I FƏSİL. Biznesin təşkilati sturukturunun seçilməsi
1.1 Təşkilati strukturun mahiyyəti və əhəmiyyəti
Bazar iqtisadiyyatına keçid müəssisələrin texnoloji, istehsal və təşkilati potensialı və bazarda alıcıların əsas qruplarının tələbləri arasında uyğunsuzluqları aşkara çıxartdı. Bu müəssisələrdə restrukturizasiya prosesinin həyata keçirilməsi və onun çərçivəsində müəssisənin təşkilati strukturunun dəyişilməsi üçün əsas zəmin yaratdı. Milli müəssisələr hələ bazar iqtisadiyyatının effektiv subyektinə çevrilməyib, buna görə də onların bazar şəraitinə uyğunlaşmasının təsərrüfat mexanizminin yaradılması önəmli məsələdir.
İdarəetmənin effektiv təşkilati strukturunun işlənib hazırlanması müəssisənin xarici mühitə uyğunlaşması strategiyasının reallaşdırılmasının zəruri şərti hesab edilir.
İdarəetmə sisteminin formalaşması və inkişafı problemləri yerli və xarici ölkə alimlərindən İ.X.Ankof, L.A.Bazileviç, V.N.Burkov, S.A.Valyev, P.Druker, B.Z.Milner, T.Ə.Quliyev, Z.A.Səmədzadə, Ə.X.Nuriyev, K.A.Şahbazov, T.Ə.Hüseynov, T.N.Əliyev və başqalarının əsərlərində geniş tədqiq edilmiş, sanballı monoqrafiyalar və dərsliklər nəşr olunmuşdur. Bununla belə idarəetmənin təşkilati strukturunun effektivliyinin qiymətləndirilməsi problemi hələlik iqtisadi ədəbiyyatlarda kifayət qədər şərh edilməmişdir. Müəssisənin xarici və daxili mühit amillərinin təsirini nəzərə almaqla idarəetmənin effektiv təşkilati strukturunun formalaşması məsələlərinin elmi tədqiqinə böyük ehtiyac vardır.
Menecmentin ən mühüm anlayışlarından biri olan təşkilati struktur idarəetmənin məqsədləri, funksiyaları və prosesləri, menecerlərin işi və onların arasında səlahiyyətlərin bölünməsi ilə sıx əlaqədardır. Təşkilati struktur çərçivəsində bütün idarəetmə prosesi baş verir və onda menecerlər bilavasitə iştirak edirlər.
Bazar münasibətləri şəraitində müəssisənin (biznesin) idarə edilməsinin təşkilati strukturu ətraf mühitdə baş verən dəyişikliklərə daha çevik şəkildə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. Mütəxəssislər hesab edirlər ki, biznes subyektlərinin, yəni müəssisə, firma və şirkətlərin vahid ideal idarəetmə modeli yoxdur. Belə ki, onların hər biri unikaldır və özləri üçün ən effektiv idarəetmə forması seçməyə çalışır. İdarəetmə fasiləsiz prosesdir, çünki müəssisənin özü və onun biznes mühiti daim dəyişikliyə məruz qalır.
Müəssisənin müasir idarəetmə strukturu mümkün qədər sadə və çevik olmalı, qarşıya qoyulan məqsədə nail olmaq üçün bütün resurslardan maksimum səmərəli istifadə olunması istiqamətində konkret tədbirlərin həyata keçirilməsini təmin etməlidir. İdarəetmənin təşkilati strukturunun başlıca meyarı müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyinin yüksəldilməsini və rəqabət qabiliyyətinin artırılmasını təmin etməkdir ki, bu kiçik biznes üçün xüsusilə vacibdir. Həmin şərtlərə riayət etmədən kiçik biznes subyektlərinin fəaliyyətində uğur qazanmaq çox çətindir. Müəssisənin təşkilati strukturu qarşıya qoyulan məqsəd və vəzifələrin uğurla yerinə yetirilməsi vasitəsidir. Məhz buna görə də idarəetmənin təşkilati strukturunun qurulması məqsəd və strategiyanın müəyyənləşdirilməsindən başlanır.
İdarəetmənin təşkilati strukturu idarəetmə sferasında əmək bölgüsü formasını ifadə edir və idarəetmə sisteminin fəaliyyət prosesinə fəal təsir göstərir. İdarəetmə strukturu nə qədər təkmil olarsa, idarəetmə obyektinə qarşılıqlı təsirin effektivliyi və biznesin nəticələri bir o qədər yüksək olar. İdarəetmə strukturu dedikdə bir-biri ilə sabit əlaqələrdə olan və vahid tamlıq kimi fəaliyyətini təmin edən qarşılıqlı uzlaşdırılmış elementlərin qaydaya salınmış məcmusu başa düşülür. Strukturun elementləri kimi idarəetmə aparatının bölmələri və halqaları, eləcə də ayrı-ayrı işçiləri çıxış edirlər. Onların arasında mövcud münasibətlər şaquli və üfüqi əlaqələr əsasında həyata keçirilir. Üfüqi əlaqələr razılaşdırmaq xarakterinə malik olaraq əsasən birpilləli olurlar. Şaquli əlaqələr isə tabeçilik kimi xarakterizə olunur. Bu əlaqələrin yaranmasına tələbat idarəetmədə iyerarxiyalığın, bir neçə idarəetmə pillələrinin mövcud olmasında meydana çıxır. Bununla yanaşı idarəetmə strukturunda mövcud olan əlaqələr xətti və funksional xarakterə malik ola bilər. Xətti əlaqələr idarəetmə qərarlarının və informasiyanın təşkilatın və onun ayrı-ayrı bölmələrinin fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıyan xətti rəhbərlərin arasında hərəkətini ifadə edir. Funksional əlaqələr isə idarəetmə qərarlarının və informasiyanın idarəetmənin bu və ya digər funksiyaları üzrə hərəkətini ifadə edir.
İdarəetmə prosesi, yəni informasiyanın hərəkəti və idarəetmə qərarlarının qəbulu prosesi idarəetmə strukturu çərçivəsində həyata keçirilir və bu prosesin iştirakçıları arasında idarəetmə funksiyaları və məsələləri bölüşdürülərək onların icrasını təmin etmək məqsədilə səlahiyyət və məsuliyyət həddi müəyyən edilir. Bu baxımdan idarəetmə strukturuna menecmentin məqsədlərinin reallaşdırılmasına istiqamətlənən və idarəetmə prosesinin həyata keçirilməsi çərçivəsini müəyyən edən idarəetmə fəaliyyətinin bölgüsü və kooperasiyası forması kimi yanaşmaq olar.
Beləliklə, idarəetmə strukturu müxtəlif vəsilələr üzrə bölüşdürülmüş bütün məqsədləri özündə cəmləşdirir. Bu vəsilələr arasında mövcud olan əlaqələr məqsədlərin həyata keçirilməsi üzrə ayrı-ayrı hərəkətlərin əlaqələndirilməsini təmin edir. Buna görə də idarəetmə strukturuna fəaliyyət mexanizminin xarakteristikasının əks tərəfi kimi, yəni idarəetmə sisteminin struktur əlaqələrinin reallaşdırılması prosesi kimi yanaşmaq mümkündür.
Strukturun idarəetmənin mühüm anlayışları ilə – onun məqsədləri, funksiyaları, prosesi, fəaliyyət mexanizmi, insanlar və onların səlahiyyəti ilə əlaqəsi onun təşkilatın hərtərəfli fəaliyyətinə mühüm təsir göstərməsini təsbit edir. Məhz buna görə də bütün idarəetmə səviyyələrinin menecerləri idarəetmə strukturunun formalaşdırılması prinsiplərinə və metodlarına, onun tiplərinin və variantlarının seçilməsinə, formalaşdırılmasına dair mövcud olan yanaşmalardan istifadə edilməsinə və təşkilatın məqsəd və vəzifələrilə uyğunluğunun qiymətləndirilməsinə böyük diqqət yetirirlər.
Xarici mühitin dəyişilməsi müəssisənin inkişaf strategiyasının dəyişilməsinə, daha sonra təşkilati strukturun yenidən qurulmasına gətirib çıxarır (şəkil 12.1.).
Müəssisənin idarəetmə strukturu içərisində texnoloji, istehsal, maliyyə, sosial və informasiya struktur növlərini xüsusi vurğulamaq lazımdır.
Texnoloji struktur maddi-texniki proseslərin xarakteri, istifadə olunan avadanlıqların tipi, istehsal güclərinin ixtisaslaşması ilə müəyyən edilir.
İstehsal strukturu – istehsal bölmələri, istehsal-texniki baza elementlərinin onların məkan yerləşməsi nöqteyi-nəzərdən nizamlanmış məcmusudur.
Maliyyə strukturu – müəssisənin istehsal-təsərrüfat fəaliyyəti prosesində onun effektiv işləməsini və inkişafını təmin edən maliyyə münasibətlərinin nizamlanmış məcmusudur. Maliyyə strukturu məsuliyyət mərkəzləri konsepsiyasının reallaşdırılması nəticəsində formalaşır.
Sosial struktur işçilərin peşə-ixtisasına, cinsinə, yaşına, milli tərkibinə və ixtisas səviyyəsinə görə müəssisələr üzrə bölgüsünü xarakterizə edir.
İnformasiya strukturu – resurs kimi informasiyadan məqsədyönlü istifadəni müəyyənləşdirən qayda, texniki vasitələr və kommunikasiya şəbəkəsinin məcmusudur. Effektiv informasiya strukturu həm strateji, həm də taktiki və operativ səviyyələrdə bütün üç faza (informasiyanın axtarışı, emalı və bölgüsü) üzrə informasiya proseslərinin planlaşdırılmasını, təşkilini, koordinasiyasını və nəzarətini təmin etməlidir.
İdarəetmə strukturlarının əsas növlərinin qarşılıqlı əlaqəsi şəkil 12.2.-də təqdim edilmişdir.
Təşkilati strukturların müxtəlifliyi onların arasında qarşılıqlı münasibətlərin qurulmasını tələb edir. Qarşılıqlı əlaqəli strukturlar içərisində idarəetmənin təşkilati strukturu xüsusi yer tutur, yəni qoyulmuş məqsədə nail olunması üzrə inteqral effektin alınması üçün elementlərin qarşılıqlı hərəkətini qaydaya salır.
Beləliklə, müəssisənin təşkilati strukturu idarəetmə sisteminin qarşılıqlı əlaqəli və qarşılıqlı şərtlənən elementlərinin, münasibətlərin tərkibi, qarşılıqlı yerləşməsi və dayanaqlılıq dərəcəsinin nizamlanmış məcmusunu ifadə edir, hansı ki, onun bütöv tam halında məqsədyönlü inkişafını təmin edir.
Təşkilati idarəetmə strukturu müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin bütün tərəflərinə böyük təsir göstərir. Belə ki, idarəetmə strukturu funksional bölmələrin əməkdaşlıq əlaqələrinin və onların fəaliyyətinə nəzarətin təşkilinin effektivliyini, xarici mühitin dəyişilməsinə müəssisənin çevik şəkildə uyğunlaşması qabiliyyətini müəyyən edir.
Dostları ilə paylaş: |