Sən mənim dözümümü görəcəksən



Yüklə 0,67 Mb.
səhifə4/6
tarix16.06.2018
ölçüsü0,67 Mb.
#53846
1   2   3   4   5   6
Türkün qənimi”
Miladi tarixinin başlandığı müqəddəs İsanın zühurundan 833 il ötürdü. Bu ildə növbəti - xəstə Xəlifə Məmun qardaşı Mötəsimbillahı taxta əyləşdirib öldü. Ölüm ayağında qardaşına vəsiyyətnamə yazdı:

"...Azərbaycana göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona yeni süvari və piyadalar, silahlar göndər. Əgər iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get. Yaddan çıxartma, türkün qənimi yalnız türk ola bilər".

Mötəsim hakimiyyət başına keçən kimi, Orta Asiya türklərindən muzdla yığılmış bir qoşun təşkil edir. Məhz çətin şəraitlərdə vuruşmağa alışmış bu döyüşçülər Mötəsimin Babək üzərində qələbə çalmasına yardım edəcəkdilər.

Mötəsim həm də Xilafətin paytaxtını Bağdaddan daha təhlükəsiz ərazidə yerləşən Samirəyə köçürdür.

Həmin 833-cü ildə ərəb ordusu Həmədan yaxınlığında xürrəmi qoşunları ilə növbəti döyüşə girir. Bu dəfə ərəblərə İshaq ibn İbrahim ibn Müsab, xürrəmilərə isə Babək oğlu Buğday başçılıq edirdi. Atasının ənənəvi döyüş taktikasını kənara qoyub öz məharətini göstərmək istəyən Buğday yenilik etmək qərarına gəlir. O yeni fənd düşünərək qoşunu birbaşa açıq meydan döyüşünə aparır. Və belə şəraitdə özlərini daha yxşı hiss edən səhra adamlarına böyük bir fürsət qazandırır. Ərəblər açıq meydanda daha başarılı olub xürrəmiləri çox ağır məğlubiyyətə uğradırlar. Həmədan döyüşündə azərlər 60 minədək döyüşçü itirir. Sağ qalan 20 min xürrəmi ölkənin yuxarılarına doğru geri çəkilməli olur. Bunu eşidən Mötəsim dərhal əmr verir: “Bəzzi mühasirəyə alın. Bölgəyə giriş-çıxış yollarını bağlayın. Silah və ərzaq daşınmasına imkan verməyin. Babəkin dağıtdığı bütün ərəb istehkamlarını bərpa edin!”

Nəhayət, uzun illərdən sonra Azərbaycanın işğalını başa çatdırmaq imkanı görən Xilafət böyük qoşun toplayır. Ordunun başına mənşə etibarilə türk əsilli zadəganlardan olub üzdə İslama itaət edən, əslində isə Atəşpərəst olan Heydər ibn Kavus əl-Afşin gətirilir. O həm də Azərbaycanın işğal edilmiş Arran, Muğan, Ərməniyyə və Cibəl bölgələrinə hakim təyin edilir.


***
836-cı ilin yazında sərkərdə Afşin nəhəng ordusu ilə Azərbaycana daxil olur. Böyük əziyyətlə çətin keçilən dağlardan aşaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxır. Afşin işğalçı ərəb qoşunlarının Bəzz ətrafında yaratdığı mühasirə həlqəsini get-gedə daraltmağa başlayır. Onun gizlin fikri də var idi: Babəklə birləşib Xilafətə qarşı çıxmaq. Hətta Afşinin xahişi ilə Babək bir neçə dəfə Atəşgahda onunla görüşə gəlir. Ancaq Afşinin həm onunla, həm də Təbəristanlı Mazyarla birləşib çevrilişlə Xilafətdə hakimiyyəti ələ almaq təklifini Babək yaxın qoymur. O, şərəfsizcəsinə hakimiyyət və sərvət uğrunda mübarizə aparmadığını, yalnız xalqın heysiyyatını qorumaq, torpaqları yadellilərin tapdağından təmizləmək uğrunda mücadilə apardığını deyir.

Babək oğlu Buğdayın səhlənkarlığı ucbatından Həmədan yaxınlığındakı acı məğlubiyyətdən sonra mövqeləri əldən çıxan Babək müdafiəyə çəkilməyə məcbur olur. O ağır itgidən sonra sayca az qalan qoşunu ilə açıq çöldə hücuma keçməyib, qaladan çıxmadan düşməni vurmaq fürsəti gözləyir. Bəzz qalasını almağın çətin olduğunu görən Afşin də hücum fikrindən daşınıb birinci Babəkin hücum etməsini gözləyir. Şöhrət və sərvət ardınca öz soydaşlarının üzərinə düşmən kimi gələn Afşin bir dəfə özünü geri çəkilirmiş kimi göstərir. Sonra isə onun getdiyini güman edib qaladan çıxan xürrəmi dəstələrinə hücum edir, ciddi zərbələr endirir. Babək yenə çoxlu sayda döyüşçü itirir.

Dalbadal ağır məğlubiyyətlərdən sonra, Babəkin hələ də ciddi müqavimət göstərməsi xəlifəni daha da qəzəbləndirir. O, Xilafətin son döyüşçüsünə qədər hamının toplanıb Azərbaycana getməsini əmr edir. Daha doqquz min türksoylu muzdur yığıb Afşinə köməyə göndərir. Bu qoşuna da türklər - İtax və Cəfər başçılıq edirdilər.

Babək vəziyyətin get-gedə gərginləşdiyini görüb Roma imperatoru dostu Feofilə məktub yazır: "...Ərəblərin şahı ixtiyarında olan bütün qoşununu, saray əyanlarını, hətta dərzisini və aşpazını da mənim üstümə göndərib. Əgər onun üzərinə hücuma keçə bilsən, indi heç kim sənin qarşında dayanamaz."

Məktubu alan kimi İmperator Feofil yüz minlik ordusunu xilafətin üstünə aparır. Lakin Bizansla müharibədə məğlub ola biləcəyi təhlükəsinə baxmayaraq, xəlifə Azərbaycandan bir döyüşçünü belə geri çəkmir. Nəyin bahasına olursa-olsun Azərbaycanı diz çökdürmək hikkəsi Xilafət üçün artıq həyati vacib məsələyə çevrilmişdi. Odur ki, Feofillə döyüşən Xəlifə Mötəsim Afşinə təcili məktub göndərir ki: "Babəkin məsələsinə bir əncam çək və işini tez qurtar qayıt".

Bu təlimatı alan Afşin yenidən Bəzz qalası yaxınlığındakı düşərgəsinə qayıtmalı olur. Babək ən təcrübəli sərkərdələrindən olan Adsini on minlik qoşunla onun yolunu kəsməyə göndərir. Düşmənin qüvvələrini və mövqeyini düzgün qiymətləndirmədiyindən Adsin məğlub olub geri çəkilir. Xürrəmilərin əsas mərkəzi Bəzzə doğru irəliləyən düşməni saxlamaq üçün göstərilən sonuncu cəhd də uğursuzluqla nəticələnir.

Bəzzin lap yaxınlığına gələn Afşin öz mövqelərini ətrafdakı strateji əhəmiyyətli üç dağda möhkəmləndirir. Babəkin qalasını uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini iri daşlardan möhkəm hördürür…
***
Babək sanki heç nə eşitmirmiş kimi gözlərini yumub dayanmışdı. O harada olduğunun, ətrafında nələr baş verdiyinin, nə moizələr oxunduğunun heç fərqində deyildi. Əzəmətlə, qürurla susub durur, əslində özünü amansız çarpışmaların ən təhlükəli, ən qızğın nöqtələrində görürdü. Arxalandığı xürrəmi döyüşçüləri bir ağızdan: “Uca Tanrı, bizi hər iki dünyada şad et!”- deyə Babəklə bir yerdə düşmənin üzərinə şığıyırdılar.

“Günah əməlləri” üzünə oxunduqca, xəyalında canlanan saysız-hesabsız ağır döyüş mənzərələri fonunda Babək də olmuşları düşünürdü:

“...Ey cahillər şahı! Tanrı nuru qəlblərdə, könüllərdə, fikirlərdə işıq saçmalıdır, nizələrin ucunda, qılıncların qığılcımında yayılmamalıdır. Allaha xoş gedən əməlin adı təcavüz deyil, mərhəmətdir, məhəbbətdir, mədəniyyətdir, bilmirsinizmi? Mənim dinc, şad-xürrəm ölkəmə səadətmi gətirirdiniz, ya fəlakətmi? Yurdumu xarabazara çevirib dinc həyatımızı səfalətə sürükləyir, çalıb-çapır, camaatı qılıncdan keçirir, var-dövləti qarət edirdiniz. Xalqımın minillik dəyərlərinə, özgür yaşamına kəc baxdınız. Bəs haqq-ədalətiniz?! Uçurtduğunuz müqəddəs məbədlərimiz, sitayiş yerlərimiz, atəşgahlarımız yaxşıdı-pisdi bizə aiddi, sizə yox, bunlar bizi ilgiləndirə bilən tapınaqlardı. Siz nədən bizim əvəzimizə qərar verdiniz? Görməmiş əsgərləriniz Azərbaycana daraşanda İslamı unudub nəfsinə uydu, harda bərəkət gördüsə kor qoydu. Harda gözəllik gördüsə tapdaladı. Ağacları yoldu, budaqları qırdı, bağ-bostanı dağıtdı, zəmiləri at dırnağına verdi, insanlığa yaraşmayan əməllər törətdi... Sizin gəlişiniz inanc üçün yox, işğal üçün oldu. İnsanları ucaltmaq üçün yox, alçaltmaq üçün gəldiniz. Həqiqət budur. Mərd oğuz namərd basqıya dözmədi, dözməzdi də... Qulağı sırğalı qara həbəşdən, dəvədodaq çölçü bədəvidən acizdimi Qor oğlu, Qorqud oğlu oğuz boyu ki, dözəydi rəzalətə?! Və əslində biz sizi qılıncdan keçirmədik, zatən özünüz qılıncımıza çapılırdınız. Biz vətənimiz qoruyurduq. Silaha sarılmağa, at belinə qalxmağa, qılınc qaldırmağa siz vadar etdiniz bizi öz haqsız, ədalətsiz, imansız hərəkətlərinizlə, siz...”
Bu arada xəlifə nə düşündüsə, qəflətən hakimin danışığını kəsib fikirli-fikirli Babəkə üzünü tutdu:

-Ey! Bura bax! Əziz qardaşım xəlifə əl-Məmun dünyadan köçəndə mənə nə vəsiyyət etmişdi, bilirsənmi? Türkün qənimi barədə yazdığını demirəm. Onu dedim artıq. Amma... daha nə yazmışdı bilirsənmi...

Babək ətli şişman göz qapaqlarının altından çəpəki nəzərlərlə əvvəlcə Xəlifəyə, sonra onun yanında şəstlə əyləşib bu ədalətsiz divanı seyr edən Afşinə baxdı. Afşin Babəkin ona tərəf zillənmiş baxışlarını duyub göz-gözə gəlməmək üçün geri dönərək arxadakı Səhlə nəsə dedi. Barmağındakı üzüklərlə oynayan Səhl Sumbat tez əllərini aşağı salıb Afşinin üzünə gülümsədi.

- Qardaşım əl-Məmun vəsiyyətində sənin xasiyyətini bilib bir də bunu yazmışdı, - Xəlifə fikirli-fikirli davam etdi. –Yazmışdı ki, xürrəmilərin üstünə göndərdiyin qoşunu çox qətiyyətli, amansız bir adama tapşır, ona bəs qədər silah, süvari və piyadalar ver, sonra arxasınca yenə göndər. Əgər bu iş, - yəni sənin məsələn, Bəbak, - çox uzansa, hətta özün də ən yaxın adamlarını yığ get onun üstünə... Ta ki onu susdurmayınca, - yəni səni deyirdi, Bəbak, səni susdurmayınca, - Xilafətdə dinclik olmayacaq, deyirdi. Mən o deyəni elədim, adam göndərdim Türküstana... muzdla döyüşçü yığdırıb gətirtdim ordan, çörəyini-suyunu verib hamısını sürdüm Azərstana. Bax bizim uşaqlar üçün çətin keçilən dağlıq, daşlıq, qayalıq, meşəlik yerlərdə vuruşmağa alışqan həmin muzdlu qardaşların yendilər səni... Gör onlar səni necə susdurublar ki, xahiş-minnətlə də danışa bilmirsən...

Bunu deyib xəlifə Mötəsim kinayəli-kinayəli güldü.

-Qardaşım Məmun sənin əlindən xilafətin paytaxtını bir dəfə Xorasandan Bağdada köçürmüşdü. Mən də sənin əlindən Bağdaddan Samirəyə köçməli oldum, - Xəlifə istehza ilə gülümsündü. – Amma sən o qədər qırmızı adamsan ki, durub bura da gəldin... Sənin əlindən indi hara qaçaq?! Ha-ha-ha...

Məmurlar da xəlifəyə qoşulub onun kimi lağla güldülər. Babək isə buralardan çox uzaqlarda olduğundan onları eşitmədi. O, öz aləminə qapılıb xəyalən gözəl yurdu dolaşdığından istehzaları heç duymadı da.

Xəlifə gülümsündü:

- ...Bax, belə tutularsan haa... İshaq ibn İbrahim ibn Müsabın başçılığı altında üstünə gələn türk muzdurları ilə vuruşduğun yadındadı? Həmədan döyüşü? Açıq meydan. Elə bilirdin bizimkilərlə vuruşursan, amma qıran da siz idiniz, qırılan da... Ha-ha... İshaq ibn Müsab səni belə barmağına doladı. Əlli mindən çox kafir xürrəmini elə özünüzünkülər cəhənnəmə vasil elədi. Qırğından qorxub qaçan sevgili Bizansa qaçdı. Sənsə Bəzzə. Yadındadı? Biz onda sənin canavar yuvanı mühasirəyə alıb bir daha çıxmağa qoymadıq...

Babəkin qulağı canavar sözünü çalınca qeyri-ixtiyari xəlifəyə tərəf baxdı: “Canavar yox, cahil, Boz Qurd kahası de oraya...” – pıçıldadı.

Xəlifə:

- ...qudurğanlıqla dağıtdığın istehkamlarımızı bərpa edib giriş-çıxış yollarını bağladıq...

Babək istehza ilə gülümsündü: ““İstehkamlarımızı” ha?! Əcəbdir!.. İstehkamlar sizin idisə, bizim ərazimizdə niyə qurulmuşdu, ay sənin... ”

- ...Və o zəhləmgetmiş Bəzz qalasından yemək, içmək, silah-sursat dalınca göndərdiyin dəstələri igid Əbu Səid çox məharətlə pusquya salıb məhv edəndə mən anladım ki, əziz qardaşım mərhum əl-Məmun nə qədər haqlı imiş (Allah ona rəhmət eləsin)! Onun dediyi an gəlib çatmışdı. Azğın xürrəmilərlə haqq-hesabı çürütmək zamanı idi. Bax onda saf qanlı türk zadəganı olsa da, özü Doğru Yola gəlib müqəddəs İslama tapınan igid Usruşanlı Heydər ibn Kavus əl-Afşini – bax bu Afşini - göndərdim sənin üstünə. Həlal olsun!

Xəlifə əlini uzadıb yanında əyləşdirdiyi sərkərdə Afşinin kürəyinə vurdu.

Saray əyanları dərhal bir ağızdan: “Həlal olsun!”- deyib üç dəfə ucadan var gücləri ilə “Allahu-Əkbər!” - dedilər.

Xəlifənin fəxrlə, fərəhlə və bəlağətlə dediyi istehzalı sözlər qara tikan kimi Babəkin beynini cızıqladı: “Doğru Yola gəlib... igid Usruşanlı... Aman Tanrım... Xoş olsun qeyrətinə o xain Usruşanlının... Həqiqətən bacarıq sahibidir... həm sənin yanında İslama tapınan... həm mənim yanımda Atəşpərəst olan Afşin... igid Afşin... qeyrətli Afşin... heyrətli Afşin...”

Xəlifə danışırdı:

- Mən çox geniş ürəklə Azərbaycandakı əyalətlərin bir parasını, Arranı, Muğanı, Ərməniyyəni, Cibəli tapşırdım ona, dedim bu zəfərdən sonra o yerlərin hökmü sənin əlindədir, igid Afşin... İndi isə Bizansa göndərəcəm onu, qoy sənin kafir dostun Feofili zəncirləsin. O da sənin kimi yolunu azmış dəli qudurğandır. Amma indi arxasında sən dəli olmayandan sonra dəli Feofili qandallamaq nəmənədir?.. İnşallah Afşin onu da sənin kimi əli-qolu zəncirli sürər hüzuruma, çəkərik onu da məşhər ayağına... haqq divanına... Şairimiz də yeni əşar qoşar onun şərəfsiz şəninə... ha-ha-ha.... Zəhhak... Hanı Zəhhak? Oxu, şeirini, şair! Oxu, biz də feyziyab olaq... Özü də...

Saray şairi Hüseyn ibn əz-Zəhhak əl Bəxili bir göz qırpımında adamları yara-yara əyanların arxa cərgələrindən irəli çıxdı, guya çox səmimiymiş kimi yaltaqcasına gülümsündü. Amma Xəlifənin bu gərginlikdə onun yaltaqlığına məhəl qoymağa nə vaxtı, nə hövsələsi vardı deyə əlini yellədib: - Oxu, oxu! - dedi.

Zəhhak da bəlağətlə oxumağa başladı. Sanki özünün pafoslu qiraət ustalığı ilə sönük ədəbi qabiliyyətini ört-basdır etməyə çalışırdı:

- “Əl-Mötəsimin əlində əl-Əfşin... Allahın qüdrətilə sıyrılmış bir qılınc oldu... Əl-Bəzzdə, o, İrəmdəki heykəllərə bənzəyənlərdən başqa... Heç nə qoymadı qala sağ və səlamət...”

Hayqıran şairin bəlağəti qulağını milçək vızıltısı kimi dəlincə azman cüssəli Oğuz oğlu gözlərini açıb ətrafa baxdı. Nədənsə, yenə zəhmli baxışları hərlənib-fırlanıb Afşinin üstünə gəldi, gözləri onun üzünə zilləndi. Ərəb sərkərdəsi Usruşanlı Afşin şəninə qoşulmuş mədhiyyəyə qulaq asa-asa xoşhallanıb şəstlə irişirdi. Sısqa şair isə mühüm “iş başında” özünü unudub ağlına gələni üyüdüb-tökürdü: “...Gözlərindən peşimanlıq yağan Babakı da... Girovluq əsir kimi tutub Bəzzə gətirdi...Ordan qolu zəncirli bu divana sürüdü...”

Babək köksünü ötürüb başını buladı:

“...Sən mənim gözlərimdə peşimanlığı nə vaxt gördün, şair! – düşündü. – Qələmindən utansana! Sən axı məni bundan öncə heç görmədin. Bu yalanı nerdən qoşdun sən? Ya məni Bəzzə kim gətirdi ki? Mən özüm bu satqından xahiş etdim ora getməyi... Vidalaşmaq üçün son dəfə görmək istədim şəhərimi... Sevimli Bəzzimi... Qürurlu qeyrət qalasını... Yaza bilsən bundan yaz... Heyf ki, daşı-daş üstündə qalmamışdı, vəhşiliklə dağıdılmışdı... Qırmızı bayraqlarımız qara əskilərlə əvəzlənmişdi... Bu satqını mədh edirsən para üçün bilirəm. Amma haqqı da danırsan axı? Etmə gəl. Allahın yoxmu sənin? Çox keçməz lənətləyərsən onu başqa bir şeirində, inan... Çarmıxa çəkib leşinə daraşacaqlar bir gün onun da, cəsədini müqəddəs od içində atəşə yaxıb murdar külünü zavallı Dəcləyə axıdacaqlar qara qarğalar bu Afşinin də, görəcəksən... Satqınlığın başqa aqibəti olmur, şair... Kim bilməsə də sən gərək biləsən, əgər həqiqi şairsənsə... Uca Tanrım, sən bizi hər iki dünyada şad et! Sən mənə ruh ver, işıq ver, güc ver dözüm bu cəhalətə... Tanrım!”

Xəlifə bayaqdan bəri daş heykəl kimi susub duran Babəkin dodaqlarının xəfifcə tərpəndiyini hiss elədi. Dərhal da qışqırdı:

- ...Ey, nə mızıldanırsan orda? Niyə ucadan danışmırsan... Qorxma, de nə demək istəyirsən... Yadındadı, xilafətin bütün əsgərlərini toplayıb üstünə göndərmişdim. Qışda. Əfşinə kömək üçün türk arxadaşları İtaxın və Cəfər Dinarın başçılığı ilə doqquz min türk muzduru göndərmişdim... Sən onda igid sərkərdəmiz Buğa əl-Kəbirə namərdcəsinə ağır zərbələr vurub qalaya çəkilmişdin. Hiylə qurub sübhün alatoranına qədər ayaq üstə gözlətdiyin yorğun, yuxusuz qoşunu qılınclamışdın. Yadındadı? Mənim yadımdan heç vaxt çıxmaz sənin o namərdliyin. Yarıyuxulu döyüşçülər vahiməyə düşüb qaçmışdılar. Cavan uşaqların çoxu qorxusundan özünü qayalardan atmışdı. İkinci dəfə Həşdadsər döyüşündə də sən eyni qəddarlıqla nə qədər ərəb uşağı qırdın, nə qənimətlər apardın. Bax, bunun hamısına görə cavab verəcəksən! Mən Afşinin ricası ilə razılaşsam da, sən silahı yerə qoyub danışığa gəlmədin, təslim olmadın, nahaq qırğına verdin günahsız millətimi? Nə istəyirdin bizdən, cavab ver!

Mötəsimin qəzəbli çığırtısına rəğmən Babək sakitcə gülümsünürdü. İstehzalı təbəssümlə Afşinə baxıb susurdu. Onun içindəki səs elə bil göylərdən gəlirdi, inamla, əzəmətlə, amma sakit, dinməz, kimsəyə eşidilməz, təkcə öz qəlbinin dərinliyində əks-səda verərək bal kimi içinə axırdı: “Dedim axı, Azadlıq! Azadlıq istərik biz hər şeydən öncə, ey kölələr şahı, asudə nəfəs həyatımızdır! Hər şeyin öz ruhu var bu dünyada. Mən də qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşayıb da ölməyi üstün tutanlardanam... Məni öldürsən də mənim bu ruhumu öldürəməzsən... Mən öz torpağımda öz evimi qoruyurdum, amma sən nə axtarırdın oralarda, ərəb şahı?! İxtiyarındakı tüm qoşunu, cəmi saray əhlini, əyanlarını, hətta dərzini və aşpazını belə yığıb üstümə göndərmişdinsə, əslən sən nə istəyirdin bizdən?... Bu qızmar səhralardan çox-çox uzaq ölkələrdə şad-xürrəm, firavan yaşayan nabələd adamlar arasında nə axtarırdın, cahillər şahı?!"


Babək bunları düşündükcə düşmənlə sonuncu döyüşün canlı mənzərələri gözləri önündən ötüb keçirdi:

...Bu bəşər tarixini dəyişdirəcək misli görünməmiş bir döyüş idi.

O, Bəzz qalasında, yalçın qayalar üstündə dayanıb əzəmətlə aşağıları seyr edirdi. Boğazındakı uzun qırmızı ipək dolağı dağlardan əsən sərin meh eynən bürclərdəki qırmızı bayraqlar kimi aram-aram yellədirdi.

Aşağıda qara libaslı Ərəb qoşunları ilə qırmızı köynəkli azər oğulları arasında növbəti qızğın döyüş başlanmışdı. Çöllərə-çəmənlərə yenə sanki minlərlə bağrı qara dağlı al lalələr səpələnmişdi. Təpədən-dırnağadək silahlı düşmən dəstələri vuruşa-vuruşa qalaya doğru qalxırdı.

Vətənin allı-güllü bağrına dağ çəkən qılınclı-qalxanlı, toppuzlu-nizəli yad adamların sayı-hesabı yoxdu, insan selinin ucu-bucağı görünmürdü.

Ayrı-ayrı vuruş meydançalarında gedən dəhşətli qırğın mənzərələri qayalar başından baxanda vahimə yaradır, heyrət doğururdu.

Yurdu yağıdan xilas etmək üçün nəhəng-nəhəng azman oğuz igidlərilə yanaşı elin mərd qadınları, cəsur qız-gəlinlər, dəliqanlı sütül yeniyetmələr və dünya görmüş ahıl-ağsaqqal nurani qocalar da indi döyüş meydanında idi.

Azər qövmünün belə toplam igidliyi və məğlub etdikləri heç bir ölkədə rast gəlinməyən kütləvi şücaəti hətta hissiz-duyğusuz qaba işğalçı əsgərin özünü də dəhşətə gətirirdi.

Bu qeyrətli insanların öndəri, bu cəsur döyüşçülərin mahir sərkərdəsi, bütün məmləkətin sevimli el atası Babək Xürrəminin gözləri önündə Vətən tarixinin ən ağır, ağrılı, qanlı səhifələri yazılırdı...

Və o duyurdu ki artıq həlledici an yaxınlaşır.

Babək boğazına bağladığı uzun qırmızı ipək dolağı sərt hərəkətlə geriyə atdı. Bu - ətrafında qalan sonuncu dəstəyə “hücum” işarəsi demək idi. Dərhal qaladakı igidlər hamısı bir göz qırpımında at belinə sıçradılar, cəsur öndərin arxasınca şimşək kimi aşağıya, döyüş meydanına doğru şığıdılar.

Aşağılardan bunu görən düşmənə elə gəldi ki, sanki haralardansa çox yuxarılardan, lap parçalı buludların arasından çaxan ildırımlar səpələndi onların üstünə, yer üzünə göydən qırmızı-qırmızı qığılcımlar yağdı... Sonra fırtına qopdu, müsibət tufanı bürüdü dünyanı... Vahimə içində: - “Bu bir Allah bəlasıdır!” – deyən hər bir ərəbin qorxudan az qala bağrı yarıldı...

Qaçan kim, qalan kim. Döyüş qızğın, aləm qarışıq. Bəzzin həndəvərində qiyamət qopurdu, dünya dağılırdı. Böyük sürətlə bir-birinə doğru yürüyən iki insan seli toqquşanda hayqırtıdan qulaq tutuldu, aləm bir-birinə qarışdı... Qıran kim, qorunan kim... Qovan kim, qaçan kim... Hər döyüşdə olduğu kimi, yenə atların dırnağı insan qanından yaranmış gölməçələrdə sürüşür, vəhşi bağırtılardan hürkən zavallı atlar belində gəzdirdiyi süvarini yerə çırpıb özü qan gölündə duruş gətirə bilməyərək sürüşüb yıxılırdı.

Qılınclar cingildəyir, igidlər nərə çəkirdi. İnsan hayqırtısı ilə at kişnərtisi bir-birinə qarışıb yeri-göyü titrədirdi. Qan su yerinə axırdı. Hər tərəfdə qollar-qıçlar kəsilir, boyunlar vurulur, başlar bədəndən ayrılırdı. Ölənlərin sayı-hesabı yox idi...


***


Son döyüş
...Düzəngahda qurulan saysız-hesabsız çadırlarda yatan, güllü çəmənlərdə, çiçəkli otluqlar arasında uzanıb sərin mehdən xumarlanan döyüşçülərin, xüsusən türk ellərini ilk dəfə görən ərəb uşaqlarının qulağı yuxarılardan, dağlar tərəfdən gələn səslərdə idi. Keçi kimi atılıb daşların-qayaların üstünə çıxan qızların: “Ay qızlar, ay qızlar, halaya gəlin...halaya gəlin... Ay lolo... ay lolo...” – deyib çağırmaları aşağılarda toplaşıb onları bir anda qırmağa fürsət gözləyən silahlı düşmən dəliqanlılarının da dodağını çatladırdı. Uca dağların zirvəsindən ətrafa həzin duyğular oyadan gözəl musiqi sədaları yayılırdı. Gah qız, gah oğlan səsi üstündə aşağılara duyğulu şən bahar nəğmələri səpələnirdi: “Gəl ey bahar, bizə səadət gətir... Gəl ey günəş, qov bu qəmi-qüssəni... Alçaq xəlifənin yası olan Novruz gəl... Sən ey xoş gün gətirən saf su gəl... Bizə gözəl varlı nişanlı yetir... Bizə gözəl sevgili yarı gətir... ”

Qala bürclərinə sancılmış al-qırmızı bayraqlar sanki uca Tanrının gözəlliyini tərənnüm edən bu ecazkar səslərin sədası altında yallı gedirlərmiş kimi nazla yellənirdi. Qalada qırmızı geyimli adamlar qaynaşır, hərə bir iş dalınca o yan-bu yana gedir, gülüş, qəh-qəhə, çal-çağır sədaları gecənin yarısına qədər səngimirdi. Qız-gəlinlər həyət-bacada səliqə-sahmana baxır, analar biş-düş edir, nənələr təndirin hədəvərində dolaşır, ahıl-ağsaqqallar təsərrüfatda çalışırdılar. Qalan bütün kişilər, gənclər, oğlan uşaqları cıdır düzündə döyüş təlimi keçirdilər...

Həyət-bacalardan qalxan ocaq tüstüsü ala buludlara doğru uzanıb gedirdi. Bəzz qalası adi günlərindən birini yaşamaqda idi. Dağ başında şad-xürrəm ömür sürən qəhrəman şəhər sanki uğultu ilə nəfəs alır, canlı hənirti səsini ətrafa yayıb aşağılarda gözləyən düşmənin canına üşütmə salırdı.

Babək qayaların üstünə qalxıb sanki bütün Qaradağ çöllərinə səpələnmiş Ərəb qoşunlarını ucalıqdan seyr edə-edə son dərəcə gərginləşən vəziyyətdən çıxmaq üçün tədbirlər düşünürdü. Onun tapşırığı ilə xürrəmi döyüşçüləri aradabir qaladan çıxıb gizlin yollarla aşağı düşərgələrə tərəf enir, düşmənə qəfil sarsıdıcı zərbələr vurub yenidən dar cığırlarla sıldırımlı qayalar başındakı qalaya çəkilirdilər.

Ancaq ərəblər sayca və silah-sursatca qat-qat çox olduqlarından bu qısamüddətli mövqe döyüşləri onların durumuna ciddi təsir etmirdi. Xürrəmilərin itkiləri isə hər belə həmlədən sonra get-gedə artır, qüvvələri tükənirdi. Daha əvvəlki illərdə olduğu kimi düşmənin müqavimətini qırmaq olmurdu.
Xeyli müddət idi ki, ərəb orduları aşağıda, dağların ətəyində dörd bir tərəfdə çadır qurub tərpənmirdilər. Qum üstündə ayaqyalın gəzən ərəblər indi sıldırım qayalar üstündə yerləşən qala-şəhərə qalxa bilmədiklərindən, ətrafda mühasirə qurub Xilafətdən əlavə göndərilən türklərin gəlişini gözləyirdilər. Xürrəmilərin bənd-bərəsini kəsib onları qalanın içində mühasirədə saxlamaqla Afşin Bəzzin gücünü tükədirdi. Eynilə mütəhərrik xürrəmi dəstələri kimi Cəfər ibn Dinarın xırda qoşunu da arada fürsət tapıb dağ yamacları ilə qalaya sarı qalxırdı. Ancaq əlverişli mövqedə olan xürrəmilər bu həmlələri asanlıqla dəf edə bilirdilər.

Şəhər əhlini həyəcanlandırıb çaxnaşma yaratmamaq üçün fikrini geniş açıqlamasa da, uzun illik döyüş təcrübəsindən və müharibə meydanında yaranmış son durumun dəyərləndirilməsindən Babək sövq-təbii duyurdu ki, artıq vəziyyət o qədər də ürəkaçan deyil. Əgər Feofildən istədiyi kömək Romadan vaxtında gəlib yetişməsə, bəlkə də Bəzzin qala divarları arasında tezliklə son döyüş yaşanacaq. Babək uca dağ başından baxıb aşağılarda ərəblərə yeni-yeni əlavə qüvvələrin gəldiyini və xüsusən də Xilafət döyüşçüləri arasında qayalara dırmaşa bilən dəstələrin günbəgün artdığını gördükcə, qətiyyətli addımlar atmağın zəruri olduğunu dərk edirdi.

Öncə o, hərbi şuranı toplayıb vəziyyətin gərginliyini bildirdi, ehtiyat tədbirlər görməyin zəruri olduğunu dedi. Və ilk addım kimi döyüşkən bir dəstənin elə indidən qonşu dağın arxasındakı meşəlikdə ehtiyat qüvvə kimi lazım olan ana qədər gizlənməsini məsləhət bildi. Babəkin bu fikrini bütün şura üzvləri dəstəklədilər və igid Adsinin başçılığı ilə bir dəstə qoşun gecə ikən qaladan çıxdı...

Təbii ki, ərəb ordusunu idarə edən türk sərkərdə Afşin də yatmırdı. O da gecə-gündüz Bəzzə qalxan gizli yolları axtarır, Babəkin hərbi tədbirlərini öyrənmək, xürrəmilərin həmlə istiqamətlərindən xəbərdar olmaq üçün çalışırdı. Arada ətraf obalardan casuslar tapıb qulluq göstərmələri üçün şirnikləndirə də bilirdi.

Həmin gecə məhz o casuslar Afşinə xəbər çatdırdılar ki, qaladan bir dəstə çıxıb qonşu dağın arxasına keçdi. Bu xəbər Afşini çox sevindirdi, casuslara ənam verib yola saldı. Dərhal əks-tədbir kimi qoşununun bir hissəsini xəlvəti Adsingilin gizləndiyi meşənin ətəyində yerləşdirdi. Qoşunun qalan hissəsini isə vaxt itirmədən Bəzz qalasına doğru hücuma qaldırdı.

Sübh tezdən, hələ üfüq qızarmamış, hələ gözəl günəş dağların arxasından qalxıb dünyanın pisliklərini öz parlaq şüaları ilə örtməyə macal tapmamış ərəblər qəfil həmlə ilə Adsingilin başının üstünü aldılar. Xürrəmilərə nəinki meşədən çıxmağa, heç tərpənməyə belə imkan vermədən qırmağa başladılar. Gözləmədiyi halda pusquya düşüb ağır məğlubiyyətlə üzləşən igid Adsin başda olmaqla bütün azərlər dəstəsi son nəfəslərinədək vuruşa-vuruşa meşənin ətəklərində qəhrəmancasına həlak oldular.

...Sıldırım qayalar üstündə vüqarla boy verib gözəl günəşi salamlayan qırmızı dolaqlı gözəl Azman kişi məsələdən xəbərsiz halda aşağıları seyr edirdi. Qalaya hücum edən qoşunun qarışqa sürüsü kimi ucu-bucağı görünmürdü. Döyüş meydanlarında qeyri-bərabər say nisbətindən irəli gələn dəhşətli mənzərələr yaranmışdı. Hər xürrəmi qoçağının üstünə birdən-birə ən azı əlli düşmən tökülüşürdü. Ərəblərə köməyə gələn dalaşqan muzdurlar yavaş-yavaş Bəzzə doğru qalxırdılar. İşğalçı ordunun qara bayraqları get-gedə daha da yaxınlaşır, üstündəki naməlum qıvırcıqlı yazılar daha aydın görünürdü. Bu arada həyəcan içində özünü yetirən çapar Adsingilin başına gələn müsibətləri Babəkə çatdırdı.

Bəlkə də 22 illik döyüş tarixində hələ bu qədər bəd xəbər almayan Babək möhkəm sarsıldı. Bu – artıq son demək idi. Çünki Adsinin qoşunu son ümid yeri kimi saxlanılırdı... O ümid də artıq yox idi... Xəyanətin dərinliyi vəziyyəti tam çıxılmaza dirəmişdi. Cahil düşmən qırıldıqca artır, qeyrətli oğuz igidləri isə tükənirdi. Daşlardan-qayalardan yapışıb yuxarılara dırmaşanların sayı get-gedə artırdı.

Ehtiyat qüvvələr pusquya salınıb məhv edilib,

qonşu bəylər öz canlarının qorxusundan daha Bəzzə yaxın gəlmir,

verdikləri sözü tutmur,

Babəkə kömək etmir,

Bizanslı dostundan da hələ xəbər yox...

Azərbaycanın qartallar qıy vuran məkanlarında, uca dağlar qoynunda yerləşən Azadlıq paytaxtında qanlı vuruşlar şiddətlənmişdi. Vətən naminə misilsiz şücaətlər göstərən sadə adamların hər biri bir yenilməz qəhrəmana dönüb həlak olurdu. Qapqara sifətləri qıpqırmızı qana boyanmış ərəb əsgərləri adam öldürməkdən yorulmuşdular.

Satqın, casus və xain namərdlərin sayəsində mərdlərə qalib gələn Xilafət ordusu namus uğrunda qorxu bilmədən cəsarətlə döyüşən səksən min qeyrətli azərbəyin - türk oğlu türkün - oğuz igidinin meyidi üstündən keçərək paytaxt Bəzzə daxil olmaqda idi.

Babəkin qəzəbdən qan çanağına dönüb doluxsunmuş gözləri önündə Vətən tarixinin ən acı məğlubiyyəti ilə başlanan gələcək böyük müsibətlər səhifəsi açılırdı...


Vuruşu davam etdirməyə daha nə döyüşçü qalmışdı, nə də bu dəhşət dolu vəziyyətdən bir çıxış yolu. Minillər boyu öz doğma yurdunda ocaq kimi pak əqidə ilə şad-xürrəm yaşayan qəhrəman bir xalq namərdcəsinə diz çökdürülürdü...
Ətrafında qalan bir-neçə doğması ilə və mühafizə dəstəsi ilə birlikdə Bəzz qalasını axırıncı olaraq tərk etməkdən başqa ulu sərkərdənin çıxış yolu qalmamışdı.
...837-ci il avqustun 26-da Usruşanalı sərkərdə Afşin Kavus oğlunun başçılığı altında işğalçı ərəb ordusu 22 illik (!) qan-qadalı, ölüm-itimli, hirsli-hikkəli dirənişdən sonra nəhayət, qalibiyyət bayrağını Azərbaycanın kürəyinə sanca bildi. O andan etibarən min illər keçsə də “Babək qalası” kimi yaddaşlarda yaşayacaq Bəzzin üzərində qələbə düşmənə asan başa gəlməmişdi. Xilafət Babəkin qalasına girə bilmək üçün yüz min ərəb uşağının meyidinin yad torpaqlarda qarğa-quzğuna yem olmasından belə çəkinməmişdi...
***

Babək gizli dağ yolları ilə qaladan çıxandan az sonra qala qapısından içəriyə birinci - qarşıda onu gözləyən təntənələrin, mükafatların, şöhrət çələnginin xəyalından məst olan - usruşanalı Afşin daxil oldu. Uzun illər boyu hamının canına vəlvələ salmış bu sehrli qalanı at belində şəstlə o baş-bu başa gəzib dolaşandan sonra onu heç kimin qarşılamadığını, şəhərin bomboş olduğunu görüb çaş-baş qaldı. Və tezliklə heyrət içində anladı ki, böyüklü-kiçikli, qadınlı-kişili, cavanlı-qocalı bütün şəhər əhli aşağıya, döyüş meydanına tökülüşdüyündən şəhər boşalmışdır. Sanki hər evə, hər imarətə, saraya, bağ-bağçaya, həyət-bacaya yaxınlaşdıqca aşağılarda, döyüş meydanında qalıb daha heç vaxt bura, öz evinə, həyət-bacasına qayıtmayacaq ruhların hənirtisini eşidirdi. Afşin boş küçələri, həyət-bacaları dolaşa-dolaşa sehirli azərbanlar, atəşpərəstlər, ocaqlar, maqlar haqqında, Zərdüştilərin ruhunun ölməzliyi haqqında rəvayətləri yadına salıb ürpənir, canına qorxu düşür, tükləri biz-biz olurdu. Və yavaş-yavaş sürünüb gələn peşmançılıq hissləri bütün vücudunu, bütün beynini sarırdı.

O, boş küçələrlə tez geri qayıdıb dəstə başçılarına əmr verdi: “Qoşunu sərbəst buraxın girsin şəhərə, hər əsgər Bəzzdən nə qənimət götürsə öz atının tərkinə yükləsin, ən axırda şəhərdəki bütün evləri, sarayları, məbədləri uçursunlar, bütün tikililəri darmadağın etsinlər, qalaya od vurub yandırsınlar ta ki yer üzündən silinsin! O haramzadanın izi də qalmasın burda! Kafir Babəkin!”

…837-ci ilin sentyabrında artıq al qırmızı bayraqları yaxılan əzəmətli Bəzz qalasının xarabaları üzərində Ərəb Xilafətinin qana bulaşmış qara bayraqları yorğun-arğın başıaşağı yellənirdi.

***
Babək kiçik bir dəstə ilə qaladan çıxıb dağların arxasındakı dar meşə cığırları ilə Bizans istiqamətində gedirdi. Qardaşı, anası, arvadı və bir neçə xidmətçisi də yanında idi. Onlar min bir əziyyətlə sıldırım qayalardan, keçilməz meşələrdən, uca dağlardan aşaraq gecə-gündüz yol getdilər. Roma İmperatorluğu ilə Azərbaycanın Xürrəmi dövləti arasında bağlanmış müttəfiqlik sazişinə görə ərəblərə məğlub olacağı təqdirdə İmperator Babəkə qoşun və silahla yardım edəcəkdi. İndi Azərbaycan sərkərdəsi həmin sazişə əsasən vəhşi təcavüzün qurbanı olan ölkəsini xilas etmək ümidi ilə Roma imperatorundan kömək istəməyə gedirdi. Düşünürdü ki, əgər imperatordan bir qədər kömək ala bilsə sonra qayıdıb yurdun hələ tam işğal olunmamış şimal ərazilərində təzə qoşun dəstələri yaradar və düşmənlə mübarizəni davam etdirər.

Bəzzin işğalından dərhal sonra Afşin əsir düşmüş iki xürrəmini Babəkin arxasınca göndərdi. Onlar Xəlifənin qızıl möhürlü aman məktubunu və Babəkin oğlunun yazdığı diləkçəni aparırdılar. Xəlifə aman diləyəcəyi təqdirdə Babəki əfv edəcəyini yazır, oğlu atasından bu əfv şərtini qəbul edib həyatını saxlamasını rica edirdi.

Keçdiyi dərələrdən birində arxasınca gəlib çatan iki atlını qəflətən yaxalayıb nə istədiklərini xəbər alan Babək xəlifənin əfv məktubuna heç gözünün ucu ilə də baxmadı. Oğlunun məktubunu isə oxuyub bərk qəzəbləndi, qasidə dedi: “Oğlumun yanına qayıt və sözlərimi ona çatdır; de ki Babək belə söylədi: o nə cürətlə bunu mənə yazıb?"

Sonra Babək oğluna cavab məktubu da yolladı: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi. Bir neçə gün bundan əvvələdək sən mənim oğlum sayılırdın. Lakin indi hər şey mənə aydın oldu! Ola bilər mən bundan sonra az yaşayım, lakin mənim üstümdə şahlıq adı var və harada olsam, ya mənim barəmdə harada nə desələr, məndən hökmdar kimi danışacaqlar. Sən isə mənə layiq olmadın. Odur ki, eşit deyirəm: sən mənim oğlum deyilsən. Sən mənim oğlum olsaydın bilərdin ki, qırx il misgin kölə kimi yaşamaqdansa, bir gün hökmlü adam olub azad yaşamaq yaxşıdır."

Bundan sonra Babəkgil yola davam edib yenə böyük əziyyətlə Arazın o toyuna keçdilər, ac və yorğun halda Arrana, ordan Alban ərazisinə, knyaz Səhl Sumbatın malikanəsinə çatdılar.

Bu vaxtadək Afşindən xəbərdarlıq naməsi almış Səhl Sumbat hiyləgərcəsinə öz hökmdarına “xoşgəldin” eləyib bu ağır vaxtda onun yanına gəlməsindən şərəf duyduğunu dedi. Və təklif etdi ki, Babəkgil bir neçə gün burada qalıb dincələndən sonra yollarına davam etsələr yaxşı olar. Səhl Afşindən yağlı mükafat almaq şansını əldən qaçırmamaq üçün sifətdən-sifətə düşür, cilddən-cildə girirdi. O, hökmdarın razılığını alan kimi əl-ayağa düşərək Babəkgili yerbəyer etməyə başladı. Arada fürsət tapıb Afşinə xəbər yolladı.

Bu qiymətli xəbər Afşinə çatan kimi dərhal kəsmə yolla Səhlin malikanəsinə dörd min adamlıq qoşun yolladı.

Səhəri gün tezdən Səhl Sumbat Babəki ova aparmaq bəhanəsilə evdən çıxartdı, öncədən danışılmış talaya gətirdi. Burada gecədən pusqu quran ərəblər Babəki görən kimi dərhal onu mühasirəyə aldılar, Sumbatı isə kənara çəkdilər. Babək başını qaldıranda artıq dörd tərəfdən mühasirəyə alındığını gördü. Meşənin içərisi, dayandıqları tala, onun bütün ətrafı, bir sözlə, az qala bütün knyazlıq ərəb süvarilərilə dolu idi. Babəki uzaqdan görən kimi əsgərlər yer-yerdən qışqırışdılar: “Atdan en! Atdan en!”

Babək dövrəsindəki qoşuna baxıb təmkinini pozmadan sual verdi:


  • Siz kimsiniz?

Qoşunun içindən səslər ucaldı:

- Mən Buzbara...

- Mən Əbu Səid...

- Mən Turqay...

- Mən əl-Əhrəm...

Babək məsələnin nə yerdə olduğunu görüb təkbaşına minlərlə adama müqavimət göstərməyin mənasız olduğunu anladı. Və dərindən köksünü ötürdü:



  • Aydındır! – deyib atdan endi. – Amma bu qədər qoşun gətirməyə nə ehtiyac

vardı? Yüz adam bəs edərdi...

Bir göz qırpımında əsgərlər tökülüşüb Babəkin və qardaşı Abdullanın əl-qolunu sarıdılar. Qısa hazırlıqdan sonra vaxt itirmədən geriyə, Afşinin iqamətgahına yola düşdülər.

Ətrafındakı danışıqlardan Səhlin onu min dənə min dirhəmə və çoxlu mükafatlara satdığını eşidən Babək erməni knyaza tərəf dönüb qəzəblə üzünə tüpürdü:

- Xain qəhbə, - dedi. - Öz ağanı çox ucuz satdın. Sənə pul lazım idisə mən sənə bundan on qat artığını verərdim...


***
…Afşinin qərargahına gətiriləndə Babəki böyük sevgi ilə qarşılayan, “dostum” deyə öpüb-qucaqlayan Usruşanalı, Xəlifənin qızıl möhürlü aman kağızını fərəhlə ona tərəf uzatdı. Ancaq Babək kağıza tərs-tərs baxıb üzünü yana çevirdi:

-Sənin həşəmətli dediyin Xəlifən məni heç bir şey müqabilində satın ala bilməz, çünki mənim üçün şərəfli ölüm xalqıma və vətənimə xəyanət bahasına əldə edəcəyim miskin həyatdan min qat üstündür, anla.

Afşin pərtliyini gizlətmək üçün dodaqaltı mızıldandı: “Hm... Hə, elədir... Həlbət...”

Babəkin əsir götürülmə xəbərini göyərçinlər Mötəsimə yetirəndə Xəlifənin bütün bədəni sevincdən titrədi. O heç sevincini gizlətmədi də; nəhayət Azərbaycan üzərində qələbə çaldığı barədə hər yana xəbər yolladı, Babəkin isə ədalət divanına çəkilib mühakimə olunması üçün tezliklə Ərəbistana gətirilməsini əmr etdi.

Əmri alan Afşin bir hücrədə qolları bağlı saxlanan Babəkin yanına gəldi: "İraq ellərə yola düşməliyik, Əsən, - dedi. - Sən yəqin daha buralara qayıtmayacaqsan, bilirsən. Ona görə də mən son qardaşlıq borcumu yerinə yetirmək istəyirəm. Öz ölkəndə nə son arzun varsa buyur."

Babək Afşinin “qardaş” sözünə istehza ilə güldü, başını qaldırmadan cavab verdi: "Öz şəhərimi görmək istəyirəm."

837-ci il sentyabrın 15-də bir bölük qoşunun müşaiyəti ilə Babəki Bəzz qalasına qaldırdılar. O, gərgin döyüşlər zamanında olduğu kimi, hündür bir qayanın üstünə çıxıb xeyli ətrafa baxdı. Ancaq əvvəlki vaxtlardan fərqli olaraq indi Babək əlində qılıncla al-qırmızı bayraq altında dayanıb düşmənin yürüşünü deyil, əli-qolu bağlı halda çarəsiz durumda darmadağın edilmiş, yandırılmış, qara bayraqlarla əhatələnmiş sevimli şəhəri seyr edirdi...

Dərin düşüncələr içində darmadağın edilmiş doğma Bəzzə baxan Babəki əsgərlər xeyli gözlədilər. O qədər ki, həm özləri, həm də fınxıra-fınxıra dırnağı ilə torpağı eşələyən atlar darıxdı. Babək isə heç nəyin fərqində olmadan hey baxır, baxır, baxırdı...

Nəhayət, dərindən köksünü ötürüb qayalıqdan enən Babəki yenidən atın tərkinə qaldırıb geriyə - Bərzəndə, Afşinin yanına gətirdilər.

Afşin heç bir şey olmayıbmış kimi yenə Babəki gülə-gülə qarşıladı: “hə, necəydi, dostum?”

Babək Afşinin üzünə baxmadan astaca: “Kişi kişinin özündən heyif çıxar... kişinin evindən yox...” – dedi. Afşin pərt olsa da, özünü eşitməməzliyə vurub yenə gülə-gülə Babəkdən səfər qabağı başqa bir arzusunun olub-olmadığını soruşdu. Babək: “Var”- dedi. Qaşqabaqlı sifətinin ifadəsini dəyişmədən: “Yolumuz uzun olacaq, - dedi. – Arxamca qoşduğun o ərəb zəncini dəyiş... Üstündən çiy ət iyi gələn keşikçini deyirəm... İyindən boğulub yolda qalaram... Mötəsimin əlindən qurtarammazsan...”

Afşin Babəkin bu gözlənilməz arzusunu da gülə-gülə qarşıladı: “O da baş üstə, dostum! Anladım səni. Özümüzünküsən də... ” – deyib yavəri yanına çağırdı.


...Miladi 838-ci il yanvarın 4-də aylardır yola çıxıb məğlubedilməz sərkərdə Babəki Azərbaycanın bağrından qoparıb dəm-dəstgahla Ərəbistana aparan dəbdəbəli karvan Xilafətin mərkəzi şəhəri Samirəyə çatdı.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin