IMAM (ə)-IN SON QƏRARI
Imam (ə) müxalif və müvafiq sözləri eşidəndən sonra "və iza əzəmtə fətəvəkkəl ələllah" (qəti qərara gəldikdə Allaha təvəkkül et) ayəsinin hökmünə görə şəxsən qərar çıxarmağı qərara aldı. Hər şeydən əvvəl əmr etdi ki, hakimlərin yanında olan əlavə ehtiyatları və sərvəti yığsınlar, ordunun təşkil olunub, Şama tərəf hərəkət etməsi üçün lazım olan şeyləri tədarük görsünlər.
ILAHI CIHADDA ÜÇ ƏSAS ÜSUL
Müharibədə və ya Quranın ifadəsi ilə desək, "cihad" və "qital"da müəyyən müqəddimə işlərinin görülməsi lazımdır. Onlar əsas etibarı ilə üç şeydən ibarətdir:
1- Hərbi (canlı) qüvvə, bacarıqlı və şücaətli əsgərlər;
2- Layiqli sərkərdələr;
3- Kifayət qədər büdcə.
Camaatın vaxtaşırı dəvət olunması və Iraqda məskunlaşan qəbilələrin çoxunun müsbət cavab verməsi cihadın üç əslindən birincisini təmin etdi. Bu baxımdan Imam (ə)-ın heç bir nigarançılığı yox idi. Mövcud olan ruhiyyəni və döyüş hazırlığını qoruyub saxlamaq üçün tanınmış şəxsiyyətlər, o cümlədən Həsən Müctəba (ə), Hüseyn (ə) və Imam (ə)-ın vəfalı səhabələrindən olan Əmmar Yasir müxtəlif vaxtlarda çıxış edirdilər.
Ikinci məsələni təmin etmək üçün layiqli adamlara məktub yazıldı və onlar müharibəyə çağırıldı. Bu cür şəxsiyyətlərin orduda olması Imam (ə)-ın ordusuna xas bir mənəviyyət və cazibədarlıq bəxş edərək cihadın mənəvi dəyər və etibarını yüksəltməkdən əlavə, ordunun döyüş qabiliyyətini də artırırdı. Bu məsələ ilə əlaqədar Imam (ə)-ın Isfahanın valisi Müxnəf ibni Səlimə yazdığı məktubun tərcüməsini qeyd etməklə kifayətlənirik:
"Salam. Tək, yeganə olan Allaha həmd olsun! Haqdan çıxan, batini-mənəvi korluğa və azğınlığa düçar olanlarla cihad etmək ariflər üçün bir fərizədir (vacib əməldir). Allah, Onu razı edənlərdən razı, Onunla müxalifətçilik edənlərə isə qəzəblidir. Biz qərara almışıq ki, Allah bəndələrinə qarşı Onun əmr etmədiyi şəkildə rəftar edən, müsəlmanların betül-malını öz şəxsi mülkünə qatıb haqqı öldürən, fəsadı aşkar edən və Allahın itaətindən çıxanları özlərinə sirdaş seçənlərə sarı hərəkət edək. Əgər Allah dostlarından biri onların işlərini bidət hesab edərsə, onu düşmən sayıb ev-eşiyindən didərgin salır, beytül-maldan məhrum edirlər; və əgər bir zülmkar onların etdiyi sitəmlərə kömək etsə, onunla dost olar, özlərinə tərəf çəkər və ona kömək edərlər. Onlar zülm etməkdə israr edərək (şəriətlə) müxalifət etməyi qərara alıblar. Onlar çoxdan bəri camaatı haqq yoldan saxlayır, günah və zülmün yayılmasına kömək edirlər. Mənim məktubum sənə çatan kimi öz işlərini ən etimadlı bir adama tapşır və bizə tərəf tələs, bəlkə bu hiyləgər düşmənlərlə qarşılaşıb onları yaxşılıqlara əmr edə və pisliklərdən çəkindirəsən. Bizim cihad mükafatına nail olmaq üçün sənə ehtiycımız var."69
Imam (ə)-ın məktubu öz katibi Əbdüllah ibni Əbu-Rafenin xətti ilə yazıldı. Məktub Isfahanın valisinə çatdıqda, o dərhal bu əyalətin işlərini Harisə, Həmdanın işlərini isə (o vaxt Həmdan siyasi-coğrafi cəhətdən Isfahana tabe idi) özünün yaxın adamlarından olan Səid ibni Vəhəbə tapşırdı. Sonra isə Imam (ə)-a sarı yola düşdü. Imam (ə)-ın "Bizim cihad mükafatına nail olmaq üçün sənə ehtiycımız var" - deyə buyurduğu kimi Müxnəf ibni Səlim həmin müharibədə şəhadət feyzinə nail oldu.
Imam (ə) 37-ci ilin Zil-qədə ayında Ibni Abbasa da bir məktub yazdı və beytül-malın qalanını ondan tələb etdi, sonra xatırlatdı ki, əvvəlcə onun öz ətrafında olanları (maddi cəhətdən) təmin etsin, qalanını isə Kufəyə göndərsin.
Dostları ilə paylaş: |