X.Bəşirli: Daha kimin sualı var? Sualı olan yoxdur. Prosedur qaydalarına görə müzakirənin bu məqamında elmi rəhbərin çıxışı olmalıdır. Elmi rəhbər akademik Rafael Hüseynov yazılı şəkildə öz rəyini verib. Rəsmi rəyçilərin çıxışlarına keçək. İlk çıxış üçün sözü filologiya üzrə elmlər doktoru Şəfəq xanım Əlibəyliyə verək. Buyurun, Şəfəq xanım.
Ş.Əlibəyli: Dərin poetik düşüncəyə malik olan Məhəmmədhüseyn Şəhriyar elmi tədqiqata çox cəlb olunan şairlərdəndir. Şairin həyat və yaradıcılığı müxtəlif aspektlərdə şərqşünas alimlər tərəfindən geniş tədqiq olunmuşdur, lakin təqdim olunan dissertasiya bir daha Şəhriyar yaradıcılığının təhlilində yeni sözün mümkünlüyünü təsbit etdi. Məhəmmədhüseyn Şəhriyarın poeziyasını klassik və müasir Şərq ədəbiyyatı kontekstində araşdıran tədqiqatçının şairin yaradıcılığının farsdilli və türkdilli ədəbiyyatda olan mövqeyini dəqiqləşdirməsi, ana dilindəki poeziyasının Azərbaycan ədəbiyyatındakı yerini müəyyənləşdirməsi fikrimizi təsdiqləyir.
Orijinal yaradıcılığa, bədii üsluba malik olan Şəhriyar yaradıcılığına müraciət edən tədqiqatçı mövzunun aktuallığını haqlı olaraq, şairin ədəbi mirasının klassik və modern şeir üslubu cəhətdən daha dərindən və müqayisəli tədqiqinə ehtiyac olması ilə şərtləndirir. Mövzunun işlənmə dərəcəsinə ekskurs edən iddiaçı Məhəmmədhüseyn Şəhriyarın əsərlərini müxtəlif aspektlərdən tədqiq edən İran, Azərbaycan və digər ölkə alimlərinin əsərlərini nəzərdən keçirərək, onlara münasibət bildirmişdir. Tədqiqatçı çox obyektiv olaraq, Azərbaycanda Esmira Fuadın Şəhriyarın anadilli bədii irsinin tədqiqi və təbliğindəki fəaliyyətini vurğulayır, şairin ədəbi mirasının təkcə bədii dəyər baxımından deyil, dilçilik baxımından da Müctəba Şüainin apardığı araşdırmanın bu sahədəki boşluğu doldurmasını qeyd edir.
Şəhriyarın ikidilli mirası əsasında aparılan tədqiqat işində şairin yaradıcılığının ənənə ilə bağlılığı, yeniliyi, fərdiliyi, sələf-xələflik münasibətləri, sənətkarlıq xüsusiyyətləri zəngin illüstrativ material əsasında məntiqli elmi müddəalarla təqdim edilir. Şairin ikidilli mirasını məhz dünya ədəbiyyatı kontekstində təhlili, Şəhriyar poeziyasındakı müəyyən ictimai mövzuların günün tələbləri işığında təhlili tədqiqatın yeniliyinin əsas məqamlarındandır. İddiaçı Şəhriyar yaradıcılığına yeni dəyərlər prizmasından yeni bir baxış nümayiş etdirə bilmişdir.
Dissertasiya işində sistemli şəkildə Şəhriyarın ədəbi irsinin janr və vəzn xüsusiyyətlərinin elmi təhlili verilmiş, şairin sələf və xələfləri ilə yaradıcılıqlarındakı ortaq məqamlar müəyyənləşdirilmiş, ədəbi yeniliklər üzə çıxarılmış, şairin ikidilli poetik mirası müqayisə edilmiş, hər iki dildə olan əsərlərinin sənətkarlıq xüsusiyyətləri açıqlanmış, zəngin faktiki material və elmi-nəzəri müddəalar əsasında Şəhriyar poeziyası dəyərləndirilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı Şəhriyar yaradıcılığı ilə bağlı bir sıra mübahisəli məsələlərə elmi faktlarla aydınlıq gətirə bilmişdir. “şer-e nou” cərəyanı ilə bağlı olan məqamları buna misal göstərmək olar.
Dissertasiyanın III fəslini xüsusi qeyd etmək istərdik. Bu fəsildə iddiaçının fars dilini dərindən bilməsi, həmin dilin incəliklərinə vara bilməsi müşahidə olunur.
Dissertasiyanın bu hissəsində Şəhriyar poeziyasının üslubi özəllikləri, sənətkarlıq xüsusiyyətləri zəngin misallarla açıqlanır, Şəhriyar poeziyasında işlənən poetik fiqurlar: təşxis, bədii sual, təkrir, mübaliğə, təşbih, təzad şairin sənətkarlığında səciyyəvi üslubi göstəricilər kimi təqdim olunur, ənənə və yenilik kontekstində dəyərləndirilir.
Ümumilikdə tədqiqat işi ədəbi əlaqələr, klassik irslə çağdaş irs arasındakı bağlılıq, farsdilli və türkdilli ədəbiyyatın ortaq mövzuları, XX əsr Azərbaycan ədəbiyyatının özəllikləri baxımından maraq doğuran bir araşdırmadır.
Dissertasiyanın elmi dəyərinə xələl gətirməyən bəzi qeydləri dissertantın nəzərinə çatdırmaq istərdik:
1. Dissertasiyanın 125-ci səhifəsində iddiaçı Şəhriyarın çoxşaxəli yaradıcılığını təhlil etmiş tanınmış alimlər sırasında dəyərli şərqşünas alim Əkrəm Bijenin adını çəkir. Əkrəm Bije yalnız Sabir Nəbioğlunun “Şəhriyar farsdilli ədəbiyyatşünaslıqda” kitabına “Hikmət” jurnalında rəy yazmışdır.
Ədəbiyyat siyahısında 104-cü mənbə “Şəhriyar farsdilli ədəbiyyatşünaslıqda” adı altında gedir. Müəllifin, yəni Sabir Nəbioğlunun adı ilə getməlidir.
3. Redaktə tipli bəzi məqamlar özünü göstərir:Məsələn, “Məhəmmədhüseyn Şəhriyar poeziyasına klassik Şərq ədəbiyyatının təsirləri” başlığında “təsirləri” deyil, təkdə “təsiri” olsa daha düzgün səslənər. Bəzən təkrar ifadələr cümlənin üslubunu pozur. S. 6-da aşağıdakı cümlədə “cəlb edildiyini” ifadəsinin təkrarını buna misal göstərmək olar: “Şairin ədəbi irsinin tədqiqi tarixini araşdırdıqda onun bəzi əsərlərinin daha intensiv araşdırmaya cəlb edildiyini, müəyyən bir tənasübün olmadığını, şairin yaradıcılığının müəyyən cəhətlərinin sıx-sıx tədqiqata cəlb edildiyini, bir sıra xüsusiyyətlərinin isə diqqətdən kənarda qaldığını müşahidə etdik”.
Sonda qeyd etməliyik ki, dissertasiya elmi-nəzəri və praktiki əhəmiyyətə malik olan dəyərli bir elmi tədqiqatdır. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Nərmin Nizaməddin qızı Əliyevanın “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” adlı, 5718.01 – Dünya ədəbiyyatı şifri ilə, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir. Qeyd etmək istərdik ki, Azərbaycan ədəbiyyatının maraqlı və zəngin bir qolu olan Cənubi Azərbaycan ədəbiyyatına nüfuz edən sözügedən dissertasiya işinə 5718.01 – Dünya ədəbiyyatı (İran ədəbiyyatı) şifri ilə yanaşı 5716.01 − Azərbaycan ədəbiyyatı ixtisas şifrinin verilməsi də məqsədəuyğundur. Dissertasiya işi növbəti mərhələyə və işə əlavə ixtisas şifrinin (5716.01 Azərbaycan ədəbiyyatı) verilməsi tövsiyə edilir.
Dostları ilə paylaş: |