O (Əlini pencəyinin qoltuq cibinə salır). Məni başqa işə təhrik eləmə. Mənim başqa çıxış yolum qalmır.
Üçüncü Mən (Gərgin bir vəziyyətdə onun hər bir hərəkətini izləyir). Bu işi təxirəsalmaq hələ gec deyil. Bunun üçün arqumentlər də tapmaq olar. Ultimatumu verməyin daha qorxusuz bir yolunu da düşünüb tapmaq olar.
O. Sənə deyirəm, çəkil yolumdan!
Üçüncü Mən tərəddüd eləyir, Onun əmrinə tabe olmaq istəyən anda, Birinci Mən də ona qoşulur. Birinci Mən bir neçə addım atıb Üçüncü Mənlə yanaşı dayanır. İkinci Mən(acıqla). Bu da sənin şübhələrinin axırı! Bax öz duyğularına sərbəstlik verməyin, öz daxilindəki intizamı pozmağın sonu belə qurtarır!
Birinci Mən (Ona). Mən demokratiyanın zor üsulu ilə yaradılması ilə razı deyiləm. Burada sənin gətirdiyin dəlillər inandırıcı deyildir. Zor işə düşəndən sonra onu dayandırmağın mümkün olacağına heç kim təminat verə bilməz.