Mingəçevir Bələdiyyəsində bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müsahibənin keçirilməsi
QAYDALARI
Ümumi müddəalar
Bu Qaydalar «Bələdiyyə qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və bələdiyyənin icra aparatına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra – namizədlər) müsahibənin təşkili məsələlərini tənzimləyir.
Müsahibə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
Bələdiyyənin icra aparatında müvafiq vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və bələdiyyənin internet səhifəsində elan verilir.
Bələdiyyə icra aparatında qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.
İdarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri kimi nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsahibə əsasında qəbul edilirlər.
Əvvələr dövlət və bələdiyyə qulluğunda olmuş və fəaliyyətində müsbət xarakterizə olunmuş şəxslər sonradan qulluğa qəbul edildikdə onlarla müsahibə aparılmır.
Müsahibə komissiyaları
Müsahibənin keçirilməsi üçün bir qayda olaraq, 3-5 nəfərdən ibarət müsahibə komissiyaları (bundan sonra – komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, məsul katib və digər üzvlərdən ibarət olmaqla bələdiyyə iclası tərəfindən təsdiq edilir. Bələdiyyə üzvləri və bələdiyyənin icra aparatının qulluqçuları müsahibə komissiyasına üzv seçilə bilərlər.
Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.
Komissiyanın işinə mütəxəssislər də cəlb edilə bilərlər.
Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:
Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
Komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;
Komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;
Qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;
Qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.
Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
Komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
Komissiyanın iclaslarında baxıldan məsələlər üzrə səsvermədə iştirak etmək;
Komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;
Komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.
Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
öz arzusu ilə komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
bələdiyyə üzvülüyünə xitam verildikdə;
bu qaydaların 2.5-ci bəndində göstərilən vəzifələri icra etmədikdə;
vəfat etdikdə.
Komissiya üzvləri başqa vəzifəyə keçirildikdə onların səlahiyyətlərinə vaxtandan əvvəl xitam verilməsi məsələsinə baxa bilər.
Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv birincinin səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təyin edilir.
Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keiçrir.
Komissiyaların iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
Sədr olmadıqda komissiyanın iclaslarına komissiya üzvlərindən biri sədrlik edir.
Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəifndən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.
Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.
Sənədlərin qəbulu
Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər əsasən aşağıdakı sənədləri təqdim edirlər:
Vahid forma üzrə ərizə (əlavə olunur);
Kadrların uçotunun şəxsi vərəqəsi;
Ali və orta ixtisas təhsili haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
Əmək kitabçasının notariat qaydasına və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
Sağlamlıq barədə arayış;
Hərbi biletin notariat qaydasında əsdiq edilmiş surəti;
4x6 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.
Ərizələrin qəbulu müvafiq bələdiyyənin icra aparatı tərəfindən aparılır. Sənədlərin tamlığı, namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeyddiyata alınır.
Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət ərzində yenidən təqdim oluna bilər. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra verilən sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.
Namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qabaqcadan yoxlanılır və namizədin müsahibəyə buraxılmasının mümkünlüyü barədə rəy hazırlanır. Namizədlər müsahibəyə həmin rəy nəzərə alınmaqla buraxılırlar.
Müsahibənin keçrilməsi
Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsi gətirməlidirlər.
Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və bir qayda olaraq, 30 dəqiqə müddətində davam edir.
Müsahibə zamanı hər namizədə iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə 5 sual verilir.
Bu suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:
Vəzifə borclarının icrası ilə əlaqədar müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarını – Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktlarını tədbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə bacarığı, xarici diləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;
Özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;
Təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.
Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.
Müsahibə zamanı namizədin verdiyi hər cavab qiymətləndirilir və topladığı bal hesablanır, komissiyanın sədrinə təqdim edilir. Müsahibə zamanı namizədəni verdiyi hər cavab komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür.
Komissiya üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər.
Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.
Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda müsahibədən müvəfəqiyyətlə keçmiş hesab olunur.
Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.
Müsahibənin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar və onların cavabları qeyd edilir.
Müsahibənin nəticəsi üzrə qərar bu Qaydaların 2.12-ci bəndinin tələblərinə əməl edilməklə qəbul edilir.
Müsahibənin yekunlaşdırılması
Müsahibədə iştirak edən namizədlər topladıqları ballara uyğun sıralanır.
Müsahibədə bərabər nəticələr əldə etmiş şəxslərdən elmi dərəcəsi olanlara, daha təcrübəlilərə, habelə xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara və fikrini yazılı surətdə səlist ifadə etmək bacarığı nümayiş etdirənlərə üstünlük verilir.
Müsahibənin nəticələri üzrə namizədəin bələdiyyə qulluğuna qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan biri qəbul edilir. Nəticələr müsahibə yekunlaşdıqdan sonra elan olunur və hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.
Komissiyanın qərarlarından razı olmayan namizədlər bələdiyyənin ümumi yığıncağına şikayət edə bilərlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.
Müsahibənin nəticələrinə görə bələdiyyə qulluğuna qəbul olunmağa tövsiyə edilmiş namizədlər aidiyyatı üzrə işə qəbul səlahiyyətini həyata keçirən rəhbərə təqdim edilir. Rəhbər ona təqdim olunmuş namizədlər sırasından müvafiq vakant vəzifələrə müəyyən olunmuş qaydada təyinat aparır.