X.Bəşirli: Çox sağ olun, Şəfəq xanım. Sözü veririk filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarova. Buyurun, Kamil müəllim.
K.Allahyarov:XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli sənətkarlarından olan Seyid Məhəmmədhüseyn Şəhriyar öz füsunkar poeziyası ilə təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın türkdilli və farsdilli regionlarında məşhurdur. Onun yaradıcılığı bu regionlardakı çoxsaylı poeziya həvəskarları arasında geniş yayılmış və çox sevilən əsərlərə çevrilmişdir. Bu mənada Şəhriyar, öz yaradıcılığı ilə Şərq xalqlarının poetik təfəkkürünü zənginləşdirən Nizami, Xaqani, Hafiz, Füzuli kimi şairlər silsiləsində yeni ədəbi zirvə təşkil edir.
Şəhriyarın yaradıcılığı hələ onun yaşadığı dövrdən Azərbaycan , İran, Orta Asiya , Türkiyə tədqiqatçılarının, eləcə də Qərb şərqşünaslarının diqqətini özünə cəlb etmiş və bu barədə çoxlu kitab və məqalələr yazılmışdır. Bu tədqiqatlar əsasən Şəhriyarın həyat və yaradıcılığına həsr edilmişdir. Ancaq məlumdur ki, hər bir sənətkar öz dövrünün sosial-mədəni şəraitinin yetişdirməsi kimi formalaşır və öz yaradıcılığında özündən əvvəlki ədəbi ənənələrə də əsaslanır. Ona görə də sənətkarın dünya görüşünü, amallarını düzgün və daha dolğun şəkildə başa düşüb qiymətləndirmək üçün onun bəhrələndiyi sələflərini də tədqiqata cəlb etmək lazımdır. Böyük şairlər həmişə öz müasirlərinə və xələflərinə də təsir göstərirlər. Şəhriyar da böyük şair olduğuna görə onun yaradıcılığını da məhz belə geniş aspektdə öyrənmək lazımdır. Nərmin Əliyeva məhz belə bir çətin məsələni öz üzərinə götürmüşdür. Bu iş ona görə çətindir ki, burada Şəhriyarın yaradıcılığını onun sələfləri və xələfləri ilə müqayisədə, həmçinin yaşadığı dövrün ədəbi-mədəni şəraitini nəzərə almaqla tədqiq etmək lazımdır. Əvvəldən qeyd etmək olar ki, dissertant bu çətin işin öhdəsindən bacarıqla gəlmişdir.
Dissertant qarşısına qoyulan problem üç fəsildə kifayət qədər ətraflı işıqlandırılıb. “Məhəmmədhüseyn Şəhriyar poeziyasına klassik Şərq ədəbiyyatının təsirləri” adlanan birinci fəsildə Şəhriyar yaradıcılığında ənənə və novatorluq məsələləri, onun klassik irsə münasibəti, təsəvvüf ədəbiyyatına marağı, əsərlərinin mövzu dairəsi kimi problemlərdən bəhs edilir. Bütün bu məsələlər hərtərəfli və lazımı elmi-nəzəri səviyyədə tədqiq edilmişdir.
İkinci fəsil “Məhəmmədhüseyn Şəhriyar poeziyasının müasir Şərq ədəbiyyatının inkişafında yeri və rolu” başlığı altında verilib. Burada Azərbaycan, İran, Türkiyə, Rusiya, Orta Asiya və digər bölgələrdə Şəhriyar irsinin təsiri ilə yazıb-yaratmış şairlər , XX əsrdə İranda yaranıb inkişaf edən şeir formaları, poetik ifadə üsulları və ədəbi cərəyanların formalaşmasında Şəhriyarın rolu kimi məsələlərdən bəhs edilir. Bu məsələlər barədə dissertantın yazdığı fikirlər etiraz doğurmur.
Üçüncü fəsildə şairin sənətkarlıq və üslub xüsusiyyətləri tədqiq edilir. Burada haqlı olaraq göstərilir ki, Şəhriyarın poetik ifadə tərzində və üslubunda klassik ədəbiyyatdan gələn poetik vasitələr üstünlük təşkil edir. Onun şeirlərində romantizm aparıcı istiqamət olsa da, çox vaxt hadisələrə realist yanaşma tərzi də özünü bariz şəkildə göstərir. Yəni Şəhriyarın yaradıcılığında hər iki cərəyan qarışıq halda özünü göstərərək, bir-birini tamamlayır.
Dissertasiyanın “Nəticə” hissəsində verilmiş ümumiləşmələr də qaneedicidir. Ədəbiyyat siyahısı zəngindir və səliqəli şəkildə tərtib edilmişdir.
Bununla yanaşı dissertasiya işində bəzi kiçik qüsurlara da rast gəlinir ki, aşağıda onları dissertantın nəzərinə çatdırırıq :
Dissertasiyanın“Giriş” hissəsinin “Mövzunun aktuallığı” bölməsində əsasən Şəhriyarın yaradıcılığının tədqiqinə ehtiyac olması məsələsi əsaslandırılır.
Şairin klassik ədəbiyyatdan bəhrələnməsi, özündən sonrakı farsdilli və türkdilli şairlərə təsiri haqqında dissertasiyada geniş danışılan məsələlərdən isə söz açılmır. Bu məsələlər dissertasiya işinin aparıcı istiqamətini təşkil etdiyinə görə onların tədqiqinin zəruri olması da əsaslandırılmalıdır.
2. Fəsillərin və yarımfəsillərin başlıqlarında şairin adı tam şəkildə, yəni “Məhəmmədhüseyn Şəhriyar” formasında verilir ki, bu da başlıqları müəyyən qədər ağırlaşdırır. Bu tam formanın əvəzinə sadəcə “Şəhriyar” yazılsa, daha yaxşı olar.
3. Ali Attestasiya Komissiyasının tələbinə əsasən dissertasiya işinin nəticələri punktlar üzrə verilməlidir. Burada isə nəticələr punktlara bölünməyib.
Göstərilən tənqidi qeydləri asanlıqla düzəltmək olar. Bir qeyd də əlavə etmək istərdim ki, sözügedən dissertasiya işinə 5718.01 – Dünya ədəbiyyatı (İran ədəbiyyatı) şifri ilə yanaşı 5716.01−Azərbaycan ədəbiyyatı ixtisas şifrinin verilməsi də məqsədəuyğun olardı. Ümumiyyətlə götürdükdə isə, Nərmin Əliyevanın filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” mövzusunda yazdığı tədqiqat işi AAK-nın müvafiq dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verir. Ona görə də hesab edirik ki, dissertasiya işini müdafiə üçün növbəti mərhələyə buraxmaq olar.
Dostları ilə paylaş: |