kimi keçici toplantı yerlərində qurulan qəhvəxanalarda olur, ölkənin hər tərəfini dolaşır, təkkələrdə, xüsusən də bəktaşi təkkələrində, böyüklərin, zənginlərin saraylarında qonaq qalırlardı.” (Köprülü 1962: 26-27) deməklə XVI- XVIII yüzildən başlayaraq aşıqlıq sənətinin dövlətin nəzarəti altında, geniş sahələrə yayıldığını xüsusi olaraq vurğulamışdır.
Pertev Naili Boratav isə aşıqların da daxil olduğu və xalq şairi adlandırdığı zümrəni yetişdikləri mühitlərə görə dörd qismə bölmüşdür: 1) Təsəvvüf mövzularını işləyən, təriqət və zümrə fikirlərini təmsil edən şairlər. 2) Qəsəbə və şəhər mühitində yetişmiş şairlər. 3) Kənd şairləri. 4) Elat şairləri. (Boratav 2000: 20-21) Bu dörd zümrəyə daxil olan xalq şairləri içərisində usta-şagird münasibəti ənənə formasını yalnız saş şairlərində qoruya bilmişdir.
Bütün bunlardan aşağıdakı nəticəyə gəlmək olar. Aşıqlıq ənənəsində sazlı (teldən), sazsız (dildən) irticalən qələmlə (yazaraq) və ya bir neçə özəlliyi birdən daşıyan ənənəyə bağlı şeir deyənlərə aşıq, bu şeir formasına aşıqlıq-aşıqlama, aşıqları idarə edən qanunlar sisteminə də aşıqlıq ənənəsi deyilir. (Sakaoğlu 1986: 247-251)
Dostları ilə paylaş: |