MATERİAL VƏ METODLAR
Tədqiqat ərazisi kimi şabalıdyarpaq palıdın təbii halda geniş yayıldığı Lənkəran rayonu və süni əkilərin geniş yayıldığı Xaçmaz rayonu seçilmişdir. Lənkəran rayonunda tədqiqat ərazisi N 380 40´ 49´´ şimal enliyində və E 0480 47´ 12´´ şərq uzunluğunda və dəniz səviyyəsindən 28 m hündürlükdə yerləmişdir. Ərazinin əsas hissəsi yayı quraq keçən mülayim isti iqlim tipinə aiddir. Bu iqlim tipi yayının quru, qışının rütubətli və mülayim keçməsi ilə səciyyələnir. Ümumi radiasiyanın illik miqdarı 125-140 kkal/sm2 -dir. Havanın orta illik temperaturu 14,00 C°-dir (Şəkil 1). Havanın orta illik nisbi rütubəti 70% olur. Yağıntıların orta illik miqdarı 1402 mm-dir. Ərazidə ən çox yağıntlar payız fəslində düşür. Səth örtüyündən 800-900 mm mümkün buxarlanma gedir.
Digər tədqiqat ərazisi Xaçmaz inzibati rayonunda, 41°34' 398" N şimal en dairələrində və 048° 43' 211" Е şərq uzunluq dairələrində yerləşmişdir. Nümunələrin toplandığı ərazinin dəniz səviyyəsindən yüksəkliyi 61 m-dir. Bura üçün yayı quraq keçən mülayim isti iqlim tipi səciyyəvidir. Orta illik temperatur 12.5–dir. Havanın orta illik nisbi rütubəti 70-90% arasında dəyişir. Yağıntıların illik miqdarı 400 mm-dir (Şəkil 1). Yağıntı ən çox yaz və payız fəslində düşür [2].
Şəkil 1: Xaçmaz (1-yağıntı, 3-temperatur) və Lənkəran (2-yağıntı, 4-temperatur)
rayonlarının iqlim səciyyəsi.
Lənkəran rayonunda nümunələr isveç burğusu vasitəsilə 60-70 yaşlı 18 şabalıdyarpaq palıdın (Quercus castaneifolia) gövdəsindən götürülmüşdür. Ümumilikdə 23 nümunə alınmışdır. Xaçmaz rayonunda isə 12 şabalıdyarpaq palıd bitkisindən toplanmışdır. Artım burğusu vasitəsilə bəzilərindən bir, bəzilərindən 2 nümunə olmaq şərtilə 22 oduncaq-həlqə nümunəsi götürülmüşdür. Fərdlərin hər birinin müxtəlif illərdə necə inkişaf etməsini öyrənmək məqsədilə həm yaşlı, həm də cavan bitkilərdən nümunələr götürülmüşüdür [11]. Daşınma zamanı nümunələrin sınmasının qarşısını almaq üçün onlar əvvəlcədən hazırlanmış kağız konteynerlərə yerləşdirilmişdir. Nümunələr laboratoriya şəraitində qurudulduqdan sonra taxta əsaslara yerləşdirilmişdir. Dənələri müxtəlif ölçüdə olan sumbata kağızları vasitəsilə oduncaq səthi cilalanmışdır [12].
Lintab 6 ölçü masasında qalınlıqları ölçülmüşdür. Yalançı (ikiləşmiş) və əskik (yaranmayan) halqaların aşkarlanmasında və etibarlılığının yoxlanılmasında COFECHA proqramından istifadə olunmuşdur [13]. Bu proqram ilkin olaraq bütün nümunələr arasında korrelyasiya hesablayaraq orta rəqəmlərdən ibarət xronologiya çıxarır. Bundan sonra isə hər bir halqanın ayrılıqda bu xronologiya ilə korrelyasiyasını hesablayır. Alınan nəticələr göstərdi ki, nümunələr düzgün tarixlənmişdir və bu tədqiqatlarda istifadə oluna bilər.
Oduncaqlı bitkilər bitdiyi təbii şəraitdən asılı olaraq müxtəlif amillərin təsirinə məruz qalırlar. Bu səbəbdən onun radial artımında müəyyən artım və ya azalma tendensiyaları müşahidə olunur. Bu isə aparılan tədqiqatın məqsədindən asılı olaraq müəyyən maneələr yaradır. Tendensiyanı aradan qaldırmaq üçün müxtəlif modellərdən istifadə olunur. Ən çox istifadə olunan düzxətli və əyrixətli reqresiya modelləridir [7]. Apardığımız tədqiqatda əyrixətli reqresiya modeli tətbiq olunmuşdur.
Əvvəlki illərdə formalaşan halqalarda parenxim hüceyrələri öz inkişafını davam etdirdiyindən özündən sonra formalaşan illik halqa qalınlıqlarına təsir edir. Bu avtokorelyasiyanı aradan qaldırmaq üçün avtoreqressiv modeldən istifadə olunmuşdur [8,9].
GLK əmsalı eyni ildə yaranan halqalar eyni istiqamətdə inkişaf edirsə uyğun, əks istiqamətdə inkişaf edirsə uyğun olmayan kimi qiymətləndirilir. Buna əsasən eyni istiqamətdə olan artımların faizi hesablanır və sonda isə tam əyrilərin uğunluq faizi (GLK) hesablanır [3].
Xronologiyanın keyfiyyətini qiymətləndirmək üçün əsasən EPS (Expressed Population Signal) kəmiyyətindən istifadə edilir. Bizim nümunələrdə hər xronologiya üçün 30 illik pəncərə seçilmişdir. Ümumiyyətlə EPS indeksinin yüksək kəmiyyəti 0,85-dir. Bu o deməkdir ki, bir nümunədəki müəyyən ilin qalınlığı bütün nümunələrdəki artıma uyğundur [10].
Dostları ilə paylaş: |