İdman klubu
Əlli ildən artıqdır ki, Tehranın cənubunda, Şəhid Ayətullah Səidi məhəlləsində idman klubum var. O zaman bütün Tehranda yeddi-səkkiz idman klubu vardı və bizim çempionlarımızın çoxu həmin klublarda, imkansız şəraitdə yetişiblər.
O zaman klubumuzda həm zorxana meydançası vardı, həm də güləş döşəyi. Çətinliklə, amma böyük həvəslə işləyirdik. Allah ölənlərin hamısına rəhmət eləsin! O dövrün müəllimlərini də yaxşı xatırlayıram. Mərhum ağa Qudərzi və Məhəmmədi uşaqlar üçün çox əziyyət çəkirdilər. Bir dönəmdə meydançanın kənarında hətta camaat namazımız da olurdu.
Mən bu əlli ildə orada hər cür adam görmüşəm. Klubumuzda dünya çempionu da yetişib; Məhəmməd Bənnadan tutmuş digərlərinə qədər. Lakin mənim üçün mühüm olan pəhləvan əxlaqı, pəhləvan davranışıdır.
İlkin mərhələləri keçən bütün güləşçilərə proqram hazırlayır və məşqləri yazırdım. O dövrdən uzun illər ötsə də, İbrahim Hadi yaxşı yadımdadır. O, zorxanadan buraya gəlmişdi. Şəhid olduğu üçün tərifləmirəm, dostlar məni tanıyırlar, əbəs yerə adam tərifləyən deyiləm.
Mənim şəhid olmuş idmançım var idi. Burada olanda tərifli adam deyildi, amma birdən dəyişdi və getdi. İbrahimin isə dəyərli xüsusiyyətləri vardı. Uzun zaman ötsə də, yaxşı xatırlayıram.
O, çox azdanışan idi, dövrün bir çox gənclərindən fərqli olaraq, sözlərinə fikir verirdi. Güləş onun üçün məqsəd deyildi. O, bədənini gücləndirməyə gəlmişdi. Bütün idmançılarla yaxşı rəftar edirdi və onlara müsbət təsir göstərməyə çalışırdı.
O illərdə güləşçilərin biri mənim diqqətimi çəkdi. Həmişə onunla idi. O da bir müddətdən sonra İbrahim kimi ilk vaxtda namaz qılmağa və digər işlərə əhəmiyyətli yanaşmağa başladı.
O, idman çempionu olmağa gəlmişdi, İbrahim isə onu çempionluğun və qəhrəmanlığın zirvəsinə çatdırdı.
O, sonralar korpus komandirlərindən biri, Seyyidüş-şühəda diviziyasının komandir əvəzedicisi oldu. İbrahimlə yoldaşlığı onun həyatını dəyişdirmişdi. Söhbət güclü güləşçi olmuş Hacı Cəfər Cəngrudan gedir.
İbrahim bizim yanımızda idman edəndə ölkə çempionu səviyyəsində deyildi, amma çox çalışır və yaxşı məşq edirdi.
Onun qəribə və gözəl xüsusiyyətləri vardı. Dəfələrlə şahid olmuşam, yarışda rəqibinin onu yıxmasına şərait yaradırdı. Ona etiraz edirdim ki, nə üçün filan fəndi işlətmədin? Deyirdi: "Bu Allah bəndəsi də məşq edib, çətinlik çəkib. O da rəqibini yıxmağı arzulayır".
Mən onun nə dediyini həqiqətən anlamırdım. Məgər adamın bu qədər idmandan, məşqdən sonra yarışda rəqibinə yazığı gələr?!
Xüsusi pəhləvan ruhiyyəsi vardı. Yadımdadır, mərhum Qudərzi güləş öyrədəndə istirahət vaxtı uşaqlara mərhum Təxtidən, Teyyubdan və ölkəmizin digər məşhur pəhləvanlarından danışırdı.
İbrahim bu sözlərə hamıdan diqqətlə qulaq asır və əməl edirdi. O, pəhləvanlıq qaydalarını diqqətlə mənimsəyirdi.
Mənim əvvəllər mərhum Təxtidə və sonra İbrahimdə gördüyüm xüsusiyyətlərdən biri də bu idi ki, yarışda rəqiblərinin zəif yerlərinə yaxınlaşmazdılar. Əgər rəqibinin sol ayağının ağrıdığını bilsəydi, ona toxunmazdı.
Bir dəfə məşq yarışları zamanı öz çəkisində olan biri ilə güləşirdi. Rəqibi bilmədən İbrahimin üzünə kəllə vurdu. Gözünün altı şişib qaraldı. Rəqibi qorxurdu və narahat idi. Belə halların dava-dalaşa səbəb olduğunu dəfələrlə görmüşdüm.
İbrahim isə pəhləvan ruhiyyəli olduğuna görə yaxınlaşıb rəqibinin üzündən öpdü və dedi: "Mühüm deyil, idmanda belə şeylər olur".
Bunlar kiçik məsələlər deyil. Mən dəfələrlə bunun əksini görmüşəm.
Dostları ilə paylaş: |