Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir



Yüklə 15,14 Kb.
tarix09.05.2023
ölçüsü15,14 Kb.
#126617
növüQaydalar
Qrammatik norma


Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Qrammatik norma nitqdə sözlər və cümlələr qurulmasını tənzimləyir. Ədəbi dilimizin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında qurulmuşdur. Sözlər və cümlələr arasındakı əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana çıxır ki, məhz bu tipli səhvləri aşkara çıxarılır və onların aradan qaldırılmasına xidmət göstərilir. Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
1) Azərbaycan dilində müəyyən miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki əsgər, üç karandaş, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. "İki əsgərlər", "Beş müxtəlif idman köynəkləri" işlətmək qrammatik normanın pozulması deməkdir.
2) Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+ lər+imiz +in+dir, balıq+çı+lar+ımız+dan+sınız və s. Bu ardıcıllıq pozulduqda qrammatik norma pozulmuş hesab edilir.
3) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və s.Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür: Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxsus xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Əgər deyilərsə, qrammatik norma pozulmuş hesab olunur. Deməli, nitqdə lll növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar oluna bilir: "mənim anam" əvəzinə anam, "sənin adın" əvəzinə adın, onun (onların) atası" əvəzinə atası işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcamlıq yaranır. Elə bu qayda ilə mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq-müsahibələrdə mənsubiyyət kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim. - Bəs dedilər ki, onundur. - Yox, onun deyil, mənimdir. Bu , qrammatik norma pozuntusu hesab olunmur.4) Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: don+dur+ ul+malı+dır. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta -mı4 sual ədatını da artırmaq mümkündür: don+dur+ul+malı+dır+mı?, (gərək) gör+üş+mə+yə+siniz. Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik: “Uşaqlar hər zaman oxuyarlardı ”,“Onlar dərslərini gecələr öyrənirlərmiş” cümlələrində qrammatik norma pozulmuşdur, çünki -idi və -imiş hissəciyi –lar, -lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi.
Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin