X.Bəşirli: Çox sağ olun, Aida xanım. Çıxış üçün sözü fil.ü.fəl.d. Natəvan Mustafayevaya veririk. Buyurun, Natəvan xanım.
N.Mustafayeva: XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan Məhəmmədhüseyn Şəhriyarın ədəbi yaradıcılığı dövrünün ictimai-siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Təqdim olunan dissertasiya işində Azərbaycan və İran ədəbiyyatşünaslığında Şəhriyarın tutduğu mövqe müəyyənləşdirilir, bədii əsərlərinin özünəməxsus poetik və bədii-estetik prinsipləri üzə çıxarılır. Tədqiqatçı Şəhriyar irsinin nəşri və tədqiqindən danışarkən istər özündən əvvəl Şəhriyar yaradıcılığını, istərsə də Cənubi Azərbaycan ədəbiyyatını tədqiq edən ədəbiyyatşünasların zəhmətinə son dərəcədə böyük hörmət və həssaslıqla yanaşmış, onların əməklərini dəyərləndirməyə səy göstərmişdir. Dissertasiyada şairin böyük qisim əsərlərini fars dilində yazmasının səbəbləri, yaradıcılıq xüsusiyyətləri, Azərbaycan türkcəsində yazmağa meyil etməsi və s. anlayışlar və problemlər türk düşüncəsi ilə, türk ovqatı ilə kökləndiyi üçün xüsusilə diqqəti çəkir. Ana dilini yaşatmaq üçün milli ruhlu şair Şəhriyarın hələ 50-ci illərdə “Heydərbabaya salam”ı və doğma dildə yazdığı digər şeirlər Cənubda milli ədəbiyyatın, milli düşüncənin intibahına səbəb olmuşdur. Bu əsər Azərbaycan dilinin assimilyasiyaya uğramadığını güclü surətdə nümayiş etdirmiş, İranda türkdilli ədəbiyyatın inkişafına böyük təkan vermişdir.
Dissertasiyanın ilk nəzərəçarpan məziyyəti şairin yaradıcılıq yolunun tam, bütöv halda, tamamlanmış bir yaradıcılıq hadisəsi kimi tədqiq olunmasıdır. Tədqiqatçı Şəhriyarın poeziyada çoxmənalı, parlaq, bir çox cəhətdən olduqca əhəmiyyətli və orijinal yaradıcılıq yolu, novator şair yolu keçdiyini apardığı təhlillərlə əyani surətdə sübuta yetirməyi demək olar ki, bacarmışdır.
Dissertasiya daha müfəssəl, elmi məlumatlılığı ilə seçilir. Tədqiqatçı böyük şairin ömür və yaradıcılıq yolu haqqında yazılmış bir sıra dissertasiyaları, tədqiqat işlərini, elmi məqalələrin hər birini özünəməxsus təhlil keyfiyyətinə görə yüksək qiymətləndirir və onları milli-mənəvi dəyərlərimizin nümunələri hesab edir.
Şəhriyar yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən danışarkən onun yaradıcı sənətkar kimi tarixən zəngin şifahi xalq ədəbiyyatı xəzinəmizdən də istifadə etməsi qənaətini müəllif seçmə bədii nümunələr əsasında bir daha təsdiq edir və ustadın mütərəqqi fikirlərini əsasən əlvan çalarlı xalq ədəbiyyatının poetik formalarında ifadə etdiyini söyləyir. Dissertantın özündən əvvəlki mənbələrə dərindən bələdliyi və onlara özünəməxsus yanaşma tərzi diqqəti çəkir. Tədqiqat boyu onun bu məxəzlərə münasibəti görünür. Lakin Nərmin xanım özünə qədərki elmi əsərlərə münasibət bildirməklə kifayətlənmir, onu qane etməyən məsələləri elmi mülahizələrilə əsaslandıraraq aydınlıq gətirir.
Ədəbiyyat siyahısında göstərilən 200 mənbə dissertasiya işi ilə sıx əlaqəlidir və dissertant zəngin məxəz və materiallardan maksimum dərəcədə faydalanmışdır ki, bu da elmi işin dəyərini artırmaqdadır. Fəsillərin və yarımfəsillərin sonunda yekun sözü mövcuddur və tədqiqatçının gəldiyi elmi nəticələr qənaətbəxşdir.
Bütün bu məziyyətlərlə yanaşı elmi işdə diqqətimi çəkən bir sıra qeydlərimi də diqqətinizə çatdırmaq istəyirəm:
1.Dissertasiyann 134-cü səhifəsində Şəhriyarın fars dilində iki şeirinin Azərbaycan dilində tərcüməsi verilməmişdir.
Şeirlərin farscadan tərcümələrində durğu işarələrinin ara-sıra qoyulmaması və yaxud düzgün qoyulmaması halları ilə qarşılaşırıq (məs. səh.21, 25, 40, 51, 52, 53)
Dissertant Elman Quliyevin “Şəhriyar poeziyası və milli təkamül” doktorluq dissertasiyasındakı bölgüdən danışarkən vətənpərvərlik mövzusunda şeirlərinin olmaması faktını əsas çatışmayan cəhət kimi qiymətləndirir. Mən bu kitabı oxumuşam. Bu mövzu ilə bağlı əsərləri “İctimai-siyasi şeirlər” bölgüsü kimi verib. Yəqin ki, eyni motivli şeirlər olduğu üçün, təkrar olmasın deyə bu cür vermişdir.
4.Ümumiyyətlə dissertasiya boyu orfoqrafik səhvlərə yol verilmişdir. Mən fikri buna yönəltmək istəmirəm. Sadəcə məna dəyişdiyinə görə bir qeydimi bildirmək istəyirəm: “Əhdini uran sənə”. Məncə “uran” deyil, “qıran” olmalıdır.
I, II fəsillərin başlığında fəsillər göstərilir, lakin sonuncu III fəsildə göstərilmir. Ədəbiyyat siyahısında başlıq unudulub. Ədəbiyyat siyahısında daha sonra diqqətimi çəkən məqam odur ki, bəzi mənbələrin çap olunduğu nəşriyyat, yaxud səhifə göstərilməmişdir. Məsələn, Quliyev Q. XX əsr ədəbiyyatşünaslıq konsepsiyası. Bakı, nəşriyyat göstərilmir, Rəsulzadə M.Ə. Ədəbi bir hadisə.”Azərbaycan” dərgisi, səhifə qeyd edilmir və s.
Tövsiyə xarakterli bir qeydimi də bildirmək istəyirəm. Dissertasiyada Şəhriyara böyük bir heyranlıq hiss edilir. Bu, aydın məsələdir. Hamımız ona məftunuq. Amma düşünürəm ki, sənətkarın güclü əsərləri ilə yanaşı, zəif əsərləri də olmamış deyildir. Şairin sənətkarlığından danışarkən bu cəhətə diqqət yetirsəydiniz, fikrimcə daha yaxşı olardı. Bu sizin tədqiqat işinizin yeniliklərindən biri olardı.
Diqqətinizə görə təşəkkür edirəm. Nərmin xanıma müdafiə mərhələlərində uğurlar diləyirəm.
Dostları ilə paylaş: |