Əli Müqəddəm
1980-ci ilin məhərrəmliyində mühüm bir hadisə baş verdi. Əsğər Vüsali və Əli Qurbani şəxsi heyətləri ilə birgə Sərpol Zəhabdan Gilanqərbə gəldilər. Qərara alındı ki, düşmən mövqelərini öyrənəndən sonra şəhərin şimal istiqamətindən əməliyyat hücumu olsun.
O günlərdə Əndərzqu partizan dəstəsi yeni təşkil olunmuşdu və onlar düşmən mövqelərinin bir qismini öyrənmişdilər. Aşura gecəsi bütün uşaqlar korpusun qərargahına toplaşdılar. Möhtəşəm əzadarlıq keçirildi. İbrahimin o məclisdəki məddahlığını uşaqların çoxu xatırlayır. O, qəribə şövqlə oxuyurdu, Əsğər Vüsali də əzadarların nizamlayıcısı idi. Aşura günü Əsğər uşaqların bir neçəsi ilə birgə Bəraftab bölgəsinə kəşfiyyata getdi. Günortaya yaxın xəbər gəldi ki, onlar İraqın bir pusqusu ilə döyüşə girmişlər. Uşaqlar özlərini çatdırdılar, düşmən qüvvələri də tez geri çəkildi. Lakin Əli Qurbani orada şəhadətə qovuşdu, ağır yaralandığına görə Əsğərin sağ qalacağına da ümid yox idi.
Əsğər Vüsalini tez geriyə yolladıq, amma o da şəhidlər karvanına qoşuldu.
Əsğərin şəhadətindən sonra İbrahim ucadan ağlayıb deyirdi: "Heç kim bilmir ki, necə komandiri əldən verdik. İnqilabımızın Əsğər kimilərə çox ehtiyacı vardı".
Əsğər, şəhid qardaşının qırxı çıxmamış Aşura günü şəhadət məqamına nail oldu.
İbrahim dəfn üçün Tehrana getdi və Əsğərin Gilanqərbdə qalmış peykan avtomobilini də apardı. Maşına o qədər qəlpə dəymişdi ki, demək olar, sağlam bir yeri qalmamışdı.
Şəhid Vüsalini dəfn edəndən sonra tez cəbhəyə qayıtdıq. İbrahim deyirdi ki, Əsğər şəhadətindən bir neçə gün qabaq qardaşını yuxuda görübmüş. Qardaşı ona demişdi: "Əsğər, sən Aşura günü Gilanqərbdə şəhid olacaqsan".
Ertəsi gün dəstənin uşaqları Əsğərə yas məclisi keçirdilər, əzadarlıq etdilər. Sonra söz verdilər ki, son damla qanlarına qədər cəbhədə qalıb Əsğərin intiqamını alsınlar.
Cavad Əfrasiyabi və uşaqların bir neçəsi dedilər: "Səddamı cəzalandırmayana qədər əzalı adamlar kimi saqqalımızı qırxmayacağıq".
Sadə görkəm Şəhidin dostları
Müharibənin ilk günlərində İbrahim çoxlu döyüşçülər üçün örnəyə çevrilmişdi. Çoxları onunla dost olmağa can atırdı. O isə tərif və şöhrətdən həmişə qaçırdı.
O, hərbi geyimə fikir vermir, uzun köynək və kürd şalvarı geyinirdi. Bununla həm yerli əhaliyə bənzəmək, həm də sadə görünməklə öz nəfsini ram etmək istəyirdi. Mən onu ilk dəfə görəndə qulluqçu sanmışdım.
İbrahim necə deyərlər, stereotipləri sındırırdı. O, zahiri görkəmdən çox məsələlərin məğzinə fikir verirdi. Uşaqlar da ondan öyrənirdilər.
O həmişə deyirdi: "Uşaqlara eyni hərbi forma verməkdən çox onların bilik və mənəviyyatları haqda düşünməli, onlarla yaxın dost olmalıyıq”.
Bu düşüncənin nəticəsi partizan əməliyyatlarında aydın görünürdü; hərçənd bəziləri onun düşüncələrini qəbul etmirdilər.
***
Kamifulyaj parça alıb bir dəst kürd paltarı tikdirmişdi. Geyinəndə çox yaraşıqlı göründü. Qərargahdan getdi. Bir saatdan sonra qayıdanda isə əsgər geyimində idi. Yeni paltarının harada olduğunu soruşdum. Dedi ki, kürd uşaqlardan birinin xoşu gəldi, mən də hədiyyə verdim.
Saatını da başqa birinə vermişdi. O adam saatı soruşmuşdu, İbrahim də saatını ona bağışlamışdı. Bu sadə işləri yerli kürdlərin onu sevmələrinə və Əndərzqu dəstəsinə qoşulmalarına səbəb oldu. İbrahim sadəliklə yanaşı siyasi məsələlərdən tam məlumatlı idi, siyasi cərəyanları yaxşı tanıyırdı.
İmam Xomeyninin və Şəhid Behiştinin şəkillərini qərargaha vurandan bir müddət sonra ozamankı prezident Bəni-Sədrin nəzarəti altında olan baş qərargahdan dəstənin buraxılmasına və ərzağının kəsilməsinə dair sərəncam verildi. Lakin bölgədəki ordu komandiri dəstənin qalmasını lazım bildi. Bizim bütün hücumlarımız bu dəstə vasitəsilə icra olunurdu. Həmin komandirin səyləri nəticəsində bir müddətdən sonra sözügedən sərəncam ləğv olundu.
Bir gün (xain prezident) Bəni-Sədrin Kermanşaha baxış keçirdiyini söylədilər. İbrahim, Cavad və başqa bir neçə nəfər Hacı Hüseynlə birgə Kermanşaha getdilər.
Hərbi komandirlər yaraşıqlı hərbi geyimdə Bəni-Sədri gözləyirdilər. Əndərzqu uşaqlarının görkəmi isə maraqlı idi. Onlar həmişəki geyimdə və enli kürd şalvarında prezidenti qarşılamağa getmişdilər. Əslində isə məqsədləri başqa idi. Onlar deyirdilər ki, biz bu adamla danışmaq istəyirik, görək hansı hərbi baxışla müharibəni idarə edir.
Həmin gün çox gözlədik, axırda elan etdilər ki, prezident helikopterdəki texniki nasazlığa görə Kermanşaha gəlməyəcək.
Bir müddətdən sonra həzrət Ayətullah Xamenei Kermanşaha gəldi. O zaman o, Tehranın cümə imamı idi. İbrahim bütün uşaqları özü ilə apardı. Onlar eyni sadə görkəmlə ağa ilə görüşdülər, bir-bir onu qucaqlayıb öpdülər.
İmam Həsən (ə) bölgəsi Hüseyn Allahkərəm
Düşmən mövqelərində ilk partizan əməliyyatlarına hazırlaşırdıq. Bu əməliyyat üçün İbrahim, Cavad Əfrasiyabi, Rza Dəstvarə, Rza Çıraği, mən və başqa dörd nəfər seçildik. Sonra yolları yaxşı tanıyan yerli kürdlərdən ikisi bizə əlavə olundu. Daha çox xurma və çörəkdən ibarət birhəftəlik azuqə götürdük. Çantalarımıza yetərincə silah, partlayıcı maddə və avtomobil əleyhinə mina qoyub yola düşdük.
Yüksəkliklərdən, sonra da İmam Həsən (ə) çayından keçib İmam Həsən (ə) bölgəsinə daxil olduq. Düşmənin bir briqadası oraya yerləşmişdi. Dərə-təpələrin arasında gizləndik.
Düşmən bizim o yüksəklikdən keçə biləcəyimizi güman etmirdi. Buna görə də, asanlıqla xəritə çəkməyə başladıq.
Üç gün orada qaldıq. Güclü yağıntı işlərimizə əngəl törətsə də, uşaqların səyi ilə yaxşı xəritələr hazırlandı.
Kəşfiyyat və xəritə işləri bitəndən sonra hərbi yolda avtomobil əleyhinə bir neçə mina quraşdırdıq, sonra cəld öz mövqelərimizə qayıtdıq.
Hələ çox uzaqlaşmamış bir neçə partlayış səsi gəldi. Düşmən maşınlarının yandığını gördük.
Biz sürətlə təhlükəli zonadan uzaqlaşdıq. Bir neçə dəqiqədən sonra düşmən tankları piyadalarla birgə bizi təqib etməyə başladı. Biz təpələrin arasından keçib özümüzü İmam Həsən (ə) çayına çatdırdıq. Çaydan keçəndən sonra isə tanklar bizi təqib edə bilmədi.
Çayın arxasında yaxşı bir yer tapıb istirahət etməyə başladıq. Bir neçə dəqiqədən sonra uzaqdan helikopter səsi gəldi.
Bu barədə düşünməmişdik. İbrahim dərhal xəritələri bir çantaya yığıb Rzaya verdi və dedi: "Cavadla mən qalırıq, siz tez gedin".
Başqa çarə yox idi. Əlavə daraqları və bir neçə qumbaranı onlara verdik, narahat halda onlardan ayrılıb yola düşdük.
Bütün bu əməliyyat həmin xəritələri əldə etməkdən ötrü idi. Bu, növbəti əməliyyatlarda qələbəyə çox kömək edəcəkdi.
Uzaqdan İbrahimlə Cavadın tez-tez yerlərini dəyişdirdiklərini və J3 silahı ilə helikopterə atəş açdıqlarını görürdük. Düşmən helikopteri də tez-tez dövrə vurub onlara atəş açırdı.
İki saatdan sonra yüksəkliyə çatdıq. Daha səs gəlmirdi. İbrahimi çox sevən uşaqların biri ağlayırdı. Bizim onlardan heç bir xəbərimiz yox idi, yaşayıb yaşamadıqlarını bilmirdik.
Yadıma düşdü ki, bir gün öncə dərənin içində gizlənəndə İbrahim xüsusi soyuqqanlılıqla yarış keçirir və oyun oynayırdı. O qədər soyuqqanlı idi ki, düşmən mövqelərində olduğumuz barədə əsla fikirləşmirdik.
Namaz vaxtı gələndə də ucadan azan vermək istəyirdi, lakin uşaqların israrı ilə çox yavaşca azan verdi və xüsusi mənəvi halla namaza başladı. O müddətdə İbrahim elə cəsarətli idi ki, uşaqların heç birində qorxu qalmamışdı. İndi isə axşam düşür və İbrahimlə son görüşümüzdən saatlar ötürdü.
Təyin olunmuş yerə çatdıq. İbrahim və Cavadla danışmışdıq ki, hava işıqlaşmadan öncə özlərini oraya çatdırsınlar. Biz bir neçə saat istirahət etdik, amma onlardan xəbər çıxmadı. Hava get-gedə işıqlanırdı. Oradan getməli idik. Uşaqlar daim zikr deyir, dua oxuyurdular. Yola düşmək istəyəndə uzaqdan səs gəldi. Silahları hazırlayıb oturduq.
Bir neçə saniyədən sonra səsdən İbrahimlə Cavadı tanıdıq. Hamının üzündə sevinc yarandı. Yorğunluğunu çıxarmış uşaqlarla onlara yardıma getdik və tez oradan uzaqlaşdıq.
Həmin əməliyyatda əldə olunan xəritələr sonrakı hücumlarda çox işə yaradı. Bu isə qrupun cəsur uşaqlarının, o cümlədən İbrahim və Cavadın qəhrəmanlığı ilə mümkün olmuşdu. Ertəsi gün günorta İbrahimlə Cavad həmişəki kimi hazırlıqlı və enerjili idilər. Rza ilə İbrahimin yanına getdik. Mən dedim: "Dadaş İbrahim, dünən helikopter gələndə nə etdiniz?"
Özünəməxsus soyuqqanlılığı ilə cavab verdi: "Allah kömək etdi. Cavadla mən bir-birimizdən ayrıldıq. Tez-tez yerlərimizi dəyişdirib helikopterə atəş açırdıq. O da tez-tez dövrə vurub bizə atəş açırdı. Patronları bitəndə də dönüb getdi. Biz də piyada qüvvələr gəlməzdən öncə tez oradan uzaqlaşdıq. Əlbəttə, yadigar qalsın deyə bizə bir neçə xırda qəlpə dəydi”.
Dostları ilə paylaş: |