Qanlı qürub
1983-cü ilin 11 fevral gününün günbatan çağı mənim üçün olduqca cansıxıcı keçdi.
Kəşfiyyat uşaqları səngərlərinə getdilər, mənsə hələ durbinlə baxırdım. Qüruba yaxın uzaqdan bir şeyin hərəkət etdiyini hiss etdim. Diqqətlə baxdım. Üç nəfərin bizə doğru qaçdığı aydın görünürdü. Yolda tez-tez yıxılıb-qalxırdılar. Yaralı və yorğun idilər. Kanaldan gəlirdilər.
Qışqırıb uşaqları çağırdım. Onlarla təpəyə çıxdıq. Uşaqlara dedim ki, atəş açmayın.
Qürubun qızartısında həmin üç nəfər nəhayət, bizim istehkamımıza çatdılar. Onlar çatan kimi qaçıb soruşdum: "Haradan gəlirsiniz?" Danışmağa taqətləri yox idi. Biri su istədi. Tez ona bir qumquma verdim.
Aclıqdan və zəiflikdən birinin bədəni əsirdi. Üçüncüsü isə başdan-ayağa qanın içində idi. Bir az özlərinə gələndən sonra dedilər: "Kumeyl batalyonundanıq".
Həyəcanla soruşdum: "Digər uşaqlar nə oldular?" Biri güclə başını qaldırıb dedi: "Bizdən başqa kiminsə sağ qaldığını düşünmürəm". Həyəcanlandım və yenidən təəccüblə soruşdum: "Bu beş gündə necə müqavimət göstərdiniz?"
Danışmağa taqətləri yox idi. Bir qədər dayandı, ağzı boşalandan sonra dedi: "Biz son iki gündə cəsədlərin arasında gizlənmişdik, amma bu beş gündə kanalı ayaqda saxlayan bir nəfər vardı".
Yenidən nəfəsini dərib yavaşca dedi: "Qəribə adam idi. Bir tərəfə minomyotla atəş açırdı, bir tərəfə pulemyotla. Çox güclü idi". O birisi sözünü kəsib dedi: "Bütün şəhidləri kanalın sonunda yan-yana düzmüşdü, yeməyi və suyu bölürdü, yaralılarla məşğul olurdu. O, yorğunluğun nə olduğunu bilmirdi".
– Məgər batalyon komandirləri və müavinləri şəhid olmadılar?! Bəs siz kimdən danışırsınız?
– Bir cavan oğlan idi, tanımırdım. Saçı qısa idi, əynində kürd şalvarı vardı.
O birisi dilləndi: "Birinci gün də boynuna ərəb çəfiyəsi dolamışdı. Qəşəng səsi də vardı. Rövzə oxuyub bizi ruhlandırırdı".
Ruhum bədənimdən çıxmaq üzrə idi. Boğazım qurudu. Bunlar İbrahimin xüsusiyyətləri idi.
Nigaran halda oturub əlini tutdum və təəccüblə dedim: "Ağa İbrahimi deyirsən, düzdür? İndi haradadır?"
– Hə, deyəsən qədim uşaqların bir-ikisi onu ağa İbrahim çağırırdı.
Yenidən ucadan soruşdum: "İndi haradadır?"
O birisi dilləndi: "Düşmənin atəş açdığı son ana qədər sağ idi. Bizə dedi ki, düşmən öz qüvvələrini geri çəkdi, yəqin raketlə vuracaq. Əgər halınız varsa, nə qədər ki sakitlikdir, qaçın". Özü yaralıların yanına getdi, bizsə geri qayıtdıq".
Başqa birisi dedi: "Mən gördüm, onu vurdular. İlk partlayışlarda yerə yıxıldı".
Bədənimin bütün taqəti çəkildi və gözlərimdən yaş axmağa başladı. Çiyinlərim dayanmadan tərpənirdi. Daha özümü ələ ala bilmədim, başımı torpağa qoyub ağlayırdım. İbrahimlə bağlı bütün xatirələrim gözlərim önündə canlandı; zorxana meydançasından Gilanqərbə qədər...
Kəskin barıt qoxusu ilə partlayış səsi bir-birinə qarışmışdı. İstehkamın yuxarısına qalxdım, kanala tərəf getmək istəyirdim. Uşaqların biri önümdə dayanıb dedi: "Nə edirsən?! Sənin getməyinlə İbrahim qayıtmayacaq ki. Gör necə atəş yağır!"
Həmin gecə hamımızı Fəkkədən geri çəkdilər. Bütün uşaqlar mənim günümdə idi. Çoxları dostlarını orada qoymuşdular. Biz Dokuhəyə girəndə Hacı Sadiq Ahəngəranın səsi gəlirdi:
Ey səfərdən qayıdanlar!
Hanı şəhidləriniz? Hanı şəhidləriniz?
Uşaqlar ucadan ağlamağa başladılar. İbrahimin şəhid olması və cəsədinin itkin düşməsi çox tez bir zamanda hər tərəfə yayıldı.
Oğlu ilə cəbhədə olan bir döyüşçü yanıma gəlib narahat halda dedi: "Hamımız İbrahimdən ötrü kədərliyik. Allaha and olsun, əgər oğlum şəhid olsaydı, bu qədər narahat olmazdım. Heç kim bilmir ki, İbrahim necə böyük insan idi”.
Ertəsi gün diviziyanın bütün uşaqlarına məzuniyyət verdilər və biz Tehrana getdik. İbrahimin şəhadət xəbərini verməyə heç kim cəsarət etmirdi. Bir neçə gündən sonra isə itkin düşməsi xəbəri hər yerə yayıldı.
Dostları ilə paylaş: |