“TƏSDİq ediRƏM”



Yüklə 55,88 Kb.
səhifə12/16
tarix01.01.2022
ölçüsü55,88 Kb.
#106941
1   ...   8   9   10   11   12   13   14   15   16
protokol

A.Qasımova: Nərmin xanım, sizi bu uğurlu iş münasibətilə təbrik edirəm. Təbii ki, üzərində işləyəcəksiniz. Və dönə-dönə işlədikcə də iş daha da cilalanacaq, gözəlləşəcək. İşinizin bir sıra müsbət cəhətləri vardır. Ümumiyyətlə, mövzunun seçimi çox uğurludur. Çünki sizin də qeyd etdiyiniz kimi Azərbaycan ədəbiyyatının Şimali və Cənubi Azərbaycan ədəbiyyatı kimi deyil, vahid bir anlamda tədqiqinin vaxtı gəlib çatmışdır. Siz tədqiqat işinizdə Şəhriyar yaradıcılığının qaynaqlarını çox doğru göstərə bilmisiniz: romantik poeziyanın, irfani poeziyanın, ən cox xoşuma gələn də XX əsrin əvvəllərində Azərbaycan mütərəqqi ədəbiyyatının – Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin Şəhriyar yaradıcılığına təsirini çox gözəl açıqlamış, bir sıra uğurlu müqayisələr də aparmısınız. Məsələn, Şəhriyarın Xaqani ilə, onun “Mədain xərabələri” ilə müqayisəsi çox uğurlu alınıbdır. Mən bu məsələlərə bir ərəbşünas kimi daha dərindən yanaşıram. Ərəb ədəbiyyatından gələn bir ənənədir. Tarixboyu məhz ərəb şairləri tərk edilmiş, xarabalığa dönmüş obanın təsvirini veriblər. Qəsidə janrında bütün bunlar lirik bir başlanğıc kimi əsrlər boyu bir ənənəyə çevrilmişdir. Bu mənada o, ərəb şeirindən təsirlənmişdir. Xanədan sahibi, hakimiyyətdə olan adamın obası qarşısında göz yaşı tökməsinin ən gözəl nümunələrindən birini əslən azərbaycanlı olan Əbül Əbbas əl Əma yaratmışdır. O, Əməvilərin dağılan obasına ağlamışdır. Bu da mərsiyənin bir növüdür. Amma bu mərsiyələr obalara, dağılan cah-cəlala həsr olunur. Əbül Əbbas əl Əmadan sonra Əl Buhturi məşhur “Siniyyə” qəsidəsini məhz Mədain xərabələrinə həsr edir. Xaqani də “Mədain xərabələri”ni Əl Buhturinin təsiri ilə yazmışdır. Mənə elə gəlir ki, bu hissəni daha geniş vermək olardı. Mənim nəzərimi bir də o cəlb etdi ki, qaynaqlar sırasında siz fars ədəbiyyatına, xüsusilə Hafizə daha çox müraciət edirsiniz. Amma elə məsələlər var ki, biz Hafizlə, Rumi ilə yanaşı Nəsimiyə də, Füzuliyə də müraciət edə bilərik. Məsələn, Şəhriyarın adı, kitaba ad seçmək, kitabla fal açmaq, kitabla ad seçmək məsələsi ilə bağlı Nəsimidə də istənilən qədər beytlər var. Yəni hürufiliyə müvafiq gözəlin üzünə baxıb fal açır. Yəni kitab üzün rəmzidir. Eyni motiv Füzulidə də var. Mənə elə gəlir ki, söhbət qaynaqlardan gedirsə tərəzinin gözünü Azərbaycan tərəfə daha da ağırlaşdırmaq olar.

Bir də onu demək istəyirəm ki, dissertasiya işində elə hissələr var ki, sanki özü də çağırır ki, xahiş edirəm mifik qaynaqlara toxun. Amma siz toxunmursunuz. Məsələn, “Heydərbabaya salam”da yaxşı olardı ki, mifologiyada, dini təsəvvürlərdə, dini hekayələrdə dağ arxetipi məsələsini gündəmə gətirəsiniz. Qaf dağının adını çəkirsiniz. Qurandakı Qaf surəsi də belə başlayır: “Qaf və Quran”. Əttardakı Qaf dağı, əfsanəvi Ənqa quşu da Qurandan qaynaqlanır. Bu mövzuda bir qədər dərinə getmək olardı. Peyğəmbərlər haqqında rəvayətlərdə də buna rast gəlinir: Musa peyğəmbərin 40 gün dağda çilə məsələsi, İsa peyğəmbərin dağ moizələri, Məhəmməd peyğəmbərin dağda imitasiyaları, Quranın dağda nazil olması və s. İnsanların təsəvvüründə də Allahla bağlı fikirləri göylərə gedib çıxır.

Dissertasiya işində çərxi-fələklə bağlı fikirləri daha geniş verə bilərdiniz. İran qaynaqlarında da, bu, elə birbaşa Zərdüştlükdə zaman tanrısı Zürvana gedib çıxır. Dəhr çərxi-fələyin bənzəridir. Peyğəmbərin bir hədisində deyilir: “Dəhri söyməyin. Dəhr Allahdır. Zaman gücsüzdür. Əslində hər şeyin arxasında Allah dayanır”. Bu məsələləri mənə elə gəlir ki, bir qədər də genişləndirmək olardı.

Siz Belinskidən belə bir sitat gətirirsiniz: “Ədəbiyyatda yeni heç nə yoxdur. Sadəcə böyük düha köhnəni yeni etməyi bacarır.” Bax, siz bu məsələni yenə də Şərq ənənəsi ilə bağlaya bilərsiniz. Uzun əsrlər boyu Şərq ədəbiyyatında, xüsusilə ərəb ədəbiyyatında belə bir ənənə olub ki, ən yaxşı şeir deyilən sözü, fikri daha yaxşı təkrar etməkdir. Yəni əsl şair deyilən sözü, mənanı götürüb onu daha gözəl ifadə edir. Ərəb alimlərinin yaradıcılığında bu geniş əksini tapmışdır. Bu məsələni də bir qədər dərindən işləmək olardı.

Ayineyi İskəndəridən danışarkən fars mənbələri ilə yanaşı Nizamiyə, Füzuliyə də müraciət etmək olardı. Bundan başqa Ayineyi İskəndəri Cami-cəmlə, onun bənzəri Lövh-i Məhfuzla əlaqəli verib, yenə də Nəsimiyə istinad etmək olardı. Nəsimidə bununla bağlı çox sayda beytlər var. Bu da Şəhriyarı Azərbaycan ədəbiyatına gətirib bağlayardı. Ümumiyyətlə Şəhriyarın sələfləri cərgəsində üstünlüyü farslara deyil, bir qədər Azərbaycan tərəfə yönəltmək olar.

Dissertasiyanın 10-cu səhifəsində çox hörmət etdiyim Məsiağa müəllimin bir məqaləsindən az qala yarım səhifəlik sitat vermisiniz. Məsələ burasındadır ki, onun klassifikasiyasında bəzi səhvlər var. Bəlkə də səhvlər yox, diqqətsizlik deyərdim. Məsələn, “yenilik axtarışlarının qaynağı kimi” göstərir. Bəlkə də mənbədə belə deyil, siz belə verirsiniz. Birinci və ikinci bəndlər bir-birini təkrar edir. Birinci bənddə göstərilir ki, o, köhnəliyə və yeniliyə meyilli olub, ikinci bənddə Şərq və Avropa ənənəsinə bağlılığından danışılır. Tarixboyu belə olmuşdur ki, yenilik həmişə Avropa ədəbiyyatı ilə bağlı olmuşdur. Yəni Azərbaycan ədəbiyyatında da, fars ədəbiyyatında da, ərəb ədəbiyyatında da yenilik cücərtilərini, yenilik elementlərini Avropadan götürüblər. Ona görə bu iki hissə birləşsə daha yaxşı olardı.

Yenilik axtarışında, “İrfana müraciət” də mənə qaranlıq qaldı. Bilirsiniz, bu dissertasiya işidir. Burada siz kimisə tənqid etməkdən çəkinməməlisiniz, ürəkli şəkildə tənqid etməlisiniz.

Ümumiyyətlə əsəri mən çox bəyənirəm. Milli vətənpərvərliyi əks etdirən bu cür əsərlər daha da artırılmalı, çoxalmalıdır. Cənubi Azərbaycan elə Azərbaycandır. Sizi təbrik edirəm. Dediklərim qeyd də deyil, mənim arzularımdır. İşiniz gözəl bir işdir, müdafiəyə buraxıla bilər.




Yüklə 55,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin