Müharibənin başlanması Tağı Misgərha
1980-ci il, sentyabr ayının 22-i idi. İbrahimi qardaşı ilə birgə gördüm, harasa daşınırdılar. Salamlaşıb dedim: "Bu gün Qasim bir maşın əşya ilə Kürdüstana gedir. Biz də onunla gedəcəyik".
Təəccüblə soruşdu: "Nə olub ki?"
– Yenidən döyüş başlaya bilər.
– Yaxşı. Başlasa, mən də gələrəm.
Həmin gün günorta İraq təyyarələri ölkəmizə hücum etdi və müharibə başlandı. Hamı küçədə göyə baxırdı.
Günortadan sonra saat 4-də küçədə idik. Qasim Təşəkküri ərzaq dolu bir yük avtomobili ilə gəldi. Əli Xürrəmdil də orada idi. Mən də maşına mindim. Yola düşmək istəyəndə İbrahim də gəlib maşına mindi.
– Dadaş İbrahim, məgər siz köçmürdünüz?!
– Əşyaları yeni evə qoyub gəldim.
Müharibənin ikinci günü günortadan qabaq çox çətinliklə və bir neçə torpaq yoldan keçib Sərpol Zəhaba çatdıq. Heç kim gözlərinə inanmırdı: əhali dəstə-dəstə şəhərdən qaçırdı.
Şəhərdən raket və bomba səsləri gəlirdi. Nə edəcəyimizi bilmirdik. Şəhərin girişində bir döngədən keçdik. Korpusun uşaqları uzaqdan bizə əl yelləyirdilər. Dedim: "Qasim, uşaqlar işarə verirlər ki, tez gəlin".
Birdən İbrahim dedi: "Oraya baxın!"
İraq tankları təpənin üstündə aydın görünürdü, dayanmadan atəş açırdılar. Maşının yaxınlığına bir neçə mərmi düşdü, amma Allaha şükür ki, salamat qurtardıq.
Döngədən keçdik. Bizə əl yelləyən döyüşçü yaxınlaşıb dedi: "Siz kimsiniz? Mən işarə ilə deyirdim ki, gəlməyin, sizsə qaza basdınız".
Qasim soruşdu: "Burada nə olub? Komandir kimdir?"
Həmin döyüşçü cavab verdi: "Ağa Bürucerdi şəhərdə uşaqların yanındadır. Bu gün səhər iraqlılar şəhərin çoxunu tutmuşdular, uşaqların əks-hücumundan sonra geri çəkildilər".
Yolumuzu davam etdirib şəhərə girdik, maşını təhlükəsiz bir yerdə saxladıq. Qasim orada iki rəkət namaz qıldı.
İbrahim yaxınlaşıb təəccüblə soruşdu: "Qasim, bu, nə namazı idi?" Qasim də çox soyuqqanlılıqla dedi: "Kürdüstanda İslam və inqilab düşmənləri ilə vuruşanda həmişə Allahdan istəyirdim ki, əsir düşməyim və əlil olmayım. Bu dəfə isə istədim ki, mənə şəhadət nəsib etsin, daha dünyaya dözə bilmirəm".
İbrahim onu çox diqqətlə dinləyirdi. Sonra birlikdə Məhəmməd Bürucerdinin yanına getdik. O, Qasimi tanıyırdı. Gəlişimizə çox sevindi.
Bir qədər danışandan sonra bir yeri göstərib dedi: "İki batalyon əsgər o tərəfə getdi. Komandirləri yoxdur. Qasim can, gör onları şəhərə gətirə bilərsənmi?!"
Birlikdə yola düşdük. Ora əsgərlə dolu idi. Hamısı silahlı və hazırlıqlı idi, amma çox qorxurdular, İraq tərəfdən belə bir hücuma hazır deyildilər.
Qasimlə İbrahim gedib onlarla danışdılar. Onlara elə sözlər dedilər ki, çoxu qeyrətə gəldi. Axırda da dedilər: "Kim mərddir, qeyrəti varsa və namusunun düşmən əlinə keçməsini istəmirsə, bizimlə gəlsin".
Bu söhbətdən sonra əsgərlərin təxminən hamısı yola düşdü.
Şəhərə qayıdıb səngər hazırlamağa başladıq. Əsgərlərin bir neçəsi dedi ki, bizim 106 kalibrli toplarımız da var.
Qasim yaxşı bir yer tapdı. Topları oraya apardıq və atəş açmağa başladılar. Bir neçə mərmidən sonra İraq tankları geri çəkilib mövqeləri boşaltdılar. Uşaqlarımız bundan ruhlandılar.
Müharibənin ikinci gününün qürub çağı idi. Qasim əsgərlərin səngərinin yaxınlığında bir ev tapıb qərargah etdi, sonra mənə dedi: "İbrahimə de gəlsin, Təvəssül duası oxuyaq".
Çərşənbə axşamı idi. Mən aralanandan sonra birdən evin önünə bir mərmi düşdü. Öz-özümə dedim: Allaha şükür ki, Qasim otağa girib. Bu fikirlə geri qayıtdım. İbrahim də partlayışın səsini eşidib cəld bizim yanımıza gəldi.
Otağa girəndə gözlərimizə inanmadıq. Mərci boyda bir qəlpə pəncərədən keçib düz Qasimin sinəsinə dəymişdi. Qasim namaz qıldığı halda arzusuna qovuşmuşdu.
Məhəmməd Bürucerdi xəbəri eşidəndə çox narahat oldu. Həmin axşam Qasimin cənazəsinin yanında Təvəssül duası oxuduq, ertəsi gün isə cəsədini Tehrana yola saldıq.
Bir gündən sonra qərargahda bizə silah anbarına baxmaq tapşırıldı. Təxminən silahla dolu bir məktəbi təhvil aldıq.
Bir gün orada qaldıq. Təhlükəli olduğuna görə silah-sursatı şəhərdən çıxardılar. İbrahim zarafata deyirdi: "Uşaqlar, burada Allahı çox xatırlayın, çünki bir raket düşsə, bizdən heç nə qalmayacaq".
Silah anbarı boşalandan sonra döyüş yerinə yollandıq. Sərpol Zəhabın qərbində səngərlər düzəldilmişdi. Şəxsi heyətə Əsğər Vüsali və Əli Qurbani kimi bir neçə təlim keçmiş komandir başçılıq edirdi. Pavə bölgəsində onların Qırmızıdəsmallılar adlı bir partizan dəstələri vardı. Həmin dəstə ilə birgə Sərpola gəlmişdilər.
Şəhərdə gəzəndə dostlarımızdan bir neçəsini tapdıq: Məhəmməd Şahrudi, Məcid Fəridvənd və sair. Onlarla birlikdə təmas xəttinə getdik.
Təpənin başındakı səngərdə bizə dedilər: "Qarşıdakı təpədə bizimlə düşmən arasında döyüş gedir, digər təpələrdə də iraqlılar yerləşiblər".
Bir neçə dəqiqədən sonra uzaqdan bir İraq əsgəri göründü. Hamı atəş açmağa başladı.
İbrahim qışqırdı: "Nə edirsiniz?! Patronları bitirdiniz”.
Uşaqların hamısı dayandı. İbrahim bir müddət Kürdüstanda olmuş və yaxşı hərbi təlim keçmişdi. O dedi: "Gözləyin, düşmən yaxınlaşsın, sonra atəş açın".
Bu zaman iraqlılar təpənin aşağısından atəş açmağa başladılar. Üstümüzə dayanmadan raket və mərmi yağırdı.
Sonra da bizim səngərlərimizə doğru gəlməyə başladılar. Əllərinə ilk dəfə silah götürmüş döyüşçülər bunu görüb arxadakı səngərlərə qaçdılar. Onlar çox qorxmuşdular. Komandir qışqırdı: "Dayanın! Qorxmayın!"
Bir qədər sonra düşmənin atəş səsi azaldı. Səngərin bayırına baxdım. Onlar bizə çox yaxınlaşmışdılar. Birdən İbrahim dostlarımızdan bir neçəsi ilə birgə düşmənlərə hücum etdi. Onlar səngərdən bayıra qaça-qaça qışqırırdılar: "Allahu Əkbər!"
Bir neçə dəqiqə ərzində bir neçə iraqlı öldürüldü, on biri əsir götürüldü, qalanı isə qaçdı.
İbrahim tez onları şəhərə apardı. İbrahimin bu hərəkətindən bütün uşaqlar ruhlandılar. Bir neçə nəfər tez-tez əsirlərin fotosunu çəkirdi. Bəziləri də İbrahimlə yadigar şəkil çəkdirirdilər.
Bir saatdan sonra Sərpol şəhərinə girdik. Orada öyrəndik ki, yol bağlı olduğundan Qasimin cəsədi hələ qarnizonda qalıb. Biz də yola düşdük və müharibənin beşinci günündə Qasimin cəsədini öz avtomobili ilə Tehrana gətirdik.
Tehranda izdihamlı dəfn mərasimi keçirildi və müqəddəs müdafiənin ilk şəhidi torpağa tapşırıldı.
Dəfnə çoxlu adam gəlmişdi. Əli Xürrəmdil ucadan oxuyurdu:
“Ey şəhid komandirim! Yolun davam edəcək!”
Dostları ilə paylaş: |