AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“Qiymətin əmələgəlməsi” fənni üzrə
KURS İŞİ
Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi
BAKI-2011
PLAN
Giriş .............................................................................................................səh.3
I FƏSİL. Qiymət əmələgəlmənin tənzimlənməsinin nəzəri əsasları ............səh.6
1.1 Qiymətlərin tənzimlənməsinin mahiyyəti
1.2 Qiymətlərin tənzimlənməsinin tənzimləmə obyektləri və formaları
1.3 Qiymətlərin tənzimlənməsinin metodları
II FƏSİL. Qiymətlərin tənzimlənməsinin aktuallığı və problemləri .............səh.15
2.1 Bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsinin zəruriliyi
2.2 Qiymətlərin tənzimlənməsinin beynəlxalq təcrübəsi
2.3 Dövlətin qiymət siyasəti və Azərbaycan Respublikasında qiymətlərin tənzimlənməsinin hüquqi bazası
III FƏSİL. Qiymətlərin tənzimlənməsinin sosial-regional aspektləri ..........səh.31
3.1 Müasir şəraitdə qiymətlərin tənzimlənməsinin əhalinin sosial vəziyyətinə təsiri
3.2 İqtisadi regionlar üzrə istehlak mallarının qiymət indeksləri
3.3 Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksləri
IV FƏSİL. Bazar münasibətləri şəraitində qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsi yolları ...........................................................................səh.37
Nəticə və təkliflər ........................................................................................səh.41
Ədəbiyyat ....................................................................................................səh.43
GİRİŞ
Müasir mərhələdə iqtisadiyyatı keçid dövründə olan ölkələr üçün iqtisadi inkişafda qiymətəmələgəlmə başlıca rol oynayır. Bazar iqtisadiyyatı sərbəst, iqtisadi cəhətdən əsaslandırılmış qiymətlər formalaşdıran əmtəə istahsalçılarına istinad edilir ki, bu da düzgün qiymət siyasəti, qiymətlərin formalaşmasında strategiya və taktikanın dəqiqliyi, qiymətin düzgün metodunun seçilməsini zəruri edir.
Qiymətəmələgəlmə dövlətin icraedici və qanunvericilik fəaliyyətində vacib və mürəkkəb elementlərdən biridir. Qiymətdə cəmiyyətin inkişafının əsas siyasi, iqtisadi və sosial problemləri cəmləşir. Bazar münasibətlərinin formalaşmasında nailiyyətlər qiymətin yeni mexanizmi və onun dövlət tənzimlənməsi məsələlərindən asılıdır. Qiymətin tənzimlənməsi mexanizmi olmadan inkişaf etmiş bazar iqtisadiyyatı yaratmaq mümkün deyildir.
Hal-hazırda bazar iqtisadiyyatında qiymətlərin tənzimlənməsinin lazımsızlığı haqda geniş fikir yayılmışdır ki, bu da bilavasitə bazarda istehsalçılarla istehlakçılar arasında qiymət razılığının əldə olunması, yəni qiymətlərin özünü tənzimləməsi prosesi ilə izah edilməyə çalışılır.
Lakin belə təsəvvürlərin tam bir mənalı elmi və təcrübəli əsası yoxdur. Birincisi, ona görə ki, özünütənzimləmə prosesinin özü təbii proses olmayıb, bazarda kontragentlərin riayət etməli olduqları müəyyən qayda və normaların nəticəsidir. Həmin qayda və normaların pozulması iqtisadiyyatın normal funksiya göstərməsinə mənfi təsir etmiş olur ki, bu da qiymətlərin dövlət tənzimlənməsinin zəruriliyini şərtləndirir. Ikincisi, qiymətlərin radikal liberallaşması və inflyasiya tempinin yüksək olması dövriyyə vəsaitlərinin qiymətsizləşdirilməsinin və istehsalın tənəzzülünü dərinləşdirə bilər. Belə şəraitdə ayrı-ayrı konsern və firmalarda öz gələcək təsərrüfat fəaliyyətinin proqnozlaşdırması və düzgün iqtisadi qərarlar qəbul edilməsi çətinlik yaradır. Bu isə makroiqtisadi tənzimlənmənin bir hissəsi kimi müvafiq qrup qiymətlərin tənzimlənməsini ön plana çəkir. Üçüncüsü, qiymətləri tənzimləməklə dövlət həm də xalis gəlirin yenidən bölgüsündə öz iştirakını təmin etmiş olur. Daha doğrusu, dövlətin qiymətin əmələgəlməsi prosesinə müdaxiləsi həm də əhalinin sosial müdafiəsi nöqteyi-nəzərindən zəruridir. Dördüncüsü, xarici istehsalçılarla rəqabət apara bilməyən dövlət müəssisələrinin müdafiəsi üçün də dövlətin qiymətin əmələgəlməsinə müdaxiləsi tələb olunur. Nəhayət, qiymətlər dövlət tərəfindən tənzimlənməzsə tələblə təklif arasındakı uyğunsuzluqlar daha da dərinləşə bilər.
Dövlət ümum iqtisadiyyatda qiymətlərin kəskin qalxmasına yol verməmək məqsədilə onların tərkib elementlərinə birbaşa və yaxud dolayı yolla təsir göstərir. Birbaşa tənzimləmə vasitələri aşağıdakılardır:
1) Maya dəyərinin tərkibinə daxil olan xammal və materialların, yarımfabrikatların qiymətlərinin dövlət tərəfindən təyin edilməsi (bəzi məhsullar üzrə), əmək haqqının minimum səviyyəsinin təsdiq edilməsidir. Amortizasiya ayırmalarının maksimal dərəcəsi, sığorta ayırmalarının isə dövlət tərəfindən təsdiq edilmiş sabit faizi, enerji və yanacağın dövlət tərəfindən fiksə edilmiş (qeydə alınmış) qiymətlərlə müəyyənləşdirilməsi bilavasitə müəssisə tərəfindən istehsal edilən məhsulun qiymətinə təsir göstərmə vasitəsidir.
2) Dövlət tərəfindən mənfəətin müəyyən həddə təyin edilməsini həyata keçirir. Buna başqa sözlə rentabelliliyin müəyyən səviyyədə təsdiq edilməsi və ondan yuxarı müəyyən edilməsinə imkan verməlidir.
Dolayı tənzimləmə tədbirlərinə aiddir: Qiymətlərin tərkibində duran vergilərin səviyyəsini müəyyənləşdirməsi (ƏDV, mənfəət vergisi, aksiz, fiziki şəxslərin gəlir vergisi).
Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər. Parlament tərəfindən qiymətlər üzrə qanunların qəbul edilməsi müəssisələr, eləcə də onlarla dövlət arasındakı münasibətlər üçün hüquqi əsaslar yaradırlar. Bu qanunlar kompleksi mülkü hüququn tərkib hissəsi olan qiymət hüququnu təşkil edir. Səlahiyyətli orqanlar qiymət hüququ əsasında qiymətlərin tənzimlənməsi üzrə inzibati fəaliyyəti həyata keçirirlər. Onların pozulması zamanı günahkarlar məhsuliyyətə cəlb olunurlar. Qiymətlərin tənzimlənməsi üzrə birbaşa fəaliyyət nazirliklər və milli bank tərəfindən aparılır.
Tənzimləmənin qiymətlərin sabitləşməsinə müsbət amil kimi təsir göstərməsinə baxmayaraq, bu heç də onların daxili dondurulması demək deyildir. Bazar münasibətləri şəraitində əmtəə və xidmətlərin qiymətləri daim dəyişir. Odur ki, dövlət qiymətqoyma prosesinə müvafiq qanunvericilik, inzibati və büdcə-maliyyə tədbirləri vasitəsilə elə təsir etməlidir ki, ümumi iqtisadi sistemin inkişaf sabitliyi əldə edilsin. Başqa sözlə desək, dövlət çalışmalıdır ki, qiymətlərin ümumi səviyyəsi optimal olsun, yəni nə həddən artıq aşağı düşməsin, nə də həddən artıq yüksəlməsin.
Dostları ilə paylaş: |