Divizional struktur. Keçid iqtisadiyyatında müəssisələrin təşkilati yenidən qurulmasının nəzərə çarpan meyillərindən biri idarəetmə strukturunun ayrı-ayrı halqalarının müstəqilliyinin əhəmiyyətli dərəcədə artırılması və onun əsasında qız firmaların yaradılmasıdır. İri şirkətlərin ətrafında dəyişən tələbə daha tez uyğunlaşan kiçik mobil firmalar şəbəkəsi formalaşır. Bunun sayəsində məhsul istehsal edən müəssisələrin istehlakçılara yaxınlaşması prosesi gedir və məhsulun realizasiyası genişlənir. İri şirkətlərin istehsal və təşkilati strukturundan tam istehsal tsikli olan bölmələr ayrılır. Bir tərəfdən müəyyən istehlakçıya səmtlənmiş müstəqil təsərrüfat subyektləri yaradılır, digər tərəfdən isə istehsal-texniki-texnoloji kompleksin bütövlüyü, onun fəaliyyətinin ümumi istiqaməti və profili saxlanılır.
Ərazi strukturu - iri diferensiallaşmış firmalar üçün xüsusilə cəlbedicidir. Coğrafi regionlarda anoloji işgüzar əməliyyatların aparıldığı hallarda bu forma tətbiq edilir. Ərazi strukturlaşması o hallarda effektiv hesab edilir ki, onun məqsədi təkcə qərarların qəbulu prosesində deyil, həm də müəssisənin kommersiya əməliyyatlarının lokallaşdırılması hesabına vəsaitlərin qənaətində lokal halqaların iştirakçılarını stimullaşdırmaqdan ibarətdir. Bu strukturun seçilməsi zamanı xərclərin azaldılması amili əsas götürülür. Müəssisənin yerləşdiyi rayonun seçilməsi nəqliyyat xərclərinin azaldılmasına edilən cəhd əsasında həyata keçirilə bilər.