“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna



Yüklə 27.37 Kb.
tarix21.10.2017
ölçüsü27.37 Kb.

VƏTƏNDAŞ CƏMİYYƏTİNİ MÜDAFİƏ KOMİTƏSİ

QEYRI-HÖKUMƏT TƏŞKILATLARI (İCTİMAİ BİRLİKLƏR VƏ FONDLAR) HAQQINDA” QANUNA TƏKLİF EDILƏN ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRƏ DAİR



R Ə Y

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan müvafiq qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib. Sənədin parlamentin 19 iyun 2009-cu il tarixdə keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
I. ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN MƏZMUNU ÜZRƏ ŞƏRHLƏR


  1. Qanunun 1.3; 15.1; 15.2; 16.1; 16.4; 16.5 maddələrinə təklif edilən dəyişiklər və əlavələr QHT-lərin yalnız hüquqi şəxs kimi qeydiyyatdan keçərək fəaliyyət göstərə bilməsini nəzərdə tutur. Qeydiyyatsız fəaliyyət üçün inzibati məsuliyyət müəyyən edilir. Təşkilat qeydiyyatsız fəaliyyıt göstərdikdə onun fəaliyyəti məhkəmə qaydasında qadağan edilir (İnzibati Məcəlləyə bu barədə yeni 299-1-ci maddə təklif edilir). Eyni zamanda 7.1-ci maddəyə edilən əlavə ilə QHT-nin filial və nümayındəlikləri dövlət reyestrinə daxil edilməmişlərsə, fəaliyyət göstərə bilməzlər.




  1. Qanuna təklif edilən yeni 9.5 - ci və 16.3- cü maddələri üzrə təklif edilən əlavə və dəyişikliklər QHT-nin dövlət qeydiyyatına alınmasını cidddi şəkildə çətinləşdirir. Belə ki, qeydiyyat üşün müraciət edən QHT və onun təsisçiləri haqqında məlumatların toplanması ilə bağlı (cinayət yolu ilə əldə edilmiş pul vəasitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və ya terrrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsinin yoxlanılması və s.) müvafiq icra hakimiyyəti orqanına sorğu göndərilir. Bunula yanaşı təklif edilən yeni 9.3-cü maddəyə görə ləğv edilən QHT-nin təsisçisinə (təsisçilərinə) məhkəmənin qərarı ilə 5 ilədək müddətə digər QHT-nin təsis edilməsi qadağan edilə bilər. QHT-nin qeydə alınınıb-alınmaması bu məlumatlar əsasında həyata keçirilir. Bunlardan başqa Qanuna əlavə edilən yeni 12.1-1 – ci maddə ilə Fondun yradılması üçün nizamnamə kapitalının əlli min manatdan az olmaması tələbi qoyulur. Bunlarla yanaşı Qanuna edilən 13.3-cü maddədə nəzrəd tutulan normanın (QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, bu səlahiyyətləriə müdaxilə edilməsinə, habelə dövlət nəzarəti və yoxlama funskiyalarının nəzərdə tutulmasına yol verilmir) tətbiqi subyektiv mülahizələrə imkan yarada bilər. Bütün bunlar QHT-lərin qeydiyyatı üçün sərt qaydalar yaratmaqla qeydə almadan subyektiv mülahizələrlə imtina üçün imkanlar da yaradacaq.




  1. Qanunun 6.2-ci maddəsinə edilən təklif QHT-lərin yaradıldığı ərazidən kənarda fəaliyyətini subyektiv şərtlərlə məhdudlaşdırır. Burada göstərilir ki, QHT-nin ümumazərbaycan hesab edilməsi üçün təşkilat ölkənin inzibati ərazi vahidlərinin azı 1/3 hissəsində filial və nümayəndəliklərə malik olmalıdır. Regional QHT-lər üç və daha artıq, yerli QHT isə bir inzibati ərazi vahidini əhatə etməlidir.




  1. Təklif edilən yeni 24.2-ci maddə (QHT-lərin əmlakının 50%-dən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz) QHT-lərin müvafiq fəaliyyətlər üzrə maliyyə imkanlarını ən azı yarıbayarı azaldır. Milli donorçuluğun inkişaf etmədiyi, QHT-lərin digər maliyyə resursları olmadığı indiki mərhələdə bu tələb bir sıra hallarda əksər QHT-lərin fəaliyyət göstərə bilməməsinə gətirib çıxaracaq. Digər maliyyə mənbələrini özünün kommersiya fəaliyyəti ilə əldə edəcək QHT-lərə isə, təklif edilən digər əlavə hüquqi imkan verməyəcək. Belə ki, qanuna təklif edilən yeni 22.4-cü maddəyə görə QHT-nin istifadəsindəki vəsaitin 50%-dən artıq hissəsi kommersiya fəaliyyəti nəticəsində əldə edilmişdirsə, müvafiq icra hakimiyyəti orqanının yazılı müraciətinə əsasın həmin QHT kommersiya təşkilatına çevirilməlidir. Beləliklə, bu dəyişikliklər son nəticədə əksər QHT-lərin fəaliyyətlərinə xitam verilməsinə gətirib çıxara bilər.




  1. Qanuna əlavə edilən 10.4-cü maddə ilə ictimai birliyin dövlət qeydiyyatından sonrakı otuz gün ərzində üzvlərinin reyestr məlumatlarını, reyestrdəki dəyişikliklərlə bağlı məlumatları isə 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanına verilməsi tələbini müəyyən edir. 29-cu maddəyə təklif edilən yeni 29.4-cü maddədə ilə isə QHT-lərin hər il aprelin 1- dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına auditor rəyi ilə birlikdə illik maliyyə hesabatının təqdim edilməsini nəzərdə tutur. 29.5-ci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə əməl olunmasına nəzarəti nəzərdə tutur. Bu nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyətinin özünə həvalə edilir. Bütün bunlar dövlət nəzarətini artırmaqla ikiqat hesabatlılıq üçün hüquqi əsaslar yaradır. Bu məsələlər, o cümlədən yeni 31.2-1-ci və 31.6-cı maddələr (məlumatların verilməməsinə görə xəbərdarlığın verilməsi və qeydiyyatın məhkəmə qaydasında ləğvi əsaslarının genişləndirilməsi) dövlət tərəfindən əsassız müdaxilələr yaradır. Üzvlərlə bağlı reyestr məlumatların tələb edilməsi isə təşkilatdaxili məsələlərə müdaxilə ilə yanaşı, həm də şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulmasıdır.




  1. Qanuna əlavələr kimi təklif edilən yeni 7.7-ci, 9.4-cü, 12.5-ci, 16.2-ci maddələrdə xarici qeyri-hökumət təşkilatlarının təsis edilməsi və fəaliyyəti üçün ciddi və ağır şərtlər (müvafiq olaraq dövlətlər arasında beynəlxalq müqavilənin olması, digər halda təsisçilər barədə müvafiq icra hakimiyyətinin rəy verməsi v.s.) müəyyən edilir ki, bu da həmin təşkilatların fəaliyyət imkanlarını məhdudlaşdırır.

II. ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN KONSTİTUSİYA VƏ

BEYNƏLXALQ ÖHDƏLİKLƏRƏ UYĞUNLUĞU ÜZRƏ ŞƏRHLƏR
Konstitusiyanın 58-ci maddəsində birləşmək hüququ təsbit edilib. Burada göstərilir ki, hər kəsin başqaları ilə birləşmək, istənilən birlik yaratmaq və mövcud birliyə daxil olmaq hüququ vardır. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsi konstitusiya iə təsbit edilmiş hüquq və azadlıqların məhdudlaşdırılmasını qadağan edir. Eyni zamanda 149-cu maddəsinin I hissəsində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə və bərabər münasibətlərə) əsaslanmalıdır.
Təklif edilən əlavələr və dəyişikliklər Konstitusiyanın yuxarıda göstərilən maddələri ilə ziddiyət təşkil edir. Belə ki, təklif edilən dəyişikliklər sərbəst birləşmək və fəaliyyət göstərmək hüquqlarını məhdudlaşdırır və məzmun və mahiyyət etibarı ilə hüquqa və haqq-ədalətə əsaslanmır.
Qanun layihəsinin keçid müddəalarına görə təklif edilən dəyişikliklər hazırda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən QHT-lərə də şamil ediləcək. Bu dəyişikliklər qüvvəyə mindikdən sonra QHT-lər öz fəliyyətlərini bu Qanunun tələblərinə uyğunlaşdırmalıdırlar. Fəaliyyətlərini bir il müddətində bu Qanunun tələblərinə uyğunlaşdırmayan QHT-lərin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.

Bu norma mövcud vəziyyəti ağırlaşdırdığından Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi ilə ziddiyət təşkil edir. Belə ki, həmin maddədə deyilir ki, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.


İnsan Hüquqları Haqqında Ümumxalq Bəyannaməsinin 20-ci maddəsində göstərilir ki, hər bir kəs dinc yı­ğın­caq­lar ke­çir­mək və as­so­si­a­si­ya­lar yaratmaq hü­qu­qu­na ma­lik­dir.

Mülki və Siyasi Hüquqalr haqqında beynəlxaq Paktın 22-ci maddəsində göstərilir ki, hər kəsin başqaları ilə birlikdə assosiasiyalarda birləşmək, o cümlədən həmkarlar təşkilatları yaratmaqla öz maraqlarını müdafiə etmək hüquqları vardır.

İnsan hü­quq­la­rı­nın və əsas azad­lıq­la­rın mü­da­fi­ə­si haq­qın­da” Avropa Kon­ven­si­yasının 11-ci maddəsində deyilir ki, hər kə­sin dinc top­laş­maq azad­lı­ğı və öz ma­raq­la­rı­nı mü­da­fi­ə et­mək üçün həm­kar­lar it­ti­faq­la­rı ya­rat­maq və on­la­ra qo­şul­maq hü­qu­qu da da­xil ol­maq­la, baş­qa­la­rı ilə bir­ləş­mək azad­lı­ğı hü­qu­qu var­dır.

Avropa Şurası Nazirlər Komitəsinin “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi stasusuna dair tövsiyyələri” ndə göstərilir ki, QHT-lər qeyri formal (qeydə alınmamış) və ya hüquqi şəxs statusuna malik qurumlar və ya təşkilatlar ola bilər.


Təklif edilən əlavələr və dəyişiklilər ümumilikdə birləşmək və sərbəst fəaliyyət azadlığını əsaslı şəkildə məhdudlaşdırdığından yuxarıda göstərilən beynəlxalq hüquqi aktlarla da ziddiyət təşkil edir.

NƏTİCƏLƏR

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif edilən əlavələr və dəyişikliklər Azərbaycanın bəyan etdiyi siyasi kursla, Konstitusiya ilə, habelə beynəlxalq öhdəliklərlə ziddiyət təşkil edir və qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının vəziyyətini ciddi şəkildə ağırlaşdırır.


Qanuna əlavələr və dəyişikliklər birləşmək və sərbəst fəaliyyət azadlığını məhdudlaşdırır, bu hüquqa əlçatanlığı minimuma endirir.

Qanuna əlavələr və dəyişikliklərin qüvvəsinin geriyə şamil edilməsi Konstitusiyaya və ümumqəbul edilmiş hüquqi prinsiplərlə ziddiyət təşkil edir.


Dəyişikliklər mahiyyətcə QHT-lərin yaradılması, fəaliyyəti ilə bağlı qadağalar müəyyən edir və bu, daha çox aşağıdakıları özündə şərtləndirir:


  1. QHT-lərin hüquqi çəxs statusu almadan fəaliyyətinin leqallaşdırılması qadağan edilir.

  2. QHT-lərin dövlət qeydiyyatı ciddi şəkildə sərtləşdirilir və qeydiyyatdan imtina üçün qeyri-müəyyən əsaslar yaradılır

  3. QHT-lərin fəaliyyət imkanları (fəaliyyət ərazisi, fəaliyyət predmeti və s.) əsaslı şəkildə məhdudlaşdırılır.

  4. QHT-lərin iqtisadi fəaliyyəti məhdudlaşdırılır

  5. QHT-lərin xarici mənbələrdən maliyyələşdirilməsi ciddi şəkildə məhdudlaşdırılır

  6. QHT-lərin fəaliyyətinə ciddi dövlət nəzarəti və müdaxilələri yaradılır.

  7. Xarici QHT-lərin fəaliyyətləri ciddi şəkildə məhdudlaşdırılır və bu qurumlara münasibətdə ayrı-seçkilik edilir


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə