Tanınmazlıq
Mustafa Hərəndi
Sübh azanından öncə qayıtdı. Çiynində şəhid cəsədi
vardı, üzündən yorğunluq yağırdı.
Səhər çağı məzuniyyət vərəqini alıb şəhidin cəsədi ilə
birgə yola düşdük. Həm yorğun idi, həm də sevinirdi. O
deyirdi: "Bir ay öncə Bazideraz dağında əməliyyat
keçirdik. Yalnız bu şəhid qalmışdı. İndi ara sakitləşdiyinə
görə Allahın lütfü ilə gətirə bildik".
Xəbər çox sürətlə Tehrana çatmışdı. Hamı şəhidin
cəsədini gözləyirdi. Ertəsi gün Xorasan meydanından
izdihamlı dəfn yürüşü başlandı. Tehranda bir neçə gün
qalmaq istəyirdik, amma başqa bir əməliyyat xəbəri gəldi.
Qərara gəldik ki, ertəsi gün axşam məsciddən yola düşək.
***
Namazdan sonra İbrahimlə və başqa bir neçə yoldaşla
məscidin önündə dayanıb söhbət edirdik.
Bir qoca bizə yaxınlaşdı. Onu tanıdım; İbrahimin dağın
başından gətirdiyi şəhidin atası idi. Salam verdik, o da
cavabladı. Hamı sakit idi. Bizim gənc çevrəmizə yad
gəlirdi, amma nəsə demək istəyirdi.
Bir az sonra sükutu pozub dedi: "Ağa İbrahim,
minnətdaram, zəhmət çəkmisən, amma oğlum..."
Qoca bir qədər dayanıb əlavə etdi: "Oğlum səndən
narazıdır".
İbrahimin həmişə gülər üzü ciddiləşdi, gözləri
təəccübdən böyüdü.
– Axı nə üçün?
Qocanı qəhər tutdu, gözləri yaşardı. Səsi də titrəyirdi.
– Dünən oğlumu yuxuda gördüm. Mənə dedi ki, biz
tanınmaz və itkin düşmüş halda yerdə qalanda seyidlər
114
anası həzrət Zəhra (ə) hər gecə bizə baş çəkirdi. İndi isə
belə bir şey yoxdur. Oğlum dedi ki, tanınmaz və itkin
şəhidlər həzrət Fatimənin (ə) xüsusi qonaqlarıdır...
Qoca daha heç nə demədi. Hamımız lal-dinməz
dayandıq.
İbrahimə baxdım. Gözlərindən iri yaş gilələri axırdı.
Ürəyini oxuya bilirdim. Onda yaxşı bir arzu yaranmışdı:
tanınmazlıq və itkinlik.
***
Bu hadisədən sonra İbrahimin cəbhəyə və şəhidlərə
baxışı çox dəyişdi. O deyirdi: "Daha şübhəm yoxdur ki,
bizim şəhidlərimiz Allah rəsulunun (s) və İmam Əlinin (ə)
səhabələrindən geri qalmırlar".
Ondan dəfələrlə bu sözü də eşitmişəm: "Kim Kərbəlada
İmam Hüseynlə birgə olmağı arzulayırsa, buyursun,
imtahan vaxtıdır".
İbrahim əmin idi ki, müqəddəs cəbhələr məqsədə,
səadətə və insani təkamülə çatmaq yeridir. Ona görə də,
hara gedirdisə, şəhidlərdən danışırdı, döyüşçüləri və cəbhə
uşaqlarını tərifləyirdi. Onun əxlaqı və rəftarı da günbəgün
dəyişdi, bütünlüklə mənəviyyata qərq oldu.
Əndərzqu düşərgəsində axşamlar adətən iki-üç saat
yatır, sonra bayıra çıxırdı. Azan vaxtı da gəlib uşaqları
sübh namazına səsləyirdi. Bir dəfə onun arxasınca gedib
korpusun mətbəxinə keçdiyini gördüm. Ertəsi gün orada
işləyən kişidən öyrəndim ki, mətbəxin uşaqlarının hamısı
gecə namazı qılır. İbrahim bundan ötrü oraya gedirmiş.
Bizim qərargahda qılsaydı, hamı bilərdi.
Axır zamanlarda İbrahimin hərəkətləri mənə İmam
Əlinin (ə) Növf Bikkaliyə buyurduğu hədisi xatırladırdı:
"Mənim
şiələrim
gecənin
abidləri,
gündüzün
aslanlarıdır!"
|