1.3.2.2. Bluetooth texnologiyası
Bluetooth- demək olar ki istənilən ofis avadanlığı (mobil telefonlar,
noutbuklar, netbuklar, printerlər, skanerlər, rəqəmsal fotoapartalar və s.) arasında
radiorabitə yaratmağa imkan verən müasir naqilsiz rabitə texnologiyasıdır. Bu
texnologiya 1994-cü ildə Ericsson Mobile Communication kompaniyası tərəfindən
yaradılmışdır. Bluetooth spesifikasiyası isə 1998- ci ildə yaradılmış Bluetooth SIG
(Bluetooth Special Interest Group- Bluetooth texnologiyası üzrə konsorsium)
qrupu tərəfindən işlənib hazırlanmışdır. Bu qrupun tərkibinə Ericsson, IBM, Intel,
Toshiba və Nokia kimi iri kompaniyalar daxil idi. Texnologiya Daniyanı Cənubi
İsveç və Cənubi Norveçlə birləşdirmiş və vahid Dat şahlığı yaratmış Harold I
Blatandın (sonrakı transkripsiyada- Bluetooth, Göydiş) şərəfinə Bluetooth
adlandırılmışdır. Artıq 2000-ci ildə Bluetooth SIG qrupunun tərkibinə 1883
müxtəlif kompaniyalar daxil idi. Onların arasında proqram təminatı, portativ
kompüterlər, mobil telefonlar və s. istehsalçıları var. Hal hazırda Bluetooth bütün
dünya tərfindən tanınmış bir texnologiyadır. Bluetooth SIG və IEEE (Institute of
Electrical and Electronics Engineers- elektrotexnika və elektronika mühəndisləri
institutu) arasında bağlanmış razılığa görə Bluetooth spesifikasiyası IEEE 802.15
standartının tərkibinə daxil oldu. Bu standart 14 iyun 2002-ci ildə nəşr olundu.
Aşağıda Bluetooth texnologiyasının mövcud variantları göstərilmişdir:
1. Bluetooth 1.0. Bu variant 1998-ci ildə layihələndirilib. Müxtəlif
istehsalçıların buraxdığı 1.0 və 1.0b spesifikasiyalı avdanlıqları bir biri ilə çox pis
uyğunlaşırdı. Hər iki spesifikasiyadan olan avadanlıqlarda rabitənin yaradılması
zamanı adresin şifrə olunmamış şəkildə ötürülməsi zəruri idi. Bu da rabitənin
anonimliyini mümkünsüz edirdi. Bu Bluetooth 1.0 variantının əsas çatışmazlığı idi;
2. Bluetooth 1.1. Əvvəlki variantda olan bir sıra səhvlər düzəldilmiş və qəbul
olunan siqnalın gücünün indikasiyası funksiyası əlavə olunmuşdu. Verilənlərin
ötürülmə sürəti 55kbit/san təşkil edirdi;
3. Bluetooth 1.2. Bu variantda işçi tezliyin adaptiv dəyişməsi
texnologiyasından istifadə olundu. Bu da öz növbəsində sistemin EM küylərinə
davamlılığını artırdı. 1.2. variantında verilənlərin ötürülmə sürəti 721 kbit/san
təşkil edir;
4. Bluetooth 2.0+EDR. Bluetooth 2.0 versiyalı avadanlıqların istehsalına 10
noyabr 2004- cü ildən başlanıb. Bu versiya əvvəlkilərlə tam uyğunlaşa bilir. Bu
variantda əsas yenilik EDR (Enhanced Data Rate- verilənlərin yüksəkldilmiş
ötürülmə sürəti) texnologiyasının əlavə olunması oldu. EDR-in nominal ötürmə
surəti 3 Mbit/san olduğu halda, real şəraitdə bu rəqəm 2,1 Mbit/san təşkil edir;
5. Bluetooth 2.1. 2007-ci ildə işlənib hazırlanıb. Avadanlıqların
xarakteristikalarının genişləndirilmiş sorğusu, Sniff Subrating adlı işləmə
periodunu 3 dəfəyə qədər artıran enerji qoruma texnologiyası kimi yeniliklər əlavə
olunub. Bundan başqa bu spesifikasiya iki avadanlıq arasında rabitənin yaradılması
prossesini daha asanlaşdırır və tezləşdirir, rabitəni qırmadan şifrləmə açarının
yenilənməsinə imkan verir, qurulmuş rabitənin yüksək təhlükəsizliyi təmin edir;
6. Bluetooth 2.1+EDR. Bu variant 2008-ci ildə istehsala buraxılıb. Əlavə
olunmuş yeniliklər: enerji sərfiyyatının 5 dəfə azaldılması, verilənlərin qoruma
səviyyəsinin yüksəldilməsi, cihazlar arasında rabitə yaradılması prossesinin bu
əməliyyata sərf olunan addımların sayının azaldılması nəticəsində tezləşdirilməsi;
7. Bluetooth 3.0. 21 aprel 2009-cu ildə yaradılmışdır. Verilənlərin ötürülmə
sürəti 24 Mbit/san təşkil edir. Bu spesifikasiyanın avadanlıqları özündə 2 növ
radiosistemi birləşdirir: 1- verilənlərin ötürülmə sürəti 3 Mbit/san təşkil edir, az
enerji sərfiyyatına malikdir; 2- IEEE 802.11 (Wi-Fi) standartı ilə uyğunlaşa bilər,
verilənlərin ötürülmə sürəti 24 Mbit/san təşkil edir. Bu və ya digər radiosistemin
seçilməsi göndərilən verilənlər faylının ölçüsündən asılıdır. Kiçik həcmli fayllar
aşağı tezlikli kanalla, böyük həcmli fayllar isə yüksək tezlikli kanalla göndərilir.
8. Bluetooth 4.0. 2009-cu ildə işlənib hazırlanıb. Bu texnologiyadan ilk
növbədə kiçikölçülü elektron datçiklərdə (məsələn, meteo sensorlar, yanğın
sensorları, pasientlərin bədənində yerləşdirilən sensorlar və s.) istifadə olunur.
Bluetooth 4.0 spesifikasiyasına əsasən verici yalnız verilənləri ötürən müddətdə
qoşulur. Belə alqoritm cihazın iş fəaliyyətini bir CR2032 akkumlyator vasitəsi ilə
bir neçə il ərzində saxlamağa imkan verir. Verilənlərin ötürülmə sürəti 1 Mbit/san,
həcmi isə 8-27 bayt təşkil edir. Standrta əsasən iki Bluetooth cihaz 5 ms- dən az
müddət ərzində rabitə yarada bilər və 100 m məsafədə stabil işləyə bilər.
Bluetooth cihaz kiçik ölçülü çip şəklində hazırlanan ISM (Industry, Science
and Medicine- sənaye, elm və tibb) diapazonda işləyən yüksək tezlikli (2400-
2483,5 MHs) ötürürücü/qəbuledicidir. Bu diapazondan istifadə etmək lisenziya
tələb etmir. Bluetooth vericinin gücü adətən 10 mVt- dan artıq olmur.
Texnologiyanın ilk versiyalarında rabitə məsafəsi 10 m təşkil edirdi. Hal- hazırda
bəzi firmalar 100 m məsafədə stabil rabitə yarada bilən Bluetooth mikrosxemlər
təklif edirlər.
Rabitə avtomatik olaraq bir Bluetooth cihazın digərinin təsir dairəsinə
düşdükdə yaradılır. Rabitə «nöqtə-nöqtə» va «nöqtə-çoxnöqtə» rejimlərində qurula
bilər. Bluetooth rabitəni reallaşdırmaq üçün xüsusi proqram təminatı tələb olunur.
Bluetooth cihazın naməlum ərazidə yerinə yetirdiyi ilk prosedur «Device
discovery» adlanır. Bu zaman ərazidə olan başqa Bluetooth cihazlar axtarılır.
Bunun üçün cari Bluetooth cihaz başqa cihazlar tərəfindən qəbul olunan sorğu
siqnalı göndərir. Bu sorğuya cavab ərazidə (əhatə dairəsində) olan cihazların
işlədiyi rejimdən asılıdır. Bu etapda sorğu göndərilən cihaz 3 rejimdə ola bilər:
1. Discoverable mode. Bu rejimdə olan cihazlar onlara göndərilən sorğuların
hamısına cavab verirlər;
2. Limited discoverable mode. Bu rejimdə olan cihazlar sorğulara yalnız
məhdud zaman intervalında və ya müəyyən şərtlər ödənildikdə cavab verə bilərlər;
3. Non-discoverable mode. Bu rejimdə olan cihazlar qəbul olunmuş
sorğulara cavab vermirlər.
Bluetooth cihazı tapmaq, yəni ilkin sorğuya cavab almaq mümkün olsa da,
bu cihaz ya «Connectable mode» ya da «Non-connectable mode» rejimində ola
bilər. «Non-connectable mode» rejimində olan cihazın rabitə üçün vacib olan bəzi
parametrlərini kökləmək mümkün olmur. Yəni, belə cihazı ərazidə aşkar etmək
olsa belə onunla rabitə yaratmaq mümkün olmur. Əgər cihaz «Connectable mode»
rejimində olarsa, bu mərhələdə cihazlar öz arasında rabitənin fiziki parametrləri:
verilənlərin ötürülmə sürəti, paketlərin həcmi və s razılaşdırılır.
Yeni (əraziyə yeni gəlmiş) Bluetooth cihaz «Device discovery» prosedurunu
yerinə yetirdikdən və ərazidə olan cihazları aşkar etdikdən sonra sonuncuların
adresləri alınır. Daha sonra «Device name discovery» proseduru yerinə yetirilir. Bu
zaman alınmış cihazların adreslərinə görə onların adları təyin olunur. Hər bir
Bluetooth cihaz unikal adresə (şəbəkə platalarının MAC-adresi kimi) malik olur.
Lakin istifadəçi tərəfindən bu adres deyil, cihazın adı istifadə olunur. Cihaza
istifadəçi tərəfindən istənilən ad seçilə bilər və adresdən fərqli olaraq qlobal unikal
olmaya da bilər. Bluetooth cihazın adının maksimal həcmi 248 bayt ola bilər. Baza
standartına əsasən bir cihaz digərinin adının yalnız ilk 40 simvolunu qəbul etməklə
də fəaliyyət göstərə bilər. Əgər Bluetooth cihaz çox kiçik displeyə və aşağı
hesablama gücünə malikdirsə bu rəqəm 20-yə qədər azaldıla bilər.
Aşkaremtə, identifikasiya və ilkin kökləmə proseduralarından sonra
Bluetooth cihazlar istifadəçi verilənlərinin mübaliləsinə başlaya bilər. Bluetooth
standartına əsasən verilənlər zamana görə sıxılma ilə paketlər şəklində göndərilir.
Radiotraktda FHSS metodnudan istifadə olunur. Bu metoda əsasən bütün tezlik
diapazonu eni 1 MHs olan altdiapazonlara bölünür. Altdiapazonların sayı (və ya
tezlik sıçrayışlarının sayı) 79, 23 və ya 22 ola bilər (cədvəl 1.3.1).
Cədvəl 1.3.1
Ölkə adı
Diapazon, MHs
Altkanalların daşıyıcı
tezliyi, MHs
Altkanalların mümkün
nömrələri, k
Avropa və ABŞ
2400,8- 2483,5
2402+ k
0… 79
Yaponiya
2471,8- 2497,8
2473+ k
0… 23
İspaniya
2445,8- 2475,8
2449+ k
0… 22
Fransa
2446,5- 2483,5
2454+ k
0… 22
Hər bir kanal davametmə müddəti 625 mks olan seqmentə bölünür. Hər bir
seqmentə isə müəyyən daşıyıcı tezlik (altdiapazon) uyğun gəlir. Verici bir
tezlikdən digərinə qəbuledici ilə sinxron olaraq köklənir. Saniyə ərzində 1600
tezlik sıçrayışı ola bilər. Tezliyin belə dəyişməsinə- hopping, kanala isə- hopping
channel deyilir. Bu metod rabitənin konfidensiallığını təmin edir və küyə
davamlılığını artırır. Sonuncu onunla əlaqədardər ki, əgər ötürülmüş paket qəbul
olunmasa qəbuledici bu haqda məlumat göndərir və həmin paket başqa bir
altdipazonda, başqa tezlikdə yenidən göndərilir.
İki və daha artıq Bluetooth cihazın rabitəsi zamanı, bir neçə qoşulmaya
xidmət edən cihaza- master (və ya əsas), ona qoşulan cihazlar isə- slave (və ya
asılı) adlanır. Bir master-ə 7 ədəd aktiv slave qoşula bilər. Aktiv slave- lərdən
başqa (yəni, master-lə aktiv olaraq informasiya mübadiləsi aparan cihazlar) çoxlu
sayda master-lə verilənlər mübadiləsi apar bilməyən (boş kanalların yoxluğu
naticəsində), lakin onunla sinxronlaşmış olan qeyri-aktiv slave-lər də mövcud ola
bilər. Bu cür şəbəkə quruluşu piconet adlanır. Müxtəlif piconet-lərin bir- biri ilə
zamana və tezliyə görə sinxronlaşması olmur. Onların hər biri öz tezlik sıçrayışları
ardıcıllığından istifadə edirlər. Bir piconet daxilində isə bütün cihazlar bir- biri ilə
həm zamana, həm də tezliyə görə sinxronlaşırlar. Hər bir piconet üçün master
tərəfindən psevdo-təsadüfi tezlik sıçrayışları ardıcıllığı təyin olunur və şəbəkəyə
daxil olan bütün slave-lər bu alqoritmə əsasən işləyirlər.
Mövcud piconet daxilində yalnız bir master ola bilər. Lakin hər bir slave
eyni zamanda başqa şəbəkənin cihazları üçün master rolunda ola bilər və öz
piconet şəbəkəsini formalaşdıra bilər. Bir neçə piconet- in bir birinə bu şəkildə
birləşməsi scatternet (artırılmış, böyüdülmüş şəbəkə) adlanır. Bir scatternet
daxilində müxtəlif cihazlar ayrı-ayrı piconet- lər üçün master və ya slave deyil,
həmçinin sadəcə olaraq ayrı-ayrı piconet- lər üçün yalnız slave ola bilər. Belə
strukturla daha əyani olaraq şək 1.3.6- da tanış olmaq olar.
Шяк.1.3.6.
Bundan başqa, piconet- də olan istənilən slave lazım gəldikdə üstünlüyü öz
üzərinə götürərək master kimi çıxış edə bilər. Beləliklə, scatternet- də istənilən
qədər Bluetooth cihaz rabitə yarada bilər. Bu zaman rabitə kanalları lazım olan
şəkildə dəyişə bilər.
Bluetooth standartına əsasən verilənlər dupleks rejimində kanalların zaman
görə bölünməsi (Time Division Multiplay Access, TDMA) metoduna əsasən
ötürülür. Paketlər master tərəfindən tək zaman anlarında, slave tərəfindən isə cüt
zaman anlarında ötürülür (şək.1.3.7). Paketlər davametmə müddətindən asılı olaraq
5 zaman seqmentini tuta bilər. Bu zaman kanalın tezliyi paketin ötürülməsi bitənə
qədər dəyişmir (şək.1.3.8).
Шяк.1.3.7.
)
( k
Dostları ilə paylaş: |