Dost Mustafa Hərəndi
Çox gərgin idi, üzündən narahatlıq yağırdı. Nə baş verdiyini soruşanda dedi: "Axşam uşaqlarla kəşfiyyata getmişdik. Qayıdanda Maşallah Əzizi1 minaya düşüb şəhid oldu. İraqlılar atəş açdıqlarına görə biz də qayıtmağa məcbur qaldıq”.
Narahatlığının səbəbini anladım.
Hava qaralanda getdi və gecənin yarısı sevinclə qayıtdı. Dayanmadan qışqırırdı: "Həkim! Həkim! Tez gəl, Maşallah sağdır".
Uşaqlar sevinib Maşallahı təcili-yardım maşınına qoydular. İbrahim isə bir tərəfdə fikirli oturmuşdu. Mən də yanında oturdum.
– Nə fikirləşirsən?
Bir qədər sükut etdi.
– Maşallah iraqlıların səngərinin yanında minaya düşmüşdü, mən gedəndə isə orada deyildi. Onu bir qədər geridə tapdım, düşməndən uzaqda, təhlükəsiz yerdə. Oturub məni gözləyirdi.
***
Ayağımdan çoxlu qan axmış, bədənim keyimişdi. İraqlılar əmin idilər ki, sağ deyiləm. Qəribə halda idim, yalnız dodaqaltı deyirdim: "Ya Sahibəzzaman! İmdada yet!"
Hava qaralmışdı. Nurlu bir gənc başım üstə gəldi. Gözlərimi çətinliklə açdım. Məni yavaşca qaldırıb minalanmış sahədən çıxardı və təhlükəsiz bir yerdə yavaşca yerə qoydu.
Mən ağrı hiss etmirdim. O ağa mənimlə çox söhbət etdi və sonra buyurdu: "Bir nəfər gəlib səni xilas edəcək. O, bizim dostumuzdur".
Az sonra İbrahim həmişəki vüqarı ilə göründü. Məni çiyninə atıb yola düşdü. O nurlu gənc İbrahimi öz dostu adlandırmışdı. Xoş onun halına!
Bu sözləri Maşallah Gilanqərb cəbhəsinə dair xatirələrində yazırdı.
***
Maşallah Gilanqərbin ixlaslı və təqvalı müəllimlərindən idi. O, müharibənin ilk günündən sonuna qədər cəsarətlə döyüşdü, bütün əməliyyatlarda iştirak etdi və müharibədən sonra avtomobil qəzasında şəhid dostlarına qovuşdu.
Tanınmazlıq Mustafa Hərəndi
Sübh azanından öncə qayıtdı. Çiynində şəhid cəsədi vardı, üzündən yorğunluq yağırdı.
Səhər çağı məzuniyyət vərəqini alıb şəhidin cəsədi ilə birgə yola düşdük. Həm yorğun idi, həm də sevinirdi. O deyirdi: "Bir ay öncə Bazideraz dağında əməliyyat keçirdik. Yalnız bu şəhid qalmışdı. İndi ara sakitləşdiyinə görə Allahın lütfü ilə gətirə bildik".
Xəbər çox sürətlə Tehrana çatmışdı. Hamı şəhidin cəsədini gözləyirdi. Ertəsi gün Xorasan meydanından izdihamlı dəfn yürüşü başlandı. Tehranda bir neçə gün qalmaq istəyirdik, amma başqa bir əməliyyat xəbəri gəldi. Qərara gəldik ki, ertəsi gün axşam məsciddən yola düşək.
***
Namazdan sonra İbrahimlə və başqa bir neçə yoldaşla məscidin önündə dayanıb söhbət edirdik.
Bir qoca bizə yaxınlaşdı. Onu tanıdım; İbrahimin dağın başından gətirdiyi şəhidin atası idi. Salam verdik, o da cavabladı. Hamı sakit idi. Bizim gənc çevrəmizə yad gəlirdi, amma nəsə demək istəyirdi.
Bir az sonra sükutu pozub dedi: "Ağa İbrahim, minnətdaram, zəhmət çəkmisən, amma oğlum..."
Qoca bir qədər dayanıb əlavə etdi: "Oğlum səndən narazıdır".
İbrahimin həmişə gülər üzü ciddiləşdi, gözləri təəccübdən böyüdü.
– Axı nə üçün?
Qocanı qəhər tutdu, gözləri yaşardı. Səsi də titrəyirdi.
– Dünən oğlumu yuxuda gördüm. Mənə dedi ki, biz tanınmaz və itkin düşmüş halda yerdə qalanda seyidlər anası həzrət Zəhra (ə) hər gecə bizə baş çəkirdi. İndi isə belə bir şey yoxdur. Oğlum dedi ki, tanınmaz və itkin şəhidlər həzrət Fatimənin (ə) xüsusi qonaqlarıdır...
Qoca daha heç nə demədi. Hamımız lal-dinməz dayandıq.
İbrahimə baxdım. Gözlərindən iri yaş gilələri axırdı. Ürəyini oxuya bilirdim. Onda yaxşı bir arzu yaranmışdı: tanınmazlıq və itkinlik.
***
Bu hadisədən sonra İbrahimin cəbhəyə və şəhidlərə baxışı çox dəyişdi. O deyirdi: "Daha şübhəm yoxdur ki, bizim şəhidlərimiz Allah rəsulunun (s) və İmam Əlinin (ə) səhabələrindən geri qalmırlar".
Ondan dəfələrlə bu sözü də eşitmişəm: "Kim Kərbəlada İmam Hüseynlə birgə olmağı arzulayırsa, buyursun, imtahan vaxtıdır".
İbrahim əmin idi ki, müqəddəs cəbhələr məqsədə, səadətə və insani təkamülə çatmaq yeridir. Ona görə də, hara gedirdisə, şəhidlərdən danışırdı, döyüşçüləri və cəbhə uşaqlarını tərifləyirdi. Onun əxlaqı və rəftarı da günbəgün dəyişdi, bütünlüklə mənəviyyata qərq oldu.
Əndərzqu düşərgəsində axşamlar adətən iki-üç saat yatır, sonra bayıra çıxırdı. Azan vaxtı da gəlib uşaqları sübh namazına səsləyirdi. Bir dəfə onun arxasınca gedib korpusun mətbəxinə keçdiyini gördüm. Ertəsi gün orada işləyən kişidən öyrəndim ki, mətbəxin uşaqlarının hamısı gecə namazı qılır. İbrahim bundan ötrü oraya gedirmiş. Bizim qərargahda qılsaydı, hamı bilərdi.
Axır zamanlarda İbrahimin hərəkətləri mənə İmam Əlinin (ə) Növf Bikkaliyə buyurduğu hədisi xatırladırdı:
"Mənim şiələrim gecənin abidləri, gündüzün aslanlarıdır!"
Yalnız Allah üçün Şəhidin dostlarından biri
Dostumu görməyə getmişdim. O, qərb bölgəsində bir əməliyyatda yaralanmış, ayağından güclü zədə almışdı. Məni görən kimi sevinib təşəkkür etməyə başladı.
- Seyid can, çox zəhmət çəkdin. Əgər məni geri gətirməsəydin, yüz faiz əsir düşəcəkdim.
- Sən nə danışırsan?! Mən hamıdan tez silah dolu maşınla geri qayıtdım və sonra məzuniyyətə getdim.
Dostum təəccübləndi.
- Yox əşi, sən idin. Mənə kömək etdin və ayağımın yarasını bağladın.
Məni kiminləsə səhv saldığını nə qədər deyirdimsə, qəbul etmirdi.
Bir müddət ötdü. Onun sözləri haqda yenidən fikirləşdim. Birdən yadıma bir şey düşdü və İbrahimin yanına getdim. O da həmin əməliyyatda iştirak etmişdi və məzuniyyətdə idi. İbrahimlə birgə o dostumun evinə getdik. Ona dedim: "Təşəkkür etməli olduğun adam ağa İbrahimdir, mən deyiləm. Çünki mən ümumiyyətlə, bir adamı hələ dağlıq bir yerdə 8 km. apara bilmərəm. Bundan anladım ki, İbrahimin işidir; az danışan, güclü, mənim kimi boy-buxunlu və məni tanıyan. Bildim ki, budur”.
İbrahim dillənmirdi.
- Ağa İbrahim, cəddim haqqı, əgər danışmasan, səndən inciyəcəyəm.
İbrahim də mənim hərəkətimə çox hirslənmişdi.
– Seyid, nə deyim?!
Sonra bir qədər dayandı və soyuqqanlılıqla davam etdi.
– Mən əliboş qayıdırdım, o da bir tərəfdə yıxılıb qalmışdı. Arxamda da kimsə yox idi, təxminən axırıncı adam idim. O qaranlıqda ayağının yarasını çəkmənin ipi ilə bağladım və yola düşdük. Yolda mənə "Seyid" deyirdi, mən də bildim ki, sənin dostlarındandır. Buna görə bir söz demədim və onu təcili-yardım işçilərinin yanına apardım.
Bundan sonra İbrahim məndən çox incidi, bir neçə gün mənimlə danışmadı. O həmişə deyirdi ki, Allah üçün görülmüş işi deməyə gərək yoxdur.
***
Kəşfiyyat qrupu ilə düşmən mövqelərinə girdik. Ətrafı öyrənərkən birdən orada bir qoyun sürüsünün olduğunu duyduq.
Çoban yaxınlaşıb salam verdi və soruşdu: "Siz Xomeyninin əsgərlərisiniz?" İbrahim ona yaxınlaşdı.
– Biz Allahın bəndələriyik. Qoca, bu dağda-daşda nə edirsən?
– Yaşayıram.
– Qoca, çətinliyin varmı?
Qoca gülümsədi.
- Çətinliyim olmasaydı, burada qalmazdım ki.
İbrahim götürdüyümüz ərzaqdan ona bir qutu xurma, bir qədər çörək və digər şeylər verib dedi: "Bunlar İmam Xomeyninin sizə hədiyyəsidir". Qoca çox sevinib dua etdi və biz oradan uzaqlaşdıq.
Bəzi uşaqlar İbrahimə etiraz etdilər ki, biz bir həftə burada qalacağıq, sən ərzağın çoxunu ona verdin.
İbrahim dedi: "Əvvəla, bizim işimizin neçə gün sürəcəyi bəlli deyil, ikincisi isə əmin olun ki, bu qoca bizə düşmənçilik etməz. Şübhəniz olmasın ki, Allahın razılığı üçün görülən iş həmişə təsirli olur”.
Azuqəmiz az olsa da, o kəşfiyyatda işimiz çox tez bitdi və hətta götürdüklərimizdən artıq da qaldı.
Dostları ilə paylaş: |