Əmir Məncər və digərləri
Evdən bayıra çıxanda əlinə təsbeh götürüb zikr deyən çox adam görmüşəm. Lakin onların bəzisi yalnız dildə zikr deyir, Allahdan ötrü heç bir iş görmürlər. Günah şəraiti yarananda da bəziləri büdrəyirlər. İbrahim isə əməllərinə çox diqqət yetirir, özündən haqq-hesab sorurdu və bu işlər onun zahiri həyatında görünmürdü. O, digərlərinin qarşısına çox adi şəkildə çıxır, deyib-gülür, zarafat edirdi. Əməllərindəki ixlası, ehtiyatlılığı və diqqətliliyi görməkdən ötrü onunla get-gəl etmək lazım idi.
İbrahim bu mənəviyyatı böyük din alimlərinin dərsindən və heyətin məclislərində ruhanilərin çıxışlarından öyrənmişdi. O, tez-tez məscidə gedir, alimlərdən bəhrələnirdi.
Bunu da demək lazımdır ki, İbrahim birgecəyə məddah olmadı. O, təcrübəli məddahların çıxışlarını dinləyir, Əhli-beyt ailəsinə xidmət etmək üçün onlardan kömək istəyirdi.
Bu insanların biri Hacı ağa Turabi idi. Bir dəfə İbrahimlə onun evinə getdik. Hacı ağa Turabi ixlaslı və təcrübəli məddahlardan idi. İbrahim onun önündə dizi üstə oturub dedi: "Hacı ağa, gəlmişəm ki, İmam Hüseynə (ə) qulluqçuluq işində mənə kömək edəsiniz".
Hacı ağa Turabi də İbrahimi çox sevirdi, bildiyi şeir və üslubları ona öyrədirdi.
İbrahimgil inqilabdan öncə Ziba xiyabanına köçdülər. O xiyabanın hər küçəsində bir ilahi din alimi yaşayırdı. İmam əl-Qaim (ə) elm hövzəsi, Məhəmmədi məscidi və onlarla hüseyniyyə oranın əhalisinin dindarlıq səviyyəsini göstərirdi.
İbrahimgilin məhəlləsində böyük bir din alimi yaşayırdı: Əllamə Məhəmmədtəqi Cəfəri.
Bu böyük alimin çox yaxşı əxlaqı vardı və əksər əhalinin hörmətini qazanmışdı. İbrahim də onu sevir, evində keçirilən məclis və əzadarlıqlarda iştirak edirdi.
Əllamə Cəfərinin oğlu İbrahimin yaxın dostlarından idi.
İbrahim bu böyük alimdən bəhrələnir və onu çox sevirdi. Əslində, bu münasibət qarşılıqlı idi. Əllamə də inqilabçı və mömin bir gənc kimi İbrahimi çox sevirdi.
İbrahim Fəthülmübin əməliyyatında yaralananda Əllamə Cəfəri ona baş çəkməyə getdi və evlərində bir saat qonaq oldu. Halbuki o, adətən kiminsə evinə getməzdi.
Əllamənin oğlu Əli Cəfəri müsahibəsində deyirdi: "İbrahim Hadi yaralanıb evə gələndə əllamə ona baş çəkmək istədiyini bildirdi. İbrahim əllamənin gəldiyini görüb o vəziyyətdə ayağa qalxmağa çalışdı və dedi: "Ustad, siz nə üçün zəhmət çəkmisiniz?! Biz yaxşılaşıb hüzurunuza gələrdik". Əllamə isə belə cavab verdi: "Sizə baş çəkmək bizim borcumuzdur. Siz canınızı bu yola qoymusunuz".
Sonra əlavə etdi: "Hər dəfə siz gəlib dərs öyrənirdiniz, indi bizim növbəmizdir; gəlib sizdən dərs öyrənməliyik".
İbrahim çox utandı və narahat halda dedi: "Əstəğfirullah, ustad. Biz sizin ayağınızın tozu ola bilmərik. Nəyimiz varsa, sizdəndir. Dua edin ki, vilayət yolunun əsgəri ola bilək".
Qardaş Əli Kəlic həmin gün gördüklərini belə təsvir edir: "Ayətullah Səidi xiyabanından keçəndə bir land rover maşını siqnal verdi. Dostlarımdan biri sükanın arxasından mənə dedi: "Ağa İbrahimi görmək istəyirsən?" “Bəli” – deyib içəri atıldım. Arxa oturacağa baxan kimi çox xəcalət çəkdim və ədəb-ərkanla salam verdim. Əllamə Məhəmmədtəqi Cəfəri arxamda oturmuşdu.
İbrahimgilə getdik. Salamlaşandan və hal-əhval tutandan sonra İbrahim danışmağa başladı.
– Ustad, biz cəbhədə bir çox məsələlərə əmin oluruq.
Sonra əli ilə bir dairə cızıb dedi: "Əgər dünya bu kürə kimi olsa, İmam Mehdi (ə) mənim bu qollarım kimi onu əhatəyə alıb. Allah da bütün kainata şahiddir və nəzarət edir".
Əllamə sakit qalıb İbrahimin irfani ifadələri haqda fikirləşdi. Sonra İbrahim kəramətlər və qeybi yardımlar haqda xatirələr danışmağa başladı”.
***
İbrahimin qonşusu və dostu Məhəmməd Xurşidi deyir: "İbrahim yaralanıb Tehranda qaldığı zaman bir dəfə onu motosikletlə Ziba xiyabanına apardım.
– Ağa İbrahim, inşallah haraya?
– Əllamə Cəfərini görməyə gedirəm.
– Hansı əllamə? Televiziyada qəliz türk ləhcəsi ilə danışan əllaməni deyirsən? Mən də gələ bilərəm?
– Hə, istəyirsənsə gəl.
Əllamə Cəfərinin evinə girdik. Ətrafında bir neçə nəfər oturmuşdu və o danışırdı.
İbrahim çəliklə otağa girdi. Əllamə İbrahimi görən kimi yerindən qalxıb onu qarşıladı, sonra da gözəl ləhcəsilə dedi: "Bəh-bəh! Ağa İbrahim! Buyurun, buyurun”. O, İbrahimi məclisin başına apardı. Ona hörmət olaraq hamı ayağa qalxdı. Sonra əllamə elə qəribə söz dedi ki, özüm eşitməsəydim, inanmazdım.
- Ağa İbrahim, mənim yerimdə əyləş, gərək biz sizə şagirdlik edək.
Əllamə bu cümləni deyən kimi İbrahimin üzünə baxdım. Çuğundur kimi qızarmışdı. Şagirdlərin yanında oturub dedi: "Ustad, siz Allah, bizi utandırmayın”.
Əllamə çox isrardan sonra öz yerində oturdu, danışdığı mövzunu davam etdirməzdən öncə yanındakı dostlarına üzünü tutub bir cümlə dedi. O cümləni yaxşı xatırlayıram: "Ağa İbrahim mənim ustadımdır".
Mən Əllamə Cəfərinin elmi səviyyəsi haqda çox şey bilmirdim, ancaq televiziyadan danışdığını çox görmüşdüm. Bilirdim ki, bu böyük filosofun sözü səbəbsiz deyil.
Günlər ötdü və nəhayət, İbrahim Vəlfəcr-hazırlıq əməliyyatında şəhadətə qovuşdu. Onun şəhadət xəbərini bir müddət elan etmədilər. Elə bilirdilər ki, sağdır və əsir düşüb. Lakin bir gün onun itkin düşməsi xəbəri yayıldı.
Bu haqda Əllamə Cəfəriyə məlumat verən adam deyir: "Əllamə Cəfəri İbrahimin şəhid olduğunu və cəsədinin itkin düşdüyünü eşidəndə çox narahat oldu, ətrafındakılara baxıb İbrahimin mədhinə bir beyt şeir oxudu:
Bu eşq iddiaçıları bixəbərdirlər.
Xəbərdar olandan isə xəbər gəlmədi.
Burada Əllamə Cəfərinin İbrahimin şəxsiyyətinə uyğun fikirlərini qeyd etməyimiz yaxşı olar:
"Ən güclü adam özünə sahib olmağı bacarandır; bu dünyada başqa heç bir şeyə malik olmasa da.
Əksinə, bir adam bütün dünyaya malik olsa, amma özünə sahib ola bilməsə, onu ən aciz insan saymaq lazımdır".1
Dostları ilə paylaş: |