Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə31/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Məkan tutub, üç il yedim duzunu,

Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Ötürdüm qışını, novruz-yazını,

Gedər oldum, xoş qal, gözəl «Şirqazi».
...Məxdumqulu yığıb könül vəfasın,

Təzim etdi, kim çəkmişdi cəfasın,

Heç zaman unutmaz qızıl qapısın,

Gedər oldum, xoş qal, gözəl «Şirqazi».
Əldə olan məlumatlara görə, Məxdumqulu ilk gəncliyin­dən bə­ri sonsuz bir məhəbbətlə sevdiyi Mənli adlı qıza qovuşmamış, bu eşq onu daim yandırmış, ilham qaynağına çev­rilmiş, bədii yaradı­cı­lığını körük­ləmişdir. Şair Mənliyə bir çox şeirlər həsr etmişdir.

Məxdumqulunun şəxsi həyatı faciələrlə keçmişdir. Abdul­la ad­lı qar­daşı hansı səbəbdənsə ata yurdunu tərk etmiş, 1754-cü ildə üç ailə üzvü – ba­cısı Xanmənli, kiçik qardaşı Canəsən və onun ar­vadı Bay­­ram ey­ni gün­də dünyadan köçmüş, bu dərd 21 yaşlı Məx­dum­qu­lunu, onun atası Aza­dini və anasını dərin kədərə qərq et­mişdir. Üs­tə­lik, şairin iki uşağının ikisi də kiçik yaşlarında ölmüş, çırağını yan­dıracaq başqa övladı olmadı­ğından Məxdumqulu bir ata və insan ki­mi bunu böyük ürək ağrısı ilə qarşılamış, «Bəxtim qaradır» şei­rində yaz­mışdır:


Koroğlu tək qeyrətimdən ayrıldım,

Qocalmışam, qüvvətimdən ayrıldım,

İki didəm − züryətimdən ayrıldım,

Rəhm edən olmadı, bəxtim qaradır.
Məxdumqulu bir şərqli, müsəlman və türk olaraq övlad­sız­lıq dər­dini bir çox şeirində yana-yana dilə gətir­miş­dir. Onun müx­təlif şe­ir­lərindən seçdiyimiz aşağıdakı bənd­lər də bunu göstərir:

Tənhalıq həsrəti başdan ötərmiş,

Oğulsuzluq bütün işdən betərmiş,

Züryətsiz igidin yeri itərmiş,

Yurdu yox, karvanı köçdü dedilər.
Dağımda bənd qaldı sellər,

Getdi huşum, əyri bellər,

Məxdumqulu deyər, ellər,

İzimdə züryət qalmadı.
Pünhan sirrim aşkara,

Neylək, çıxıb şikara,

Məxdumqulu biçara

Bircə züryəti gözlər.
Derlər: «Yaxınmış axirət»,

Görən varmıdır aqibət,

Məxdumqulu, quru dərəxt ―

Adamda züryət olmasa.
Şeirlərindəki «Pis xatın başa möhnətdir», «Yaman xatın yax­şı ərə Sovulmaz töhmətə bənzər», «Yenə yaxşı bir igidə Ya­man xatın tuş ol­masın», «Tuş olsan yaman xatına Ömrün ötər şər iləni» kimi mis­ralardan belə anlaşılır ki, Məxdumqulunun evində dinclik, könül ra­hatlığı ol­mamış, daima əsəbilik hökm sürmüşdür. Ona görə də şair yaxşı, xoşxasiyyət qa­dın­ları tərif­lə­miş, milli türk psi­xo­logiyasına və təfəkkürünə, ədəbi ənənə­sinə uyğun olaraq (burada dahi Yusif Bala­sa­­ğun­lunu və onun məşhur «Qu­tadğu Bilig» didak­tik poemasını xa­tırla­maq yerinə düşərdi) evlənmə işində gənc­lə­rə bəzi məslə­hət­lər ver­­mişdir:
Məxdumqulu, kimsə bilməz batini,

Evlənsəniz, baxıb alın zatını,

Yiyəm görkəzməsin yaman xatını,

Adam özün bilməz, xam xəyal olar.
Bütün bunlar yetməzmiş kimi, Məxdumqulu sonra öz qiblə­ga­hı say­dığı atası Azadini və sevimli anasını da itirmış, bu fani dünyada ya­pa­yalnız qalmışdır. Bundan sonra öz şeirlərini hamıdan ayrılmış, fə­rağa, uza­ğa düşmüş mənasına gələn Fəraqi təxəllüsü ilə yazmağa başlamışdır. O, bir neçə şeirində nəyə görə bu təxəllüsü qəbul etdiyi­ni bu şəkildə açıqlamışdır:
Cahanı yandırdı odun,

Qaçar oldu yaxın-yadın,

Məxdumqulu, sənin adın,

Olsun indi qoy Fəraqi.
Məxdumqulu, adın döndü Fərağa,

Fəraq olub, çək özünü qırağa...
Məxdumqulu gənc yaşlarından etibarən səyahətə çıxaraq bü­tün Türkmənistanı, Orta Asiyanı, İranı və Hindistanın bir qis­mi­ni gəzib do­laş­mışdır. Hətta ilk dəfə səfərə çıxmaq istədikdə ata­­sı gənc və təc­rübəsiz ol­du­ğunu söyləyə­rək ona mane olmağa ça­lış­mışdır. Bu haqda ata ilə oğulun maraqlı bir deyişməsi də vardır.

Məxdumqulunun Azərbaycanda və Anadoluda olub-olma­ma­sı də­qiq məlum deyil. Doğrudur, onun əsərlərində Azərbay­can, eləcə də Kay­seri və Qars barədə müəyyən məlumatlar var, lakin bu məsələ hə­ləlik açıq qalır. Ümumiyyətlə, Məxdum­qu­lunun şeirlərin­də bir çox ölkə, vilayət, şə­hər, el-oba, kənd adı çək­mişdir ki, bun­la­rın əksəriy­yə­ti poetik ənənəyə uyğun olaraq işlədilmişdir. Məsə­lən, Yusifdən ya­zarkən Kənan (indiki Fə­ləs­tin) və Misiri xatırlat­mamaq mümkün deyil. Eləcə də bir şeyin vüsətini, genişliyini, kiminsə şan-şöhrətinin, ad­­-sa­­nınin yeddi iqlimə yayılmasını bir qə­dər də mü­baliğəli göstər­mək üçün Mi­­sir, Həbəş, Zəngistan, Firəng, Yunan, Rumistan, Tür­küstan, Çin-Maçin, Hin­dis­tan kimi bir-bi­rin­dən çox-çox uzaqda yer­ləşən məmlə­kətlərin ad­larının bir şeirdə ya­naşı çə­kilməsi poezi­yada məqbuldur. La­kin da­nılmaz həqi­qət­dir ki, Məxdumqu­lu­nun coğra­fi­ya sahəsin­dəki bilik­ləri heyrəra­miz dərə­cədə genişdir. Biz bunu şai­rin «Bu dünya» adlı şe­irində ba­riz şə­kildə görürük. Burada isla­mi bil­­gilər işığında 15 öl­kə­nin sahəsi ağacla-fərsəxlə verilmiş, su, bataq­lıq, dağ, adam yaşa­ma­yan yer­lər, səhralar və s. göstərilməklə təqri­bən bütün dün­ya coğ­rafiyası əhatə olun­muş­dur. Şeirdə oxuyuruq:


On iki min ağac cayi-Hindistan,

Altı min ağac yol ərzi-Rumistan,

Dörd min Səklab, Səncab, dörd min Zəngistan,

Sanki keçib varan seldir bu dünya.
Dörd min fərsəx Yəmən, bir min də Bulğar,

Zəmini-yunan həm olar yek həzar,

Min ağac yol dağdır, devi-mərdumxor,

Onda keçib varan saldır bu dünya…
Üç min üç yüz ağac əhli-islamdır,

İraq, Xəzirbaycan, Misirdir, Şamdır,

Xorasan, Fars, Bəzirkuhda tamamdır,

Yox olunca, qalmaqaldır bu dünya.
Mütəxəssislərin hesablamalarına görə, şairin yaradıcılı­ğın­da iş­lə­dil­miş re­­al coğrafi, dini-mövhumi məntəqələrin, tarixi və əf­sanə­vi şəxs ad­la­rının sayı 258-dir. Yeri gəlmişkən, bir statis­tik mə­lu­matı da ver­mək istər­dik: Məxdumqulunun əlimizdəki şeirlərində bir sözün dəfələrlə işləndiyini nəzərə almaqla ümu­mən 101 min kəlmədən isti­fadə edildiyi kompüter sa­yımı zamanı ortaya çıxdı...

Məxdumqulunun sonraki həyatı barədə əldə dəqiq məlu­mat­­lar yox­dur. Onun vafat tarixi də mübahisəlidir. Bəzi araşdır­maçılar şai­rin 1783-cü ildə, bəziləri isə 1793-cü, hətta 1798-ci ildə böyük acılar çəkdiyi bu dünyadan əbədi xatırlanacaq bir ad və böyük poetik irs qo­­yaraq köçdü­yü­nü qeyd edirlər.

* * *

Məxdumqulu hər şeydən əvvəl böyük şair və istedadlı aşıq­dır. Artıq XVII əsrdən etibarən türk ədəbiyyatında divan ədə­biy­yatı ilə klassik aşıq yaradıcılığı qovuşaraq yeni bir mər­hə­ləyə qədəm qo­ymuş, yazılı ədəbiy­yatla şifahi ədəbiyyatın sintezi nəticəsin­də şa­ir-aşıq sənətkarlar yetışmış­dir. Türkmənis­tanda Məxdumqulu, Azər­bay­canda Vaqif, Türkiyədə isə Nədim bun­ların ən parlaq nüma­yən­­dəsi sayılır. Saz çalıb-çalmama­sın­dan, məclislərdə çıxış edib-etmə­mə­­sin­dən asılı olmayaraq on­la­rın yaradıcılığı şifahi xalq ədə­biyyatı ənənə­ləri üzə­rində yük­səl­miş, folklordan bəhrə­lə­nərək nəşv-nüma tap­­mış, aşıq şe­i­ri janr­ları aparıcı mövqedə olmuş, eyni zamanda di­van ədə­biyyatı da öz qüvvətli təsirini qorumuşdur. Bu tipli sənət­kar­ların ya­radı­cılığın­da qoşma, gəraylı, təcnis janrında yazılmış əsər­lər­lə bəra­bər qəzəl, qə­sidə və məsnəvilərə də rast gəl­mək mümkün­dür.



Məxdumqulu söz sənətinə aşıq kimi qədəm qoymuş, türk­mən və ümum­­türk folklorunu dərindən mənimsəyən və inkişaf etdirən bir haqq aşığı səviyyəsinə yüksəlmişdir. O, digər haqq aşıqları ki­mi ba­də içmişdir. Üstəlik, Məxdumqulu yeganə aşıqdır ki, onun hə­­yatında badə içmə doqquz dəfə baş vermiş­dir. Türk ədəbiyyatı tarixində na­dir hadisə olduğu üçün bu məsələ üzərində bir qədər ge­niş dayanmaq lazımdır.

Müqəddəslər əlindən badə içməsi (türkməncə buna «haq­dan iç­mə» deyilir), bunun məkanı və zamanı, kimlərin iştirakı ilə və nə şə­kildə baş ver­mə­si şairin öz şeirlərində təsvir edilmişdir. Bunların ən mü­fəssəli və geni­şi «Durgil» dedilər» adlı şeirdir. Qısalıq na­mi­nə biz badə şe­ir­­lərini sxe­matik olaraq verməyi məqsədəuyğun he­sab edirik.




Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin