X.Bəşirli: Natəvan xanıma təşəkkürümüzü bildiririk. Daha kim çıxış etmək istəyir? Buyurun Nəzmiyyə xanım.
N.Yigitoğu. Nərmin xanımı təbrik edirəm. Aida xanımın sözlərinə qoşuluram. Dərin təhlillərə, müqayisələrə əsaslanan bir əsərdir və təbii ki, daha da cilalanacaq. Natavan xanım ədəbiyyat siyahısı haqqında qeydlərini dedi. Mənim diqqətimi ədəbiyyat siyahısında sual işarələri cəlb etdi. Yəqin ki, bunlar diqqətdən yayınmışdır.
Dissertasiyada bəzi qrammatik səhvlər də vardır. Düşünürəm ki, bu, işin tələsik kompüterdə yığılmasına görədir. Elə cümlələr vardır ki, orada ya inkar şəkilçisi verilmir, ya da bu şəkilçilər yerində işlənməmişdir. Buna görə də fikir dolaşıqlığına yol açır. Belə bir cümləni misal gətirmək istəyirəm: “Şəhriyarın klassik irslə əlaqəsindən bəhs edən alimlər ümumi xarakterli mülahizələrlə kifayətlənməyərək faktiki materiallardan çıxış etməmişlər.” Cümlə anlaşılmır. Bir misal da çəkim: “Şair cəngavərlik mövzusu ilə bağlı orta əsrlərin ənənəvi süjetlərini təklif etməmiş, cəngavərləri yalnız qəhrəmanlıq simvolu kimi tərənnüm etmişdir.” Burada da elə bilirəm ki, bir qədər fikir dolaşıqlığı vardır.
Bir də onu qeyd edim ki, şeirlərdə hərf səhvləri gedib. Bu müasir mövzulu heca vəznində olan şeirlər olsa idı, oradakı səhvlərin o qədər də əhəmiyyəti olmazdı. Amma bu şeirlərin mövzusu qədim dövr haqqında və klassik şeir üslubundadır deyə, burada hərf səhvləri bir qədər fikri də dolaşdırır. Bəzən isə fikir ümumiyyətlə, anlaşılmır. Məsələn, “Rumi neylirmiş sölə”. Düşünürəm ki, “şölə” olmalıdır. Farsca şeirlərin poetik tərcüməsində mötərizələr hesab edirəm artıqdır. Belə bir şeir də var: “Sədinin bağı-gülüstani gərək işrə qədər, alması səddələnib, xurması zənbillənsin.” Burada yəqin ki, “şərələmək” sözü nəzərdə tutulub.
Professorların, alimlərin, şairlərin adları dissertasiyada bəzən bütöv halda, bəzən inissiallarla verilir. Beqdelli, Yusif Xəlilov prof. kimi gedir. Hesab edirəm ki, düzəliş aparılmalıdır.
Dissertasiyanın 144-cü səhifəsində bir abzasda bir cümlə iki dəfə təkrar olunur.
Şəhriyarın “Mövlanə Şəms Təbrizinin xanəgahında” və “Mövlanənin dərgahında” məsnəvilərindən bəhs edilən hissədə geniş təhlil var. Amma daha çox Mövlanə Cəlaləddin Rumiyə istinad olunur, Şəms Təbrizidən danışılmır. Hesab edirəm ki, Şəms Təbrizi yaradıcılığının təsvirini verən kiçik bir məlumat olmalıdır. Hətta burada “Atəşpərəstlik Təbrizin şöhrəti olan Şəmsdəndir” misrası Ruminin dilindən verilir. Bir çox dinlər arasında fərq qoymamaq, əqidə birliyini əsas götürmək Şəms Təbrizidə də, Rumidə də vardır. Şəms Təbrizinin “Məqalət” əsərində qeyd olunur ki, bütxanalarda, kilsələrdə o qədər dostumuz var ki. Düşünürəm ki, atəşpərəstlikdən çıxış edərək Şəms Təbriziyə keçmək olardı.
Orfoqrafik və qrammatik səhvlər barədə də müəyyən qeydlərim vardır. Onları sizə təqdim edərəm.
Sizə növbəti mərhələlərdə uğurlar arzulayıram.
Dostları ilə paylaş: |