Mehdi Ramazani
Mənim yaşım çox olmasa da, Allahın lütfü ilə Kumeyl batalyonunda ən yaxşı bəndələrlə yoldaş ola bildim. Biz əməliyyat gecəsi üçüncü kanala qədər getdik. Kanal kiçik idi, təxminən bir metr hündürlüyü vardı. İkinci kanal isə böyük və maneələrlə dolu idi.
Həmin gecə bütün uşaqlar ikinci kanala qayıtdılar. O kanal sonralar Kumeyl kanalı kimi məşhurlaşdı. Mən digər uşaqlarla birgə beş gün orada qaldım.
Ertəsi gün səhərdən İraq snayperləri hər bir hərəkəti hədəf seçirdilər. Biz orada mühasirədə qəribə günlər yaşadıq.
Yadımdadır, kanalı İbrahim Hadi ayaqda saxlamışdı.
Bizim batalyon komandirimiz və bir müavini şəhid olmuş, bir müavini də yaralanmışdı. Bu baxımdan, şəxsi heyəti idarə edən yeganə şəxs İbrahim idi. O, şəxsi heyəti üçnəfərlik qruplara böldü və hər qrup müəyyən məsafələrlə kanalın bir tərəfində yerləşdi. Hər qrupdan bir nəfər hərdən boylanıb vəziyyətə nəzarət edirdi, digər iki nəfər isə kanalın içində onun yanında dayanırdı.
Kanalın sonunda bir döngə vardı. İbrahim bir neçə nəfərlə köməkləşib şəhidləri oraya apardı ki, uşaqların gözündən uzaqda olsunlar. Yaralıları da kanalın bir küncünə topladı ki, düşmən atəşinə məruz qalmasınlar.
İbrahim həmin günlərdə azan verib uşaqları namaza hazırlayırdı. Biz elə ağır şəraitdə bütün namazlarımızı cəm halda qılırdıq. İbrahim bu işlərlə bizi ruhlandırır və gələcəyə ümidvar edirdi.
Əməliyyatın başlanmasından iki gün sonra, yəni ikinci mərhələ də uğursuzluqla üzləşəndə uşaqların səyi artdı. Biz dalandan çıxış yolu tapmağa çalışırdıq. Diviziya ilə son ratsiya əlaqəmizdə komandir Şəhid Hacıpur narahat halda dedi: "Biz heç bir iş görə bilmirik. Əgər bacarırsınızsa, bir yolla geri çəkilin".
10 fevralda ön və arxamızda tank səsləri çoxaldı. Uşaqlar kanalın divarını qazıb pilləkən düzəltdilər.
Bəziləri elə bildilər ki, bizə yardım gəlib. Əslində isə mühasirəmiz daha da daralmışdı. İraq komandosları tankların dəstəyi ilə irəlilədilər. Onlar bilirdilər ki, yalnız kanalın içində sağ adam qalıb. Yadımdadır, Şəhid Seyid Cəfər Tahiri adlı bir yeniyetmə RPG minomyotunu götürüb pillələrdən qalxdı və sərrast bir atəşlə düşmən tankını vurdu. Bundan sonra onlar bir qədər geri çəkildilər.
Uşaqlar ardıcıl atəşlə bir neçə xüsusi təyinatlını öldürdülər və çox yaxınlaşmış bir neçəsini əsir tutdular. Elə ağır şəraitdə bizə beş əsir də əlavə olundu.
Su və yeməyin olmaması hamımızı çətin vəziyyətə salmışdı. Uşaqların çoxu yorğun və taqətsiz halda kanalın bir tərəfində uzanıb qalmışdı.
Kanaldan uzaqlaşan tanklar mikrofonlarını işə saldılar, münafiqlərin biri danışmağa başladı:
– İranlılar! Gəlin təslim olun. Sizinlə işimiz yoxdur. Sizin üçün sərin su və yemək hazırlamışlar. Gəlin...
Bu yolla bizi əsir düşməyə həvəsləndirirdi.
Aclıq və susuzluq hamının amanını almışdı. Uşaqların bir neçəsi dedi ki, gedib təslim olaq, biz vəzifəmizi yerinə yetirdik, daha xilasımıza heç bir ümid yoxdur.
Yeniyetmə Bəsic üzvlərindən biri isə etiraz etdi.
- Əgər əsir düşsək, İraq televiziyası bizi göstərsə və İmam Xomeyni görüb narahat olsa, onda necə?! Məgər biz imamı sevindirməyə gəlməmişik?!
Bu söhbətin nəticəsi olaraq, heç kim təslim olmadı. İbrahim uşaqların qərarını öyrənib sevindi və dedi: "Onda nə qədər ərzağımız və sursatımız varsa, bərabər bölməliyik".
Kimdə nə vardısa, İbrahimə təhvil verdi. O, hər beş nəfərə bir su qumquması və bir qədər yeyinti məhsulu verdi. Beş düşmən əsirinin hər birinə də bir qumquma su verdi.
Bəzi uşaqlar buna etiraz edəndə İbrahim dedi: "Onlar bizim qonaqlarımızdır".
Silahları da toplayıb sağlam döyüşçülərə verdik ki, keşik çəkə bilsinlər.
Ertəsi gün, yəni 11 fevralda hələ sübh açılmamış düşmən tankları geri çəkildi. Uşaqların bəzisi fürsətdən istifadə edib bir neçə nəfərlik dəstələrlə geri getdilər. Onların bəzisi səhvən minaya düşdü.
Bir saatdan sonra düşmənin atəşi çox gücləndi, daha heç kim bir iş görə bilmədi.
11 fevralda günortadan sonra, güclü atəşin ardınca düşmənin xüsusi təyinatlıları başımızın üstünü aldılar. Bir də gördük ki, kanalın üstündən silahlar bizə tuşlanıb.
Bir düşmən zabiti uşaqların düzəltdiyi pilləkəndən kanala endi. Arxasınca da bir əsgər gəlirdi. Bizim ilk yaralımıza bir təpik vurdu, sağ olduğunu bilib əsgərə atəş əmri verdi.
Əsgər də atəş açıb yaralını şəhid etdi. Növbəti yaralı məsum bir yeniyetmə idi. Bəəs zabiti təpiklə onun üzünə vurdu və əsgərə dedi: "Vur!"
Əsgər atəş açmadı. İraqlı zabit qışqırdı, əsgərsə geri çəkildi və atəş açmadı. Zabit tapançasını çıxarıb onun üzünə bir güllə vurdu.
İraqlı əsgər bizim şəhidlərimizin yanına yıxıldı. Zabit tez kanaldan çıxdı və öz döyüşçülərinə atəş əmri verdi.
Bir neçə dəqiqədən sonra iraqlılar kanalın içində hamının şəhid olduğunu zənn edib getdilər. Daha atəş səsi gəlmirdi. Günəş qürub edəndə Fəkkəyə kədərli sükut çökdü.
Mən və şəhidlərin arasında sağ qalmış digər bir neçə nəfər yerimizdən qalxıb ətrafa baxdıq. Heç kim yox idi. Sağ qalanların çoxu yaralı idi. Hava tam qaralandan sonra yola düşdük və işıqlanmadan öncə öz mövqelərimizə çatdıq.1
Əsirlik Əmir Məncər
İbrahimin itkin düşməsindən bir həftə ötdü. Günortadan qabaq məscidə gəldim. Cəfər Cəngru da orada idi. Çox narahat və kədərli idi. Heç kim bu xəbərə inanmırdı.
Mustafa da gəldi və İbrahim haqda danışmağa başladıq. Birdən Məhəmməd ağa Təraşkar yaxınlaşıb hər şeydən xəbərsiz halda dedi: "Uşaqlar, siz İbrahim Hadi adlı birini tanıyırsınız?"
Hamımız susub təəccüblə bir-birimizə baxdıq. Sonra yaxınlaşıb soruşduq: "Nə olub?"
Yazıq çox qorxdu.
– Heç nə. Mənim qaynım bir neçə aydır itkin düşüb. Mən hər gecə saat 12-də Bağdad radiosunu dinləyirəm. İraqlılar əsirlərin adlarını o vaxt elan edirlər. Bu axşam qulaq asanda birdən aparıcı verilişi dayandırdı və musiqi yayımladılar. Sonra da sevinclə belə bir elan verildi: "Qərb cəbhəsindəki iranlı komandirlərdən olan İbrahim Hadi əsir tutulub".
Sevincimdən qanad çalıb uçmağa qaldım. İbrahimin sağ olduğuna hamımız çox sevindik.
Tez o biri uşaqların yanına getdim və Hacı Əli Sadiqi Qırmızı xaç cəmiyyətinə məktub yazdı.
Rza Huryar ağa İbrahimgilə gedib qardaşına xəbər verdi. İbrahimin sağ olduğuna bütün uşaqlar sevindilər.
***
Bir müddətdən sonra Qırmızı xaç cəmiyyətindən cavab gəldi. Cavabda deyilirdi: "Mən İbrahim Hadi İsfahanın Nəcəfabad rayonundan ezam olunmuşam, 15 yaşım var. İraqlılar kimi siz də məni ölkənin qərbindəki komandirlərdən biri ilə səhv salmısınız".
Buna baxmayaraq, bir çox dostlar əsirlər azad olunana qədər İbrahimin qayıdacağını gözləyirdilər.
Heyətdə İbrahimin adı çəkiləndə uşaqlar hər dəfə həzrət Zəhra (ə) rövzəsi oxuyub ucadan ağlayırdılar.
Dostları ilə paylaş: |