Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə17/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Əbu-Cəfər

Hüseyn Allahkərəm, Fərəcullah Muradian


1981-ci ilin martında uşaqların Bazideraz dağında başqa bir əməliyyat keçirdiklərini eşitdik. Qərara gəldik ki, Əndərzqu dəstəsinin uşaqları da düşmən mövqelərinə partizan hücumuna keçsinlər.

Bu işə İbrahim, Vahab Qəmbəri,1 Rza Qudini və mən seçildik. Yerli kürdlərdən Şahrux Nurayi və Hişmət Kuhpeykər də bizimlə gəldi.

Özümüzlə ərzaq, silah və bir neçə mina götürüb hava qaralanda dağa doğru yola düşdük. Yüksəkliklərdən keçib Gilan düzünə çatdıq. Hava işıqlaşanda uyğun bir yerdə yerləşib gizləndik.

Günboyu istirahətlə yanaşı düşmən mövqelərini və yolları öyrəndik, xəritə hazırladıq. Qarşımızdakı düzdə iki yol vardı: biri asfalt, o biri isə torpaq yol idi və hərbi fəaliyyət üçün istifadə olunurdu. Bu iki yolun arasında təxminən 5 km. məsafə vardı. İraq ordusunun bir bölüyü təpələrdə və yolların kənarında yerləşib təhlükəsizliyi qoruyurdu.

Hava qaralanda namazı qılıb yola düşdük.

Rza Qudini ilə mən asfalt yola, digər uşaqlar da torpaq yola getdilər. Yolun kənarında gözlədik. Yol boşalan kimi cəld hərəkətə keçib çalalarda avtomobil əleyhinə iki mina quraşdırdıq, üzərini bir qədər torpaqla örtüb torpaq yola doğru getdik.

Düşmən qüvvələrinin get-gəlindən onların hələ Baziderazın üstündə vuruşduqlarını bilmək olurdu. Əksər maşınlar və şəxsi heyət ora gedirdi. Hələ torpaq yola çatmamış dəhşətli bir gurultu eşitdik. Birdən hər ikimiz oturub geriyə baxdıq.

Bir düşmən tankı minaya düşmüşdü və yanırdı. Bir neçə saniyədən sonra tankın içindəki mərmilər də bir-bir partlamağa başladı. Tank elə yanırdı ki, bütün düz işıqlanmışdı. İraqlıların ürəyinə böyük qorxu və təşviş düşdü, keşikçilərin əksəri hara gəldi atəş açırdı.

İbrahimgilə çatanda onlar da işlərini bitirmişdilər. Birlikdə dağa doğru yola düşdük. İbrahim dedi ki, səhərə qədər vaxtımız çoxdur, silahımız və partlayıcı maddələrimiz də var. Gəlin pusqu qurub düşməni daha çox qorxudaq.

Hələ İbrahimin sözləri bitməmiş torpaq yoldan başqa bir gurultu qopdu. Bir düşmən avtomobili minaya düşüb partladı. Əməliyyatın uğurlu alındığına görə hamımız sevinirdik. Düşmənin atəşi daha çoxaldı. Bizim orada olduğumuzu bildiklərinə görə raket və fişəng atırdılar. Biz də tələsik dağa yollandıq.

Qarşımızda bir təpə vardı. Birdən onun arxasından bir SUV avtomobili bizə doğru gəlməyə başladı. O qədər yaxında idi ki, fikirləşməyə macal qalmadı.

Uşaqlar tez mövqe seçib avtomobilə atəş açmağa başladılar. Bir az sonra ona yaxınlaşdıq. Yüksək rütbəli bir zabitlə sürücüsü həlak olmuş, rabitəçi isə yaralanmışdı. Onun ayağına güllə dəymişdi və dayanmadan zarıyırdı.

Uşaqların biri silahını hazırlayıb rabitəçiyə doğru getdi. Rabitəçi dayanmadan deyirdi: "Əl-Aman! Əl-Aman!"

İbrahim özündən asılı olmadan qışqırdı: "Nə etmək istəyirsən?!"

– Heç, onu rahatlaşdırmaq istəyirəm.

– Dost, atəş açanda o bizim düşmənimiz idi, indi isə başının üstünə gəlmişik və o, əsirdir.

Sonra rabitəçiyə yaxınlaşdı, onu qaldırıb çiyninə atdı və yola düşdü. Hamı İbrahimin hərəkətinə təəccüblə baxırdı. Biri dedi: "Ağa İbrahim, bilirsən nə edirsən?! Buradan bizim mövqelərə qədər dağların arası ilə 13 km. yol var".

– Güclü bədəni Allah bu günlər üçün verib.

Sonra dağa doğru getməyə başladı. Biz də tez avtomobilin içindəki əşyaları və ratsiyanı götürüb yola düşdük. Dağın yamacında bir az istirahət edib iraqlı yaralının ayağının yarasını bağladıq, sonra yenidən yolumuza davam etdik.

Yeddi saat piyada gedəndən sonra təmas xəttinə çatdıq. İbrahim yolda iraqlı əsirlə danışır, o da dayanmadan İbrahimə təşəkkür edirdi. Sübh azanında təhlükəsiz bir yerdə camaat namazı qıldıq. Əsir də bizimlə namaz qıldı.

Orada onun şiə olduğunu bildim. Namazdan sonra bir qədər çörək yedik, nəyimiz vardısa, iraqlı əsir daxil, hamıya bərabər böldük.

Bizdən belə yaxşı rəftar gözləməyən əsir özünü təqdim etdi.

– Mənim adım Əbu-Cəfərdir, Kərbəla şəhərindənəm. Mən sizin belə olduğunuzu əsla düşünməzdim...

Çox danışdı, biz yalnız bəzi sözlərini başa düşdük.

Hələ hava işıqlanmamış yaxınlıqdakı Seyran mağarasına gedib istirahət etdik. Rza Qudini kömək yollamaq üçün öz mövqelərimizə getdi.

Bir saatdan sonra Rza maşınla və köməkçilərlə gəlib uşaqları səslədi. Rzadan vəziyyəti soruşanda dedi: "Mağaraya qayıdanda birdən yerimdə donub qaldım. Mağaranın önündə silahlı adam oturmuşdu. Əvvəlcə dedim yəqin sizdən biridir, yaxınlaşanda isə gördüm ki, iraqlı Əbu-Cəfər əlində silah keşik çəkir. Onu görən kimi rəngim qaçdı. O isə məni salamladı və silahı təhvil verdi. Sonra da ərəbcə dedi: "Sizin yoldaşlarınız yatmışdılar. Mən iraqlı keşikçilərin buradan keçdiklərini duyub gəldim ki, yaxınlaşsalar, onları vurum”.

Uşaqlarla düşərgəyə getdik. Əbu-Cəfəri bir neçə gün yanımızda saxladıq. Yolda çəkdiyi əziyyətə görə İbrahim xəstəxanaya getdi və bir neçə gündən sonra qayıtdı. Onu görəndə hamı sevindi. Dedim ki, qərb korpusunun uşaqları sənə təşəkkür etməyə gəliblər. Təəccüblə dedi: "Nəyə görə? Nə olub ki?" Dedim: "Gəl, görəcəksən".

İbrahimlə birgə korpusun qərargahına getdik. Korpusun işçisi danışmağa başladı: "Sizin gətirdiyiniz iraqlı əsir düşmənin dördüncü diviziyasının rabitəçisi imiş. O bizə olduqca dəyərli məlumatlar verdi. Bu əsir üç gündür danışır. Verdiyi məlumatların hamısı doğrudur. O, müharibənin ilk günündən bu bölgədə olub, İraq hərbçilərinin keçdiyi bütün yolları və bütün ratsiya parollarını bizə deyib. Buna görə sizə təşəkkür etmək istədik”. İbrahim gülümsəyib dedi: "Əşi, biz kimik ki?! Bu, Allahın işi idi".

Ertəsi gün Əbu-Cəfəri əsir düşərgəsinə göndərdilər. İbrahim nə qədər çalışdısa, onun bizim yanımızda qalmasına nail ola bilmədi. Bunu onun özü xahiş etmişdi və Bəəs qüvvələri ilə vuruşmaq istəyirdi.

***


Bir müddətdən sonra iraqlı əsirlərin bir qisminin Təvvabin (tövbə edənlər) adlı bir qrup yaradaraq cəbhəyə gəldiklərini eşitdim. Onlar (mühacir iraqlılardan ibarət) Bədr briqadasının döyüşçüləri ilə birgə Səddama qarşı vuruşurdular.

Axşamüstü idi. Dəstənin qədim uşaqlarından biri yanıma gəlib sevincək dedi: "Sənə yaxşı xəbər gətirmişəm: iraqlı Əbu-Cəfər Bədr briqadasında döyüşür".

Əməliyyatdan sonra dostlarla birgə Bədr briqadasına getdik. Fikirləşdik ki, nəyin bahasına olursa-olsun, Əbu-Cəfəri tapıb öz dəstəmizə gətirəcəyik. Briqadanın binasına daxil olanda isə yerimizdə donub qaldıq. Divara briqadanın şəhidlərinin şəkilləri vurulmuşdu. Biz axırıncı əməliyyatın şəhidləri arasında Əbu-Cəfərin fotosunu gördük.

Qəribə hisslər idi. Lal-dinməz şəklə baxdıq və daha binaya girmədik.

Həmin gecənin bütün xatirələri təsəvvürümdə canlandı: düşmənə hücum, İbrahimin fədakarlığı, iraqlı rabitəçi, əsir düşərgəsi, Bədr briqadası... sonra da şəhadət. Xoş halına!


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin