Bu laqeydliyə, “biganəlik” adlı ölüm qoxulu azara, insanların getdikcə “daşlaşmış” ürəklərinə və “daşlaşan” başlara, ilişgilərə sanki “Daş yağışı” yağdırdı 2011-ci ildə Ramin Cahangirzadə... “Dayaq” layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasın-dan AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş “Daşlar-Saray üçün...” şeirlər toplusu rəmzi olaraq elə ədəbiyyatımıza da “Daş yağışı” oldu... Hər birində yaşamımızda addımbaşı qarşımıza çıxan, hər an hansısa formada yanımızda olan və məhz gərəyimiz olan daşların xarakterini, bu günkü insanın həyatındakı, ömründəki önəmini, tarixdəki rolunun bütün ayrıntılarını incələdiyi, hər birində məhz daşlardan söz açdığı əlli şeirin yer aldığı kitabçada istedadlı gənc şair oxucularını-əslində insanları səssizliyə... daşların ölkəsinə səyahətə aparır. Bu səyahət əlli şeirin yaratdığı daşlar aləmində davam edir və ”Tanrı daş olmaq istəməsə də, Daşlar Tanrı oldular” həqiqətlərini, ”Soyuq daşların arasında od qaladıq, Budur bizim ilk vətənimiz: -Ocaq!”ın-insanın ilk beşiyinin hekayətlərini, ...daş iyisi gələn, daş-qaşlar ayağına düşən Daşlar kraliçasının duyğularını, başına dolandığı, daşı olduğu, lakin öz başına düşən və başından bitən daşların qanadlanıb daşların üstünə qonduqları zaman daşların sümüyünə düşən daşların mahnısını, ürəyi daşdan olan suların, ürəyi sudan olan daşların “Şırrr...!”ıldayan sevişmə səsini, bu sevgidən doğacaqları daş ürəkli Su pərisinin sevgisini, daşlarla suların həvəsini, qıdıqlanan daşların qaqqıldayacaqları tarixi!..” danışır: