Soyad: İbrahimli Qrup: 789A2 Ixtisas


Təşkilati strukturun formalaşması prinsipləri



Yüklə 485 Kb.
səhifə6/13
tarix31.12.2021
ölçüsü485 Kb.
#113571
1   2   3   4   5   6   7   8   9   ...   13
Biznesin təşkilati sturukturunun seçilməsini müəyyənləşdirən amillər və əsas növləri (1)

1.2 Təşkilati strukturun formalaşması prinsipləri

İdarəetmə strukturunu müəyyənləşdirərkən hər şeydən əvvəl onun müəssisənin işləməsi üçün lazımi olan bütün fəaliyyət növlərini təhlil etmək, onlardan ən əsaslarını seçib bloklar üzrə bölüşdürmək lazımdır.

Müəssisənin təşkilati strukturunu qurarkən aşağıdakı suallara cavab tapmaq lazımdır:

- müəssisənin əsas komponentləri hansılardır?

- hansı komponentləri birləşdirmək və hansılarını ayırmaq lazımdır?

- komponentlər hansı ölçüdə və formada olmalıdır?

- onları necə yerləşdirmək və onların arasında münasibət necə olmalıdır?

İdarəetmənin təşkilati strukturunun qurulması aşağıdakı prinsipləri nəzərə almaqla həyata keçirilir:

- idarəetmə strukturunun biznesin məqsədlərinə uyğunluğu;

- idarəetmənin strukturu və funksiyalarının vəhdətliyi;

- idarəetmə strukturunda idarəetmə funksiyalarının mərkəzləşməsi, ixtisaslaşması və inteqrasiyasının rasional əlaqələndirilməsi;

- idarəetmə strukturunun müəssisənin istehsal və təşkilati strukturlarına uyğunluğu;

- idarəetmə strukturunda bütün fəaliyyət növlərinin kompleks bağlılığı;

- informasiyaların toplanması və emalı sisteminin idarəetmənin təşkilati strukturuna uyğunluğu.

Bu prinsiplərin reallaşdırılması zamanı idarəetmənin təşkilati strukturuna olan tələbləri nəzərə almaq lazımdır. Bu tələblər aşağıdakılardır:

Optimallıq. Əgər bütün səviyyələrdə idarəetmə halqaları və pillələri arasında rasional əlaqə yaradılarsa, onda idarəetmənin təşkilati strukturu optimal hesab edilə bilər.

Operativlik. Bu tələbin mahiyyəti ondan ibarətdir ki, idarəetmə sistemində qərarın qəbulundan onun icrasınadək olan vaxt ərzində qəbul edilən qərarın reallaşdırılmasını lüzumsuz edən mənfi dəyişikliklər baş verməməlidir.

Etibarlılıq. İdarəetmə aparatının strukturu informasiyanın ötürülməsinin doğruluğuna təminat verməlidir, idarəedici komandada və ötürülən digər məlumatlarda səhvlərə yol verməməlidir.

Qənaətçilik. Vəzifə ondan ibarətdir ki, idarəetmə aparatına minimum xərc sərf etməklə, təşkilati strukturun tətbiqində lazımi effekt əldə edilir.

Çeviklik. Xarici mühitin dəyişilməsinə idarəetmənin təşkilati strukturu tez uyğunlaşa bilir.

İdarəetmə strukturunun dayanaqlığı. Müxtəlif xarici təsirlər nəticəsində idarəetmənin təşkilati strukturunun əsas xassələri dəyişilmir.

Müəssisənin həyat tsikli fazaları ilə idarəetmə strukturlarının əlaqələrinə xüsusi diqqət yetirilməlidir, hərçənd mütəxəssislər idarəetmə strukturunun təkmilləşdirilməsi məsələsini həll edərkən çox vaxt bu vacib amili unudurlar. Yeni müəssisə yaradılarkən onun təşkilati strukturunu sahibkar özü formalaşdırır. Müəssisənin inkişaf mərhələsində menecerlərin funksional əmək bölgüsü baş verir. Yetkinlik mərhələsində idarəetmə strukturunda ən çox qeyri-mərkəzləşməyə meyil artır. Geriləmə (enmə) mərhələsində adətən tələbata və istehsalın dəyişilməsi meyillərinə uyğun olaraq idarəetmə strukturunun təkmilləşdirilməsi üzrə tədbirlər işlənib hazırlanır. Nəhayət əgər müəssisə ləğv edilirsə, onun mövcud təşkilati strukturu tamamilə dağıdılır, yaxud yenidən qurulması prosesi həyata keçirilir.

Qeyd etmək lazımdır ki, müasir mərhələdə təşkilati strukturun layihələndirilməsi prosesi mürəkkəbdir, çünki idarəetmə strukturunun tətbiqindən sonra müəssisədə baş verən dəyişiklikləri nəzərə almaq olduqca çətindir.

İdarəetmə strukturunun məzmununun çoxşaxəliliyi onun formalaşdırılması prinsiplərinin çoxluğunu müəyyən edir. İlk növbədə, idarəetmə strukturu müəssisənin məqsəd və vəzifələrini əks etdirməli, istehsalda baş verən dəyişikliklərə uyğunlaşmalıdır. O, əməyin funksional bölgüsünü və idarəetmə işçilərinin səlahiyyətinin həcmini ifadə etməlidir. İdarəetmə işçilərinin səlahiyyətinin həcmi təşkilatın siyasəti, qaydalar və vəzifə təlimatları əsasında müəyyən edilir və idarəetmə səviyyələrinin yüksəlməsi istiqamətində genişlənir. Bununla belə, hər bir idarəetmə səviyyəsi rəhbərinin səlahiyyəti yalnız daxili amillərlə deyil, xarici mühit amilləri, cəmiyyətin mənəvi dəyərləri və mədəniyyət səviyyəsi, qəbul edilmiş norma və qaydalar ilə məhdudlaşdırılır. Başqa sözlə, idarəetmə strukturu sosial-mədəni mühitə uyğun gəlməli və onun formalaşdırılmasına təsir edən amillər nəzərə alınmalıdır. Bu baxımdan müəssisənin iş şəraiti fərqlidir, bir müəssisənin idarəetmə strukturunu olduğu kimi digər müəssisədə tətbiq edilməsi məqsədəuyğun deyil. Burada bir tərəfdən funksiyalar və səlahiyyətlər arasında, digər tərəfdən isə peşə hazırlığı və mədəniyyət səviyyəsi arasında uyğunlaşma prinsipinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

İdarəetmə strukturlarının aşağıdakı tipləri vardır:

1. İyerarxiyalı və ya bürokratik strukturlar. Bu tip strukturlara xətti, xətti-funksional və divizional strukturlar daxildir.

2. Adaptasiyalı və ya orqanik strukturlar. Bu tip strukturların layihə, matris, konqlomerant və inteqrasiyalı növləri fərqləndirilir. Sahibkarlıq müəssisələrinin idarəetmə strukturunun formalaşdırılmasının aşağıdakı mərhələləri mövcuddur:

1. Təşkilatın geniş üfuqi bloklara bölünməsinin təmin edilməsi. Bu bloklar təşkilatın inkişaf strategiyasının reallaşdırılmasının mühüm fəaliyyət istiqamətlərinə uyğun gəlməlidir. Burada hansı fəaliyyət növlərinin xətti, hansı fəaliyyət növlərinin isə qərargah bölmələr tərəfindən həyata keçirilməsi müəyyən edilməlidir.

2. Müxtəlif vəzifələrin, səlahiyyət həddinin müəyyən edilməsi. Müəssisənin rəhbərliyi komandalar məqsədini müəyyən edir və ehtiyac olduğu halda ixtisaslaşmanı daha səmərəli təmin etmək məqsədilə daha kiçik təşkilati bölmələr yaradır.

3. Müəyyən vəzifələrin və funksiyaların məcmusu kimi vəzifə borclarının müəyyənləşdirilməsinin və onların yerinə yetirilməsinin konkret şəxslərə həvalə edilməsi. Fəaliyyəti həlledici dərəcədə texnologiyalarla bağlı olan təşkilatların rəhbərləri hətta konkret vəzifələri müəyyənləşdirirlər və onları yerinə yetirilməsi nəticələrinə görə məsuliyyət daşıyan konkret icraçılara həvalə edirlər.

Bürokratiya konsepsiyası ilk dəfə olaraq 1900-cu illərin əvvəllərində alman sosioloqu Maks Veber tərəfindən formalaşdırılmışdır. M.Veberin nəzəriyyəsinə görə bürokratiya hər bir təşkilat tərəfindən nail olmasına çalışan idealdır, normativ modeldir. O, bürokratiya konsepsiyasını səmərəli bürokratiya adlanan sistem kimi xarakterizə edərək, onu bəşəriyyət tarixində ən mühüm və faydalı ideyalardan biri kimi qiymətləndirmişdir. Səmərəli bürokratiya nəzəriyyəsini aşağıdakı kimi xarakterizə etmək olar:

- Hər bir vəzifə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edən əməyin dəqiq bölgüsü;

- Hər bir aşağı idarəetmə səviyyəsinin yuxarı idarəetmə səviyyəsinə tabe olması, yuxarı idarəetmə səviyyəsi tərəfindən nəzarətin təşkili ilə idarəetmə səviyyələrinin iyerarxiyalılığı;

- Müxtəlif məsələlərin əlaqələndirilməsini və əməkdaşlar tərəfindən vəzifə borclarının yerinə yetirilməsinin eyniliyini təmin edən ümumiləşdirilmiş formal qayda və standartlar sisteminin mövcudluğu;

- Rəsmi şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsinin formal şəxsiyyətsizlik ruhu;

- Texniki peşə tələblərini ciddi nəzərə almaqla qəbulun həyata keçirilməsi. İşçilərin təsadüfi işdən azad olunması hallarının müdafiəsi. Beləliklə, bürokratik təşkilati quruluş əməyin yüksək səviyyəli bölgüsünün, idarəetmənin inkişaf etmiş iyerarxiyasının, komandalar ardıcılığının, heyətin davranışının müxtəlif qayda və normalarının, peşəkar və işgüzar keyfiyyətləri nəzərə almaqla heyətin seçilməsinin mövcudluğu ilə xarakterizə edilir. Bu cür strukturu M.Veber «səmərəli» adlandırmış və güman etmişdir ki, bürokratiya tərəfindən qəbul edilmiş qərarlar obyektiv xarakter daşıyır. O, fərz edir ki, təşkilat sahiblərinin və heyətinin şəxsi mənafeyi təşkilatın məqsədlərinə uyğun gəlməlidir.

Bürokratiyanı bir çox hallarda klassik və ya ənənəvi təşkilati quruluş adlandırırlar. Müasir təşkilatların böyük əksəriyyəti bürokratiyanın müxtəlif variantlarını təsvir edirlər. Bürokratik strukturun belə uzunmüddətli və genişmiqyaslı tətbiq edilməsinin əsas səbəbi onun xüsusiyyətlərinin müxtəlif mülkiyyət formalı təsərrüfat subyektlərinə uyğun gəlməsindədir. Qəbul edilən qərarların obyektivliyi səmərəli idarə olunan bürokratiyanın baş verən dəyişikliklərə uyğunlaşmasına şərait yaradır. İşçilərin peşəkarlıq səviyyəsinə görə irəli çəkilməsi isə bu cür təşkilatlara daim yüksək ixtisaslı və istedadlı mütəxəssisləri axınını təmin edir.

Sosial ədalət və bərabərlik konsepsiyası bürokratik strukturun əsasını təşkil edərək, inkişaf etmiş və inkişafda olan demokratik ölkələrin dəyərlər sistemi ilə tam uyğunlaşır.

İdarəetmənin bürokratik modeli müəyyən üstünlüklərə malikdir. Lakin bu modelin tətbiqi prosesində onun elementlərinin tam dəqiqliyi ilə işlənməsi və təkmilləşdirilməsi hökmən nəzərə alınmalıdır.


Yüklə 485 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin