Allah yolu Mehdi Həsən Qumi
Ağa İbrahimin Allaha bəndəlikdən sonra ən üstün xüsusiyyəti insanların hidayət olunması və insanlara yardım üçün əlindən gələni etməsi idi. Onun üçün başqalarının nə söylədiyi, nə düşündüyü önəmli deyildi. Bəzən insanları Allah yoluna gətirməkdən ötrü özünü dedi-qodu təhlükəsinə atırdı.
Yadımdadır, bir dəfə Əbu-Müslim idman klubunda idik. İbrahim onunla həmyaş idmançı dostlarından bir neçəsinin gecələr bəzi böyüklərlə birgə Tehranın əxlaqsız məhəllələrindən birinə getdiklərini öyrəndi. Onlar bu haqda açıq danışırdılar.
İbrahim onlarla çox söhbət etdi, amma faydası olmadı. Qərara gəldi ki, bir dəfə onlarla gedib həmin fəsad mərkəzini yola gətirsin.
Bir dəfə idmandan sonra çox ciddi şəkildə onlara dedi: "Bu qədər tələsik haraya gedirsiniz? Bir dəfə məni də aparın".
Onlar təəccüblə bir-birinə baxıb dedilər: "Eybi yox, sən də gəl".
İbrahim də onlarla getdi.
Ertəsi gün axşamüstü İbrahimi görüb nə baş verdiyini soruşdum. İdmana başlamazdan öncə dərin bir ah çəkib dedi: "Allah hamımızı hidayət eləsin! Mən yolda bu dostlarla çox danışdım, amma onlar ancaq bu böyük dostlarını dinləyirdilər. Onlar özlərindən yaşca böyük olan fəsad mənbəyi ilə dost olmuşlar".
Sonra əlavə etdi: "Mən onların vəziyyətlərinin bu qədər bərbad olduğunu düşünməzdim. Onlar rahatlıqla Tehranın fəsad dolu Gömrük məhəlləsinə girdilər. Nə qədər ayə və hədis dedimsə, faydası olmadı. Hamısını özü kimi fəsada qərq etmiş dostları mənim sözlərimi eşidən kimi qışqırıb dedi: "İbrahimi tutun, qaçmasın. Onu da aparmalıyıq!" Məni tutmaq istəyəndə əllərindən qaçdım. Arxamca qaçdılar, amma çata bilmədilər”.
İbrahim narahat halda dedi: "Bu dostlara ürəyim yanır. Onlar öz gələcəklərini məhv edirlər. Onların yaxşı valideynləri var, amma bu haram işlər onları həlak edəcək".
Dostları ilə paylaş: |