Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə38/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
* * *

Fəlsəfi şeirlər Məxdumqulu yaradıcılığının mühüm bir qis­mini təşkil edir. Bu şeirlərdə biz onu müdrik bir filosof, dərin bilikli alim, ağıllı öyüd-nəsihətlər verən ağsaqqal, təcrübəli müəl­lim kimi görü­rük. Şairin kainat, dünya və axirət, həyat və ölüm, xe­yir və şər, yax­şı və yaman haq­qın­da düşüncələri, ibrətamiz söz­lə­ri, didaktik tövsiyə­lə­ri öz dəyərini və aktuallığını bu gün də qo­ru­yur. Çünki bunlar əsr­lərin sınağından çıxmış Şərq müdrikli­yi­nin Məxdumqulu qələmi ilə poetik qisvəyə bürünmüş re­al­lığı, ger­­çək­ləridir.

Şairin fikrincə, dünya-aləm qüdrətdən xəlq olunmuş, yaşı-başı bi­linməyən bir müvəqqəti məkandır:
Üç hissəsi dəli dərya,

Üçdə birində min qovğa,

Kim bilər bu köhnə dünya,

Ya rəb, neçə yaşındadır?!

Hər insan bu məkana gəlir, qonaq kimi yaşayır, ömür sürür və gedir, çünki verilən can bir gün hökmən geri alınır:


Məxdumqulu, eşq meydandır,

Bu meydana girən candır,

Canın bu təndə mehmandır,

Verən bir gün alasıdır.

Şair haqlı olaraq göstərir ki, fələk insanlara ölüm libası ti­kən bir dər­zi, onları ölüm kötüyü üstündə doğrayan bir cəlladdır:



Adəm oğlu, fələk sənin

Bir gün donun biçər gedər.

Sənə vurar xəncərini,

Qızıl qanın saçar gedər.
Fələk ömür bazarına ötürdüyü baqqal hər an, hər saat, hər gün in­san ömrü ilə al­ver edir, bizi al dilə tutub aldadaraq onu ya­vaş-ya­vaş dünya ma­­lına dəyi­şir. İnsan ömrü tükənəndə isə mə­zaristana sa­rı köç başlayır:
Fələk baqqal ötürmüş

Bazaristana sarı.
Məxdumqulu dillənər,

Gözdə yaşı sellənər,

Gündə köçdür, yollanar

Məzaristana sarı.
Şair bu fani, xain, hiyləgər və hərdəmxəyal, gecə-gündüz insan övla­dına, adəm­zada tə­lə qurmaqla məşğul olan dünyaya əsla gü­vən­­məməyi tövsiyə edir:
Güvənmə bəxtə, iqbala,

Dolanar yüz min xəyala,

İxtiyar yox pula, mala,

Dünya bənzər düşümüzə.
Fələk bizə əyri baxıb,

Əl uzadıb, əfsun oxub,

Orta yerdə danə töküb,

Tor qurubdur yaşımıza.

Məxdumbqulu­nun fikrincə, dünya hiyləgər bir qarı, insan oğ­lu isə yüz təlaş­la xəyallar ardınca qoşan bir sadəlövh, zavallı var­lıq­­dır:



Qarı dünya al içində,

Adəmzad xəyal içində,

Cahan qalmaqal içində,

Hər kim yüz təlaşlar ilə.
Humanist şair insanlara həyatdan dərs almağı, özünü aldat­ma­mağı, öz yerini bilməyi məsləhət görür. Çünki bu dünya təkəb­bürü, mənəmliyi əsla qəbul etmir, qul özünü bəy saymaqla bəy ola bilməz, eləcə də sirkə bal deyil, neft yağ de­yil… ölü isə sağ deyil:

Qənaətdə kamal var,

Mənlik etmə, zaval var,

Hər başda bir xəyal var,

Qul özünü bəy sayar.
Sirkə deyər: bal mənəm,

Neft özünü yağ sayar…
Dərd çəkənlər dərd bilər,

Namərd özün mərd bilər,

Tülkü özün qurd bilər,

Tula özün səg sayar.
Məxdumqulu bir quldur,

Qulluğuna qaildir,

Axmaq deyər aqildir,

Ölən özün sağ sayar.
Məxdumqulu axirətdə insanın öz əməlləri üçün hesab verməli oldu­ğunu xatırladaraq onu daim xeyir işlər görməyə çağırmış, şər­dən uzaq dur­mağa səsləmişdir:
Daş yağdırar başlarına,

Ağı qatar aşlarına,

Buradakı işlərinə

Hesab çəkməli dünyadır.
Bu mənada şairin vücudnamələri də dərin mə­na kəsb edən in­cilərdir. Məxdumqulunun bu janrda yazılmış bir neşə şeiri var­dır. O, insanın do­ğulduğu andan qəbr evinəcən həyat sərgü­zəştini poe­tik bir dillə nəql et­miş, insana uşaqlıq, yeniyetməlık, gənclik, orta yaş, qo­ca­­lıq və ahıllıq çağ­larında xas olan bütün özəl­likləri, fiziki və mənəvi inkişaf mərhə­lə­lə­rini bir filosof gö­zü ilə müşahidə etmiş, araşdırmış və bizə poetik biçimdə təqdim etmişdır:

Otuz yaşa varınca, sanki bir alğır şirsən...

Qırxında tövbə edib, bir mürşidə əl versən...

Əlli yaşa varanda, doğruluqda olarsan…

Altmış yaşa varanda, qocalığı bilərsən…

Yetmiş yaşa varanda, qanın qaçar üzündən,

Səksən yaşa varanda, könlün keçər özündən,

Gedər olub dünyadan, yaxasız dona gəldin.
Məxdumqulu, möhnətdir hər kim doxsana yetsə,

Kəm-kəm gələr cahana, əgər yüz yaşa yetsə,

Heç kimdən haray olmaz əcəl yaxanı tutsa,

İmanını qazansan, yolunu rəvan etsə,

Axır olacağın budur – tənin yer ilə yatsa,

İşığı, tünlüyü yox, qaranlıq xana gəldin.
Bir çox məqamda ictimai, fəlsəfi və məhəbbət motiv­lə­rinin çul­ğaşdığı, üst-üstə düşdüyü şeirlərində Məxdumqulu adəmoğluna be­lə bir fikri aşılamaq­ istəyir ki, in­san yuxu kimi gəlib keçən ömrü boşuna ya­şa­mamalı, dünyaya yax­şı gəlib xoş getməli, quru gəlib boş get­mə­məlidir:
Heç düşməyənlər qəmə,

Şükr etməzlər xoş dəmə,

Nə gözəldir adəmə

Yaxşı gəlib, xoş getmək.
Yaman dil yol itirər,

Yaxşı rəhmət gətirər,

Ərə qayğı artırar

Qırxdan aşıb, yaş getmək.

Fəraqi, dünya düşdür,

Düş görsən, dibi heçdir,

Cahanda yaman işdir,

Quru gəlib, boş getmək.

Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin