II FƏSİL. Təşkilati strukturun xarakteri
2.1 Təşkilati strukturun əsas növləri
Təşkilati struktur sxemi bölmələrin və vəzifələrin, onların arasında əlaqənin xarakterinin statik vəziyyətini əks etdirir. Əlaqələrin xarakterindən asılı olaraq təşkilati strukturların bir neçə əsas növləri mövcuddur:
- xətti;
- xətti-funksional;
- divizional;
- məhsul;
- istehlakçıya oriyentasiya;
- matris;
- azad.
Xətti struktur ən köhnə və ən sadə təşkilati strukturdur. O, hər şeydən əvvəl, təşkilatın üzvləri arasında münasibətlərin təbiiliyi və şəffaflığı, rəhbərin tabeçiliyində olanlara qarşı münasibətinin səmimiliyi ilə səciyyələnir. Xətti struktur sxematik olaraq şəkil 12.3-də verilmişdir.
Burada şaquli xətt rəhbər-tabeçi prinsipi üzrə quruluş təşkilati kommunikasiyanı göstərir. Üfüqi xətt eyni səviyyə rəhbərlərinin arasında, kollegiyalar arasında işgüzar əlaqələri bildirir. Bu struktur növünün şaquli xətt üzrə aşağıdan yuxarıya doğru iyerarxiya zənciri vardır. Başqa sözlə, hər bir rəhbərin tabeçiliyində müəssisə işçilərinin bir neçə üzvü olur.
Xətti strukturun aşağıdakı üstünlüklərini qeyd etmək lazımdır:
- sadə və surətli qərarlar rejimində müəssisə öz fəaliyyətini davam etdirmək imkanına malikdir;
- eyni səviyyəli rəhbərlərin koalasiya yaratmaq imkanları minimumdur;
- müəssisədə rəhbər işçilərin sayı az olur.
Xətti strukturun nöqsan cəhətləri üstün cəhətlərindən daha çoxdur ki, onlara aşağıdakıları aid etmək olar:
- xarici mühitin dəyişilməsinə uyğunlaşması çox çətindir;
- əvvəlcədən ixtisaslaşma səviyyəsinin müəyyən edilməməsi nəticəsində xətti struktur rəhbərləri təkcə bütün idarəetmə funksiyalarını deyil, həm də texniki məsələlər üzrə ekspertlərin vəzifəsini yerinə yetirirlər;
- istehsal sferasında peşəkarlar ikinci plana keçirilir;
- təkcə şaquli kommunikasiya əlaqələrinin və çoxsəviyyəli idarəetmə strukturunun mövcud olması bölmə rəhbərləri səviyyəsində kollektiv, razılaşdırılmış qərarların qəbul edilməsinə əsas verir.
Beləliklə, xətti struktur yalnız çox məhdud hallarda, xüsusilə sadə məqsədlərin qoyulması və dəyişməz xarici mühit şəraitində tətbiq edilə bilər.
Dostları ilə paylaş: |