Əmir Məncər
Müharibənin birinci ili idi. Məzuniyyətə çıxmışdım. İbrahimlə birgə motosikletlə Xorasan meydanına doğru gedirdik. Bir xiyabandan keçəndə birdən dedi: "Əmir, dayan!"
Tez yolun kənarında dayandım və təəccüblə soruşdum: "Nə olub?"
– Əgər vaxtın varsa, bir Allah bəndəsini görməyə gedək.
– Yaxşı. Bir işim yoxdur.
İbrahimlə bir evə girdik. Bir neçə dəfə "ya Allah" deyib bir otağa daxil olduq. Bir neçə nəfər oturmuşdu. Məclisin başında qara əbalı bir qoca vardı. İbrahimlə birgə salam verib bir tərəfdə oturduq. Hacı ağanın bir gənclə söhbəti bitdi, üzünü bizə çevirib təbəssümlə dedi: "Ağa İbrahim, sən hara, bura hara?! Nə yaxşı gəldin!"
İbrahim başını aşağı salıb oturmuşdu. Ədəblə dedi: "Xəcalətliyəm, hacı ağa, hüzurunuza gəlməyə vaxt tapa bilmirəm".
Onların söhbətindən anladım ki, həmin qoca İbrahimi yaxşı tanıyır. Sonra o, digərləri ilə bir qədər söhbət etdi. Otaq boşalanda üzünü İbrahimə tutub təvazökarlıqla dedi: "Ağa İbrahim, bizə bir az nəsihət ver".
İbrahim xəcalətindən qızardı. Başını qaldırıb dedi: "Hacı ağa, siz Allah, bizi utandırmayın".
Sonra əlavə etdi: "Biz sizi ziyarət etməyə gəlmişik, inşallah həftəlik məclisdə hüzurunuza gələrik".
Sonra ayağa qalxıb sağollaşdıq və getdik.
Yolda ona dedim: "İbrahim can, sən də bu babaya bir az nəsihət verərdin, daha qızarıb-saralmağa nə gərək vardı?!"
Sözümü kəsib dedi: "Nə danışırsan, Əmir can, sən onu tanıdın?"
– Yox. Doğrudan, kim idi?
– Bu ağa Allah övliyalarındandır, amma çox adam bilmir. O, Hacı Mirzə İsmayıl Dolabidir.
Camaat Hacı ağa Dolabini illər sonra tanıdı. Mən Məhəbbət bağı kitabını oxuyandan sonra onun İbrahimə necə böyük söz dediyini anladım.
***
Ölkənin qərbində mühüm əməliyyatlardan biri sona çatdı. Bəzi danışıqlardan sonra döyüşçülərin çoxu həzrət İmam Xomeyninin ziyarətinə getdilər.
İbrahim həmin əməliyyatda iştirak etsə də, Tehrana getmədi. Ondan bunun səbəbini soruşanda dedi: “Bütün uşaqlar cəbhəni boşalda bilməzlər. Gərək bir neçə nəfər qalsın”.
– Həqiqətən, buna görə getmədin?
Bir qədər dayanıb dedi: "Biz rəhbəri görmək üçün yox, əmrlərini icra etmək üçün istəyirik".
Sonra əlavə etdi: "Rəhbərimi görə bilməməyim önəmli deyil. Önəmli olan budur ki, əmrlərini yerinə yetirim və rəhbərim məndən razı qalsın".
İbrahim fəqih rəhbər məsələsinə çox həssas yanaşırdı və İmam Xomeyni barədə yüksək fikirləri vardı. O deyirdi: "Qədim və yeni alimlər arasında heç kim imam qədər cəsarətli deyil".
İmam Xomeyninin müraciətləri yayımlananda diqqətlə dinləyib deyirdi: "Əgər dünya və axirət istəyiriksə, imamın sözlərinə əməl etməliyik".
Gənclik çağından məhəllənin çoxlu ruhaniləri ilə əlaqəsi vardı. Əllamə Cəfəri bizim məhəllədə yaşayanda ondan çox bəhrələnirdi. Şəhid Behiştini və Şəhid Mütəhhərini də gənc nəslə gözəl örnək hesab edirdi.
Ziyarət Cabbar Sütudə, Mehdi Fəridvənd
Müharibənin birinci ili idi. Əndərzqu dəstəsinin uşaqları ilə Gilanqərbin şimalındakı dağlardan birinə getdik. Sərhədə baxan təpələrin birinin başına çıxdıq. Zastava düşmənin əlində idi. İraq maşınları ətraf yollarda asanlıqda get-gəl edirdilər.
İbrahim dua kitabçasını açdı və uşaqlarla birgə Aşura ziyarətnaməsi oxuduq. Mən düşmən tapdağı altında qalmış bölgələrə həsrətlə baxıb dedim: "İbrahim can, sərhəd yoluna bax, düşmənlər rahatlıqla gedib-gəlirlər. Görəsən bir gün bizim xalqımız bu yollardan rahatlıqla keçib öz şəhərlərinə gedə biləcək?"
Fikri məndə deyildi, çox uzaqlara baxırdı. Birdən gülümsəyib dedi: "Nə danışırsan?! Bir gün gələcək bizim xalqımız bu yolla dəstə-dəstə Kərbəlaya gedəcək".
Qayıdanda uşaqlardan zastavanın adını soruşdum. Biri dedi: "Xosrovi sərhədi".
İyirmi ildən sonra Kərbəlaya gedəndə gözüm həmin dağa sataşdı. İbrahim onun başında Aşura ziyarətnaməsi oxumuşdu.
Sanki İbrahimi görürdüm; bizi yola salırdı. O dağ Xosrovi zastavasının düz qarşısında idi. Həmin gün avtobuslar sərhədə doğru gedir, xalqımız dəstə-dəstə Kərbəla ziyarətinə axışırdı.
***
Tehranda olanda ağa İbrahimin cümə axşamı proqramı həzrət Əbdüləzimi ziyarət etmək idi. O deyirdi: "Cümə axşamı Allahın rəhmət axşamıdır, Əbu Abdullah Hüseyni (ə) ziyarət gecəsidir. Bütün övliya və mələklər Kərbəlaya gedirlər, biz də Əhli-beytin Kərbəla savabına bərabər göstərdiyi bir yerə gedirik".
Orada Kumeyl duasını oxuyur və gecə saat 1-də qayıdırdı. Bəsic proqramları başlayandan sonra isə ziyarətdən birbaş məscidə Bəsic uşaqlarının yanına gedirdi.
Bir gecə məqbərədən birlikdə çıxdıq. Mən tələsdiyimdən uşaqların birinin motosikleti ilə məscidə gəldim, İbrahim isə iki-üç saatdan sonra çatdı. Gecikməsinin səbəbini soruşanda dedi: "Məqbərədən piyada yola düşdüm, yolda Şeyx Səduqu da ziyarət etdim. Qədim tehranlılar deyirlər ki, İmam Mehdi (ə) cümə axşamları Şeyx Səduqun məzarını ziyarət edir".
– Bəs nə üçün piyada gəldin?
Düz-əməlli cavab vermədi.
– Sən məscidə gəlməyə tələsirdin, amma piyada gəldin. Bunun mütləq bir səbəbi olmalıdır.
Çox soruşandan sonra dedi: "Məqbərədən çıxanda çox ehtiyaclı bir adam yaxınlaşdı, mən də cibimdəki pulu ona verdim. Taksiyə minmək istəyəndə gördüm ki, pulum yoxdur. Buna görə piyada gəldim".
***
Son zamanlarda hər həftə ziyarətə gedirdik, gecə yarısı da Behişti-Zəhra (ə) şəhid məzarlığına yollanırdıq. İbrahim orada bizə rövzə oxuyurdu. O, bəzi gecələr qəbrə girib çox yanıqlı səslə Kumeyl duasını oxuyur, ağlayırdı.
Əl qumbarası Əli Müqəddəm
Vəlfəcr-hazırlıq əməliyyatına az qalırdı. Planları dəqiqləşdirməkdən ötrü Əndərzqu dəstəsinin qərargahında korpus və ordu komandirlərinin birgə iclası keçirildi.
İclasda mən, İbrahim, ordu və korpusun hərəsindən üç komandir iştirak edirdi. Uşaqların bir qismi də həyətdə təlim keçirdi.
İclasın ortasında, söhbət edən yerdə birdən otağın pəncərəsindən içəri bir əl qumbarası atıldı. Qumbara düz otağın ortasına düşdü. Qorxudan özümü itirdim. Oturduğum yerdə başımı əllərimlə tutub divara qısıldım. Bir neçə anlığa nəfəsim dayandı. Mənim kimi hərə özünü bir tərəfə çəkdi. Saniyələr ağır keçirdi. Nədənsə partlayış səsi gəlmədi. Çox ehtiyatla gözlərimi açdım, barmaqlarımın arasından otağın ortasına baxdım. Gördüyüm səhnə inanılmaz idi. Əllərimi yavaşca endirdim, başımı qaldırıb heyrət içində dedim: "Ağa İbrahim..."
Digərləri də bir-bir başlarını qaldırdılar. Hamının rəngi qaçmışdı və otağın ortasına baxırdı.
Çox qəribə səhnə idi. Biz otağın kənarlarında büzüşdüyümüz halda İbrahim qumbaranın üstünə uzanmışdı.
Bu əsnada təlim komandiri otağa girdi.
- Çox üzr istəyirəm. Bu, təlim qumbarası idi, səhvən otağa düşdü.
İbrahim qumbaranın üstündən qalxdı. Müharibənin birinci ili idi və o vaxta qədər heç bir yerdə belə bir hadisə baş verməmişdi.
Sanki o qumbara bizim mərdliyimizi sınamağa gəlmişdi.
Dostları ilə paylaş: |