Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə14/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Əlməhdi qəsəbəsi

Əli Müqəddəm, Hüseyn Cahanbəxş


Bir ay idi müharibə başlamışdı. İbrahim Hacı Hüseynlə və digər dostları ilə birgə Sərpol Zəhabın yaxınlığındakı Əlməhdi qəsəbəsinə gedib orada müdafiə səngərləri qurdular.

Cəm halda qılınan sübh namazı bitdi. Uşaqların İbrahimi axtardıqlarını duydum. Təəccüblə nə baş verdiyini soruşdum. Dedilər ki, axşamdan bəri İbrahimdən xəbər yoxdur.

Mən də uşaqlarla birgə səngərləri və nəzarət postlarını axtarmağa başladım. İbrahimi görən yox idi.

Bir saatdan sonra nəzarət postundakı uşaqların biri dedi: "Qarşıdakı cığırdan bir neçə nəfər buraya gəlir".

Həmin cığır düşmənlə bizim aramızda idi. Dərhal posta qalxıb baxdıq. Qolları bağlı on üç düşmən əsgəri bizə doğru gəlirdi. İbrahim və uşaqlardan başqa biri onların arxasından irəliləyirdi. Onlarda çoxlu silah, daraq və əl qumbarası var idi.

Heyrətamiz olsa da, İbrahim başqa bir döyüşçü ilə birgə belə bir qəhrəmanlıq etmişdi; özü də Əlməhdi qəsəbəsində silah-sursatın az olduğu bir şəraitdə. Orada bəzi döyüşçülərin silahı da yox idi.

Uşaqların biri sevincək yaxınlaşıb ilk düşmən əsgərinin üzünə möhkəm bir sillə vurdu.

- Muzdur iraqlı!

Bir anlığa hamı sakit oldu. İbrahim əsirlərin yanından keçib həmin gəncin qarşısında dayandı, silahları bir-bir çiynindən yerə qoydu və sonra qışqırdı: "Onu niyə vurdun?"

Gənc çox təəccübləndi və dedi: "Nə olar ki?! O, düşməndir".

İbrahim gözlərini onun üzünə dikib dedi: "Əvvəla o, düşmən olub, indi isə əsirdir. İkincisi isə bunlar nə üçün bizimlə vuruşduqlarını bilmirlər, sən belə başa salırsan?!"

Gənc döyüşçü bir neçə saniyədən sonra dedi: "Bağışlayın, mən bir az həyəcanlandım".

Sonra gedib iraqlı əsgərin alnından öpdü və üzr istədi. Təəccüblə bizim hərəkətlərimizi izləyən düşmən əsgəri İbrahimə baxdı. Onun baxışında çoxlu sözlər vardı.

***


Müharibə başlayandan iki ay sonra İbrahim məzuniyyətə gəldi. Dostlarla onu görməyə getdik.

İbrahim bizə müharibə xatirələrindən, orada baş verən hadisələrdən danışırdı, özü barədə isə heç nə demirdi. Söhbət döyüşçülərin namazından və ibadətindən düşəndə birdən gülüb dedi: "İlk günlərdə Əlməhdi bölgəsində bizə beş gənc qoşuldu. Onlar bir kənddən birlikdə cəbhəyə gəlmişdilər. Bir neçə gündən sonra bildim ki, namaz qılmırlar. Onlarla söhbət etdim. Çox sadə uşaqlar idilər; nə savadları vardı, nə də namaz qılmağı bilirdilər. Onlar yalnız İmam Xomeynini sevdiklərinə görə cəbhəyə gəlmişdilər.

Özləri də namazı öyrənmək istəyirdilər. Mən onlara dəstəmaz qaydasını öyrədəndən sonra uşaqların birini səsləyib dedim: "Bu ağa sizin pişnamazınızdır; nə etsə, təkrarlayın. Mən də sizin yanınızda dayanıb namazın zikrlərini ucadan deyəcəyəm ki, öyrənəsiniz”.

İbrahim burada özünü saxlaya bilməyib ucadan güldü. Bir az sonra sözünə davam etdi: "Birinci rəkətdə Həmd surəsini oxuyanda pişnamaz başını qaşımağa başladı. Gördüm ki, onların beşi də başlarını qaşıdılar. Məni bərk gülmək tutdu, amma özümü saxladım. Pişnamaz səcdədən qalxanda möhür alnına yapışmışdı və oradan yerə düşdü. Pişnamaz möhürü götürmək üçün sol tərəfə əyildi. Bir də gördüm ki, onların hamısı sol tərəfə əyilib əllərini uzatdılar. Burada artıq özümü saxlaya bilməyib gülməyə başladım".


Problemləri həll edən insan

Şəhidin dostlarından biri


Peyğəmbərdən soruşdular ki, hansı möminin imanı daha kamildir? Buyurdu ki, Allah yolunda canı və malı ilə mübarizə aparanın.1

Həzrət Rəsul diviziyasının keçmiş komandiri Məhəmməd Kövsəri İbrahim haqda deyirdi:

"Müharibənin ilk günlərində Sərpol Zəhabda İbrahimə dedim: "Qardaş Hadi, sizin maaşınız hazırdır, nə vaxt uyğun görsəniz, gəlib alın".

Cavabda çox yavaşdan dedi: "Siz Tehrana nə vaxt gedirsiniz?"

– Həftəsonu.

– Üç ünvan yazaram, Tehrana gedəndə maaşımı həmin evlərə verərsiz.

Mən dediyini etdim. Sonra bildim ki, hər üç ev başqasına ağız açmayan yoxsul ailələrin evləri imiş”.

***


Cəbhədən qayıdırdım. Xorasan meydanına çatanda üstümdə heç bir pul qalmadı. Fikirli idim ki, evə çatanda yoldaşım və uşaqlarım məndən pul istəyəcəklər. Hələ evin kirayə pulunu da verməliyəm. Düşünürdüm ki, haraya gedim, kimə ağız açım? Qardaşımın yanına getmək istədim, amma onun da vəziyyəti yaxşı deyildi.

Arif dördyolunda dayanmışdım. Düşündüm ki, gərək yalnız Allah kömək etsin, mən nə edəcəyimi bilmirəm.

Bu fikirdə idim ki, birdən İbrahimi gördüm. Motosikletlə mənə doğru gəlirdi. Çox sevindim. Görən kimi motosikletdən enib məni qucaqladı. Bir neçə dəqiqə söhbət etdik. Getmək istəyəndə soruşdu: "Maaş aldın?"

– Yox, hələ almamışam, amma önəmli deyil.

Əlini cibinə salıb bir dəstə pul çıxardı. Dedim ki, yox, sənin canın üçün almaram, özünün ehtiyacın var.

– Bu, borcdur, maaşını alanda qaytararsan.

Pulu cibimə qoyub motosikletə mindi və getdi.

O pul çox bərəkətli oldu, çox problemi həll etdi və bir müddət maddi çətinliyim olmadı.

Ona çox dua etdim. Həmin gün İbrahimi Allah yetirdi və o, həmişəki kimi problemi həll etdi.

Şəhid Əndərzqu dəstəsi

Mustafa Səffar Hərəndi


Müharibənin başlanmasından bir qədər ötdü. Korpus rəhbərliyi ölkənin qərbində bir iclas keçirdi. Qərara alındı ki, könüllü qüvvələr və korpusun uşaqları müxtəlif bölgələrə bölünsünlər.

Beləliklə, uşaqların bir qismi Sərpol Zəhabdan Sumara, bir qismi Mehran və Salehabada, bir qismi də Bostana getdi. Əməliyyat bölgələrinin komandirlərindən olan Hüseyn Allahkərəm Gilanqərb və Neftşəhr korpusunun komandiri təyin olundu.

Hüseyn Allahkərəm korpusun səkkizinci və doqquzuncu batalyonlarından bir neçə bölüklə birgə Gilanqərbə yollandı. Zorxana dövründən onunla dost olan İbrahim də Gilanqərbə getdi və onun əməliyyat üzrə müavini təyin olundu.

Gilanqərb şəhəri müxtəlif dağların arasında yerləşir. Bu şəhər Neftşəhrdən və sərhəddən 50 km. aralıda, Sərpol Zəhabdan 70 km. cənubdadır. Səddamın qoşunları bu şəhərin yaxınlığına qədər gəlmiş və dağların çoxunu ələ keçirmişdi.

Müharibənin ilk günlərində İraqın dördüncü diviziyası Gilanqərbə girdi, amma şəhərin qeyrətli kişi və qadınlarının müqaviməti sayəsində geri çəkilməyə məcbur oldu. Həmin hücumlarda yerli bir qadın oraqla iki düşmən hərbçisini öldürmüşdü.

Ondan sonra əhalinin bir qismi şəhəri tərk etdi, qalanı isə gündüzlər şəhərə gəlir, gecələr İslamabad yolundakı çadır şəhərciyinə gedirdi.

Ordunun Zülfüqar briqadası Gilanqərb şəhərinin yaxınlığında düşərgə salmışdı.

Gilanqərb korpusunun fəaliyyətindən bir qədər ötürdü. Bu müddətdə uşaqların işi ancaq düşmənin gözlənilən hücumları qarşısında müdafiə olunmaqdan ibarət idi.

İclasda təklif etdilər ki, Doktor Çəmranın cənubda və Əsğər Vüsalinin Sərpol Zəhabda yaratdığı kimi, Gilanqərbdə də bir partizan dəstəsi yaradaq.

Partizan dəstəsi yaradıldı və onun rəhbərliyi İbrahimlə Cavad Əfrasiyabiyə tapşırıldı. Uşaqların təklifi ilə dəstəyə Doktor Behiştinin adı verildi. Lakin Ayətullah Behişti bölgəyə baxış keçirərkən bunu öyrənib dedi: "Siz partizan işi görürsünüzsə, dəstənin adını Şəhid Əndərzqu qoyun. Çünki islami partizan hərəkətlərinin banisi odur".

İbrahim İmam Xomeyninin, Ayətullah Behiştinin və Böyük Rəhbərin şəkillərini dəstənin qərargahına vurdu və bununla rəsmi fəaliyyət başlandı.

Bu nizamsız partizan dəstəsinin üzvləri adından göründüyü kimi, nizamsız idilər, orada hər cür adam vardı; yeniyetmədən tutmuş qocaya, savadsızdan tutmuş fəlsəfə doktoruna, çox dindar və gecə namazı qılanlardan tutmuş namazı yeni öyrənənlərə, hövzə təhsili almış uşaqlardan tutmuş tövbə etmiş kommunistlərə qədər. Beləliklə, müxtəlif zümrələri təmsil edən insanlar çox səmimi və sevimli bir ortamda bir araya gəldilər.

Üzvlərinin sayı təxminən 40 nəfərə çatan dəstənin ortaq xüsusiyyəti qorxmazlıq və ruh yüksəkliyi idi. Praktik olaraq dəstəyə başçılıq edən İbrahim həmişə deyirdi: "Bizim komandirimiz yoxdur". O, dəstəni dostluq və qardaşlıqla çox yaxşı idarə edirdi.

Dəstənin idarə sistemi elə qurulmuşdu ki, bütün işlər könüllü şəkildə görülürdü və təxminən heç kim başqasına bir söz demirdi.

Bütün işlər ümumi razılıqla görülürdü. Cavad Əfrasiyabi və Rza Qudini İbrahimin həmişəki yoldaşları idilər.

***


Dəstənin gündəlik işlərindən biri yerli əhaliyə kömək etmək idi. Gilanqərb sakinlərindən çoxu bu yolla dəstəyə qatıldı.

Əndərzqu dəstəsinin fəaliyyəti daha çox kəşfiyyatdan ibarət idi. Onlar dağlardan keçib düşmənin nəzarət etdiyi yerlərə dair dəqiq xəritələr hazırlayırdılar. İbrahimin kəşfiyyat üsulu çox gözəl idi: gecə yarısı bir neçə nəfərlə birgə düşmən mövqelərinə keçib onların yerləşdiyi yerlərə və imkanlarına dair çox dəqiq məlumatlar əldə edirdilər. O deyirdi ki, kəşfiyyatımız doğru və dəqiq olmasa, əməliyyatlarda uğur qazana bilmərik.

İbrahim öz üsulunu digər kəşfiyyatçılara da öyrədib deyirdi: "Qəlbində qorxu olan adam uğurlu kəşfiyyatçı ola bilməz". Sonra da kəşfiyyatda dəqiqliyin sirləri haqda danışırdı. Buna görə də, dəstədə çox yaxşı və seçilmiş kəşfiyyatçılar, hətta cəsarətli komandirlər yetişdi.

Nəcəf qərargahının kəşfiyyat qanadı olan Hürr briqadasının komandiri deyirdi: "İbrahim öz üsulları ilə bu briqadanın əsasını qoydu, lakin briqada yaranmazdan öncə şəhadətə qovuşdu".

Şəhid Əndərzqu partizan dəstəsi özünün birillik fəaliyyətində 52 əməliyyat keçirdi. Onlar İraqın qərbdəki dördüncü diviziyasını təngə gətirdilər və ağır itkilərə məruz qoydular.

Bu kiçik dəstədə böyük insanlar yetişdi. Bizim müqəddəs müdafiə dövrümüz onların rəşadətlərinə borcludur. İbrahimdən öyrənib onunla eyni dəstədə olduqlarına görə fəxr edən cəsur döyüşçülər bunlardır: Həzrət Rəsul diviziyasının komandiri Şəhid Rza Çıraği, diviziyanın komandir müavini Şəhid Rza Dəstvarə, istiqamət komandiri Şəhid Həsən Zamani, Meysəm batalyonunun komandiri Şəhid Seyid Əbülfəz Kazimi, Hüneyn batalyonunun komandiri Şəhid Rza Qudini, Müslim ibn Əqil briqadasının komandir müavini Şəhid Məhəmmədrza Əlövsət, Malik batalyonunun komandiri Şəhid Daryuş Rizəvəndi, Miqdad batalyonunun komandir müavinləri Şəhid İbrahim Hisami və Şəhid Haşim Kəlhür, diviziyanın kəşfiyyat komandirlərindən Şəhid Cavad Əfrasiyabi və Şəhid Əli Xürrəmdil, həmçinin müqəddəs müdafiə dövrünün hazırda yaşayan və İslam qurluşunun fəxrlərindən olan bir neçə böyük komandiri.



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin