Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə12/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   ...   6   7   8   9   10   11   12   13   14

Ədəbiyyat siyahısı

1. Комиссаров В.Н. Лингвистика перевода. М.: Междунар. отношения, 1980

2. Щвейцер А.Д. Теория перевода. Статус, проблемы, аспекты.-М. Наука, 1988.

3. Федоров A.B. Основы общей теории перевода. М. Высш. шк., 1983.

4. Рецкер Я.И. Теория перевода и переводческая практика. М.: Международные отношения, 1974

5. Рецкер Я.И. О закономерных соответствиях при переводе на родной язык//Теория и методика учебного перевода. М., 1950.

6. Лотте Д.С. Основы построения научно-технической терминологии. Вопросы теории и методики. М.: Изд-во АН СССР, 1961

7. Швейцер А.Д. Теория перевода. М., 1988.




Айгюн Искендерова

Вопросы эквивалентности при переводе

терминов

Резюме

В статье рассматриваются эквивалентность единиц различных языковых уровней. На основе анализа выявляются системные отношения между единицами одного уровня. Анализ материала и результаты исследований выявляют некоторые образования, которые имеют одинаковые структуры в различных языках. В терминологическом системе каждого языка имеются определенные группы терминов, которые объединяются по аналогичным семантическим принципам.


Ayqun Isgenderova

About equivalency of language units during

translation

Summary

The article covers questions of equivalency of units of various language levels. On the base of analyses system relation between units of the same level are revealed. The analyses of the material and results of study reveal some formations which have similar structures in various languages. In terminological system of each language there are certain groups of words which are united on similar semantic principles.




Çapa tövsiyə edən: Milli Aviasiya Akademiyası
Rəyçilər: filologiya elmləri doktoru İ.Qasımov

filologiya elmləri doktoru İ.Abbasov

Ləman Həsənova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

AZƏRBAYCAN DİLİNDƏ TURİZM TERMİNLƏRİNİN

YARANMA YOLLARI
Açar sözlər: söz yaradıcılığı, turizm terminləri, beynəlmiləl termin, abreviaturalar.

Kлючевые слова: творчеств, термин туризма, термин интернациональный, абревиатуры.

Key words: the word creativity, tourism terms, international terms, abbreviations.
XX əsrin ikinci yarısından Azərbaycanın siyasi-iqtisadi həyatında baş vermiş dəyişikliklər dilin gələcək inkişafına təsirsiz qalmadı. Cəmiyyət inkişaf etdikcə dil zənginləşərək, yenilənir. Ötən əsrdə turizmlə bağlı alınma terminlər dilimizin lüğət tərkibinin az faizini təşkil edirdisə, bu gün Azərbaycan dilində turizm terminləri inkişaf tempinə görə diqqəti cəlb edir. Azərbaycan dövləti tarixi boyu müxtəlif xalqlarla dostluq, qardaşlıq edərək, ticarət və beynəlxalq əlaqələr yaratmışdır.

Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən tica­rət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Azər­bay­can hələ qədim dövrlərdə Böyük İpək Yolunun üzərində mühüm dayana­caq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumat­la­rına gö­rə, BİY-nun ən fəal hərəkətli traslarından biri Qafqaz Albaniyasının əra­zi­sin­dən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Strabonun yazdığına görə, hind mallarının böyük əksə­riy­yə­ti Orta Asiya ərazisindən keçərək çaylarla Xəzər dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. BİY trasları üzə­rin­də yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu. İpək yolu trası üzə­rin­də Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbay­canın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi. XIX əsrin sonlarında XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq onlardan mehmanxana kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm-ekskursiya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908-ci ilə aid etmək olar. Belə ki, 1908-ci ildə Krım - Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əsrin sonu XX əsrin əvvəllərində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə başladılar. Beləliklə, bu ictimai –siyasi əlaqələr, turizmin inkişafı yeni anlayışların yaranmasını zəruriləşdirdi. “Sözsüz ki, elmi kəşflərin meydana gəldiyi coğrafi məkanın dili morfem və leksem­lə­rin yaranmasında əsas rol oynayır. Yeni elm sahələrinə məxsus termin­lə­rin əsas hissəsi yarandığı ölkənin dilindən alınır. Bu zaman alınma termin­lər mənsub olduğu dilin elementlərini, morfem və fonetik xüsu­siy­yət­lərini də dilə gətirir. Ahəng qanununun pozulması, ön şəkilçilərin işlən­məsi, quruluşca düzəltmə sözlərdə kökün müstəqil işlənə bilməməsi ki­mi xüsusiyyətlər başqa dillərdən keçən terminlər vasitəsilə dilimizə daxil olur” [1,149].



Belə terminlərin mühüm bir hissəsini beynəlmiləl terminlər təşkil edir. “Azərbaycan dilində - Beynəlmiləl termin anlayışı altında dilçilikdə ümumi semantikaya malik, orfoqrafik cəhətdən yaxın olan, beynəlxalq əhəmiyyətli anlayışları ifadə edən, dünyanın bir çox dillərində işlənən terminlər nəzərdə tutulur” [2,242]. Beynəlxalq terminlər son illər Azərbaycan dilinin terminologiyasının ayrılmaz hissəsi olmuşdu. Avropa dillərinə məxsus sözlər Azərbaycan dilinə əsas etibarilə, XIX əsrdən keçməyə başlamışdır. Siyasi hadisələrin təsiri ilə bu dövrdə rus dilindən Azərbaycan dilinə sözlər böyük bir axınla daxil olurdu. Rus dilindən gələn sözlər həm yazılı, həm də şifahi dildə özünü göstərir. Məsələn:

TUR – Müxtəlif xidmətlər kompleksindən ibarət olan turizm məhsulunun vaucer şəklində satılan formasıdır.

TURAQENT – Turoperator tərəfindən formalaşdırılmış turların bilavasitə turizm bazarında satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.

TURBROKER – Turların topdansatışı ilə məşğul olan firma tərəfindən turların tərkibinə daxil edilmiş nəqliyyat xidmətlərini göstərmək məqsədilə şəxsi nəqliyyat vasitəsinə malik olmayan, lakin onu icarəyə götürən hüquqi və ya fiziki şəxsdir.

TURİST – İstirahət, müalicə, tanış olma, iş, peşə, idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə 24 saatdan 12 ayadək müddətdə müvəqqəti şəxsdir.

TURİZM – Ölkə vətəndaşlarının əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, müalicə, iş-peşə, idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri idi.

Turizm sahəsində istifadə olunan terminlər bütün peşə sahiblərinə şamil oluna bilər. Belə ki istənilən peşə sahibi turist kimi səyahət edə bilər. Bu zaman turizm sahəsində işlədilən söz və terminlərlə tanış olmalıdır. Ümumi təyinatlı xidmətlər zamanı – otellərdə, mehman­xa­na­lar­da yerləşmə, qidalanma və s. yerlərdə terminlərin qısaldılmasına daha tez-tez rast gəlinir. Turizm terminlərinin yaranmasının bu üsulu abrevia­tu­ralardır. İtalyan və latın dillərindən tərcümədə “ixtisar”, məna­sını verən abreviaturalar yeni sözlər deyil, sözlərin, terminlərin qısal­dıl­mış, ixtisar olunmuş formalarıdır. Abreviaturalar – məhdud dairələrdə ixti­sas terminləri kimi eyni peşə sahibləri arasında daha çox işlədilir. Beynəlxalq turizmdə işlədilən abreviaturalara diqqət yetirək.


  1. SGL – bir nəfərlik nömrə

  2. AC – kondisioner

  3. AD – yeni era

  4. DEP – yola duşmə

  5. FAM – tanışlıq turu

  6. CC – kredit kartı

  7. İND – fərdi tur, fərdi səyahət

  8. MR - kişi

  9. MRS –qadın

Ölkəmizdə turizm inkişafı ilə əlaqədar turizm terminologiyası xeyli inkişaf etmişdir. Bunların mühüm bir hissəsi dilin daxili imkanları hesabına yaranır.

Müasir Azərbaycan ədəbi dilində terminlərin yaranma yolları müxtəlifdir. Azərbaycan dilində turizm terminlərinin mühüm bir hissəsi morfoloji üsulla yaranır.

Morfoloji üsulla yaranan turizm terminləri isə sözdüzəldici şəkilçilər vasitəsilə yaranır:


  1. – çı, -çi, -çu, -çü; otelçi, reklamçı, bələdçi, bukletçi, macəraçı, köməkçi, tərcüməçi.

  2. – lıq, -liq, -luq, -lük; agentlik, çimərlik, çoxgünlük, turagentlik.

  3. –lı, -li, -lu, -lü; güzəştli, ekipajlı, yerli, ixtisaslı, bahalı.

  4. –sız, -siz, -suz,-süz; ekipajsız, rüsumsuz.

  5. – ıcı, -ici, -ucu, -ücü; icraedici, daşıyıcı.

  6. – ıntı, -inti, -untu, -üntü; gəzinti, görüntü, çıxıntı.

  7. –ış, -iş, -uş, -üş; uçuş, görünüş, ödəniş, satış, göstəriş, yürüş,

  8. -ma, -mə; bronlaşdırma, gəlmə, yerləşmə, sövdələşmə, hesablama, gecələmə, qidalanma.

  9. – maq, -məq, ödəmək, satmaq, bronlaşdırmaq,

  10. – ıq, -ik, -uq, -ük, -aq, -ək, -k, -q; qovuşuq, marketinq, gömrük, minik.

  11. –maz, -məz; daşınmaz, gəzmək, görünmək.

Terminoloji leksikada bu şəkilçilər daha çox ümumişlək sözlərə artırılaraq yeni terminlər yaradır. Müasir Azərbaycan dilində morfoloji yolla termin yaradıcılığının böyük hissəsini feildən düzələn terminlər təşkil edir. Feillər semantik məna çalarları baxımından zəngin olduğu üçün termin yaradıcılığında fəallığı ilə seçildiyindən bu tipli düzəltmə terminlər dilin terminoloji leksikasının mühüm bir hissəsini təşkil edir.

Сюз щям дя дилчилийин бир шюбяси олан лексиколоэийа тяряфиндян юйря­нилир. L.V.Şerbanın fikrincə, dil bütövlükdə məfhumi anlamlara, mənaya gedib çıxır. Məfhumi məzmun yoxsa, məna yoxdur və deməli dil yoxdur. Koqnitiv qrammatika mütəxəssisi R.Lanqakr isə “məna elə bir şeydir ki, dil yalnız onun xatirinə mövcuddur” – deyir. Vitgenşteyn yazırdı ki, sözün mənasını axtarmayın, onun işlənməsini arayın.

“Morfologiyada sözün müxtəlif formalara düşərək dəyişməsi, prosesi ilə yanaşı söz yaradıcılığına da müəyyən yer verilməsinə heç cür bəraət qazandırmaq olmaz. Çünki, morfologiyanın əsas obyekti sözün qrammatik mənasını və forması, qrammatik dəyişməsi müxtəlif formalara düşməsidir” [3, 279].

Məlumdur ki, hər hansı bir terminin semantik aspektdə tədqiqi, hər şeydən əvvəl terminoloji məna ilə realiyə arasındakı məntiqi əlaqəni, terminin semantik yükünü və sahəsini, terminlər sisteminin həmin elmə xas sahələrarası semantik münasibətini, nəhayət terminin məna və forma cəhət­lərini aydınlaşdırmaq imkanı verir. “Termin normativ və siqnifikativ funksiyaları yerinə yetirir. Denotativlik terminin müəyyən anlayışın adını bildirməsində özünü ehtiva edirsə siqnifikativ anlayışın adlandırılması ilə yanaşı, onun başqa terminlərə qarşı qoyulması məsələsini də həll edir”. Bütün hallarda sahə daxilində birmənalı təyin olunmalıdır. Termin kontekst daxilində deyil, sahə daxilində termindir”. Deməli, terminlərin semantik struktur planda tədqiqi Azərbaycan dili terminologiyasının bəzi nəzəri və praktik məsələlərinin öyrənilməsi baxımından əhəmiyyətli və perspektivli sahələrdən sayıla bilər. Azərbaycan dilində yeni leksik vahidlərin, o cümlədən terminlərin yaranması prosesində morfoloji üsul həlledici rol oynayır. Hazırda həmin proses dinamik xarakterdədir. Turizm terminlərində də bu proses dina­mik xarakter daşıyır. Çünki, dünyanın hər yerində turizmin inkişa­fı­na döv­lətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna gö­rə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar.


Ədəbiyyat siyahısı

  1. Sayalı Sadıqova. Azərbaycan dilinin terminologiyası. Bakı, “Elm”, 2011, 375 s

  2. Sayalı Sadıqova. “Azərbaycan dilinin terminologiyası”, “Elm” nəşriyyatı, 2011, 380 s, səh. 242.

  3. Həsrət Həsənov. “Müasir Azərbaycan dilinin leksikası”, Bakı, “Maarif”, 1987, səh. 279

  4. Sima Quliyeva. “Azərbaycan dilində Ədəbiyyatşünaslıq terminologiyasının nəzəri məsələləri”, Bakı, “Nurlan” nəşriyyatı. səh.106. s.11


Гасанова Леман

Способы создания терминов туризма на

азербайджанском языке

Резюме
Социально-экономические изменения, в произошедшие Азербайджане во второй половине ХХ века, повлияли и дальнейшее развитие языка. С развитием общества развивается, обновляется и словарный запас языка. В прошлом веке термины по туризму заимствованные из других языков составляли небольшую часть в составе языка. Сегодня количество таких терминов позаимствованных из соседних, а также языков еще дальних народов значительно возросло. На своем историческом пути развития Азербайджан сотрудничал со многими народами, странами развивал торговые и международные отношения. Таким образом, звук, слово, морфема передавались от одного языка к другому.

Hasanova Laman

Methods of creation of terms of tourism in

Azerbaijanian language

Summary
Socio-economic changes in Azerbaijan in the second half of the XX century, influenced the further development of the language. While development of society vocabulary of the language is also improving and developing. In the past century, the tourism terms, borrowed from other languages ​​ formed very small part of the language. Nowadays, the number of terms borrowed from neighboring and more distant peoples languages ​​has increased significantly. In historical path of it’s development Azerbaijan cooperates with many nations, countries, developed trade and international relations. Thus, the sound of the word, morpheme also transferred from one language to another.


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru,professor S.Sadıqova

filologiya elmləri doktoru S.Quliyeva

Könül Şahbazova

Bakı Dövlət Universiteti
AZƏRBAYCAN DİLİNİN LEKSİK SİSTEMİNDƏ

AĞACİŞLƏMƏ LEKSİKASININ YERİ
Açar sözlər: ağacişləmə leksikası, peşə-sənət leksikası, məhdud istifadə dairəsinə malik leksika, maddi mədəniyyət leksikası

Ключевые слова: лексика резьбы по дереву, малоиспользуемая лексика, материально-культурная лексика.

Key words: wood curving vocabulary, job-occupation related vocabulary, lexics with limited usage, cultural vocabulary.


Azərbaycan dilinin ağacişləmə leksikası bu dilin maddi mədəniyyət leksikasına daxildir. İnsan cəmiyyətində mədəniyyət və dil bir-birindən ayrılmaz şəkildə fəaliyyət göstərir. Belə ki, dil bir tərəfdən mədəniyyətin formalaşması və qorunub saxlanılmasının, nəsildən-nəslə ötürülməsinin ən vacib üsulu kimi mədəniyyətin bir komponentidir, digər tərəfdən isə dil mədəniyyətdən ayrıca şəkildə, ona bərabər bir fenomendir. İnsan cəmiyyəti, eləcə də insanın özü mədəniyyətsiz mövcud deyil. Hər bir nəsil həyata təkcə təbiətin əhatəsində başlamır. İnsanı təbiətlə bərabər, ondan əvvəlki nəslin yaratdığı maddi və mənəvi dəyərlər də əhatə edir.

Maddi mədəniyyət anlayışı insana xidmət edən çoxsaylı əşya və prosesləri özündə ehtiva edir. Başqa sözlə desək, maddi mədəniyyət insa­nın təbiətə və ətraf aləmə praktiki baxımdan hansı səviyyədə sahib olma­sını müəyyənləşdirmək üçün vacib göstəricidir. Maddi mədəniyyət leksi­kası makrosahədir və onun daxilində ağacişləmə, daşişləmə, toxuculuq, meta­liş­ləmə, dulusçuluq, dəriçilik, boyaqçılıq və digər mikrosahələr möv­cuddur. Maddi mədəniyyət leksikası dilin leksik sistemində mənəvi mə­dəniy­yət leksikası ilə korrelyasiya təşkil edir. Mənəvi mədəniyyət anlayı­şı altında elm və onun əldə etdiyi nailiyyətlərin istehsalata və məi­şə­tə tətbiqi, əhalinin təhsil səviyyəsi, maarifin vəziyyəti, tibb, in­cə­sə­nət, insanların davranış normaları, dilin zənginliyi, insanların maraq­ları və digər cəhətlər nəzərdə tutulur. İstər maddi mədəniyyət, istərsə də mənəvi mədəniyyət hər şeydən əvvəl dildə, onun leksik sistemində öz əksini tapır, xüsusi sahə leksikası şəklində formalaşır. Bu zaman nəzərə almaq lazımdır ki, bu iki tematik söz qrupu arasında müəyyən yaxınlıq da var. Çünki istənilən maddi mədəniyyət nümunəsində həmin nümunəni yaradan xalqın mənəvi mədəniyyəti də əks olunur. Hər hansı bir maddi mədəniyyət nümunəsi meydana çıxmazdan əvvəl insan təxəyyülündə formalaşmalı, müəyyən ideya şəklində olmalıdır. Buna uyğun olaraq, hər hansı bir ideya digər şəxslər üçün anlaşıqlı olmaq üçün obyektləşməli, yəni özünün maddi ifadəsini tapmalıdır. Deməli, maddi mədəniyyətlə mənə­vi mədəniyyət bir-biri ilə sıx bağlıdır, birinin varlığı digərinin mövcud­luğunu şərtləndirir. Məhz buna görə də bir çox tədqiqatçılar mədəniyyəti sinkretik təzahür kimi qiymətləndirməyi daha məqsədə­uy­ğun hesab edirlər. Məsələn, A.M.Arnoldova görə, mədəniyyət insanın yarat­dığı maddi və mənəvi dəyərlərin sintezi olan dinamik yaradıcı prosesdir (5, 10).

Mədəniyyət anlayışı strukturuna daxil olan ayrı-ayrı təzahürlər dildə necə əks olunması baxımından təhlil olunur. Hər bir dil milli özünəməxsusluğu ehtiva edən xüsusiyyətlərə malikdir. Yəni dil həmin dildə danışan xalqın təfəkkür tərzini, dünyaya baxışını şərtləndirir. E.Sepir, B.Uorf tərəfindən irəli sürülən bu ideyaya görə, şəxsiyyətin dünyagörüşündə əks olunan dünya təsəvvürü iki aspektlidir. Belə ki, bu, bir tərəfdən, gerçək dünya, bizi əhatə edən real gerçəklik, maddi təbiət və kos­mos təsəvvürüdürsə, digər tərəfdən mədəniyyət dünyası, mənəviyyat dün­yası, insanın daxili aləmi dünyası təsəvvürüdür (18, 127). E.Sepir ya­zır ki, dil "sosial gerçəkliyi" qavramaq üçün rəhbərlikdir. İctimai elmlərlə məş­ğul olan alimlər dillə, adətən, az maraqlansalar da, o bizim sosial prob­­lemlər və proseslər haqqındakı təfəkkürümüzə güclü təsir göstərir. İnsan varlığı, adətən, güman edildiyi kimi, təkcə obyektiv aləmdə və təkcə ictimai fəaliyyət aləmində yaşamır. İnsan xeyli dərəcədə yaşadığı cəmiy­yət üçün ifadə vasitəsi olan konkret dilin hakimiyyəti altında olur. İnsa­nın gerçəklikdə dilin köməyi olmadan səmtləşməsini və dilin ünsiyyət və təfəkkürün spesifik problemlərini həll etmək üçün sadəcə təsadüfi vasitə olmasını güman etmək tamamilə səhvdir. Faktlar şahiddir ki, "real aləm" xeyli dərəcədə həmin cəmiyyətin dil normaları əsasında şüursuz olaraq qurulur (bax: 3, 474). Buradan aydın olur ki, maddi mədəniyyət nümunələrində təkcə bizi əhatə edən real gerçəkliyin xüsusiyyətləri deyil, eyni zamanda insanın özünün daxili dünyası, dünyaya baxışı da öz əksini tapır. Bu mənada dil vahidləri xalq mədəniyyəti, xalq psixologiyası və fəlsəfəsinin güzgüsü təsiri bağışlayır. Sözlərin semantik əlaqələri insan üçün aktual olan real gerçəklikdəki əşya və hadisələrin qarşılıqlı münasibət və əlaqələrini əks etdirir ki, bununla da dünyanın dərk olunmasına şərait yaradır, milli dünyagörüşün xüsusiyyətlərini qabardır. Real gerçəklikdəki əşya və hadisələr arasındakı münasibət və əlaqələrin dil vahidlərində əks olunması nəticəsində dilin leksik sistemində ayrı-ayrı semantik sahələrdən danışa bilirik. Azərbaycan dilindəki ağacişləmə leksikasına bu cəhətdən yanaşmaqla bu mikrosahəyə aid kompleks leksik vahidlərin təkcə linqvistik deyil, eyni zamanda linqvokulturoloji mahiyyətini ortaya çıxarmaq olar.

Məlum olduğu kimi, hər bir təbii dil dünyanı özünəməxsus şəkildə üzvləndirir. Bu, həmin dillərin əsasında dünya modeli, dünya obrazının dayanması ilə bağlıdır. "Dilin dünya obrazı" (dilçilikdə "dünya şəkli", "dünya modeli" terminlərindən də istifadə olunur) dedikdə "qrammatika, leksika və frazeologiyada həkk olunmuş dünya haqqında biliklərin cəmi" nəzərdə tutulur (14, 49). (həmçinin bax: 19; 8, 10; 15). Dil və mədəniyyətin qarşılıqlı əlaqəsi dilçiliyin yeni istiqamətlərindən olan linqvokulturologiyada öyrənilir. Dilçilik, etnolinqvistika və kulturologiyanın qovuşuğunda yaranmış linqvokulturologiyanın əsas məqsədi dil və mədəniyyətin əlaqəsi mexanizmlərinin aşkara çıxarılmasıdır (12; 16; 17; 21). İ.Q.Olşanskinin fikrincə, linqvokulturologiya insanda dil amilini öyrəndiyi kimi, dildə insan amilini də öyrənir (16,27). Başqa sözlə desək, linqvokulturologiya dil və mədəniyyətin qovuşuğunda yarandığından bu semiotik sistemlərin qarşılıqlı təsir formalarını, bu təsir nəticəsində əmələ gəlmiş mədəni təzahürləri araşdırır (bax: 6, 131).. Azərbaycan dilinin ağacişləmə leksikasına linqvokulturoloji yanaşma azərbaycanlıların milli dünyagörüşünün, həyata baxışının araşdırılması deməkdir. Çünki konkret hər hansı bir dilə aid ayrı-ayrı leksik vahidlərdə həmin dildə danışan xalqın kollektiv düşüncə tərzi daşlaşmış şəkildə mövcuddur. H.Əsgərov bu münasibətlə yazır ki, peşə-sənət leksikası hər hansı konkret bir cəmiyyətdəki əmək bölgüsünün formalarını özündə əks etdirir. Peşə-sənət leksikasında bu və ya digər peşənin tarixi də öz əksini tapır. Deməli, bu leksikanın formalaşması - bu dil təzahürü təkcə sosial təzahür forması kimi deyil, həm də tarixi təzahür faktı kimi də araşdırıla bilər. Başqa sözlə desək, peşə-sənət leksikası xalqın keçib gəldiyi tarixi özündə əks etdirir (2, 15).

Buna uyğun fikir M.Abdullayeva tərəfindən də söylənilmişdir. Peşə-sənət leksikasına daxil olan ayrıca sahəni - xalçaçılıq leksikasını tədqiq edən müəllif peşə-sənət sözləri ilə bağlı yazır: "Azərbaycan dilinin peşə-sənət leksikası xalqımızın maddi və mənəvi mədəniyyətini əks etdirir. Bu leksika qədim tarixə malik olub, yaranma tarixi, başqa türk dillərində olduğu kimi, kənd təsərrüfatından sənətin ayrılması, müxtəlif sənət növlərinin meydana çıxması ilə əlaqədardır. Sonralar müəyyən əmək kollektivləri yaranmış və bu kollektivlərdə ünsiyyət üçün xüsusi terminlər yaradılmışdır. Bu terminlər də dilin leksikasında xüsusi bir lay, təbəqə yaratmışdır. Bu leksik layın böyük bir hissəsini müəyyən sənət sahəsinin zəngin texniki və ictimai terminologiyası təşkil edir" (1, 9).

Azərbaycan dilinin leksik sistemi uzun sürən tarixi inkişafın nəticəsidir. Dilin mürəkkəb sistem xarakterə malik olması və bu sistemə daxil olan ayrı-ayrı dil səviyyələrinin özünün də həmin xarakterə malik olması bütün dilçilər tərəfindən qəbul edilir. Məhz dilin mürəkkəb sistem olması barədəki dilçilik təsəvvürü leksikaya dilin digər səviyyələrindən fərqli xüsusiyyət və əlamətlərə malik struktur səviyyə kimi baxmağa imkan verir. Azərbaycan dilinin leksikası Azərbaycan dili sistemində ayrıca altsistem kimi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan dilinin leksikası daxilində ayrı-ayrı leksik və semantik söz qrupları arasında da sistem münasibətləri vardır ki, Azərbaycan dili leksikasının sistem xarakterindən danışarkən həmin cəhətlər mütləq nəzərə alınmalıdır.

Azərbaycan dilinin leksik sistemi bu dilin digər səviyyələrinin sistemi ilə sıx bağlıdır və qırılmaz əlaqədədir. Dilin leksik sisteminin hərtərəfli araşdırılması leksik sistem ilə qrammatik sistem arasındakı bu qırılmaz əlaqələri aydın şəkildə göstərir.

Dilin leksikasının sistem paradiqmatik üzvlənməsinin aşağıdakı parametrlərini ayırmaq olar: 1) leksik-qrammatik üzvlənmə. Bu prinsiplə dildə nitq hissələri müəyyənləşir; 2) struktur-semantik üzvlənmə. Bu prinsiplə dildəki sözyaradıcılığı yuvaları ayrılır; 3) leksik-semantik üzvlənmə. Bu prinsiplə dildəki tematik söz qrupları (semantik sahələr) müəyyənləşdirilir (13, 16).

Dilçilikdə dilin leksikasının leksik-semantik üzvlənməsi, dilin leksik sistemindəki ayrı-ayrı qruplarla bağlı müxtəlif terminlərdən istifadə olunur: "altsistem", "sistem fraqmenti", "makrosistem", "mikrosistem", "sahə", "qrup", "yarımqrup", "semantik cərgə", "semantik sahə", "tematik qrup", "tematik sinif", "leksik-semantik paradiqma", "leksik-semantik yuva", "leksik-semantik sahə", "anlam qrupu", "assosiativ sahə" və s. Qeyd edək ki, bu terminlər içərisində "semantik sahə" və "tematik qrup" terminləri leksikanın leksik-semantik üzvlənməsini daha aydın ifadə edir. İ.M.Kobozevanın fikrincə, leksika sözlərin qarşılıqlı şəkildə korrelyasiya münasibətləri ilə bağlanmış semantik sahə adlandırılan yarımsistemlərin cəmindən ibarətdir (11, 98).

Azərbaycan dilinin ağacişləmə leksikasını dilin leksik sistemində ayrıca tematik qrup kimi ayırmaq olar. Bu tematik qrupun içərisində isə ayrı-ayrı leksik-semantik qruplar mövcuddur. Tədqiqatçılar ayrıca götürülmüş hər hansı bir leksik vahidin deyil, hər hansı bir tematik qrupun tədqiqinin daha mühüm nəticələr əldə etməyə imkan verdiyini göstərirlər. Nəzərə almaq lazımdır ki, tematik qrupa daxil olan ayrı-ayrı leksik-semantik qruplar birbaşa dil təzahürü olduğu halda. tematik qrupu təkcə dil təzahürü hesab etmək olmaz. Çünki tematik qrupu ayırarkən bu tematik qrupa daxil olan sözlərin ifadə etdiyi əşya və hadisələr əsas götürülür. Məsələn, görkəmli rus dilçisi F.P.Filin tematik qrup adı altında sözlərin əşya və təzahürlərin özünün təsnifi əsasında birləşdirilməsini, leksik-semantik qrup adı altında isə təkcə sözlərin əşya və təzahürlərin özünün təsnifi əsasında birləşdirilməsini deyil, eyni zamanda həmin leksik-semantik qrupa daxil olan sözlərin qarşılıqlı semantik əlaqəsini nəzərdə tutur (20, 229-230).

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dilinin ağacişləmə leksikası bu dilin maddi mədəniyyət leksikasına daxildir və maddi mədəniyyət leksikası daxilində ayrıca semantik sahə əmələ gətirir. Buna görə də maddi mədəniyyət leksikasına aid bir çox xüsusiyyətlər ağacişləmə leksikasında da özünü göstərir.

Hər şeydən əvvəl qeyd olunmalıdır ki, ağacişləmə leksikası fəaliyyətdə olan dilin əhalinin sosial təbəqələrinə, insanların sosial qruplarına görə diferensiasiyasını özündə əks etdirir. Belə ki, "dilin əhalinin sosial təbəqələrinə, insanların sosial qruplarına görə diferensiasiyası" dedikdə fəaliyyətdə olan dilin peşə, silki və sinfi variantları, daha dəqiq desək, funksional üslubları (variantların variantı) nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, dilin sosioloji aspektinin hərtərəfli araşdırılması dilin sistem və strukturunun tədqiqindən heç də az əhəmiyyətli deyil.

Azərbaycan dilinin ağacişləmə leksikasının böyük qismini ümumişlək sözlər təşkil edir və belə leksik vahidlər hər kəsə yaxşı bəllidir. Balta, rəndə, mişar, çəkic, dülgər, beşik, qapı, pəncərə, tir, ağac, taxta və s. sözləri buna nümunə göstərmək olar. Bununla belə, bu tematik qrupa daxil olan bir sıra sözlər yalnız müəyyən peşə sahiblərinin, konkret olaraq, dülgər və xarratların nitqində özünü göstərir və digər şəxslər tərəfindən başa düşülmür. Ağacişləmə leksikasına aid aşağıdakı leksik vahidlərə nəzər salaq: xırışdama "ağacı kəsmə", ləmpələməg "tavana taxta vurmaq", küngül "nacax, enliağızlı, qısasaplı balta", nərməndi "rəndənin bir növü", tayqulp "rəndənin bir növü", zehaçan "rəndənin bir növü", maha "ağacişləmədə istifadə olunan deşici alət", maqqaf "burğu", topbuz "toxmaqşəkilli dülgər aləti", tutqac "məngənə", çəngəl "xarrat çarxında gırdını saxlayan metal hissə", dəzgə "xarrat çarxında düzbucaqlı çərçivə", gireh "dülgərlikdə istifadə olunan ölçmə aləti", çarşaqqa "yektaxta və yarmaçanın ikiyə bölünmüş hissələri", girdim ~ gırdın "çarşaqqanın bölünməsi nəticəsində alınan böyük ağac parçası", "mişarla bir boyda kəsilmiş yoğun odun", tuva "kəsilmiş yoğun uzun ağac", yar "ağacın içi", yarmaça "kötüyün iki hissəyə ayrılmış hissələrindən biri", yektaxta "kötüyün iki hissəyə ayrılmış hissələrindən biri" və s. Bu qəbildən olan sözlər məhdud istifadə dairəsinə malikdir və onları uyğun peşə sahibləri başa düşə bilir.

Azərbaycan dilinin ağacişləmə leksikasına daxil olan sözlərin böyük bir qismi dialekt sözləri olub məhəlli səciyyə daşıyır. Bu məsələ ilə bağlı H.Əsgərov yazır ki, peşə-sənət leksikasına daxil olan sözlərin bir qismi məhəlli xarakter daşıyır, yalnız müəyyən arealda fəaliyyət göstərən ayrı-ayrı peşə sahiblərinin nitqində müşahidə olunur (HƏ, 30). Müəllif bu dil təzahürünün meydana çıxmasının aşağıdakı üsullarını müəyyənləşdirir:

1. Tarixən peşə-sənət leksikasında ümumişlək sözlər sırasına aid edilən bəzi sözlər müəyyən ekstralinqvistik amillərin təsiri altında ədəbi dildən çıxır və yalnız şivələrdə qorunub qalır.

2. Dialekt leksikasına məxsus söz müəyyən ərazidə yaşayan şəxslərin dilində peşə-sənət leksikası xüsusiyyəti qazanır (2, 30).

H.Əsgərov bütövlükdə peşə-sənət leksikasının, o cümlədən də ağacişləmə leksikasının yaranma yollarını aşağıdakı kimi təsəvvür edir:

1. Yeni sözlərin yaradılması yolu ilə (buraya başqa dillərdən söz alınması da daxildir);

2. Ümumxalq dilinə məxsus sözün yeni məna kəsb etməsi yolu ilə;

3. Arxaik elementlərin qorunub saxlanılması yolu ilə (2, 15).

H.Əsgərovun bu mülahizəsi ilə biz də razılaşırıq. Həqiqətən də, Azərbaycan dilinin ağacişləmə leksikasında hər üç növdən olan leksik vahidlərə rast gəlmək olar. Bir cəhəti də qeyd edək ki, Azərbaycan ədəbi dilində ümumişlək söz olaraq geniş dairədə işlənən bir çox leksik vahidlər peşə-sənət leksikasında fərqli mənada istifadə olunur. Məsələn, Azərbaycan dilinin Qax və Ucar şivələrində qabırğa sözü "kirəmit düzmək üçün evin üstünə üfüqi qoyulan taxta, ağac" mənasında qeydə alınmışdır. Müq. et: Oturacax evin qabırğası vurulup bugün (Qax); Qabırğa şam ağacınnan da olur (Ucar) (ADDL, 272). Bu sözün əsasında yaranmış qabırğalamax "evin üstünə qabırğa düzmək, vurmaq" feili Göyçay və Ucar şivələrində istifadə olunur. Müq. et: Ussalar evi qabırğaladı (Ucar) (ADDL, 272). Məlumdur ki, müasir Azərbaycan ədəbi dilində qabırğa sözü "fəqərələri döş sümüyü ilə birləşdirən qövsşəkilli sümük" mənasında işlənir (ADİL, III, 10). Deməli, adı çəkilən şivələrdə ümumişlək qabırğa sözü metaforik anlamda işlədilərək peşə-sənət leksik vahidinə çevrilmişdir. Məhz bundan sonra onun bu mənası əsasında qabırğalamaq feili meydana çıxmışdır. Eyni fikri Ağdərə şivəsində işlənən ayı "oxu arabanın altında (arxa hissədə) saxlamaq üçün işlədilən taxta" (ADDL, 30), Biləsuvar şivəsində işlənən köynək "arabanın dəmir oxunun yerləşdiyi ağac hissə" (ADDL, 263), Oğuz şivəsində işlənən barmax "pəncərə çərçivəsində şüşəni saxlamaq üçün ensiz taxta" (ADDL, 40), Zaqatala şivəsində işlənən bazu "qapının yan taxtaları" (ADDL, 45), Zərdab şivəsində işlənən fərş "tir" (ADDL, 171), Balakən, Culfa və Goranboy şivələrində işlənən hambal "döşəmənin altından qoyulan tir" (ADDL, 194), Ordubad şivəsində işlənən papax "dirək ilə pərdinin arasına qoyulan taxta parçası" (ADDL, 392), Ağdam, Çənbərək, Ordubad, Şuşa və Zəngilan şivələrində işlənən eşşəx′ "əlçatmaz yerdə işləmək üçün bənnaların, rəngsazların istifadə etdiyi taxtadan hazırlanmış qurğu" (ADDL, 152) və digər leksik vahidlər haqqında da söyləmək olar.

Ağacişləmə leksikasına daxil olan leksik vahidlər konkret əşya və hadisələri, ağacişləmə ilə bağlı prosesləri ifadə edir. Bu cəhətinə görə, yəni konkret semantik məna ifadə etmələrinə görə ağacişləmə leksikasına aid leksik vahidlər mücərrəd mənalı sözlərdən fərqlənir.

Ağacişləmə leksikasına daxil olan sözlərin böyük qismi məhdud istifadə dairəsinə malikdir. Bu cəhətdən onlarla terminlər arasında müəyyən yaxınlıq hiss olunur. Terminlərdən elm və texnikanın ayrı-ayrı sahələrində, ağacişləmə sahəsinə aid leksik vahidlərdən isə bu sahə ilə bağlı şəxslərin nitqində istifadə olunur. Hər iki qrupa aid sözlər üslubi baxımdan neytral olduqları üçün bədii üslubda istifadə olunmur və bu cəhətlərinə görə Azərbaycan dilinin leksik sistemində ümumişlək sözlərlə korrelyasiya təşkil edirlər.

Azərbaycan dilinin peşə-sənət leksikası dəyişməyə az meyilli leksik təbəqədir. H.Əsgərov bu münasibətlə yazır: "Peşə-sənətlə bağlı ayrı-ayrı realiyaları ifadə edən yüzlərlə söz heç bir dəyişikliyə uğramadan ünsiyyətə xidmət edir. Qədim türk yazılı abidələrinin dilindəki peşə-sənət sözləri ilə Azərbaycan dilinin peşə-sənət leksikasını bir-biri ilə müqayisə etdikdə bu qənaət daha da möhkəmlənir. Qədim türk dilinin peşə-sənət leksikası ya heç bir dəyişikliyə uğramadan, ya da müəyyən fonomorfoloji dəyişikliklə Azərbaycan dilində də işlənməkdədir. Bu zaman nəzərə almaq lazımdır ki, morfologiya və sintaksislə müqayisədə leksika dəyişməyə daha çox meyillidir, ekstralinqvistik amillərin təsiri də özünü məhz leksikada aydın şəkildə göstərir" (2, 31). Bu cəhət peşə-sənət leksikasına daxil olan ağacişləmə leksikasında da hiss olunur. Belə ki, qədim və orta əsrlər türk yazılı abidələrinin dilində işlənmiş onlarla leksik vahid Azərbaycan dilinin ağacişləmə leksikasında bu gün də geniş şəkildə istifadə olunmaqdadır.

Ağacişləmə leksikası Azərbaycan dilinin təsərrüfat (əkinçilik, maldarlıq, çörəkçilik və s.), peşə-sənət (toxuculuq və s.) inşaat və məişət leksikası ilə də əlaqəlidir. Belə ki, ağacdan düzəldilmiş əmək alətləri və qurğuları, məişət əşyaları və nəqliyyat vasitələrinin adı semantik baxımdan hər iki sahəyə aid oluna bilər. Məsələn, çörəkbişirmədə istifadə olunan ağacdan hazırlanmış "yuxayayan", "təknə" anlayışlarını ifadə edən sözlərə nəzər salaq: ayaxlı "yuxayayan" (ADDL, 29), doax "1. xəmir yaymaq üçün xüsusi dairəvi taxta; 2. qabın ağzını örtmək üçün dairəvi taxta qapaq" (ADDL, 138), dördəyağ "yuxayayan" (ADDL, 143), firçin "yuxayayan, üstündə xəmir yayılan taxta" (ADDL, 172), gan "üstündə xəmir yoğurulan dəyirmi taxta" (ADDL, 174), xonça "içərisində xəmir yoğurulan təknə" (ADDL, 227), kan "üstündə xəmir yoğurulan xüsusi taxta" (ADDL, 242), karsan "kiçik ağac təknə" (ADDL, 243), kuga "ağacdan qayrılmış təknəyə oxşar qab" (ADDL, 263), qanqa "yuxayayan" (ADDL, 277), qərəvənə "xəmir tabağı" (ADDL, 293), loşbəbər "üstündə xəmir yaymaq üçün taxta, yuxayayan" (ADDL, 338), mərdənə "yuxayayan, üstündə xəmir yaymaq üçün xüsusi düzəldilmiş taxta" (ADDL, 351), peşqon ~ peşqun "yuxayayan" (ADDL, 396), təknə "əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq" (ADİL, IV, 299), üçəyağ "üstündə xəmir yayılan taxta" (ADDL, 523), yayqı "yuxayayan" (ADDL, 544). Bu leksik vahidlər həm məişət əşyasının adı kimi, həm də ağacişləmə leksikasına aid leksik vahid kimi qiymətləndirilə bilər. Bu cəhət qohum türk dillərinin məişət leksikasına aid yazılmış tədqiqat əsərlərində də qeyd olunur (7; 9; 4).

Beləliklə, Azərbaycan dilinin leksik sistemində ağacişləmə leksikasının yerini aşağıdakı kimi müəyyənləşdirmək olar:

1. Ağacişləmə leksikası maddi mədəniyyət (peşə-sənət) leksikasına ayrıca leksik-semantik sahə kimi daxil olur, dilin sosial qruplar və təbəqələr üzrə diferensiasiyasının nəticəsi kimi meydana çıxır. Bu leksika təkcə xalqın malik olduğu maddi mədəniyyəti deyil, eyni zamanda min illər ərzində formalaşmış mənəvi mədəniyyətini, dünyagörüşünü, ətraf aləmə münasibətini özündə əks etdirir.

2. Ağacişləmə leksikasının tərkibində ümumişlək sözlərlə yanaşı məhdud istifadə dairəsinə malik sözlər yanaşı mövcuddur. Yəni ağacişləmə leksikasının müəyyən qismi ümumişlək sözlər əsasında mövcuddur və geniş istifadə dairəsinə malikdir. Bu leksik-semantik sahəyə məxsus sözlərin digər qismi isə məhdud istifadə dairəsinə malik olub, ağacişləmə sənəti ilə məşğul olan şəxslərin nitqində işlənir.

3. Ağacişləmə leksikasının tərkibində kifayət qədər dialekt sözləri müşahidə olunur. Peşə-sənət leksikası, o cümlədən də ağacişləmə leksikası ilə dialekt leksikası arasında müəyyən uyğunluqlar olsa da, dialekt leksikası dilin ərazi üzrə diferensiasiyası, ağacişləmə leksikası isə sosial qruplar üzrə diferensiasiyasının nəticəsi kimi meydana çıxır.

4. Ağacişləmə leksikasına daxil olan leksik vahidlərin böyük qismi üslubi baxımdan neytraldır, emosionallıq və ekspressivlik ifadə edə bilmir. Lakin bu leksikanın tərkibindəki ümumişlək sözlər müxtəlif üslubi çalarlarda işlənə bilir.

5. Ağacişləmə leksikası məhdud istifadə dairəsinə malik digər söz qruplarından (məsələn, terminlərdən) fərqli olaraq daha qədim leksik qata aiddir. Bu sahəyə aid leksik vahidlərin yaşı min illərlə hesablana bilər.

6. Dilin digər leksik-semantik sahələri ilə müqayisədə ağacişləmə leksikası mühafizəkarlıq nümayiş etdirir. Ümumişlək sözlərdəki dinamiklik burada özünü göstərmir. Bu səbəbdən də, ağacişləmə leksikasının tərkibində köhnəlmiş və arxaik leksik vahidlər tez-tez müşahidə olunur.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin